12px14px16px18px

Milli Məclis Ombudsmanın illik hesabatını qəbul edib

13:42 / 08.03.2012
Dünən Milli Məclisdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili – Ombudsmanın illik hesabatı dinlənilib.
Ombudsman Elmira Süleymanova bildirib ki, 2011-ci ildə Ombudsmanın ünvanına vətəndaşlardan korrupsiya və rüşvətlə bağlı daxil olan müraciətlərin sayı artıb. Belə ki, Ombudsmanın ünvanına korrupsiyaya yol verilməsi və rüşvət tələbetmə halları ilə bağlı 797 şikayət daxil olub ki, bu da 2010-cu illə müqayisədə 30,6 faiz çoxdur.
Şikayətlərdə vəzifəli şəxslərin qanunsuz hərəkətləri və müxtəlif pozuntulara yol verilməsi ilə bağlı məlumatlarla yanaşı, qanunçuluğu, hüquq qaydalarını, vətəndaşların hüquq və qanuni maraqlarını təmin etməyə məsul olan bəzi dövlət orqanlarının və təşkilatların fəaliyyətindən narazılıqlar da əksini tapıb.
Müvəkkil tərəfindən prokurorluq orqanlarına korrupsiya və rüşvət tələbetmə kimi halları özündə əks etdirən şikayətlərlə bağlı 102 sorğu göndərilib. Onlardan 1 şikayət üzrə cinayət işi açılıb, 21 şikayət təmin edilib, 11 şikayət məhkəmədə çıxarılan qərarların obyektivliyinin təmin olunması məqsədilə Dövlət İttihamının Müdafiəsi İdarəsi vasitəsilə məhkəməyə göndərilib, 43 şikayət üzrə cinayət işinin başlanması rədd olunub, 22 şikayət cinayət işinə əlavə edilərək araşdırılıb, 5 şikayət üzrə araşdırma davam etdirilir.
Hesabatda o, hərbi komissarlıqların tibb komissiyaları və hərbi komissarlıqlarda yol verilən rüşvət hallarına diqqəti yönəldib və bu sahənin işinə nəzarətin gücləndirilməsi və zəruri tədbirlərin görülməsini vacib sayıb.
Ombudsman qanunsuz tikilmiş evlərin inventarlaşdırılması və onların qeydiyyata alınmasını təklif edib. O, məruzədə bildirib ki, mənzil sahəsində olan problemlərdən biri müxtəlif vətəndaşlar tərəfindən nəinki son 15 ildə, hətta ötən əsrin ortalarından etibarən Bakı şəhərində və onun ətrafında zəbt edilmiş yerlərdə inşa edilmiş qanunsuz tikililərlə, həmçinin əhalinin daimi məskunlaşdığı belə ərazilərdə tikilmiş evlərin inventarlaşdırılmaması və onların qeydiyyata alınmaması ilə bağlıdır.
Müvəkkil Hövsan, Binə və Ramanı südçülük sovxozlarında, həmçinin Bakı şəhərinin “Alatava”, “Zığ”, “Vorovski”, “Xutor”, “NZS”, “UPD”, “Keşlə”, “Yasamal” kimi tanınan yaşayış massivlərində yerləşən, lakin dövlət qeydiyyatına alınmamış evlərin inventarlaşdırılmasını, özbaşına tikililər üzərində hüquqların qeydiyyatı məsələsinə baxılmasını və həllinin sürətləndirilməsini təklif edib.
Ombudsmanın ünvanına 2011-ci ildə əmək hüquqlarının pozulması ilə bağlı 1246 şikayət daxil olub. Bu da 2010-cu illə müqayisədə müvafiq sahədə şikayətlərin sayının artması deməkdir.
Ötən il insan hüquqları üzrə Ombudsmana göndərilən şikayətlərin 1179-u məhkəmələrin fəaliyyəti ilə bağlı olub.
Məruzədə qeyd olunur ki, daxil olan şikayətlərdən 2-si Konstitusiya Məhkəməsi, 109-u Ali Məhkəmə, 191-i Apelyasiya məhkəmələrinin fəaliyyətindən olub. Birinci instansiya məhkəmələrinin fəaliyyəti ilə bağlı ötən il Ombudsmana 877 şikayət ünvanlanıb.
Şikayətlər məhkəmələrdə işə baxılma vaxtı və yeri haqqında proses iştirakçılarına müvafiq bildirişin göndərilməməsi, vətəndaşlarla kobud rəftar hallarına yol verilməsi, məhkəmə qərarlarının surətinin tərəflərə verilməməsi və ya vaxtında göndərilməməsi, apelyasiya və kassasiya şikayətlərinin aidiyyəti üzrə vaxtında göndərilməməsi, süründürməçilik halları, qərarların icraya vaxtında yönəldilməməsi, hakimlərin məhkəmə qərarlarının icrasına nəzarət etməməsi, icra işində süründürməçiliyə yol verilməsi ilə bağlı olub.
Ümumilikdə, 2011-ci ildə Ombusmanın ünvanına 12 680 müraciət daxil olub ki, onlardan 1179-u məhkəmə orqanları, 632-si prokurorluq orqanları, 1971-i polis orqanları, 634-ü məhkəmə qərarlarının icra edilməməsi, 196-sı bələdiyyələrlə bağlı olub. Şəhər, rayon yerli icra hakimiyyətləri ilə bağlı 904 şikayət daxil olub ki, bunlardan ən çoxu İmişli rayonundan daxil olub (73 şikayət).
Müzakirələrdə çıxış edən millət vəkili Mübariz Qurbanlı Ombudsmanın hesabatının məqbul olduğunu qeyd edib.
O bildirib ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi, bu yöndə müvafiq qanunverici aktların qəbul olunması, beynəlxalq konvensiya və sazişlərə qoşulma istiqamətində çox ciddi işlər görülməkdədir.
Onun bildirdiyinə görə, Ombudsmanın hesabatından da məlum olur ki, bu quruma ünvanlanan şikayətlərin istiqaməti dəyişir və azalır.
Millət vəkili bunu ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların müsbət məntiqi nəticəsi kimi dəyərləndirib.
Amma bununla yanaşı, o qeyd edib ki, bəzən yerlərdə şikayətlərə zamanında diqqət yetirilməyəndə insanlar Milli Məclisə və ya Ombudsmana müraciət etmək məcburiyyətində qalırlar:
“Ona görə hesab edirəm ki, bu şikayətlərə yerlərdə və zamanında baxılmalıdır. İnsanların əsaslı şikayətləri təmin olunmalıdır. Eyni zamanda şikayətlərin araşdırılması və təmin olunmasında müvafiq qurumlar koordinasiya edilmiş şəkildə fəaliyyət göstərməlidirlər”.
Millət vəkili Sabir Rüstəmxanlı isə deputatların da hüquqlarının insan hüquqlarına aid olduğunu bildirərək bu yöndə problemlərin yaşandığını deyib.
“Bizim də hüquqlarımız tez-tez pozulur. Bu gün yerlərdə sanki məmur özbaşınalığı var və qanunlara saymazyana münasibət var. Özümüz də görürük ki, dövlət başçısı yerlərdə vətəndaşlarla necə danışır, rəftar edir.
Sanki özü hər bir vətəndaşa hesabat verir. Hansı ki, bu hesabatı onun yerlərdə nümayəndələri verməlidirlər. Ancaq bunun əvəzinə prezidentin yerlərdə nümayəndələri, yəni icra başçıları insanlara hörmətsizlik nümayiş etdirirlər.
Bu isə heç şübhəsiz narazılığa, müəyyən söz-söhbətlərin meydana çıxmasına səbəb olur və ola bilər. Odur ki, Ombudsmanın hesabatında bu kimi məsələlərə yer ayırmalı və bu kimi halların qarşısının alınması istiqamətində konkret addımlar atılmalıdır”.
Digər millət vəkili Siyavuş Novruzov isə Ombudsmanın hesabatını yüksək qiymətləndirib.
“İnsan hüquqları Azərbaycanda qanunlarla qorunur. Amma bəzi donozbazlar var ki, onlar Azərbaycan haqqında beynəlxalq aləmdə düzgün olmayan rəy formalaşdırmağa çalışırlar. Amma onların cəhdləri alınmayacaq”.
Sonra 100 nəfər lehinə, bir nəfər əleyhinə olmaqla Ombudsmanın illik hesabatı qəbul olundu.
Kamil HƏmzƏoğlu




Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar