525-ci qəzet

ORALARDA KİMLƏR VAR: SIRASI DARALAN TANIŞLAR



Uzun bir danüzü fasiləsindən sonra, ilk dəfədi ki, “Danüzü”ndən bir az bəri bu yazını yazmaq istəyirəm və təraş olunanda yəni saqqalımı qırxanda onun başlığı yadıma düşür. Yəni indicə oxuyacağınız DAHA MƏNİM BİR KİMSƏM QALMADI, OĞLUM başlığı yadıma düşür və sanki bir şeir başlığı imiş kimi tezcə onu bilgisayarın yaddaşına almağa tələsirəm ki,yadımdan çıxar və sonra qazın üstündəki özüm bişirdiyim gözəl mərci çorbasının isinməsini gözləyəndə, fikrim onun yanında olduğu üçün bir az fasilə verib ayağa dururam, baxıram və təxminən yazacaqlarımı fikrimdə sıralasam da bilmirəm nədən başlayım.
Ondan başlayıram ki,bu barədə yəni “DAHA MƏNİM BİR KİMSƏM QALMADI” ağrısı üstündə ən çox danışdığım yazar İradə xanım Tuncay yadıma düşür.Bir xanım əfəndi olmasına baxmayaraq onun həyata baxışı, xüsusiylə bu günlərə,yaşadığımız bu çağa baxışı məni heyrətləndirir, məni 70 yaşlı bir kişini, bir xanım əfəndinin fikirləri heyrətləndirir və qorxudur.Son günlərdə yaşadığım sıxıntı barədə, o sıxıntı ki, bir az sonra açıqlayacam, bəzi gizli adlarla birgə, təsəlli almaq üçün ona danışıram və o məni yenə də sakitcə dinləyəndən sonra : ay abi, bəsdi də...sən hələ də nəyəsə ümid eləyirsən, nəyəsə inanırsan. Yoxdu, sən deyənlər,yoxdu, bunu bir dəfəlik başa düş,- deyir gözəl yazar, xanım əfəndi, bir millət vəkilinin xanımı, bir gözəl şairin balası.Mənə deyir ki, yoxdu... yoxdu... yoxdu .... Əl çək sadəlövhlükdən... əl çək...
İradə xanım belə dedikcə içimdə bir qorxu məni alıb götürür, o qorxu ki,bir gün onu da beləcə itirmək qorxusu, yox itirmək sözünü başqa anlamda başa düşməyin, məhz,diri – gözlü itirmək qorxusu.Çünki bir çox dost dediyim insanları məhz dirigözlü itirə-itirə gedirəm.
Ola bilər,mənim bu yazımın ana motivindəki ağrıları belə yazdığımda məni qınayanlar tapılacaq.Xüsusiylə yazar Azər Abdulla məni danlayacaq...danlayacaq... Ola bilər, o da haqlıdı : mənim insani ölçülərim ayrı, onun ölçüləri ayrı.
Və bu qınağı mən götürsəm də, yəni ona məğlub olsam da, içimin narahatlığını yazıram və yazdığım anda içimdən böyük bir təsəlli kimi, çox böyük bir yazarın və ziyalının son vaxtlarda verdiyi sorğudan bir başlıq yadıma düşür. Bu gözəl yazar və insan olsun, ANAR müəllim.O deyir: NAZİRLƏRİN BİR ÇOXU ZƏNGLƏRİMƏ CAVAB VERMİR ( Kulis.az. saytından. 05.11.2011).
Bu etirafı oxuduqdan sonra, yetmiş yaşım tamam olanda ona müraciət etməyin bir faydası olmadığını da nəzərə alıb, başımı aşağı salıb yaşamağa davam etdim.
İnanın, mən bu sözün ağırlığını bu sətirləri yazdığım anda da hiss edirəm və artıq mənə elə gəlir ki, bir çox şeylərin sonu çatıb... çatıb, vallah... çatıb... Amma bu bir çox şeylərin sonu nədən çoxlarını diksindirmir.Bax, mən buna heyrət edirəm.
Və üstündən də tanınmış publisist Etibar Cəbrayıloğlunun 70 yaş motivləri üstündə mənə verdiyi aşağıdakı suala belə cavab vermişdim :
“Sual: Tostların dəyişdiyini bildim, bəs dostlar? Dostlar dəyişir?
– Yola saldığım illər ərzində dostlarımın 80 faizini itirmişəm. Onların bəzisi dünyalarını dəyişiblər. Elələri də var ki, bu dünyadadılar, lakin özləri dəyişiblər. Bayaqdan yubiley ovqatından danışırıq. Mənim oğlum, sənin də dostun Mətin bilirsən ki, Türkiyədə təhsil alıb, gözəl də mütəxəssisdi. İndi onu çalışdığı yerdə ixtisara salırlar. Bir vaxtlar istər Bakıdakı, istərsə də İstanbuldakı evimdə gecələyən, masamın ətrafından əskik olmayan, bu gün isə vəzifə, ictimai mövqe qazanan dostlarıma zəng edirəm. Biri deyir Norveçdəyəm, biri deyir Afrikadayam, qayıdıb gələn kimi bir şey fikirləşərik. Adam qayıdıb gəlir, sonra yenə harasa uçur. Birinə zəng etmişəm, hiss edirəm ki, təzə dostlarıyla kabab yeyir, mənə deyir ki, çəkilişdəyəm, sonra zəngləşək. Al, bu da sənə yubiley hədiyyəsi... Belə münasibət adama ağır gəlir. Özü də bu tək mənim başıma gəlmir ki... İşsiz qaldığın günlərdə hansı dostun sənə zəng edib?
– Nə zaman məndən müsahibə alsanız həmin dostumun adını deyərəm.
– Tamam...
Və bu ağrılı, mənə görə ağrılı sözlərin üstündən daha ağrılı günlər gəldi.Heç bir əsas olmadan oğlumu Mərkəzi Klinikadan, o Mərkəzi Klinikadan ki, mütəxəssis olaraq məhz bu təşkilatın özü mənsiz onu ora işə almışdı və orada doqquz il ən yaxşı mərtəbəyə qədər ucalmışdı.Bütün bunlar mənsiz olmuşdu, mənsiz... mənsiz və günün birində ona dedilər : sən iki ay ödəməli məzuniyyətə get və sonra da altı ay öz hesabına götür...
Aman Allahım, altı ay bir insan ömrüdü, yoldaşlar, altı ay bu adam bir yerdən bir qəpik də pul almayacaq və üstəlik də ipoteka deyilən bir yolla hər ay 350 manat ödəməlidi.Mənim maaşım 170 manat və pensiyam,lap olsun təqaüd 166 manat ( artandan sonra).Gəl indi yaşa Tofiq Abdin, gəl indi yaşa...
Mənim qorxulu günlərim başladı.O qorxulu günlər ki, bir zamanlar atamla söhbətimdə demişdim. Nə demişdi?

