525-ci qəzet

Bənövşə qoxulu payız


 
 
 
Tofiq Yusif 1950-ci ildə anadan olub. İki ali təhsil alıb. Hansı ixtisasın sahibi olmasına baxmayaraq, qəlbi həmişə poeziya ilə döyünüb. İndiyədək Tofiq Yusifin 8 kitabı çapdan çıxıb. O, cəsarətli jurnalist, gözəl nasir, sevilən şairdir. Nə yazırsa yazsın, öz dəsti xətti ilə seçilir. Onun erməni xislətini açıb göstərən “Vəhşilər” poeması necə oxunaqlıdırsa, tarixi faktlara əsaslanan, Qarabağ müharibəsində iştirak edən türkiyəli soydaşımız İsmayıl Tuncun döyüş fəaliyyətindən danışan “Qan iyi”, “Ölümlə üz-üzə”, “Tərtər şəhidləri” sənədli nəsr əsərləri də o qədər yaddaqalandır. “Mənsizləşmə fəlakəti”ndə isə yazarın publisist yazıları toplanıb. Hazırda o, Tərtər şəhərində yaşayır və “Yeni Tərtər” qəzetinin redaktoru vəzifəsində işləyir.
Bu il istedadlı jurnalist, şair, nasir Tofiq Yusifin 60 yaşı tamam olur. Yubiley ərəfəsində oxuculara onun poeziya dünyasından, “Ömrümün payızı” kitabından söhbət açan bu yazımı təqdim edirəm.
Tofiq Yusifin şeirlər kitabı “Ömrümün payızı” adlansa da, bu payız öz çiskini, dumanı, yağışı ilə nə müəllifi nə oxucuları qorxutmur. Çünki yaz ətirli, bənövşə qoxulu bir payızdır şair ömrünün payızı.
Tofiq Yusif haqqında yazmaq istəyəndə çox fikirləşdim, necə deyərlər, “yüz ölçdüm, bir biçdim”, çalışdım ki, onun qeyri-adiliyini, acığını, hirsini-hikkəsini, kövrəkliyini, duyarlığını necə var, eləcə oxuculara təqdim edim. Ancaq şagird üçün müəllim haqqında söz demək çox çətin olduğundanmı, bu məsuliyyətin ağırlığındanmı bir fikri oxuculara deməyi unutmuşam. Unutmuşam ki, deyim: Tofiq Yusifin ömrünün payızı solğun, xəzanla dolu bir payız deyil. Bu payız gül-çiçəkli, təravətli bir payızdır. Və bu gün Tofiq Yusif tanınan, sevilən bir şairdir.
“Əziz Tofiq Yusif! Şeirləriniz xoşuma gəldi. Sizdə təbii şairlik istedadı var. Xüsusən, aşıq poeziyasına xas olan axıcılıq, şirinlik hiss olunur”
 Hüseyn Arif
“Onun (Tofiq Yusifin) xalq poeziyasından faydalanması, təbiət lövhələrini həssaslıqla qələmə alması, təbiiliyə meyl etməsi yaxşıdır”
İsa İsmayılzadə
“Əzizim Tofiq, “Getdi” rədifli qoşmanı oxudum. Son bir neçə ildə bu şirinlikdə şeir oxumamışdım”
Məmməd Aslan
Oxucuların böyük məhəbbətlə, sevə-sevə oxuduqları, imza müəlliflərinin neçə illər öncə səmimiyyətlə yazdıqları bu sözlər Tofiq Yusifin fitri istedadına verilən yüksək qiymətdir. Məcrasına sığmayan dağ seli kimi “dəli ürəy”in çırpıntıları, qeyri-adi istəkləri, yaşantıları kövrək misralara dönərək ömrünün payızına yaz günəşi gətirir.
Sayca şairin beşinci kitabı olan “Ömrümün payızı”nda ömrünün təlatümləri, təbiətə, məhəbbətə qeyri adi baxış, Azərbaycan musiqisinə heyranlıq, xalqın qanını soran
zəli xislətli vəzifə sahiblərinə qarşı nifrət, ictimai-siyasi məzmunlu müxtəlif şeirlər və iki poema verilmişdir.
Tofiq Yusifin poeziyasının öz şirinliyi var. Onu oxucuya sevdirən nədir? Ürəyinin dil açması. Ürəyin dili isə səmimiyyətdir. Şair təbiəti, onun füsunkar gözəlliyini, torpağa olan məhəbbətini özünəməxsus duyumla təsvir edir.
 
Çökən duman gündüzlərin gecəsi,
Buz bağlayar yayda çoban keçəsi.
Yay qurtardı, payız oldu köçəsi.
Yaşılını saxla yaza, geyin ağ,
 
Dəlidağ.
Təbiəti necə ürəkdən sevirsə, musiqi aləmi də şair üçün o qədər doğma və əzizdir:
Musiqi leysanı yağır otağa,
Qolunu qaldırıb oynayır uşaq.
Ana kəlməsini söyləyə bilmir,
“Vağzalı” havası “sındırır” ancaq.
Tofiq Yusifin şeirində bədii təsvir vasitələri, sözə poetik baxımdan yanaşma çox güclüdür. İstər kövrək sevgi nəğmələrində, istər başqa şeirlərində bunu biz aydın görürük.
Gəlmisən...
 
Gözümdə yaş gilələnib,
Soruşma: “Gözlərin nə dolur belə?”
Sənin yoxluğundan donmuş intizar
Mehrindən əriyib, yaş olur belə.
Tofiq Yusif poeziyasının dərdə, qəmə, kədərə baxışı kimi təbiətə, insana, sevgiyə, məhəbbətə baxışı da qeyri-adidir. Ömrünün payızında axtarır, arayır, fikrə dalır, təəssüflənir...
Tofiq Yusif düşünən, düşündürən şairdir. O, yaşadığı mühitdə də baş verən hadisələrə şair təfəkkürü ilə qiymət verir, haqqın tapdalanmasına dözmür.
Onun “Çıx get tay-tuşunla sülənməyinə”, “Mağarada yatan baba”, “Tutuquşuya dil öyrədən uşaq”, “Cəllad kötüyü”, “Üzəngi”, “Pərsəng” şeirləri dərdlərimizi bir daha gözlərimiz qarşısında canlandırır.
Kitabda iki poema da verilib: “Bir taleyin göynəmləri” və “Vəhşilər”. Bu əsərlər də maraq doğuran, diqqəti çəkən bədii nümunələrdir.
Mən Tofiq Yusifin titullarını da saya bilərəm: Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Mətbuat Şurasının üzvüdür, “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatıdır. Ancaq bu titullardan ən böyüyü onun qazandığı oxucu məhəbbətidir, sevilən insan olmasıdır.
Tofiq Yusif indi ömrünün bənövşə qoxulu payızıyla qolboyundur. Qoy bu barlı-bərəkətli, bəhrəli payızın günləri uzun olsun! Çünki düşündürən fəsildir payız...
 
 
Svetlana ƏZİZOVA





30.03.2010     Çap et  Çap et