525-ci qəzet

Ağa Laçınlını xatırlarkən...


 
Ədəbi aləmdə hər bir sənətkarın ölümü ağır itkidir. İnana bilmirsən ki, dünənə qədər səninlə bir deyib-gülən, yol yoldaşlığı eləyən, uğurlarını və kədərini bölüşən, həmişə saf sənət havası ilə nəfəs alan bir insan indi həyatda yoxdur. Bu itki zaman-zaman səni göynədir. Mən gözəl şairimiz Ağa Laçınlını da məhz belə xatırlayıram.
Onunla ilk tanışlığım keçən əsrin yetmişinci illərindən başlayıb. Təbii ki, ADU-nun filologiya fakültəsində oxuyanda onun şeirləri ilə tanış idim. Bu şeirlər mənə doğma kəndimin havasını xatırladırdı. O, Laçının Oğuldərə kəndində, mən isə Masallının Ərkivan kəndində dünyaya göz açmışıq. Mən Ağanın dünyaya göz açdığı kəndi görməmişəm, amma onun şeirlərində öz kəndimi də görürəm. Azərbaycan kəndlərini təkcə iqlim, təbiət oxşarlığına görə müqayisə eləmək doğru olmazdı, kəndlərin bir-birinə oxşarlığını insanların könül dünyasının oxşarlığıynan,   kəndçi psixologiyasının bir-birinə nə dərəcədə bənzədiyiynən də təyin edərlər.Həm də Azərbaycan kəndi üçün oxşar detallar da çoxdur. Ağanın “Yatmış dəyirman” şeirini oxuyuram və öz kəndimdə belə bir yatmış dəyirmanın taleyini görürəm.

A yatmış dəyirman, yaslı dəyirman,
Qəmin ürəyimdə qaynayıb-daşar.
Dəhnənin dibində yaralı yarğan,
Arxının qəbrində yuxulu daşlar.

De kim dayandırıb dəli çaxçaxı?
Novunun gur nəbzi niyə donubdu?
Ölüb-gedənin də sözü var axı,
Niyə müqəddəslər unudulubdu?

Sən ay güman yerim, dərdim dilmancı,
Zaman od qamçını hamıya çırpdı.
Şahadı paylayan o dəyirmançı,
O Allah adamı harda qalıbdı?

Mən Ağa Laçınlını Hüseyn Arif, Qasım Qasımzadə, Məmməd Araz, Hüseyn Kürdoğlu, Musa Yaqub və Məmməd Aslanla bir sırada – ən gözəl təbiət şairlərindən biri kimi sevirəm. Ağa təbiətdən cəmiyyətə, cəmiyyətdən də təbiətə boylanan şair idi. Təbiət şairi mən ona deyirəm ki, gülün, çiçəyin, dağın, dərənin, çayın, gölün, otun, yarpağın, ağacın içində böyüsün və gözəllikləri ruhuna köçürsün, sonra da bunları poeziyaya çevirsin. İndi də Ağanın o illərdə yazdığı və heç zaman bədii təravətini itirməyən, gözəl təbiət rəsmlərini xatırladan şeirlərini heyranlıqla oxuyuram.

Bura gül bərəsi, gül dərəsidi,
Sarmaşıq qol-boyun, ot calaq-calaq.
İncə gözəlliyin insaf dərsidi
Əlik dırnağıyla yazılan bulaq.

Zirvəni çulğayaq car çəkə-çəkə,
Nəğməni zilləyən çildonlu çilmi?
Baldırı yoncayla örtülən cökə
Corabı naxışlı gəlin deyilmi?

Bulud al-qırmızı, qürub alışqan,
Bənd olub qalmışam-axşam çağıdı.
Çiçəkli qayadan sallanan şırran
Torpağa dikilən göy qurşağıdı.

Ağa bəlkə də yeganə şair idi ki, öz şeirlərində doğulduğu ərazinin dil xüsusiyyətlərini, danışıqda işlənən və çox zaman qırağa çıxmayan şivə sözlərini şeirə gətirirdi. Bəzən elə sözləri də işlədirdi ki, onlar hələm-hələm şeirə gəlmirdilər. Buna görə onu tənqid edənlər də vardı. Doğrudur, bəzi sözlər ədəbi dilə hələ sirayət etməmişdi, onları başa düşmək, mənasını anlamaq çətin idi. Bir dəfə bunu Ağaya da mən də söylədim. Dedi ki, o sözləri işlətməkdə heç bir məqsədim yoxdu. Mən şeir yazıram və o sözlər özümdən asılı olmayaraq şeirə gəlir. İkincisi də, qağa, elə istəyirəm o sözləri tez-tez işlədim və ədəbi dilimizdə də yaşasın. Amma indi Ağanın şeirlərindəki o az işlənən, ya heç işlənməyən sözləri diqqətlə nəzərdən keçirəndə görürəm ki, şeirin gözəlliyinə heç bir xələl gəlməyib. “Nənəmin gileyi” şeirində nənə deyir:

Neynədiniz? Nə qatdınız saf südə?
Tez çürüdü çiyəsi də, özü də.
Yoxa çıxdı qaymağın gül qoxusu.
Yoxa çıxdı pərinc aşı, çil yarma.
Yoxa çıxdı dadlı pendir, axtarma.
Düyələri görüm, Allah kəsməsin,

Qatılmadı kələkəsi, kəsməsi.
Vaxtsız gəldi içiyara meyvələr,
Ağulandı yeyci yerin damarı,
Danışıram ürəyimə damanı.

Mən şəhərdə şəhərliləşə bilməyən çox adamlar tanıyıram. Məsələn, ustad xanəndəmiz, gözəl muğam ustası Yaqub Məmmədov bütün dünyanı gəzib–dolanmışdı, amma hər dəfə onu görəndə elə bilirdim, kəndin bir parçasıdı, şəhərdə yeriyir və şəhərə sığmır. Ağa Laçınlını görəndə də elə hisslər keçirmişəm. Amma Ağa – bu “şəhərdə yeriyən kəndin bir parçası” BDU-da antik ədəbiyyatdan mühazirələr oxuyurdu.
Ağa Azərbaycan şeirinin kökünə, heca bulağına, qoşma çeşməsinə bağlı şair idi. Bəzən bu tipli şairlər inadkarlıqla şeirdə ancaq bir yolu, bir istiqaməti, bir axarı müdafiə edir, əruza və sərbəst şeirə müharibə elan edirdilər. Amma Ağa belə ayrı-seçkiliyin əleyhinə idi. 
Ağanın 60 illik yubileyi “Natəvan” klubunda böyük təntənə ilə keçdi. Əsas məruzəçi mən idim və tədbirə bir az gecikmişdim. İçəri isə tamam dolu idi, yer yox idi. Mənə söz verdilər. Birtəhər çöldən özümü içəri saldım və təxminən iyirmi dəqiqə Ağa Laçınlının yaradıcılığı barədə məruzə elədim.
O məruzəni şifahi eləmişdim və yazılı şəkildə əlimdə heç nə yoxdur. Amma xatırlayıram ki, sözümü-söhbətimi Ağanın bir neçə şeiri üzərində qurmuşdum. Ağadan ən çox sevdiyim bir şeir vardı: “İlahi, sən məni o kəndə yetir”. Mənim fikrimcə, bu şeir müasir Azərbaycan poeziyasında kənd həsrətini ifadə edən ən parlaq nümunələrdən biri idi. Şeir belə başlayırdı:

İlahi, sən məni o kəndə yetir,-
O kəndin diləyi dildə göyərən.
O kəndin yığvalı oğuldan yetim,
O kəndin qızları qarğış əyirən.

Bu şeir həm oğul həsrətini ifadə edirdi, həm də kəndin həsrətini. Oğul-Ağa Laçınlı – şəhərdə yeriyən kəndin bir parçası” təbii bir hisslə kəndə, dədə-baba yurduna qayıtmaq istəyirdi, amma qayıtmaq mümkün deyildi. Nə qədər arzulasan da...

İlahi, coş gələ mən bağrıdaşa,
Sarınam bir axşam yağış kəndirə;
Yaylaq yalvarsına, bulaq barışa,
Düşəm dan yerindən dədə kəndinə.

Qayıda dünyanın bu dolaşanı,
Varlığım yoxluğun dibindən çıxa.
Çıxardam ağzımdan çullu dovşanı,
Nallı qarışqa da cibimdən çıxa.

Yetir biçiləsi biçənəyinə,
Yetir gün qovuran boz güneyinə.
Yetir qış qarına, yaz çiçəyinə,
Yetir kom ulduzun göbələyinə.

Mən Ağa Laçınlının 60 illik yubileyi münasibətilə televiziya verilişində də çıxış elədim.. O verilişdə də Ağanın poeziyasındakı təbiiliyi, təbiətdən və özünün içindən gələn sadəliyi qeyd elədim.
Heç yadımdan çıxmaz, səksəninci illərin əvvəllərində “Yazıçı” nəşriyyatından mənə Ağanın şeirlərinin əlyazmasını verdilər ki, rəy yazım. O zaman qayda belə idi. Mən də bu şeirləri oxuyub müsbət rəy yazdım. Ağa bunu bilib məni axtardı. Günlərin birində Nizami heykəlinin yanında qarşılaşdıq. Rəyə görə təşəkkür elədi və dedi ki, sən rəy yox, məqalə yazmısan və mən o yazını kitabıma ön söz kimi daxil edəcəyəm. Amma nəşriyyatda buna icazə vermədilər. Həmin görüşümüzdə Ağa ilə oturub nahar elədik, meylim çəkdiyindən bir “Nərgiz” şərabı da sifariş verdim, şərab o qədər dadlıydı ki, ikincisini də içdik. Sonralar o cür şəraba bir də rast gəlmədim. Bəlkə də Ağanın şirin gülüşləri, zarafatları, qələm dostları barədə söylədiyi anekdotlar o şəraba dad qatmışdı.
Ağa Laçınlı BDU-da qədim dünya ədəbiyyatından mühazirələr oxuyurdu. Bilirsiniz ki, bu, filologiya fakültəsində ən çətin fənlərdən biridir. Elə Homerin əsərlərini oxumaq, onları təhlil eləmək, çoxsaylı obrazların hər birinin taleyini izləmək adamdan böyük səbr, dözüm istəyir. Amma Ağa bir kəndli inadıyla bu çətinliyi aradan qaldırdı və tələbələrin sevimlisinə çevrildi.
Bu kiçik yazıda Ağa ilə görüşlərimdən yenə söz aça bilərəm. Onun qızımın toyuna gəlməsi, cavanlara qoşulub rəqs eləməsi indi də yadımdadır və yaxşı ki, videoda da bu hissə qalıb. O lentdə Ağa sağdır və mən təsəlli tapıram ki, nə yaxşı bu gözəl insan dəvətimi qəbul elədi.
Sonda deyərdim ki, Ağanı yaşadan, bir şair kimi unutmağa qoymayan təkcə şeirləri deyil. Ağanı yaşadan həm də ona layiq üç oğludur ki, onlar Azərbaycan ədəbi-mədəni mühitində kifayət qədər tanınırlar. Xüsusilə, Fəxri Uğurlu.
Sonda Ağa Laçınlının “Gözəl dünya” şeirinin son bəndini xatırlamaq istəyirəm:

Başı qatır, ağrıları bal dadır,
Heç demirik, görəcəklər daldadır.
Yalançının özünü də aldadır,
Allah, Allah, bu nə gözəl dünyadı!

Vaqif YUSİFLİ





Mənbə: Vaqif YUSİFLİ06.03.2010     Çap et  Çap et