525-ci qəzet

Bir dəstə qızılgül


 
 
     Səhv etmirəmsə, 1965-ci ilin yayı idi. 10 yaşım vardı onda. “ZİL” markalı yük maşınında bazardan – mən anamla getmişdim – qayıdırdıq. Aydınlıq üçün deyim ki, biz – İsmayıllının Göyçaya yaxın olan Mollaisaqlı və Hacıhətəmli kəndlərinin camaatı bazarlığa Göyçay rayon mərkəzinə gedərdik. Təsəvvür edin: yayın dözülməz istisi, qoca, cavan, qadın, kişi, uşaq, dolu torbalar, setkalar, bir sözlə, maşında iynə atsan, yerə düşməzdi. Hər dikdirə dirənəndə ağır “ZİL”in sürəti yavaşıyırdı və hamı çala-çökək torpaq yoldan qalxan qalın toz dumanına bürünürdi. Düzü, bu toz-duman heç kimin gözündə deyildi, hamının fikri elədiyi bazarlıqda idi. Onda hər kəndin ayrıca bazar maşını vardı. Bu maşınlar hər həftənin sonuncu günü səhərin alaqaranlığında dolu adamla bazara yola düşər, günorta – muğamat konserti başlayar-başlamaz, kəndimizin qarşısındakı dikdirdən enən kənd yolunda görünərdilər. Həmin gün Hacıhətəmlidən – yəqin öz maşınlarına gecikmişdilər – 2-3 nəfər də bizim maşına minmişdi. Onlardan biri yaşca balaca idi. Təxminən məndən bir-iki yaş böyük görünən bu oğlan əlində bir dəstə qızılgül tutmuşdu. Bir əli ilə maşının arxa “bort”undan bərk-bərk yapışan bu çəlimsiz və ağbəniz oğlan bir an belə gözünü qızılgüllərdən çəkmirdi. Hər çala-çuxura düşəndə az qala hamının bir-birinə qarışdığı maşında bu gülləri əldə salamat saxlamaq çox müşkül məsələ idi. Kartof, soğan, pomidor, yemiş və bu qəbil yüklərin, həmçinin tərli, tozlu, yorğun sifətlərin fonunda bu zərif qızılgül dəstəsi qəribliyə düşən adam təsiri bağışlayırdı.
      Bizim kəndlərdə qızılgül mayın sonu, iyunun əvvəlləri ömrünü başa vurur. Elə Göyçayda da yayın bu qızmarında qızılgül tapmaq o qədər də asan deyildi. Bir də ki, iş-gücdən – ot çalımından, əkin-biçindən, qışa odun, şax tədarükündən və bu sıradan olan çeşid-çeşid qayğılardan başı açılmayan kənd adamının gözündə qızılgülün elə bir dəyəri yox idi. Hər halda o vaxt mən belə düşünürdüm – yalan danışa bilmərəm. Uzağı təkəm-seyrək hallarda qızılgüldən mürəbbə bişirər, ya da ondan gül suyu çəkərdilər... Düzü, mənə də qəribə gəlirdi: durub Göyçaya bazara gedəsən, kəndə qızılgül alıb aparasan. Gözlərindən mehribanlıq yağan bu oğlanın yaşlı həmkəndlilərindən biri, sanki fikrimi oxudu.
 – A bala, qızılgülü neynirsən?
 – Anamın ad günüdür, ona aparıram.
      O vaxtlar biz tərəflərdə “ad günü” anlayışı yox idi. Hər halda mənim üçün mövcud deyildi. Mən ilk dəfə idi ki, belə söz eşidirdim. Hacıhətəmlidən olan bu oğlanın cingiltili səslə və bir az da fəxrlə dediyi bu sözlərdən sonra hamı diqqətlə onun üzünə baxdı. Sanki maşındakılar onu təzəcə görürdülər. Həmkəndlisinin səsindəki rişxəndi oğlan göydə tutmuşdu. Elə onun şax cavabı, səsindəki ötkəmlik də yəqin ki, daha çox bu məqamla bağlı idi. Həmin an da ağ rəngli, azca qırmızıya çalan qızılgül dəstəsini əlində bərk-bərk sıxan bu ağbəniz oğlana ürəyimdə bir hörmət hissi baş qaldırdı. Fikirləşəndə ki, bu oğlan bizim kənddə maşından düşəcək, günortanın bu bürküsündə hələ üzüyuxarı – öz kəndlərinə qədər iki kilometrlik yolu piyada gedəcək və evlərinə kimi bu qızılgül dəstəsini eləcə əlində əzilməsin deyə, ehtiyatla tutub aparacaq... gözümdə daha da ucaldı. Hətta ürəyimdə onunla dost olmaq arzusu baş qaldırdı. Bazarın bahalığından, yolun narahatlığından, uşaqlarının dəymə-düşərliyindən... gileylənən maşın əhlinin səsi birdən kəsildi, daha doğrusu, hamı oğlanın cavabından, elə bil alındı. Eşidilən təkcə maşının tüstülü uğultusu idi. Hamını oğlanın kimliyi maraqlandırırdı. Birdən Hacıhətəmlidən olan yaşlı kişinin səsi uğultuya qarışdı: “Buxaltır Hümbət kişinin oğludur”... Ancaq bizim kəndin adamları, daha çox da qadınları bu kasad məlumatla kifayətlənmək istəmirdilər. Qadınların üstünə yağdırdıqları “Adın necədir?”, “A bala, anavın adı nədir?”, “Neçəncidə oxuyursan?” kimi suallara bu çəlimsiz oğlan çox həvəssiz, necə deyərlər, ətini yeyə-yeyə cavab verirdi. Cavablarından bildim ki, 6-cı sinifdə oxuyan bu oğlanın adı Aydın, ad gününə qızılgül apardığı anasının adı isə Züleyxadır... Bununla da Aydın adlı bu oğlan müzakirə mövzusuna çevrildi. Yaxınlıqdakı qadınlardan kimsə pıçıltı ilə “bəxtəvər elə ananın başına” söylədi. Bu qadının səsindəki qibtə hissini maşındakıların hamısının gözündə görmək olardı...
      Doğrudan da, illər keçəcək, Aydın böyüyəcək, universitet bitirəcək, Minskdə dissertasiya müdafiə edib alimlik dərəcəsi alacaq, kitabları çap olunacaq, ziyalılar aləmində böyük nüfuz qazanacaq. Aydının adı daha çox ötən əsrin 80-ci illərinin sonunda məşhurlaşacaq. Onda Aydın Səlimzadə “Elm” qəzetinin baş redaktoru idi. Onda rəsmi Moskvanın yönləndirdiyi mərkəzi KİV-lərdə erməni daşnaklarının istəyinə uyğun olaraq xalqımıza qarşı bir düşmənçilik siyasəti təbliğ olunurdu. Bütün bunlara isə yalnız “Elm” qəzetində cavab verilirdi. Bu qəzet ürəyimizdən tikan çıxarırdı. Qəzetin və Aydının adı onda dillər əzbəri idi. Vətən, yurd sevgisi, millət təəssübkeşliyi ilə nəfəs alan Aydın o günlər yorulmaq bilmirdi. O, həmişə, hər yerə çatırdı. Ata-anası, müəllimləri, dostları Aydınla fəxr edirdilər...
      Bütün bunlar sonra olacaqdı.
      Qarşıda onu qaynar bir ömür, vaxtsız və namərd bir ölüm gözləyirdi...
     İndisə... indisə bu oğlanın fikri əlində bərk-bərk tutduğu qızılgül dəstəsini kəndə – anasına aparıb çatdırmaq idi.
 
 
Qorxmaz ŞIXALIOĞLU




07.11.2009     Çap et  Çap et