12px14px16px18px

Çingiz Qənizadə:"Ştrasser tənbəl deputatdır"

11:49 / 02.05.2012
"Biz Almaniyada olarkən Bundestaqda keçirdiyimiz görüşlərdə bu ölkənin bəzi media qurumlarında Azərbaycan əleyhinə səslənən əsassız fikirlərə öz etirazımızı bildirdik. Hətta Bundestaqın xarici əlaqələr komitəsində keçirilən görüşlərdən biri zamanı "Sərhədsiz reportyorlar" təşkilatının nümayəndələrinə də, öz etirazımızı bildirdik ki, nəyə görə, Azərbaycan əleyhinə olan bəyanatlar səsləndirirlər". Bu fikirləri mayın 1-də parlamentin növbəti plenar iclasında çıxışı zamanı millət vəkili Çingiz Qənizadə dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, "Sərhədsiz reportyorlar" təşkilatının üzvləri onların sualına cavab olaraq bildiriblər ki, Azərbaycanda beş nəfər jurnalist qanunsuz olaraq həbsdə yatır: "Biz həmin şəxslərin adlarını onlardan soruşduq və araşdırma apardıqdan sonra məlum oldu ki, həmin şəxslərdən üçü narkotik, biri hətta dələduzluq üstündə həbsə atılıb. Onların heç birinin jurnalistika ilə əlaqəsi yoxdur. Biz onlara da bildirdik ki, bu şəxslər törətdikləri əməllərə görə, həbsə atılıblar və onların jurnalistliklə heç bir əlaqələri yoxdur". Almaniya Bundestaqında keçirilən görüşlər zamanı bu ölkədən olan parlamentari, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbus problemi üzrə məruzəçisi Kristofer Ştrasserin ölkəmizə gəlməkdən imtina etməsi məsələsinə toxunulduğunu bildirən Ç.Qənizadənin qeyd etdiyinə görə, o, eləcə də, üzvü olduğu monitorinq qrupunun təmsilçiləri bir neçə dəfə həmin şəxslə görüşmək üçün cəhd etsələr də, bu görüşlərə nail ola bilməyiblər: "Ştrasser hər dəfə bir bəhanə ilə bizimlə görüşlərdən qaçırdı. Nəhayət cəhdlərimizdən birində onunla beş dəqiqə görüşməyə nail olduq və ona bildirdik ki, nəyə görə bizimlə görüşdən qaçır. O isə cavab verməkdən yayınaraq, bunu işlərinin çoxluğu ilə əlaqələndirdi". Ç.Qənizadənin sözlərinə görə, Ştrasser sonra yenə görüşlərdən bu və ya digər səbəblərlə qaçıb gizləndi: "Biz Almaniya Bundestaqında görüşlər zamanı almaniyalı həmkarlarımıza da bir daha bildirdik ki, AŞPA-nın Azərbaycan üzrə siyasi məhbus problemi ilə bağlı məruzəçi təyin etməsinə ilk başdan etirazımızı bildirmişik və bu gün də öz mövqeyimizdə qalırıq. Axı nəyə görə, AŞPA Ermənistanda 200-dən artıq siyasi məhbus olduğu prezident seçkiləri zamanı bir neçə şəxs yaralandığı, öldürüldüyü halda məruzəçini həmin ölkəyə təyin etmir, ancaq bunun əvəzində siyasi məhbuslar olmadığı halda, Azərbaycana belə bir məruzəçi təyin etmək qərarına gəlir". Millət vəkili bəyan edib ki, biz onlara bu mövqeyimizi bir daha çatdırdıq və qeyd etdik ki, Azərbaycanda siyasi məhbus problemi yoxdur: "Eyni zamanda biz almaniyalı həmkarlarımıza onların K.Ştrasseri dəstəkləmələri ilə bağlı öz etirazımızı çatdırdıq. Onlar da cavab verdilər ki, bir həmkar olaraq, Ştrasseri dəstəkləyirlər. Mən isə şəxsən öz adımdan almaniyalı həmkarlarıma bildirdim ki, Ştrasser işləməyən və tənbəl deputatdır. Həmçinin qeyd etdik ki, ona təqdim olunan dırnaqarası siyahılarda adları yer alan şəxslərin çoxu Azərbaycanda terrorizmlə, separatçılıqla məşğul olduqlarına görə həbs ediliblər. Axı necə ola bilər ki, bütün dünya, Avropa terrorizmə, terrorçuluğa, terrorçulara qarşı mübarizə aparır, lakin bunun əvəzində Azərbaycanda bu işlə məşğul olanları siyasi məhbus kimi tanımaq cəhdində bulunurlar. Onlar sadəcə və sadəcə ikili standartlardan, bəzi dairələrin Azərbaycana xoş olmayan münasibətlərindən qaynaqlaır ki, biz bunları görüşlər zamanı Bundestaqdakı həmkarlarımızın diqqətinə çatdırdıq".
KAMİL



Bu yazı ( 55 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar