12px14px16px18px

Çingiz Qənizadə: “Bəzi qurumlar Qarabağ probleminin ədalətli həllinə mane olmaq istəyirlər”

11:21 / 05.05.2012
“Freedom House” təşkilatının yaydığı hesabatla Azərbaycanı “azad olmayan ölkə” kimi təqdim etməsi ölkəmizə qarşı qərəzli münasibətin göstəricisidir. Digər tərəfdən bu cür məlumatlar gözlənilən idi. Çünki bir sıra beynəlxalq təşkilatların Azərbaycan haqda həqiqətdən uzaq fikirlər səsləndirməsi artıq adət halını alıb.
Belə bir açıqlama ilə millət vəkili Çingiz Qənizadə çıxış edib. O bildirib ki, belə məlumatları səsləndirən qeyri-hökumət təşkilatları ayrı-ayrı siyasi qurumların, hakim dairələrin, donor təşkilatlarının tabeliyindədir: “Çünki lazımi məqamlarda böyük dövlətlərin siyasi kurslarına uyğun fikirlər səsləndirilməsi kimi hallarla tez-tez qarşılaşırıq. Bir məqama diqqət çəkmək istərdim. Hazırda Ermənistanda 55 nəfər rəsmən siyasi məhbus var və Avropa Şurasında da bu yaxınlarda bu məsələ qaldırıldı. Digər bir misal, Ermənistanda 2008-ci il prezident seçkilərindən sonra keçirilən etiraz aksiyası zamanı 10-dan çox müxalifət təmsilçisi öldürüldü. Bu məsələlər nə qədər qabardılsa da Ermənistana qarşı heç bir təsiredici qərar qəbul olunmadı. Burada ölkələri bağlayan müəyyən siyasi əlaqələrdən də söhbət gedir. Azərbaycana qarşı hər zaman dünya praktiksında ikili mövqe nümayiş olunub”.
Ç.Qənizadə deyib ki, Azərbaycanda həqiqəti yaymağa hazır olan bir çox təşkilat olduğu halda, bir neçə siyasi partiyanın görünməyən üzvü kimi çıxış edən təşkilatlar da var: “Onlar ölkəmizin beynəlxalq aləmdəki imicini zədələməyə, siyasi məqsədlərini həyata keçirməyə, ölkədə gedən hansısa problemli prosesi qızışdırmağa və beynəlxalq təşkilatların guya Azərbaycana təsir göstərə bilməsindən istifadə etməyə çalışırlar. Bu isə təbii ki, qeyri-mümkündür. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, “Freedom House” təşkilatının Azərbaycanı “azad olmayan ölkələr” sırasına daxil etməsinin arxasında siyasi faktlar dayanır. İlk olaraq, Ermənistan hər zaman Azərbaycanın azad ölkə olmadığını və bu səbəbdən də Dağlıq Qarabağı Azərbaycana verə bilməyəcəyini, azərbaycanlılarla bir arada yaşaya bilməyəcəklərini qeyd edir. Bütün bunların arxasında Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə mane olmaq səbəbi dayanır. Digər bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna mane olmaq, ölkənin uğurlarını, nailiyyətlərini gözdən salmaq da məqsədlər arasındadır. Təbii ki, ölkə prezidenti tərəfindən yeridilən uğurlu və müstəqil siyasət bir sıra dövlətlər tərəfindən müsbət qarşılanmır. Ona görə də qısqanclıq və gözügötürməzlik hissləri də Azərbaycan haqqında bu cür fikirlər səsləndirilməsinə səbəb olur. “Freedom House” təşkilatının da açıqladığı siyahıda Azərbaycanın adının olması sadəcə, gülünc nəticədir”.
Millət vəkili “Eurovision” müsabiqəsi ərəfəsində bəzi dairələrin Azərbaycana dair səsləndirdikləri fikirlərə də münasibət bildirib. O deyib ki, Azərbaycan sürətli inkişaf xətti üzrə irəliləyir və beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Eyni zamanda Azərbaycanın müstəqil siyasəti, iqtisadi inkişafı, təkcə Cənubi Qafqazda deyil, dünyada söz sahibinə çevrilməsi bir sıra dövlətləri qane etmir. Bəzi dövlətlərin həm dini, həm iqtisadi, həm də siyasi maraqları üst-üstə düşmədiyindən Azərbaycana qarşı yaranmış bütün imkanlardan istifadə etməklə qərəzli mövqe nümayiş etdirməyə çalışırlar. Elə “Eurovision” öncəsi ölkədə baş verənlər də buna misaldır. Ç.Qənizadə bildirib ki, “Eurovision”un Azərbaycanda keçirilməsi artıq gündəmdə siyasi müzakirə mövzusuna çevrilib: “Ən təsirli olan da öz içimizdə olan radikal müxalifət nümayəndələrinin və bəzi təşkilatların bir neçə ay öncə bu məsələyə baykot çağırışları və mitinqlər təşkil olunması oldu. “Eurovision”la bağlı artıq siyasi bəyanatlar verilməyə başladı və bu hadisəni siyasiləşdirməklə Azərbaycana qarşı yaranmış bütün fürsətlərdən istifadə etməyə çalışdılar. Bu, birmənalı şəkildə pislənməlidir və musiqi festivalının siyasiləşdirilməsi dünya ölkələri tərəfindən də qəbul olunmayan fikirdir. Lakin özləri də bilirlər ki, bu cəhdlərin heç bir müsbət nəticəsi olmayacaq və bu müsabiqə Azərbaycanda yüksək səviyyədə keçiriləcək”.
Millət vəkili Azərbaycanda insan haqlarının durumuna da toxunub və deyib ki, Avropadan fərqli Azərbaycanda ən xırda bir hadisə belə milli ayrıseçkilik, dini dözümsüzlük kimi qiymətləndirilir və ölkəmiz haqda yanlış imic formalaşdırılması üçün sanki fürsət güdülür: “Əgər bu gün çox sayda mətbuat orqanları fəaliyyət göstərə bilirsə, dövlət başçısının siyasəti tənqid oluna bilirsə, ayrı-ayrı vəzifəli şəxslərin fəaliyyətlərindəki bütün mənfi xüsusiyyətlər açıq-aşkar göstərilirsə bu azadlığın və demokratiyanın bariz nümunəsidir. Lakin tənqid təhqirə çevrildikdə təbii ki, qanun çərçivəsində müdaxilə də, qarşısının alınması da normaldır”.
PƏrvanƏ




Bu yazı ( 27 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar