12px14px16px18px

Aydın Mirzəzadə: “ABŞ Administrasiyası bu dəfə bu məsələdə öz qətiyyətini göstərə biləcək”

00:57 / 01.05.2012
“Azərbaycan üçün bu gün ABŞ-ın Azərbaycanda səfirinin olub-olmaması elə bir əhəmiyyət daşımır, bu, texniki məsələdir və Azərbaycan bu dövlətlə münasibətlərini yüksək səviyyədə qurub”. Bunu Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, politoloq Aydın Mirzəzadə dilə gətirib. Bununla belə, politoloq hesab edir ki, prinsipcə, bu gün ABŞ-da müəyyən qüvvələri Azərbaycana gedən səfirin kimliyi deyil, ümumiyyətlə, Azərbaycana səfirin getməməsi daha çox maraqlandırır. Millət vəkilinin fikrincə, həmin qüvvələr üçün ABŞ-Azərbaycan münasibətlərini korlamaq, diplomatik əlaqələrin ranqını mümkün qədər aşağı salmaq “çox vacib” məsələlərdən biridir: “Metyu Brayzadan sonra başqa bir şəxsin də namizədliyi var idi. Ermənipərəst qüvvələr ona da bir problem yaratdılar və təyinat yenidən baş vermədi. Ona görə hesab edirəm ki, bu gün Amerikanın Azərbaycanda səfirinin təyinatı məsələsi ABŞ Administrasiyasını çox ciddi şəkildə düşündürməlidir”.
A.Mirzəzadə onu da bildirib ki, ermənipərəst qüvvələr səfir təyinatı prosedurunda müəyyən boşluqlardan istifadə edərək, Azərbaycanla ABŞ arasında çox ciddi bir səddə çevriliblər və əgər ABŞ Azərbaycanda maraqlarını yüksək səviyyədə qorumağa çalışırsa, o zaman bu məsələdə qətiyyətini göstərməli, özünün rıçaqlarından kifayət qədər istifadə etməyə çalışmalıdır: “Belə də isə hər bir namizəddə hər hansı bir məqam tapmaq olar. Mən bu dəfə gözləyirəm ki, cənab Moninqstarın – yeni şəxsin uzun müddət ABŞ Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi olmasını bəhanə gətirərək, onun Azərbaycanla yaxın əlaqələri olduğunu iddia edə bilərlər. Onu da deyim ki, Azərbaycan üçün bu gün ABŞ-ın Azərbaycanda səfirinin olub-olmaması elə bir əhəmiyyət daşımır, bu, texniki məsələdir və Azərbaycan bu dövlətlə münasibətlərini yüksək səviyyədə qurub. Söhbət sadəcə, ABŞ-ın özünün nüfuzundan gedir, söhbət ABŞ-ın öz maraqlarını təmin etmək üçün tələb olunan mexanizmi qura bilməməsindən gedir və bir dövlət kimi onun bu gün adi bir səfir təyinatı məsələsində problemlə üzləşməsini göstərir. Amma hər halda ümid etmək istərdim ki, nəhayət, ABŞ Administrasiyası bu dəfə bu məsələdə öz qətiyyətini göstərə biləcək”.
KAMİL






Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar