12px14px16px18px

Sevinc Fətəliyeva: “İnternetdəki təhlükə küçədəki təhlükədən heç də az deyil”

01:16 / 03.05.2012
“Zorakılıq mövzusu bəşəriyyət boyu mövcud olub və hamını narahat edib.
Ancaq zorakılığa qarşı nə qədər mubarizə aparılsa da , bunu aradan qaldırmaq üçün hələ də yeganə bir üsul icad olunmayıb”. Bunu millət vəkili, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Uşaqlara qarşı zorakılıq” proqramının Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva dilə gətirib.
Millət vəkilinin dediyinə görə, bu mövzu ilə əlaqədar müxtəlif beynəlxalq təşkilatlar həm dünya üzrə, eləcə də ölkələr üzrə məşğul olur, həmçinin, onların tövsiyəsi ilə bu yöndə bir sıra konvensiyalar qəbul edilib. S.Fətəliyeva qeyd edib ki, konkret olaraq, 2010 –cu ildə Avropa Şurası tərəfindən Lanzarote Konvensiyası qəbul edilib və həmin Konvensiyaya imza atan ölkələrdən biri də Azərbaycandir:
“Məhz o vaxtdan AŞPA-nın “one in five “ yəni, “hər beşindən biri” kampaniyasına start verilib. Proqramın adı dünya statistikasını əks etdirir.Çünki dünyada hər beş uşaqdan biri zorakılığa məruz qalır. Azərbaycanda isə uşaqlar həmişə müqəddəs dəyər kimi qəbul edilib . Uşaqlara diqqət və qayğı daima ön planda olub, həm Ümummilli liderimiz Heydər Əliyevin vaxtında, həmçinin, möhtərəm prezidentimiz cənab İlham Əliyevin dövründə.Məktəblərin yenidən qurulması, müasir tələblərə uyğunlaşdırılması, uşaqlarımızın asudə vaxtlarının səmərəli keçməsi üçün müasir avadanlıqla təmin edilmiş idman komplekslərinin tikilməsi dövlətimizin uşaqlara yönəltdiyi diqqətin və qayğının bariz göstəricisidir. Bu sahədə Heydər Əliyev Fondunun, xüsusilə də Azərbaycanın birinci xanimi Mehriban Əliyevanın fəaliyyətini qeyd etmək lazımdır”.
Lakin millət vəkilinin fikrincə, burada bəzi məsələlər dövlətdən tam asılı deyil:
“Ailədaxili mühit, ailə münasibətləri, uşaqların hansı mənəvi aurada böyüməsi əsas şərtlərdəndir. Körpə dünyaya bioloji orqanizm kimi gələndən özünəməxsus dəyərləri, məqsədləri, simpatiya və antipartiyalari, tərbiyə normaları və məsuliyyəti ilə bir insana və həmçinin, təkrarolunmaz dünyagörüşünə məxsus olan individuma çevrilir. İnsan bu prosesi sosializasiya vasitəsilə keçir. Və sosializasiya prosesi zamanı insanın bir şəxsiyyət kimi formalaşması baş verir”.
S.Fətəliyevanın qeyd etdiyinə görə, şəxsiyyətin formalaşması hər bir dövlət və cəmiyyət üçün çox əhəmiyyətli və zəruridir:“Ona görə ki, hər bir dövlətin gələcəyi onun həm fiziki, həm də mənəvi sağlam vətəndaşlarından asılıdır. Bu nöqteyi nəzərdən, şəxsiyyətin formalaşmasında əsas rolu ailə, məktəb və uşağın hansı şəraitdə böyüyüb başa çatması oynayır. Müasir ailə evolusiyanın çətin mərhələsini yaşayır. Ailənin sosial statusu enir, ailə üzvlərinin sayca artması azalır, boşanmaların sayı stabil olaraq artır, ailə həyatının davamlığı qısalır.
Sosial-mədəni modernləşmənin təsiri altında ənənəvi ailə müasir ailəyə transformasiya olunur. Bu növ transformasiya proqressiv evolusiya kimi qəbul edilir. Ailə cəmiyyətin inkişafında iştrak edib orada gedən tarixi prosesləri əks etdirir. Ailənin sosial-mədəni şəraitindən danışarkən, biz ailənin maliyyə durumunu, valideynlərin təhsili, ailə içində münasibətləri, ailəyə məxsus mədəni ənənələri nəzərdə tuturuq. Müasir dövrdə bütün dünya üzrə ailənin və insani dəyərlərin dəyişməsi müşahidə olunur”. Millət vəkili həmçinin bildirib ki, muasir həyat daha intensiv templə gedir, insanlar həyatlarının mənəvi məzmununu maddi varlığın, karyera inkişafının axtarışı ilə əvəz edirlər:
“Ailənin böhranı çox vaxt , ümumiyyətlə , sosial dəyişikliklərlə bağlıdır. Bu şəraitdə övlad-valideyn münasibətləri ön plana çıxır və bir sıra mənfi tendensiyalar müşahidə olunur. Məhz övladlar və valideynənlər arasında emosional uzaqlaşma, aqressiv ünsiyyət formalarının çoxalması, anlaşılmazlıq, bir-birilərinə etimadın azalması, uşaqlıqda zorakılığa məruz qalma həmin insanın gələcəkdə qatil, cinayətkar olması ehtimalını yaradır. Gələcəkdə həmin uşaq valideyn olanda çox güman ki, öz uşaqlarına qarşı zorakılıq törədəcək”. S. Fətəliyevanın sonra qeyd etdiyinə görə, təbii ki, ailədən kənarda zorakılıq törədən faktorlar da çoxdur və bunlardan biri KİV-lərdir: “ Hər gün bəzi TV ekranlarında nümayiş olan proqramlar, verilişlər uşaqlarda və yeniyetmələrdə zorakılığın normal bir hal olduğunu doğurur. Bu isə uşaqların bir- birilərinə qarşı zorakılıq törədməsi üçün şərait yaradır. Bir müddət öncə biz sevinirdik ki, uşaqlar yeni texnologiyalardan asanlıqla istifadə edirlər, təhlükəli küçəni dünya şəbəkəsinə dəyişiblər. Müəyyən zaman keçdikdən sonra biz anlayırıq ki, internetdəki təhlükə hec də az deyil. Lakin müasir zamanda internetsiz həyatı təsəvvür etmək mümkün deyil.
Uşaqlara internetdən istifadə etməyi qadağan etmək qeyri realdır, ilk növbədə ona görə ki, hər hansı bir qadağa daha boyük maraq doğurur. Bizim məqsədimiz qadağa etmək yox, müdafiə etməkdir. Həmçinin, əsas məqamlardan biri əhalinin hüquqi biliyinin aşağı olmasıdır. Əhali öz hüquqları haqda, uşaqların zorakılıqdan müdafiə olunmasının bir sıra qanun və konvensiyalarda əksini tapmasından kifayət qədər məlumatlı deyil. Qanunvericilik aktlarında uşaq tam hüquqlu şəxs kimi göstərilir və hər bir vətəndaşın borcu belə hallarda xüsusi orqanlara müraciət edib, zorakılığa məruz qalan uşağa yardım etməkdir. Öz hüquqlarını bilməyən uşaqlar çox zaman qanunlardan xəbərsiz olaraq, zorakılıq baş veribsə hara, hansı orqanlara və təşkilatlara müraciət etmələrini bilmirlər. Cəmiyyətdə övlad-valideyn münasibətlərinin dəyərli əsaslarının, birliyin mövcud olmaması, fikirlərin haçalanması, zorakılığa məruz qalan uşaqlara yardım göstərmək üçün peşəkar mütəxəssislərin kifayət qədər olmaması, bu mövzu üzrə məlumatların kasadlığı ,bunlar bütövlüklə problemin həllinə mane olur. Ona görə heç şübhəsiz, bu istiqamətdə məsələnin müsbət həll olunmasında dövlətin, ailənin və vətəndaş cəmiyyətinin yekdil olması zəruridir”.
KAMİL




Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar