12px14px16px18px

Fuad Ələsgərov: “Onlar öncə öz vətənlərindəki işlərə nəzər salsın”

“BU GÜN AVROPALI XARİCİ GÖRÜNÜŞÜ OLMAYAN ƏCNƏBİ VƏTƏNDAŞIN BERLİN KÜÇƏLƏRİNDƏ GƏZMƏSİ TƏHLÜKƏSİZ DEYİL”

01:54 / 03.05.2012
Azərbaycan ölkə ətrafında gedən siyasi oyunlara baxmayaraq, “Eurovision” müsabiqəsini qəbul etməyə hazırdır. Bunu “Trend”ə eksklüziv müsahibəsində Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.
“Azərbaycan “Eurovision” müsabiqəsini qəbul etməyə hazırdır və Ermənistan tərəfindən torpaqlarımızın davam edən işğalına, çoxlu sayda qaçqın və məcburi köçkünlərin olmasına, ölkəmiz ətrafında gedən siyasi oyunlara baxmayaraq, bütün dünyaya göstərməyə hazırdır ki, biz irəli gedirik və yaxın gələcəkdə bütün inkişaf istiqamətləri üzrə qabaqcıl ölkələr sırasına daxil olacağıq”, – deyə “Eurovision”un boykot edilməsi ilə bağlı son bəyanatı şərh edən F.Ələsgərov bildirib.
Bu yaxınlarda AŞ PA-nın üzvü Kristof Ştrasser və AFR hökumətinin insan hüquqları və humanitar yardım üzrə komissarı Markus Löninq may ayının sonlarında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsini boykot etməyə çağırıblar.
“Hesab edirəm ki, hansısa ölkədə vəziyyətə dair məruzə hazırlamaq fikrində olan, lakin bu ölkəyə səfər etməkdən imtina edən, Azərbaycandakı demokratik institutların inkişafı prosesinə açıq-aydın qərəzlə yanaşan siyasətçinin öncə öz vətənindəki işlərə nəzər salması faydalı olardı”, – deyə F.Ələsgərov vurğulayıb. O bildirib ki, Azərbaycan hakimiyyətini bəzi məsələlərlə bağlı ardıcıl olaraq tənqid edən Markus Löninqə gəldikdə, insan hüquqları üzrə komissarın (ombudsman) Almaniya Xarici İşlər Nazirliyinin tərkibinə daxil olması faktı çətin ki, onun mövqeyinin tamamilə müstəqil və qərəzsiz olduğunu sübut edə bilsin. F.Ələsgərovun fikrincə, Bundestaqın deputatı və Avropa İttifaqının lideri roluna iddia edən Almaniya Federativ Respublikasının insan hüquqları üzrə komissarının ilk növbədə öz ölkəsində insan haqlarının müdafiəsi ilə məşğul olması yaxşı olardı: “Gördüyümüz kimi isə orada bu sahədə problem az deyil”.
Prezident Administrasiyasının şöbə müdirinin sözlərinə görə, bu günədək Almaniya hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarının pozulması ilə bağlı 97 qərarını yerinə yetirməyib: “Onların sırasında, məsələn, 2003-cü ildən məhkəmədə işə həddindən çox baxılması ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 6 maddəsinin pozulması barədə qərar hələ də yerinə yetirilməyib. AFR hökuməti indiyədək bu qərarın icrasında ümumi xarakterli ölçülər götürməyib”.
F.Ələsgərov qeyd edib ki, bundan başqa, Avropa Məhkəməsinin son qərarlarından biri Şvabe və digərlərinin işi ilə bağlıdır: “İddia qaldıranlar nəzərdə tutulan etiraz aksiyasından əvvəl maşınlarında siyasi məhbusların azad edilməsini tələb edən plakatlarla əlaqədar aydın olmayan şübhələr əsasında 5 sutka saxlanılıb. Bu işdə məhkəmə iddia qaldıranların yığıncaq keçirmək azadlığının pozulmasını tanıyıb”.
Srağagün isə Berlində sol gənclər hərəkatlarının 1 may aksiyaları keçirilib. İnformasiya agentliklərinin məlumatına görə, saxlanılan və xəsarət alanlar var, lakin onların dəqiq sayı məlum deyil. Küçələr polis işçiləri tərəfindən dövrəyə alınıb, döngələrdə bir çox polis maşını, təcili yardım maşınları var, şəhərə vertolyotlarla nəzarət edilir. Məlumata görə, təşkilatçılar Berlinin ətraf yerlərindən birinə yürüşə başlayıblar və aksiyanı şəhərin mərkəzində başa çatdırmağı planlaşdırırdılar, lakin polis buna imkan verməyib.
F.Ələsgərov xatırladıb ki, ötən il radikal müxalifət nümayəndələri Bakının mərkəzində icazəsiz aksiya keçirməyə cəhd ediblər. Həmin cəhd ictimai asayişin pozulması, habelə vətəndaş və təşkilatlara zərərin dəyməsi ilə nəticələndi. Bakıda akkreditə olunan beynəlxalq təşkilatlar və diplomatlar hakimiyyəti tənqid etdilər: “Maraqlıdır, belə tənqidi Berlindəki iğtişaşlara münasibətdə də eşidəcəyikmi?!”.
Şöbə müdirinin sözlərinə görə, hazırda Almaniyada milliyətçilik və ksenofobiyanın artdığı müşahidə edilir, bununla yanaşı, hakimiyyətin torpaq və federal orqanları bu prosesə çox da mane olmurlar. O əlavə edib ki, bu gün avropalı xarici görünüşü olmayan əcnəbi vətəndaşın Berlin küçələrində gəzməsi təhlükəsiz deyil. O qeyd edib ki, Bakı isə bu gün dünyanın ən təhlükəsiz şəhərlərindən biridir: “Bunu Bakının təhlükəsiz şəhər olduğunu etiraf edən “Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand da təsdiq edib”.









Bu yazı ( 153 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar