525-ci qəzet

Bakıda Beynəlxalq Ətraf Mühit Sərgisi öz işinə başlayıb


 
Dünən Bakıda Böyük Britaniyanın “İTE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “İteca Caspian” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ətraf mühitin mühafizəsinə həsr olunan “Xəzər: Ətraf mühit üçün texnologiyalar” adlı Beynəlxalq Ətraf Mühit Sərgisi (“CTE-2011”) öz işinə başlayıb. Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri tədbir olan bu sərgidə ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunacaq. Sərginin keçirilməsində əsas məqsəd ölkənin ekoloji təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək verməkdir. Habelə təbii ehtiyatların qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir. “CTE-2011” beynəlxalq sərgisində 13 ölkədən 75 şirkət və qurum iştirak edəcək. İştirakçılar arasında ölkəmizlə yanaşı, İsrail, Fransa, Türkiyə, Çexiya və digər ölkələrin nümayəndələri var. Almaniya və Latviya isə bu sərgidə öz milli qrupları ilə təmsil olunacaq. Sərgidə şirkətlər və dövlət strukturları ilə yanaşı, Azərbaycan ərazisində ekologiya sahəsində fəaliyyət göstərən vətəndaş institutları da iştirak edir. Qeyd edək ki, sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa olunan resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq. Alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdiriləcək. Noyabr ayının 3-də isə “CTE-2011” sərgisi çərçivəsində “Ətraf mühit texnologiyaları və yaşıl iqtisadiyyat imkanları” mövzusunda konfransın keçirilməsi də nəzərdə tutulub.
BƏXTİYAR




03.03.2012     Çap et  Çap et