12px14px16px18px

Millət vəkili: “Artıq işğal olunmuş ərazilərlə bağlı qanunun qəbul olunmasının zamanıdır”

01:18 / 03.05.2012
“Bakı nə qədər Azərbaycanın düşünən beynidirsə, Şuşa da bir o qədər Azərbaycanın döyünən qəlbidir”. Bunu mətbuata açıqlamasında millət vəkili Qənirə Paşayeva bu günlərdə parlamentdə Suşanın işğalının 20-ci ildönümü ilə əlaqədar təşkil olunmuş müzakirələrə münasibətini bildirərkən dilə gətirib.
Onun dediyinə görə, parlamentdə bu yöndə müzakirələrin keçirilməsi olduqca vacibdir. Özünün də bir millət vəkili həmin müzakirələrdə çıxış etdiyini xatırladan Q. Paşayevanın bildirdiyinə görə, hər birimiz yaxşı bilirik ki, Şuşanın işğalı bizim üçün nə qədər böyük itkidir.Millət vəkili bir daha hesab edir ki, bu məsələ Qarabağın, Şuşanın işğalı ilə bağlı bütün beynəlxalq təşkilatlara çağırışlar, müraciətlər etməliyik: “ Parlamentdə də bildirmişdim, bu gün də bir daha fürsətdən istifadə edib türk dövlətlərinə səslənirəm ki, Şuşanın Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı ciddi açıqlama versinlər. TÜRKPA-dan, İslam Əməkdaşlıq Təşkilatından və bu təşkilata daxil olan ölkələrdən belə bir açıqlamanı gözləyirik. Özü də sadəcə, pisləmə bəyanatları gözləmirik. Yetər artıq pisləyirik, axı, işğalı kim dəstəkləyər?! Hamı onsuz da deyəcək ki, işğalı pisləyirik. Biz sadəcə, bu cür bəyanatlar gözləyirik ki, Şuşanın işğalının 20-ci ildönümüdür, Şuşa da daxil olmaqla bütün Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Artıq onlar da ciddi əmələ keçsinlər, öz niyyətlərini, mövqelərini əməldə göstərsinlər”.
Q.Paşayevanın qeyd etdiyinə görə, adında İslam olan ölkələr necə və hansı haqla, məntiqlə Ermənistanla əməkdaşlıq edirlər ki, 20 ildir bu işğalçı ölkə onların dininin insanlarına öz evlərinə dönməyə icazə vermir: “Ona görə onları çağırıram ki, nəinki açıqlama və bəyanatlar versinlər , Ermənistanla münasibətlərinə, Ermənistanla əlaqələrinə ciddi şəkildə yenidən baxsınlar. Biz TÜRKSOY-u, YUNESKO-nu Ermənistana öz sərt mövqelərini çatdırmağa çağırırıq. Bu gün Şuşada soyqırım davam edir. Ermənistan etnik təmizləməni başa çatdırıb, azərbaycanlıları oradan qovub. İndidə orada başqa bir soyqırım həyata keçirir, orada bütün Azərbaycana məxsus izlər silinir. Qəbiristanlıqlarımız dağıdılır, abidələrimiz məhv edilir. Yəni, bu millətin oradakı varlığını yox edirlər. Bu, dünya mədəniyyətinə vurulan zərbədir. Odur ki, adını çəkdiyim bu təşkilatlar da çox ciddi şəkildə təzyiq dolu açıqlamalar, bəyanatlarla çıxış etməlidirlər. Bu məsələdə sadəcə, hansısa “pisləyirik” açıqlamaları artıq yetərli deyil. Eyni zamanda, beynəlxalq təşkilatları BMT-dən tutmuş Avropa Şurası, Avropa Parlamentinə qədər hamısına çağırış edirəm ki, ən azı özünüz qəbul etdiyiniz qətnamələrə hörmət edin. Çünki özünüzün səs verib qəbul etdiyiniz qətnamələr 20 ilə yaxındır ki, kağız üzərindədir və siz onun həyata keçməsi üçün ciddi addımlar atmırsınız. Biz bunu tələb edirik, gözləyirik də”.
Amma millət vəkilinin fikrincə, o, beynəlxalq təşkilatların gəlib bizim torpaqlarımızı işğaldan azad edəcəklərinə də inanmır: “Hamı bilir ki, biz özümüz torpaqlarımızı işğaldan azad edəcəyik və biz hamımız bilirik ki, bu, hərbi yolla olacaq. Çünki Ermənistan artıq bizə başqa bir yol da buraxmır, başqa bir variant da qoymur. Həm də beynəlxalq təşkilatların laqeydliyi Azərbaycana başqa yol buraxmır.Azərbaycan bu münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək istəyir. Amma çox təəssüf ki, biz qarşımızdakılardan eyni münasibəti görmürük. Ona görə Azərbaycan təbii ki, güclənir. Bir zamanlar jurnalist olanda onların Qarabağ üzrə nümayəndələrindən biri üstüörtülü şəkildə mənə təxminən belə demişdi: “Şuşasız doğulan azərbaycanlılar çoxalacaq, şuşalı ermənilərin sayı artacaq və bu gələcəkdə ermənilərin xeyrinə işləyən bir faktor olacaq”. Amma hər kəs Mübariz İbrahimovun simasında gördü ki, xeyr, Azərbaycanda mübariz bir gənclik böyüyür və böyüyəcək , onlar Biləsuvarda, Gəncədə, Bakıda doğulacaq, amma canını qurban verməyə hazır olacaqlar”. Millət vəkili bu baxımdan belə düşünür ki, bu çağırışla bərabər öz içimizdə ruh yüksəkliyini daha da artırmalıyıq:
“Eyni zamanda təklif edirəm ki, işğal olunmuş ərazilərlə bağlı qanun qəbul olunsun. Mən bir neçə dəfə bu təkliflə çıxış etmişəm və bu gün də öz təklifimdə qalıram ki, biz mütləq belə bir qanun qəbul etməliyik. Bəzi şirkətlər, insanlar, siyasətçilər var ki, onlar bizim işğal olunmuş ərazilərimizə Azərbaycanın icazəsi olmadan gedirlər, açıqlamalar verirlər, fəaliyyət həyata keçirirlər, konsert düzənləyirlər. Nəhayət, bu adamlar bilməlidirlər ki, tək bu gün yox, sabah yox, 10 il sonra da onlar Azərbaycanda arzuolunmaz şəxslər olacaqlar. Ona görə də kiçik maraqlarını gələcəkdə böyük maraqlarına qurban verməməlidirlər. Bir sözlə, biz belə bir qanunu qəbul etməklə bu məsələni beynəlxalq aləmə daha ətraflı şəkildə çatdıra bilərik”.
KAMİL




Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar