525-ci qəzet

“Azərbaycan üçün nəsə etməyə çalışıram”



Ayda Əmir Haşimi əslən Cənubi Azərbaycandandır, hazırda İsveçdə yaşayır. Stokholmda Kral Tibb Universiteti Odontologiya fakültəsini bitirib, ixtisası diş xəstəliklərinin ilkin müalicəsi və profilaktikasıdır. Öz ixtisası üzrə çalışan soydaşımız həm də aktiv şəkildə diaspora fəaliyyəti ilə məşğuldur. 2005-ci ildə “Güney Azərbaycan problemi” adlı isveç dilində kitabı nəşr edilib. O bizimlə söhbət zamanı bu barədə ətraflı danışıb.

– Hazırda Güney Azərbaycan Konqresinin beynəlxalq əlaqələr, “Qarabağ” Cəmiyyətinin ictimai əlaqələr üzrə, Azərbaycan Federasiyası-İsveçin(AFİ) inteqrasiya işləri üzrə məsul şəxsi və isveçdilli sənədlər katibiyəm. Gözümü açandan ailəmizdə Azərbaycanın müqəddəsliyi barədə həmişə eşidirdim, həm anamdan, həm atamdan. Kiçik yaşlarımdan atam əlimdən tutub özü ilə iclaslarına məni də aparırdı. Atam dəfələrcə İran rejimləri tərəfindən həbsə alınaraq, bu gün də izləri qalan vəhşicəsinə işgəncələr alıb. Sürgün həyatımız da elə onun ucbatından olub. Anam müəllimə idi, azərbaycançılığına görə işdən çıxardıldı. Ağbirçək Nəcibə nənəm dəfələrlə həbsə alındı, işgəncə verildi – bu işgəncələrə dözməyərək keçən il dünyasını dəyişdi. Azərbaycançılıq yolunda ailəm çox əzab-əziyyətlər çəkdi, həm maddi, həm fiziki-ancaq heç vaxt heyfislənmədilər. Mən onlar üçün Azərbaycanın müqəddəsliyinin güzəştə gedilməyəcək olduğunu gördüm. Onlar, Azərbaycana bəslədikləri sərhədsiz sevgini mənə də aşıladılar və nəticədə Azərbaycan üçün fəaliyyət həyatımın çox ciddi hissəsinə çevrildi. Sadə sözlə desəm, Azərbaycan üçün nəsə etməyə çalışıram. Artıq mən də atam kimi, əmim kimi, bu yolda əzab-əziyyətlərlə üzləşirəm, ancaq qətiyyən bundan peşman deyiləm. Bilirəm ki, Vətən uğrunda fəaliyyət o qədər də asan deyil, amma Vətən və xalq sevgisi də başqa aləmdir. Azərbaycanın İsveçdə hazırkı imicinin formalaşma prosesi, Nobel qardaşlarının Azərbaycanda iqtisadi fəaliyyət apardıqları zamandan, Azərbaycan Respublikamız müstəqilliyini bərpa etdikdən sonra və hətta ondan əvvəllər xüsusilə cənubi azərbaycanlıların İsveçdə apardıqları mədəni fəaliyyətləri ilə yaranmağa başlayıb və gündən-günə inkişaf etməkdədir. Bu imicin müsbət olaraq formalaşması istiqamətində çox işlər görülüb. Bizdən başqa, diaspor fəaliyyətinin günü-gündən inkişafı bir tərəfə, Azərbaycanın iqtisadi inkişafı və çiçəklənməsi İsveçdə də öz əksini tapır. Xüsusilə, “Avroviziya” kimi musiqi sahəsində Azərbaycanın 8-ci, 5-ci, 3-cü və nəhayət 1-ci yer tutması, müsbət imicimizə fövqəladə təkan verib. İsveçdəki Azərbaycan səfirliyi və diasporumuzun fəaliyyətləri, dövlət rəsmilərimizin İsveçə səfərləri, İsveç jurnalistlərinin Azərbaycana səfərləri, hətta müxalifət partiyalarının İsveçə səfərləri nəticəsində Azərbaycanımız barədə İsveç ictimaiyyətinə məlumat yayılmış olur.
– Bəs İsveçdə Azərbaycanın diaspor təşkilatlarının əməkdaşlığı barədə nə deyə bilərsiniz?
– Bu əməkdaşlığı pozmaq istəyənlərin çoxluğu, güc və imkanları barədə düşündükdə, hazırkı vəziyyətdən çox da narazı qalmaq olmaz. Əlbəttə ki, sıralarımıza yeni insanlar cəlb etməyə, yeri boş görülən təşkilatları yaratmağa, qurumlararası əməkdaşlıqları çoxaltmağa, mövcud olanları isə sıxlaşdırmağa çalışırıq. Bunu da fəxrlə qeyd edə bilərəm ki, Azərbaycan üçün çalışan müxtəlif fikirli icmalarımızın, demək olar ki, hamısı ilə müxtəlif səviyyələrdə əlaqələrimiz və əməkdaşlıqlarımız mövcuddur, keçirilən tədbirlərin ya təşəbbüskarı və ya iştirakçısı və yaxud da təşkilatçısıyıq.
– Qarabağ həqiqətlərinin bu ölkədə təbliği üçün hansı tədbirlər görülür?
– 2003-cü ildə Stokholmda Azərbaycan Kültür Dərnəyi “Qarabağ” yaradıldı və İsveçdə rəsmi qeydiyyatdan keçirildi. Məqsəd, işğal altında olan Qarabağımızın adını məhz Azərbaycan adı ilə yanaşı qeydiyyata salmaq, onun ölkəmizin ayrılmaz hissəsi olduğunu təbliğ etmək olub. Azərbaycandan kənarda “Qarabağ” adına ilk rəsmi dərnəyin məhz cənubi azərbaycanlı tərəfindən təsis edilməsi isə, həm də simvolik olaraq Azərbaycanımızın bütövlüyünü – şimal ilə cənub arasında mütləq doğmalığın, bir-birinə bağlılığın nümayişinin istəyi olub. Digər fəaliyyət istiqamətimiz isə, Azərbaycan ilə İsveç qurum və quruluşları arasında ikitərəfli məlumat mübadiləsinə şəraitlər yaratmaq, İsveç icmasına Azərbaycan həqiqətlərini çatdırmaq, həmçinin, İsveç azərbaycanlılarının assimilasiya olmadan inteqrasiyasına təkan verməkdən ibarət olub. Dərnəyimiz tərəfindən digər icmalarımızla birlikdə Xocalı soyqırımı, Ağdam, Şuşa və digər işğal olunmuş torpaqlarımızın ildönümlərində etiraz aksiyalarının keçirilməsi, həmin günlərlə əlaqədar İsveçin həm rəsmi, həm də insan haqları ilə məşğul olan qurumlarına, qəzet və jurnalistlərə yerli dildə bəyanat və müraciətlərin göndərilməsi, deputatlarla görüşlər, Qarabağ həqiqətlərinin yayılması barədə ən əsas fəaliyyətlərimizdəndir. Həmçinin, İsveç dilində məlumatlandırıcı veb-səhifəmiz fəaliyyət göstərir. Burada haşiyəyə çıxaraq qeyd edim ki, son həftə internet səhifəmiz naməlum şəxslər tərəfindən kiber hücuma məruz qalaraq dağıdılıb, hal-hazırda bərpa edilməkdədir.
AFİ Azərbaycan həqiqətlərinin İsveçdə tanıdılması, azərbaycanlıların İsveç cəmiyyətinə inteqrasiyası, İsveçdə fəaliyyət göstərən dərnəklərin əməkdaşlığına zəmin yaradılması, Azərbaycan dilinin İsveçdə tədris edilməsi, xüsusilə Dağlıq Qarabağımız və 7 ətraf rayonumuzun bədnam qonşu tərəfindən işğal edilməsi barədə məlumatların İsveçdə müxtəlif təşkilat, struktur və yerli əhaliyə çatdırılması və onları bu işğalı məhkum etmələri üçün addımlar atmalarına nail olmaq üçün işlər görür. Biz bu istiqamətdə səylərimizi daha güclü şəkildə davam etdirmək əzmindəyik.
PƏRVANƏ









07.03.2012     Çap et  Çap et