525-ci qəzet

Elçinin folklor dünyasına bir baxış



(Əvvəli ötən şənbə sayımızda)

ƏBƏDİ ABİDƏMİZ,
MÜDRİKLİK MƏKTƏBİMİZ

Xalqımız dövlət müstəqilliyi qazandıqdan sonra mənəvi irsimizin yeni elmi düşüncə və yeni metodoloji meyarlarla öyrənilməsi zərurəti ortaya çıxdı. Bu zərurəti ilk duyan yazıçılarımız: Anar, Elçin və Kamal Abdulla oldu. Bu yazım Elçin haqqındadır. Elçinin “Dədə Qorqud” bəşəriliyi”, “Kitabi-Dədə Qorqud” qələbəsi”, “Dədə Qorqud” qayıdışı”, “Dədə Qorqud” həmişə xalqımızla olmalıdır”, “Kitabi-Dədə Qorqud” aliliyi” məqalələri ədəbi-elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Burada Elçinin Azərbaycan, rus, ingilis, fransız, alman, ərəb dillərinə tərcümə edilərək gözəl illüstrasiyalarla çap edilmiş “Kitabi-Dədə Qorqud” aliliyi” (Bakı-1999) kitabından söz açmaq istərdim. “Kitabi-Dədə Qorqud”dan seçmə parçalar da verilmişdir ki, əsəri daha da oxunaqlı edir.
Görkəmli rus alimi M.Baxtinin kəlamı var: “özgə mədəniyyət yalnız başqa mədəniyyətin gözündə özünü tam və dərindən göstərir”. O da var ki, “Kitabi-Dədə Qorqud” kimi böyük sənət abidələri özgə mədəniyyətlərlə müqayisədə bütün qatları ilə açılır və dərk olunur. Mənə görə Elçinin bu əsərinin ən böyük qiyməti bu ali amala xidmətindədir. Elçinin bu əsəri sırf tədqiqat işidir. Araşdırıcı ilk öncə “Kitabi-Dədə Qorqud”u tədqiq və təhlil etmiş, nəşrə hazırlamış, şərhlərini yazmış, lüğətini tərtib etmiş və bir çox dünya dillərinə, – alman, rus, ingilis, fransız, türk, ərəb, fars, serb, gürcü, türkmən, qazax, latış və s. tərcümə etdirərək nəşr etmiş, dünya qorqudşünaslarını ehtiramla yada salmış, “Kitabi-Dədə Qorqud”un ilk tərcüməçisi, alman alimi Henrix Fridrix fon Ditsdən xüsusi söz açmışdır. Yazıçı haqlı olaraq “Kitabi-Dədə Qorqud”un tədqiqi tarixini, Fridrix Ditsin 1815-ci ildə Basatın Təpəgözü öldürdüyü boyu tərcümə edərək nəşr etdirdiyi ildən başladığını qeyd edir. Elçin “Kitabi-Dədə Qorqud”un üç qədim əlyazma nüsxəsinin – on iki boydan ibarət Drezden nüsxəsinin, altı boydan ibarət Vatikan nüsxəsinin və vaxtilə F.Ditsin İstanbulda əldə etdiyi, yarımçıq Berlin nüsxəsinin olduğunu göstərir.
Qeyd etməliyəm ki, abidənin Berlin əlyazma nüsxəsi Drezden nüsxəsindən köçürmədir. Hətta Drezden nüsxəsindəki səhvlər də eyni ilə təkrar olunur. Əgər belə olmasa idi, bu nüsxə üzərində də tədqiqat aparılardı. (Mən Flora Əlimirzəyeva “Kitabi-Dədə Qorqud” dastanlarının alman dilinə tərcüməsi və tədqiqi” adlı doktorluq dissertasiyasının müdafiəsi zamanı rəsmi opponent olaraq tədqiqatçını Berlin nüsxəsinin ayrıca əlyazma olduğunu göstərdiyinə görə tənqid etmişdim).
F.Ditsin xidmətlərindən biri də elmi faktlarla alimin “Kitabi-Dədə Qorqud”un Homerin “Odisseya” əsərindən əvvəl yarandığını göstərməsidir. Elçin o fikirdədir ki, türk xalqlarının bir sıra qədim abidələri başlanğıcını “Kitabi-Dədə Qorqud”dan almışdır. Və o bu qənaətə çoxsaylı tədqiqatlarla tanışlıqdan sonra gəlmişdir. Bir çox görkəmli alimlər qəti fikir söyləmişlər ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan dilində yazılmışdır. Elçin dilimizin çağdaş vəziyyətini göz önünə gətirərək deyilənləri təsbit edir. Elçin “Kitabi-Dədə Qorqud”un çox əski zamanlarda yarandığını göstərir, hətta onun yubileyini keçirdiyimiz 1300 il rəqəmini şərti hesab edir və bircə misalla fikrinin doğruluğunu təsdiqləyir: “Azərbaycan qorqudşünaslığı hesablamışdır ki, “Kitabi-Dədə Qorqud”da 2721 sözdən istifadə olunmuşdur və bunların yalnız 559-u ərəb-fars mənşəlidir. Bu faktın özü də eposun qədimliyinin göstəricisidir”.
Elçin sovet dönəmində “Kitabi-Dədə Qorqud”a olan basqılardan, onun “həbsə” məruz qalmasından ürəkağrısı ilə danışır və alimlərimizin fədakar əməyini gündəmə gətirir. Müstəqillik dövründə görülən işlərə nəzər salır.
Yazıçı Adam Olear və Ölviya Çələbinin Dədə Qorqudun qəbrindən söz açan səyahətnamələrini yüksək qiymətləndirir, Dədə Qorqudun tarixi şəxsiyyət olub-olmadığından bəhs edən əsərləri tədqiqatına cəlb eləyir. Qəti qənaətə gəlir: “Əsrlər boyu yaşayan, qopuzunu sinəsinə sıxıb söz söyləyən bədii surət Dədə Qorqud elə Dədə Qorqudun özüdür”.
Müdriklik məktəbi olan Dədə Qorqud insanları ayıq olmağa, dünyanın şirinliyinə aludə olmamağa, dondan-dona girən dünyanın “gəlimli-gedimli, bir ucu ölümlü” olduğunu unutmamağa çağırır, ibrət götürməyi tövsiyə edir.
Hanı dediyin bəy ərənlər,
Dünya mənimdir deyənlər?
Əcəl gəldi, yer gizlətdi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!
Ən nəhayət, uzun yaşın,
Sonu ölüm, axırı ayrılıq.
Bütün bunlar barədə Elçinin “Kitabi-Dədə Qorqud aliliyi” əsərində oxuduqca fikrə qərq oldum. Həm məni dərindən düşündürməyə vadar etdiyinə, həm də əbədi abidəmiz, müdriklik məktəbimiz “Kitabi-Dədə Qorqud”a layiq əsər yazdığına görə müəllifə ürəyimin dərinliklərindən gələn minnətdarlığımı bildirdim.

YAZILI VƏ ŞİFAHİ
ƏDƏBİYYATIMIZ HAQQINDA DÜŞÜNCƏLƏR

Elçinin fəlsəfi düşüncələrini əks etdirən “Karvan yola düzülür” folklorumuzdan, aşıq poeziyası ilə yazılı ədəbiyyatımızın vəhdətindən, onların bir-biri ilə sıx əlaqəsindən bəhs edir. “Yazıya pozu yoxdur” epiqrafı ilə başlayan tədqiqat işi Elçinin xalqımız, yazılı və şifahi ədəbiyyatımız haqqında düşüncələrini içinə alır. Yazıçı göstərir ki, ilk laylamızı nə vaxt eşitmişiksə, ilk nəğməmiz nə vaxt oxunubsa, ilk nağıllarımız nə vaxt söylənibsə, o karvan da, elə o vaxtdan yola düzülüb. Bizim ulu babalarımız o karvanı üzübəri bizim üçün yola salıblar, biz də o karvanı balalarımıza, nəvələrimizə, nəticələrimizə, kötükcələrimizə, yadcalarımıza (bəzi bölgələrdə “iticə” – Q.P.) layiqincə ötürməliyik ki, onların mənəvi dünyasını işıqlandırsın.
Göründüyü kimi söhbət var-dövlətdən, ləl-cəvahirdən getmir. O karvan heç vaxt qiymətini itirməyən sərvətdir. Azərbaycan xalqının mənəvi və milli sərvətindən – xalqın istək və arzularının, təsəvvür və təfəkkürünün, mənəvi aləminin güzgüsü, bitib-tükənməyən incilər xəzinəsi olan folklordan, ulu ozan – aşıq sənətinin görkəmli nümayəndələrinin söz xəzinəsindən və nəhayət ümmana bənzər yazılı ədəbiyyatımızdan gedir.
Yazıçı milli şüurumuzun inkişafı və formalaşmasında müstəsna rolu olan nağıllardan, laylalardan, bayatılardan, andlardan, nazlamalardan, dastanlardan söz açır, fikrini təsdiqləmək üçün müdrik şair və aşıqlardan misallar gətirir, adət-ənənələrimizə geniş yer verir. Dilimizdən söz açır. XIX əsrin birinci yarısında Qafqaza gələn M.Lermontovun Azərbaycan dili barədə bir çox mətləblərdən söz açan məşhur kəlamını iftixarla bəyan edir. “Necə ki, Avropada fransız dili, bu dil də burada və ümumiyyətlə, Asiyada zəruridir”. Elə buradaca Elçin ciddi bir məsələyə də toxunur. XIV əsrdə – bir çox xalqların hələ özünü yenicə tanımağa başladığı bir dövrdə Azərbaycanda fəlsəfi şeirin əsasını qoyan Nəsimi kimi bir dahinin yetişdiyini önə çəkir. Xalqın mənəvi sərvətini, ilk növbədə, həmin xalqın dili yaradır və yaşadır – deyir. Yazıçı dilimizi yaşadanlardan: Qazi Bürhanəddin, Nəsimi, Xətaidən, Füzuli, Vaqif, Vidadidən, M.F. Axundovdan, Sabirdən, Hadidən, Cəlil Məmmədquluzadədən, Üzeyir Hacıbəyovdan söz açır.
Aşıqlardan: Qurbani, Abbas Tufarqanlı, Aşıq Bəsti, Aşıq Pəri, Aşıq Alı və Ələsgərin yaradıcılığını yüksək qiymətləndirir və onların xidmətlərinin misilsiz olduğunu xüsusi vurğulayır. Fikrini təsdiq üçün Qurbanidən, Tufarqanlı Abbasdan, Aşıq Bəstidən nümunələr gətirir:
Şeiri, gözəl, mən söylərəm şanına,
Olsun varım qurban sənin canına,
Mən yetiməm, bir al məni yanına
Gəlsin onda kef, damağa ləblərin!...
(Qurbani)
Mənə belə gəlir ki, Abbas Tufarqanlının aşağıdakı misralarını saz-söz sənətinə az-çox maraq göstərən elə bir adam tapılmaz ki, əzbər bilməsin. Yəqin buna görədir ki, Elçin həmin şeiri xüsusi təhlilə çəkir:
Ay həzərat, bir zamana gəlibdi,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.

Adam var geyməyə tapammaz bezi,
Adam var al geyər, şalı bəyənməz.
Adam var ki, çörək tapmaz dünyada,
Adam var yağ yeyər, balı bəyənməz.
Bu fəlsəfi şeirdə aşıq real həqiqətlərdən söz açır. Aşığın bu qoşması, əslində təkcə aşığın zamanı üçün deyil, bütün zamanlar üçün keçərlidir. Göründüyü kimi, poeziya həyatın təcəssümüdür, daha doğrusu həyatın özüdür. Əslində poeziyada həyat həqiqətdə olduğundan daha həyatidir (V.Q.Belinski).
Elçin bu əsərdə Xurşidbanu Natəvanın bibisi, Qarabağ Xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağadan və ona aid edilən məşhur bayatıdan da söz açır.
Mən aşiqəm qara bağ
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Biz “ona aid edilən” ifadəsini təsadüfi işlətmədik. Bu bayatının başqa bir variantı da vardır.
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Bağdad cənnət də olsa,
Yaddan çıxmaz Qarabağ.
Bundan əlavə İraqda yaşayan azərbaycanlıların Qarabağla bağlı gözəl bir bayatısı vardır:
Əslim Qarabağlıdı,
Sinəm çarpaz dağlıdı.
Kəsilib gəlib-gedən,
Yoxsa yollar bağlıdı.
Kərkük şəhərində “Qarabağlı” məhəlləsi olub, indi “Bulaq” məhəlləsi adlanır. Orada “Qarabağlı” və ya “Qarabağı” adlı uzun bir hava vardır. Kərküklü folklorşünas Əta Tərzibaşı onun Qarabağdan aparıldığını qeyd edir. Söhbət “Qarabağ şikəstəsi”ndən gedir.

SƏNƏTİN ZİRVƏSİNDƏ
BƏRQƏRAR OLAN FİLOSOF AŞIQ

Bu məqalə Aşıq Ələsgərin sözü və sazı barədə bir manifestdir. Elçinin ulu aşıq sənətinə, aşıq poeziyasına vurğunluğunun, sonsuz məhəbbətinin bariz nümunəsidir. Yazıçı Aşıq Ələsgər yaradıcılığını milli hadisə, milli mədəniyyətin faktı kimi təsbit etməkdə haqlıdır. Dahi Üzeyir bəy vaxtilə deyirdi: “Aşıq yaradıcılığı elə bir sənət aləmidir ki, orada şairin də, bəstəkarın da, xanəndənin də, rəqqasın da istədiyi qədər götürə biləcyi pay vardır”. Göründüyü kimi aşıq yaradıcılığı ədəbiyyat, musiqi, ifaçılıq, rəqs və teatr elementlərini özündə birləşdirən çoxcəhətli sinkretik sənətdir. Yazıçı bütün bunları elə gözəl təqdim edir ki, bu sənətə vaqif olmayanlar belə Elçinin təhlilindən sonra onu anlayacağına şübhə yeri qalmır: “Aşıq – şairdir. Aşıq-yazıçıdır (dastanlar yaradır). Aşıq – dramaturqdur (deyişmələr, dialoqlar). Aşıq – bəstəkardır (“Dilqəmi”dən tutmuş “Ruhani”yəcən, “Yanıq Kərəmi”dən tutmuş “Keşişoğlu”nacan yüzlərlə havacatı kim yaradıb? Naməlum aşıq!). Aşıq – müğənnidir. Aşıq – bugünkü ifadə ilə desək, bədii qiraət – ustasıdır. Aşıq sənəti əslində bir fərdin yaratdığı teatrdır”.
Tədqiqatçı Aşıq Ələsgərin aşıq sənətinin memarlarından biri olduğunu xüsusi vurğulayır və göstərir ki, Aşıq Ələsgər bu ölməz sənəti yaradıb-yaşadanlardan Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Valeh, Şəmkirli Hüseyn, Mola Cüma, Hüseyn Bozalqanlı kimi aşıqlarla bərabər bu sənətin zirvəsində layiqli yerini tutmuşdur. Çünki əvəzsiz şairdir, filosofdur, estetikdir, humanistdir, moralistdir, maarifçidir, ilahiyyatçıdır, materialistdir, romantikdir, realistdir.
Yazıçı bütün bu deyilənləri aşığın yaradıcılığından gətirdiyi misallarla təsdiq edir.

İKİYƏ BÖLÜNMÜŞ ÜRƏYİN HƏSRƏT NƏĞMƏLƏRİ

Yadıma keçən əsrin 80-ci illərinin ortaları gəlir. Elçinin ədəbi hadisəyə çevrilən “Mən sizdən ayrılmazdım” məqaləsini oxuyub Yazıçılar İttifaqına yollandım. İttifaqın katibi Elçin məni artıq yaxşı tanıyırdı. Folklora dair bir neçə kitabım və “Altı il Dəclə-Fərat sahillərində” əsərim çıxmışdı. Həmin məqaləsində Elçin mənim tərtib etdiyim, böyük həcmli “İraq-türkman bayatıları” kitabımı da xüsusi vurğulamışdı.
Elçinin yanına Güney Azərbaycanın folklorunu içinə alan, tanınmış folklorşünas Bəhlul Abdullanın “Arazam, Kürə bəndəm” kitabına yazdığı həsrət, kədər dolu “Mən sizdən ayrılmazdım” məqaləsi barədə fikrimi bölüşməyə getmişdim.
Deməyə söz çox idi. “Arazam, Kürə bəndəm” kitabında bayatılar, atalar sözü və məsəllər, nağıllar, sayaçı sözlər, lətifələr, uşaq folkloru nümunələri (laylalar, nazlamalar, düzgülər), oyunlar, vəsf-hallar, qaravəllilər, tapmacalar (bilməcələr), gələcək nəsillərə dəyərli töhfə olan, elə bizim özümüz üçün də böyük qiymət kəsb edən “Tufarqanlı Aşıq Abbas dastanı” toplanmışdır.
Mən “Arazam, Kürə bəndəm” və Kərkük folklorunda yer alan nümunələri müqayisə edəndə aydınca gördüm ki, onlar xalqımızın tarixini, taleyini, psixologiyasını, adət-ənənəsini, istək və arzularını ifadə edən söz inciləridir.
Elçin də bunu dərindən duymuş və “Mən sizdən ayrılmazdım” məqaləsində müqayisələr yolu ilə üzə çıxarmışdı. Elçinin atalar sözləri və bayatılar üzərində apardığı müqayisəli təhlillər göstərir ki, o, folklorumuzun dərin qatlarına enərək ən qiymətli inciləri üzə çıxarmağa qadir, ondan yerli-yerində istifadə etməyi bacaran səriştəli folklorçudur.
“Arazam, Kürə bəndəm” kitabını tədqiqat süzgəcindən keçirən müəllif bayatılarla bağlı yazır: “Onların estetik gözəlliyinə, məna dərinliyinə vardıqca, istər-istəməz, xalq dühasının ucalığına, ülviliyinə, qadirliyinə heyrət edirsən”.
Bu sətirləri oxuyarkən gözlərim önündə “Arazam, Kürə bəndəm” kitabının tərtibçisi, əməkdar elm xadimi, mərhum Bəhlul Abdulla ilə axarlı-baxarlı, ətrafı meşəli, dağ silsiləsi ilə əhatə olunan Topçu meşəsi ilə məşhur Buynuz kəndində Musa Yaqubu ziyarət etdiyimiz və şairin dediyi: “Bəzən şeir yazanda bayatıdan utanıram” sözləri canlandı.
Həqiqətən də hər birində bir dünya fikir olan, hər misrasına bir dünya ürək döyüntüsü sığmayan, hər biri ayrı-ayrılıqda bitkin bədii əsər olan bu kiçik parçalarda məna ilə bərabər, fəlsəfi fikrin yığcamlığı, əxlaqi və ictimai anlamların dərinliyi diqqəti çəkir. Hələ bu az imiş kimi, xalq yeri gəldikcə öz ürək sözünü daha dəqiq, daha tutarlı, daha inandırıcı demək üçün bayatılarda atalar sözlərindən də istifadə edir.
Epik növdə, xüsusən də nağıl və dastanlarda xalqın dilək və arzuları müəyyən əfsanəvi ünsürlərlə qarışdığı halda, lirik növdə, ələlxüsus da bayatı və aşıq poeziyasında bu arzu və dilək tamamilə real ünsürlərdən ibarət olur. Buradakı sevgi də, nifrət də, kədər və ələm də həyatiliyi ilə seçilir (Mehdi Hüseyn).
Elçin “Arazam, Kürə bəndəm” kitabındakı folklor nümunələrini təhlil etməklə, tərtibçiyə layiq olduğu qiyməti verməklə kifayətlənmir (Onda o, Elçin olmazdı), folklorumuzun o vaxtkı vəziyyətinə qiymət verir. Xüsusi vurğulayır ki, biz folklorla bağlı tədqiqatlarımızı, elmi fəaliyyətimizi məhz xalq dühasının ucalığı səviyyəsində aparmalıyıq. Dissertasiya xatirinə folklora girişənlərə, mətbuat səhifələrində, qondarma “folklor” və folklorla bağlı bəsit “tədqiqat” kitablarının üz qabığında tez-tez rast gəlirik. Halbuki, folklorla ən istedadlı və yüksək elmi-nəzəri savada malik alimlərimiz məşğul olmalı, təsadüfi adamların meydana girib at oynatmasının qarşısı alınmalıdır.
Bütün bunlar barədə düşünə-düşünə Elçin müəllimin iş otağının qapısını döydüm. Diqqətimi ilk çəkən yazıçının mehribanlığı və adamı dinləmə qabiliyyəti oldu. İngilis yazıçısı Ceyms Oldricin “İkiyə bölünmüş bir ürək” adlandırdığı Azərbaycanın, şərti olaraq “Cənubi Azərbaycan folkloru” adlandırdığımız folklorunu ehtiva edən “Arazam, Kürə bəndəm” kitabına həsr olunmuş məqalədən, otaylı-butaylı Azərbaycandan danışdıq. Mən, müəllimin prof. Arif Məmmədovun musiqi bəstələdiyi mahnıdan bir bəndi yada saldım:
Aramızdan axıb gedir,
Araz bulana-bulana.

Seyr edirəm görkəmini,
Yaram sulana-sulana.
Elçin qələm götürüb həmin misraları kağıza köçürdü və gözləmədiyim halda dedi:
– Qəzənfər müəllim, Kərkük folkloruna dair hansı kitabları nəşr etdirmisiniz?
Mən Xalq şairi Rəsul Rza ilə birgə çap etdirdiyim “Kərkük bayatıları”ndan başlamış, “Arzu-Qəmbər” dastanı, “Kərkük mahnıları”, “İraq-Kərkük bayatıları”, “Kərkük, tapmacaları”, “Kərkük atalar sözləri” və s. kitabların adını çəkdim.
– Onların hərəsindən bir nüsxə mənə gətirin. Kərkük folkloruna dair də məqalə yazmaq fikrindəyəm.
Elçin müəllimin bu təklifi məni sevindirsə də səmimiyyətlə, bəlkə də sadəlövhlüklə dedim ki, çox ilhamla yazılmış “Mən sizdən ayrılmazdım” məqalənizdə ürəyinizi boşaldıbsınız. Eyni folklordur. (Onda hələ öndərimiz Heydər Əliyev tarixi kəlamını deməmişdi: “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır”). Apardığım tədqiqatlar bunu deməyə əsas verirdi. Qoy bir az keçsin – dedim.
– Elçin təbəssümlə dedi: Hərgah belədirsə, qoy sonraya qalsın. Sizin dediyinizdə bir həqiqət var.
Aradan illər keçdi. Öz günahım ucbatından o əsərin yazılmaması barədə indi ürəkağrısı ilə düşünürəm.

ƏSL MƏHƏBBƏT ÖTƏRGİ
OLMUR

Elçin kimdən və nədən yazır yazsın, dünyanın hansı guşəsində olur olsun, mütləq folklorumuzla, aşıq yaradıcılığı ilə yol yoldaşı olur. Sərrastlığı və dəqiqliyi ilə seçilən, insana hikmət bəxş edən folklordan, müdrik ustad aşıqların kəlamından məqamında istifadə Elçin yaradıcılığında, xüsusən də onun publisistik yazılarında qırmızı xətt kimi keçir. Yazıçı görkəmli ictimai xadim Heydər Əliyevə həsr etdiyi “Tarixlə üz-üzə dayanmış adam” məqaləsində Aşıq Hüseyn Bozalqanlıdan o məqamda istifadə edir ki, o məqamda yəqin ki, ayrı bir təsəlliverici söz tapıb işlətmək çətin olardı.
Bu qoca dünyanın yoxdu vəfası –
Gah boşalıb, gah da dolan görmüşəm.
Yazıçının ölməz Bülbülə həsr etdiyi çox sanballı, insanın vücuduna sirayət edən (Yazıçının bütün esseləri belədir. Onları həyəcansız oxumaq olmur) “Yaxan düymələ, düymələ” essesində gəldiyi qənaət adamı heyran edir:
“Bülbülün nəfəsi, vurduğu xallar o qədər doğma və məlhəmdir ki, elə bil, Azərbaycan məhəbbət dastanlarının bütün qəhrəmanları – Qərib də, Şah İsmayıl da, Kərəm də, Abbas da xalqın ruhu ilə yaşayan bir vahid obrazda ümumiləşdirilərək əvvəli və sonu olmayan, həyatı yaradan və yaşadan sevgidən, vurğunluqdan söz açır”.
Və ya yazıçının oxuyanda adamı haldan-hala salan “Bülbülün nağılı” əsərini götürək. Bu əsərin leytmotivini Dədə Qorqudun öyüdləri, nəsihətləri təşkil edir. Çoxu az görən, zehni iti olan, bəxti gətirən, yığdıqca yığan, gözü doymayan, qiymətli daş-qaşı saxsı küpələrə yığdıqca hərisliyi artan tacirin saz dinləməyə, “Dədə Qorqud” boylarına qulaq asmağa vaxtı olmamışdı. Var-dövlətə hərislik gözünü tutduğundan, qəlbinə hakim kəsildiyindən dünyanın “gəlimli-gedimli, bir ucu ölümlü” olduğunun fərqinə belə varmamışdı. Lakin gec idi. Ölüm onu haqlamışdı. Çox mətləblərdən söz açan hekayə ibrətamizdir.
Elçin hekayələrinin təsir gücünü daha da artırmaq üçün onların məzmununa uyğun folklor və aşıq yaradıcılığından epiqraf verməyi də unutmur. Məsələn, “Ayaqqabı” hekayəsinə Xəstə Qasımdan “Dəli könül nə divanə gəzirsən”. “Bozluq içində iki nəfər” hekayəsinə isə Tufarqanlı Abbasdan epiqraf vermişdir: “Döz, bağrı daş olan könlüm”.
Elçin yeri gəldikcə epiqraflarda zərb-məsəllər və atalar sözlərindən də istifadə edir. Məsələn, “Karvan” yola düzülür” məqaləsi “Yazıya pozu yoxdur” el sözü ilə başlayır.
Yazıçının “Doğru yoldan gəc olmayaq....” başlıqlı məqaləsi “Şəfqət” qəzeti barədədir. Burada da Abbas Tufarqanlıya müraciət edir:
Doğru yoldan gəc olanda
Namus gedər, ar əylənməz.
Bu, “Şəfəq” qəzetinin əməkdaşlarına müdrik bir ismarıcıdır.
“Üzü ağ dünyanın adamı” akademik Bəkir Nəbiyevə həsr olunub. İlk dəfə Şuşada tanış olduqlarını yada salan (Mən Elçinin 10 cildliyini ikinci dəfə oxuyanda anladım ki, Elçinin həsrəti Şuşanın bu günü ilə bağlıdır. Az yazısı olar ki, Şuşadan söhbət açmasın) yazıçı Bəkir müəllimi “üzü ağ dünyanın adamı” adlandırır və bu münasibətlə Xəstə Qasımı yad edir:
Taki mənə mədh eləmə dünyanı,
Ha bu dünya bir bekara dünyadı.
Hələ Adəm ilə Həvvadan qabaq,
Bir üzü ağ, biri qara dünyadı.
Yazıçı necə də dəqiq müşahidə etmişdir. Bəkir müəllim həqiqətən də öz xeyirxahlığı, alicənablığı ilə “Üzü ağ dünyanın adamı”dır. Bu, epitet Elçin müəllimin tapıntısıdır.
Elçin, qardaşı Timuçinin oğlu Yalçın gənc ikən əbədiyyətə qovuşanda “Yalçınlı və Yalçınsız dünyamız” adlı qəm-qüssə-kədər dolu məqalə yazdı. Dünyanın vəfasızlığından söz açdı. Təsəllini Aşıq Şəmşirin misralarında tapdı:
Ayrılıq təbilini çalan dünyadı
Gözəlliyi əldən alan dünyadı.
Elçin həyatdan tez getmiş Sabir Süleymanovun (1979) “Çinar kəhrizin suyu” kitabına (1985) yazdığı ön sözdə də aşıq yaradıcılığına, Aşıq Ələsgərə müraciət edir:
“Vaxt olacaq, ömür yetəcək sona” misrasını və uşaqlıqda Şuşa dağlarında eşitdiyi bayatını dilə gətirir.
Çiçəklər hala gəldi,
Arılar bala gəldi.
Nə günah eylədim ki,
Başıma bəla gəldi.
Yazıçı “Qabrovo görüşləri” adlı çox maraqlı və təsirli səfər qeydlərində əslən Güney Azərbaycandan olan, Parisdə yaşamaq məcburiyyətində qalan, vətən həsrətli Mustafa Ramazani ilə tanışlığından söz açır. Mustafa ondan bayatı deməsini xahiş edir:
Mən aşıq, keçdi məndən,
Su gəldi keçdi məndən
Mərdlərə körpü oldum,
Namərdlər keçdi məndən.
Mustafanın dediyi bayatı da yerinə düşür.
Mərd çəkər,
Sənsiz könlüm dərd çəkər.
Vətənin qeyrətini
Namərd çəkməz, mərd çəkər.
Beləcə, uzaq ölkədə ikiyə bölünmüş Azərbaycanın iki övladı qəm-qüssə-kədərin acısını bayatı ilə çıxarır, təsəllini folklorda tapırlar.
“Yaxın, uzaq Türkiyə” səfər qeydlərində də yazıçı aşıq poeziyasına müraciət edir:

Səyyah oldum, bu aləmi dolandım,
Bir dost bulammadım, gün axşam oldu.
Min ürəyə, min könülə boylandım,
Bir dost bulammadım, gün axşam oldu.
(Qul Hümmət, XVII əsr türk aşığı)
Eləcə də Yunus İmrədən nümunə verir:
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
– deyə vaxtilə Azərbaycanda çox böyük marağa səbəb olan yazısına son qoyur.
Yazıçı “Palma ülfəti” adlı Tunisdən yol qeydlərində Aşıq Ələsgərin atası Aşıq Alməmmədi yada salır. Tunisdə nədənsə xiffət keçirdiyini aşığın misraları ilə izhar edir:
Dünya, sənin gərdişindən,
Başa vuran görəmmədim.
Elçin Qanaya səfəri zamanı qələmə aldığı “Yanan ağacın şəfəqləri” yol qeydlərində həmkarları ilə söhbətlərini yada salır. Dünyamızın keçməkeşləri, ədalətsizlik, kiçik xalqlara zülm onu narahat edir:
“Söhbət əsnasında mən parçalanmış, bölünmüş xalqlar barədə müxtəlif mədəniyyətli ölkələr arasında didərgin millətlər barədə düşünürəm” – deyir və yenə də folklorumuzu köməyə çağırır, yenə də təsəllini bayatılarımızda tapır:
Aşıq üzüm bağları,
Düzüm-düzüm bağları.
Bağa baltaçı girdi,
Kəsdi bizim bağları.
Yazıçı “Ölümünə inanmadığım adam” məqaləsində ürək ağrısı ilə gənclik dostu, böyük ziyalımız Araz Dadaşzadəni yada salır. Bu ağır məqamda köməyinə Abbas Tufarqanlının misraları gəlir, təsəllini həmin iki misrada tapır:
Bu dünya karvansaradır,
Hər gələn qonar, əylənməz.
Göründüyü kimi, Elçin ağrılı-acılı məqamlarda yazdığı məqalələrində təskinliyi folklorda, aşıq yaradıcılığında axtarır və tapır da. Görkəmli Azərbaycan dilçisi Tofiq Hacıyevin oğlu, Leninqrad Universitetinin Ərəb filologiyasında oxuyurdu. Çox istedadlı gənc idi. Yaradan bu 19 yaşlı gəncə tez qıydı. Xəzər dənizində qərq oldu. Nə yaxşı ki, hekayələrini qovluqda səliqə ilə yığıbmış. Elçin onun “Yadda qalan günlərim” kitabına ön söz yazdı. Ön sözdə İsmayılın faciəli ölümü barədə qəm-qüssəsini oxucu ilə Aşıq Ələsgərin misrası ilə bölüşdü:

Dərdini bölüşdür, qədir bilənnən

Yazıçı “Yaz dumanı bar gətirir” məqaləsində adət-ənənələrimizdən, milli bayramımız Novruzdan söz açır. Yenə də aşıq yaradıcılığına müraciət edir. Mövzusu ilə bağlı Abbas Tufarqanlını yada salır. Fikrində yanılmadığının təsdiqini ustad aşığın misralarında tapır:
Payız olcaq bağlar tökər xəzəli,
Bahar olcaq bağçalara bar gəli.
Bir iyidin olsa baxtı, iqbalı,
Cənnət bağçasından ona nar gəli.
Telli Pənahqızının “Səsində ay işığı var” kitabına yazdığı “Hisslərin poeziyası” adlı ön sözdə də aşıq poeziyasına müraciət edir. Telli Pənahqızının “Nə səni, nə məni duydu bu dünya” şeirini təhlil edərkən Xəstə Qasımdan söz açır:
Gəl bir səndən xəbər alım,
Süleymandan qalan dünya.
Əzəli gül kimi açıb,
Axırında solan dünya – deyir.
Elçin aşıq yaradıcılığından yeri gəldi-gəlmədi deyil, haqqında yazdığı qələm sahibinin yaradıcılığına münasib məqamda istifadə edir.
Yazıçı “Süleymandan qalan dünyanın layiqli sakini” məqaləsində də Xəstə Qasımı köməyə çağırır:
Neçə min yol boşalıbsan,
Neçə min yol dolan dünya.
Elçin “dünyanın neçə min yol dolması və boşalması” arasındakı fanilik barədə düşünəndə, o düşüncə onu gətirib müdriklərin söz bağçasına çıxarır, təskinliyi və təsəllini onların hikmətində, müdrik kəlamlarında tapır.
Müdriklik zirvəsinə aparan yollarda Elçinin folklorla, aşıq yaradıcılığı ilə bağlı fəaliyyəti barədə yazıma son verərkən V.Q.Belinskinin bir kəlamı qəlbimə hakim kəsildi: “Xalq ədəbiyyatının qiymətli gövhərlərini ... unudulub tələf olmaqdan qoruyan (eləcə də təbliğ edən – Q.P.) təvazökar və qərəzsiz adamların zəhməti hər cür təqdir və təşəkkürə layiqdir”. Hərgah (Elçinə məxsus ifadəni işlətdiyimə görə məni bağışlasın) “təvazökar və qərəzsiz adam” ifadəsinə diqqət yetirsək, bu kəlamdan bir qənaətin də hasil olduğunun fərqinə vararıq. Bu da ondan ibarətdir ki, Elçinin gördüyü bu boyda işi başqa birisi görmüş olsaydı, görkəmli filoloq alimimiz Nizami Cəfərovun təbirincə desək, ədası yerə-göyə sığmazdı.

Qəzənfər
PAŞAYEV
Filologiya elmləri doktoru, professor







Mənbə: Qəzənfər PAŞAYEV04.02.2012     Çap et  Çap et