525-ci qəzet

RAFİQ HAQDA RƏFİQ SÖZÜ


 
Bəşər övladının xislətinə dərindən bələd olan filosof-şairimiz Məhəmməd Hadi şeirlərinin birində yazırdı:
İnsanları pək çox sevirəm, lakin uzaqdan,
Gəldikdə yaxın qalmayır əvvəlki məhəbbət.
Fəaliyyət sahəmlə əlaqədar son yeddi  il ərzində fiziki olaraq Azərbaycandan kənarda yaşadığımdan bu misraların ifadə tutumu və həqiqət ölçüsü mənə bəlkə də çoxlarından daha yaxşı bəllidir.
Neçə ayların ayrılığından sonra hər dəfə Vətənə yolum düşəndə bir neçə gün əvvəldən  keçmiş dost, tanış, həmkarlardan hansılarla  görüşəcəyimin planını qurur, bu ünsiyyətin gətirəcəyi zövqü əvvəldən yaşayıram.
Şair demişkən, yaxına gəlib o  insanların bəzilərindəki laqeydliyi, yaxud özündən müştəbehliyi, soyuqluğu, saxtalığı, yaxud rəyasət ədasını görəndə isə əvvəlki fikrimdən daşınıram.
Belə hallarda Hadinin qənaəti ilə razılaşır, kiminsə haqqında bir zamanlar formalaşan müsbət illüziyaları dağıtmamaq üçün ən yaxşı yolun elə uzaqdan-uzağa rəğbət bəsləmək olması fikrinə tərəfdar çıxıram.
Amma istisna təşkil edən insanlar da var. Onlarla görüşmədən geri dönsəm daxilimdə uzun müddət yerini heç nə doldurmayan bir boşluq hiss edirəm.
Miqdarı bir əlin barmaqları ilə sayılacaq qədər az olan belə dostların sırasında filosof, şərqşünas, dinşünas  alim Rafiq Əliyevin ayrı yeri var. 
Ümumdünya “hörümçək torunda” – internetdə qurdalanarkən təsadüfən 4 gündən sonra, yəni 2012-ci il yanvar ayının 1-də Rafiqin 65 yaşının tamam olacağını öyrəndim.
Bilirəm ki, Rafiq yubiley həvəskarı deyil. Mən özüm də “dəyirmiliyindən” asılı olmayaraq doğum tarixini sırf şəxsi hadisə sayıram.
Amma məsələnin başqa tərəfi də var.
Sadəcə belə günlər rəğbət bəslədiyin, xalq və cəmiyyət üçün gərəkli saydığın insanlar barəsində söz demək, onların kimliyini açıqlamaq və gördükləri işlər barəsində ötəri də olsa bəhs açmaq üçün gözəl imkandır.
Odur ki, həyatının bu əlamətdar günü ərəfəsində Rafiq haqqında uzun illərin dostu kimi uzaqdan uzağa da olsa, bir neçə sətir yazmağı özümə borc bildim.
Yəqin bu yazıya ən çox təəccüblənənlərdən biri elə o özü olacaq.
Təbiət etibarı ilə Rafiq reklamdan uzaq, hətta bir qədər özünə qapılan insandır. Gənclik illərindən üzü bəri “ağac nə qədər çox bar gətirsə, başını o qədər aşağı əyər” devizi ilə yaşayır. Həm xidmətləri, həm də imkanı olduğu halda biri-birinin ardınca çıxan kitabları, səmərəli elmi və ictimai fəaliyyəti, xüsusən də islam maarifçiliyi istiqamətindəki son dərəcə faydalı işlər haqqında nəinki təriflərin, hətta rəy və resenziyaların “təşkilinə” də qətiyyən maraq göstərmir.
Və əslində düz edir. Çünki öz-özünü aldatmaq müdrik adamların işi deyil. Çünki hər şeyi öz yerinə qoyan əlahəzrət Zaman var.
Dostlarının nəzərində o, ilk növbədə özünün yüksək mədəniyyəti, nəcibliyi, diqqətcilliyi, comərdliyi ilə qalır. Hələ gənclik illərindən, Elmlər Akademiyasında birgə fəaliyyət dövründən tanıdığım Rafiqdə yüksək daxili intizamdan və ideal zahiri səliqə-sahmandan tutmuş uşaqcasına saflıq və mənəvi kamilliyə qədər həsəd aparıla biləcək ən müxtəlif keyfiyyətlər cəmləşmişdir.
Bir alim kimi fəaliyyətinə gəldikdə isə onun maraq dairəsi və tədqiqat sahəsi kifayət qədər genişdir. Namizədlik və doktorluq dissertasiyaları fəlsəfə ilə bağlı olsa da, o, tarix, filologiya, lüğətçilik, sosiologiya, politologiya və s. sahələrdə də nüfuz sahibi olan bir mütəxəssis kimi tanınır və qəbul edilir.
Gələcəklə bağlı planlar öz yerində, amma indiyə qədər gördüyü işlər, çoxcəhətli və səmərəli fəaliyyəti ilə Rafiq Əliyev həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda elmi və ictimai fikrin təqdirini qazanıb. 
O, ilk növbədə Azərbaycanda çoxəsrlik tarixə malik islamşünaslığın və ərəbşünaslığın aparıcı simalarındandır. Ərəb dünyasının inkişaf meyllərinə, bu mürəkkəb regionda gedən ictimai-siyasi proseslərə, “ərəb sosializminə” həsr etdiyi kitablar onun adını ölkəmizin hüdudlarından kənarda da yaxşı tanıdıb.
Hələ “ərəb baharına” onilliklər qaldığı dövrdə çap etdirdiyi “İslam “milli sosializm” konsepsiyasında”, “İslam və ərəb ölkələrində milli-azadlıq hərəkatı”, “İslamçılıq, ərəbçilik və sosializm” kimi ciddi tədqiqat bəhrəsi olan kitablarda professor Rafiq Əliyev bu gün ərəb-islam dünyasını partlayış həddinə gətirən problemlərin konturlarını cızmışdı.
Onun Azərbaycan və rus dillərində qələmə alınan, bəziləri ingilis və ərəb dilinə tərcümə olunan bir sıra əsərləri Birləşmiş Ərəb Əmirliklərində, Mərakeşdə, Yəməndə, Misirdə və başqa ölkələrdə çap edilib.
Xüsusən İSESCO xətti ilə Rabatda müxtəlif xarici dillərdə yayımlanan “İslam və Azərbaycan mədəniyyəti” kitabı Rafiq Əliyevin islam dəyərlərinə bağlı çoxəsrlik mənəvi sərvətlərimiz haqqında beynəlxalq miqyasda obyektiv təəssürat yaratmaq baxımından əhəmiyyətlidir.
Rusiya EA-nın Afrika problemlərini öyrənmək üzrə Elmi Şurasının üzvü, Rusiya EA Şərqşünaslıq İnstitutunun islam tədqiqatları üzrə koordinasiya şurasının üzvü, Beynəlxalq Dinlərarası Federasiyanın (Seul, Cənubi Koreya) təmsilçisi, “Simurq” Mədəniyyət Asossasiyasının vitse-prezidenti kimi bu beynəlxalq miqyaslı fəaliyyəti bu gün də uğurla davam etdirir.
Rafiq müəllimin yetirmələri ilə birlikdə hazırladığı iki cildlik “Ərəbcə-azərbaycanca lüğət” və hazırda üzərində işlədiyi “Azərbaycanca-ərəbcə lüğət” böyük linqvistik, mədəni və praktiki əhəmiyyətə malikdir. Onun vaxtı ilə müsəlman şərqinin nüfuzlu elm ocaqlarından sayılan Bağdad universitetində təhsil alması, klassik ərəb dilinin üslub və ifadə  özünəməxsusluqlarının  daha çox qorunub saxlandığı Yəməndə uzun müddət çalışması bu dili bütün incəliklərinə qədər öyrənməsinə imkan yaratmışdır.
Dinimizin və onun müqəddəs kitabının dilini bu qədər dərindən bilməsi təbii şəkildə Rafiq müəllimi islamşünaslıq sahəsinə cəlb etmişdir.
Bu maraq isə son nəticədə bütöv bir elmi-tədqiqat institutunun vəzifə və funksiyalarını yerinə yetirən “İrşad” islam araşdırmaları mərkəzinin yaradılması ilə nəticələnmişdir. Cəmiyyətdə yeniləşmə havasının əsməyə başladığı 1990-cı ildə fəaliyyətə başlayan mərkəz mövcud olduğu 20 ildən artıq müddət ərzində ölkəmizdə həqiqətən də ciddi ehtiyac duyduğumuz islam maarifçiliyi istiqamətində böyük işlər görmüşdür.
Mərkəzdə çap olunan kitab və dövri nəşrlər, keçirilən müzakirə və konfranslar, simpozium və dəyirmi masalar islam dinini və müsəlman mədəniyyətini müxtəlif rakurslardan öyrənməyə xidmət edir.
Onların sırasında Rafiq müəllimin öz kitabları və onun moderatorluğu ilə keçirilən elmi-kütləvi tədbirlər xüsusi yer tutur. Yadımdadır ki, vaxtı ilə A.Belyayevin sovet ideologiyasının prinsipləri əsasında yazılan “İslam” kitabı mənsub olduqları din haqqında öz ana dilində məlumat almaq istəyən azərbaycanlıların üz tutduqları yeganə mənbə idi.
İndi isə təkcə Rafiq müəllimin “İslamda ailə-nikah münasibətləri”, “İslam” (soraq kitabçası), “Dinin əsasları” (Azərbaycan, rus, ingilis dillərində), “Din  əxlaqa aparan yoldur”, “Beynəlxalq islam təşkilatları” və başqa əsərləri islamın ən müxtəlif aspektləri barəsində dolğun məlumat almağa yardım edir. 
Professor Rafiq Əliyevin ərəbşünaslığa və islama dair mühüm tədqiqatları, eləcə də şəxsiyyət və fəaliyyəti mərhum dövlət başçısı  Heydər Əliyevin hamını və hər şeyi görən nəzərlərindən yayınmamışdı.  Elə buna görə də 2001-ci ilin iyun ayında müstəqillik şəraitində dövlətlə din arasındakı münasibətləri tənzimləyən yeni strukturun – Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkili və rəhbərliyini ona həvalə etmişdi.
Sekulyar dövlət olan Azərbaycanda bu Komitənin həqiqi yerini tapmasında, yalnız müsəlmanların deyil, digər dünya dinlərinə tapınan ölkə vətəndaşlarının da ruhani maraqlarının təmin edilməsində, onlarla dövlət institutları arasında etibarlı körpü qurulmasında Rafiq Əliyevin mühüm rolu olmuşdu. İstər dini, istərsə də dünyəvi proseslərə dərin bələdliyi, dövlətçilik və ədalət mövqeyində dayanması, nəhayət yüksək mədəniyyəti və ziyalılığı sayəsində o, dövlətlə din arasında anlaşma ruhuna əsaslanan dialoqun yaranmasına töhfə verə bilmişdi.
Xatirimdədir ki, 2002-ci ilin oktyabr ayında R.Əliyevin təşəbbüsü və Azərbaycan hökumətinin dəstəyi ilə Bakıda ATƏT DTİHB ilə birlikdə “Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdi. DTHİB-nun o zamankı rəhbəri, səfir Jerar Ştudmanın açdığı tədbirdə Prezident Heydər Əliyev geniş nitqlə çıxış etmişdi. Nyu-Yorkda törədilən 11 sentyabr terror aktından sonra həmin konfrans islamın ekstremizm, ksenofobiya və terrorçuluqda suçlandırılmasına verilən kəskin və tutarlı cavablardan biri idi.
Hər ikimizin Azərbaycan hökumətində çalışdığımız dövrdə Rafiq müəllimlə birlikdə dindar müsəlmanların indi də minnətdarlıq hissi ilə yad etdikləri başqa  bir savab işi də həyata keçirməyə nail olmuşduq.
Bu da V.Panova və Y.Baxtinin İslam Peyğəmbərinin ömür yolu və yeni din uğrunda mübarizəsindən bəhs edən “Mühəmmədin həyatı” kitabının Azərbaycan dilinə tərcüməsi idi.
Xarici işlər naziri kimi təbii ki, tez-tez müxtəlif səfərlərə çıxırdım. Saatlarla aeroportlarda gözləməli, təyyarələrdə uçmalı olurdum. Bəzən vaxt fərqinin yaratdığı çətinliklər üzündən ilk dəfə ayaq basdığım şəhərlərin otellərində səhərə qədər gözümü yuma bilmirdim. Aydın məsələdir ki, daim qalaq-qalaq sənədlər oxumaq lazım gəlirdi. Amma yenə də yuxunun, istirahətin hesabına müəyyən boş vaxtım qalır. Bu vaxtı ürəyimə yatan faydalı bir işə sərf etmək istəyirdim.
Nə iş görəcəyimi düşünərkən 1991-ci ildə nəşr olunmasına baxmayaraq  indinin özündə də islam dininin yaradıcısı, onun şəxsiyyəti və təlimi haqqında ən yaxşı əsərlərdən biri sayılan “Mühəmmədin həyatı” kitabını dilimizə çevirmək qərarına gəldim. Əsər ilk oxuduğumda məni tutmuşdu. Əlimin altında mətn və noutbuk olunca tərcüməni təyyarə salonunda da, aeroportların gözləmə zalında da etmək mümkün idi. 
Mütəxəssis kimi Rafiq müəllimlə məsləhətləşdim. Məni sadəcə bu işə həvəsləndirməklə kifayətlənmədi, həm də ehtiyac duyulacağı təqdirdə hər cür yardım göstərəcəyinə boyun oldu. Kitabda isə professional dinşünasın məsləhətini tələb edən məqamlar yetərincə idi.
Təkcə elə “Quran”dan gətirilən iqtibaslarla bağlı məsələni xatırlatmaq kifayətdir.  Müəlliflər islamın müqəddəs kitabından verilən sitatları akademik İ.Y.Kraçkovskinin rus dilində ilk dəfə 1963-cü ildə işıq üzü görən tərcüməsindən götürmüşdülər. Bəzən surə və ayələr göstərilmədiyindən adekvat hissəni Azərbaycan mətnində tapıb yerinə qoymaq çətin  idi. Tez-tez bir sıra dini ifadə və terminlərlə bağlı dəqiqləşdirmələrə ehtiyac duyulurdu.
Nəhayət kitab müəllifləri islam peyğəmbərinin adının ruscaya fransız dilindən keçmiş “Mahomet” formasından imtina edərək dilimizin daha çox öyrəndiyi  “Mühəmməd” (“Muxammed”) variantına üstünlük vermişdilər. Bəs Azərbaycan dilində necə olmalı idi?
Bu və ortaya çıxan digər suallar Rafiq müəllimin, habelə digər ərəbşünas alim A.Məmmədovun  köməyi ilə öz həllini tapdı.
Təxminən 600 səhifə həcmində olan fundamental kitab tezliklə professor Rafiq Əliyevin redaktəsi və ön sözü ilə “İrşad” İslam Araşdırmaları Mərkəzinin vəsaiti hesabına nəşr olundu və din maraqlıları arasında böyük populyarlıq qazandı. Onun yüzlərlə nüsxəsi təmənnasız olaraq dindarlara, eləcə də  islamı daha dərindən öyrənmək istəyənlərə hədiyyə edildi. 
Çoxdandır ki, başqa  bir layihə üzərində düşünürük. “İslam və Axund”, “İslamiyyətə görə və islamda qadın” kitablarının, islam sivilizasiyası, müsəlman ölkələrinin tarixi, islamdakı ideya-siyasi cərəyanlar, fikir axınları, görkəmli şəxsiyyətlər haqqında zəngin bilik və səriştə ilə yazılmış yüzlərlə (!) məqalənin müəllifi olan ensiklopedist-alim Əhməd Ağaoğlunun dini mövzudakı əsərlərini toplayıb nəşr etməklə bağlı planımız var. 
lll
Bu gün Rafiq müəllim yaxşı mənada həsəd aparılacaq alim ömrü yaşayır. Özünün qurduğu, rəhbərlik etdiyi müstəqil bir elmi araşdırmalar mərkəzi var. Heç kimdən asılı olmadan xalq və cəmiyyət üçün faydalı saydığı mövzular ətrafında tədqiqat aparır, məqalə və kitablar yazır, ölkəmizdə həqiqi intellektual rəqabətə əsaslanan sağlam elmi mühitin yaranmasına öz töhfəsini verir.
Qatı dindar olmasa da səmavi dünya dinlərinin əsas tələbləri həmişə onun həyatının başlıca prinsiplərini təşkil edir. Bəlkə elə buna görə də, son dövrlərdə cəmiyyətdə ən çox deformasiyaya uğrayan insani dəyərlərdən biri – əxlaq məsələsi onun araşdırmalarından ana xətt kimi keçir.
Bu mənada rus dilində qələmə aldığı son kitablardan biri – “Mövcudluğun dərinliklərində” toplusu diqqəti xüsusi ilə çəkir. Kitabın “Həyat və məhəbbət haqqında hekayələr”, “Mövcudluğun fəlsəfəsi”, “Mənəviyyat və din” kimi bölmələrində toplanan esselər hər bir adamı həyat barəsində, bu həyatın mənəvi bazasını təşkil edən mənəvi dəyərlər haqqında düşünməyə səsləyir.
Müəllifin haqqında bəhs açdığı mənəvi-əxlaqi dəyərlərin qorunması, onlara dönmədən əməl edilməsi fərd və millət olaraq getdiyimiz yolun işıqlı bir mənzilə aparması baxımından çox önəmlidir.
Nəhayət, Rafiqin xarakterindəki bir prinsipial cəhəti qeyd etməklə dağınıq qeydlərimə yekun vurmaq istərdim. Bu da onun dövlətçiliklə bağlı sabit və dəyişməz mövqeyidir.
Ziyalı və vətəninə bağlı insan kimi o, bu gün də həyatının amalı saydığı işin başındadır: Elmlər Akademiyasının əməkdaşı, yaxud komitə sədri kimi gördüyü işi bu fərqli statusla, lakin eyni amal və əqidə ilə davam etdirir.
27 dekabr 2011-ci il
 
Vilayət Quliyev
 
 
 
 





Mənbə: Vilayət Quliyev31.12.2011     Çap et  Çap et