BİR ÖNCƏ Kİ YAZIMDAN

“Təbii ki, Atamla mənim aramda olan münasibətin bəlkə də məndən başqa heç kimsəyə dəxli yoxdur,amma bir zamanlar yazdığım SEVMƏK İSTƏYİRƏM ATAMI şeiri heç də bir mənalı qarşılanmadı və hətta ədəbiyyata yaxın insanlar arasında da çox zaman kinayə obyekti oldu.Ya bilərəkdən olur bu, ya da həqiqətən bu insanlar mənim o şeirimin daxilindəki faciəni və daxili acını,daxili üsyanı görmək istəmirlər. Çünki mən Atamı çox sevmişəm, bu sevgini də mən zaman-zaman, çox-çox illər öncəsi bir çox yazımda ifadə etməyə çalışmışam və ən ümdəsi bu ki, mən Atam haqqında yazmaqdan bezmirəm və buna da inanın ki, mən bunu çox təbii hesab eləyirəm.Burada heç bir müştəbehlik və ya nəsə orijinal bir şeyin olduğunu da düşünmürəm.Ona görə bu yazını yazdığım anda mən yenə də onun o mazutlu əllərini və əsmər çöhrəsini gözümün qarşısında canlandırıram.
Maraqlı bir şey : atama qarşı sərt olduğumu uzun illər öncəsindən bildiyim halda, mən nədən indi bu yaşda, bunu yazmağı məqam bildim? Belə bir detal mənə bunu aydınlatdı və mən kiçik qeydlərimi eləyib yazını sonraya qoymağı düşünsəm də, ağrı mənə güc gəldi.
NƏYDİ BU DETAL?
...Oğlum yemək yeyəndə nəsə anasının ona qarşı çox daha mehriban olduğunu gördüm və bu son vaxtlarda daha çox olur. İndi o Atadır.Gözəl bir yerdə işləyir,mən də artıq onun özünü gözəl idarə edəcəyini bilib,anasının ona bir daha diqqətli olduğunu hiss elədim.Hər ikisi ana-bala həmən an mənim bir sözümə reaksiya verdilər.Mən bir az tutuldum, özümü tənha hiss etdim və həmən yan otağa keçdim...
Və mən yan otaqda çox pərişan və duyğulu düşündüm: Tofiq, axı sən də atana qarşı sərt olmusan və bu sərtlik hətta bir çoxları tərəfindən “tərbiyəsizlik” kimi başa düşülərək bir şeirin yazılmasına gətirib çıxarıb və hətta poemanda da üz ağardan şeylər heç də az deyil və üstəlik də müxtəlif məqamlarda sən atana qarşı sərt olduğun anları anladan şeylər demisən.
Nəymiş bu şeylər: insan bir kolxozda bir traktorçu və səkkiz uşaq sahibi və ən böyüyü mən. Baş götürüb gəlmişəm Bakıya kimsəsiz və gəlib burda universitetə imtahan verəndə mənimlə birgə adlı-sanlı yazarların uşaqlarının imtahan verdiyini və o anda ya bilgilərinə görə ya da atalarına görə “beşləri” alıb qırağa çıxdığını görəndə və mənsə atestatda bir dörd ( qalanlar beş) kəsilib geri gedəndə (bunu mən daha geniş MONOLOQ povestimdə anlatmışam.) daha başqa şey düşünmək üçün heç bir məqam qalmır və bir gün bu məqamın ən üst qatına çıxıb aldım qarşıma və dedim: “Yekə kişisən,səkkiz uşağın var, səkkiz, nə məcbur idi, nə olmuşdu neynirdin bu qədər uşağı? Görmürsənmi yaşadığın bu həyat həyat deyil? Bu çərləməkdir? Kimə lazımdı bu uşaqlar... kimə...”
Bəli, sərtliyin ən imkansız anı burasıdır və atam, biz tərəfdə deyərlər: mağmun, mağmun üzümə baxdı. ( bu söhbət olur indiki Mirbəşir Qasımov küçəsi nömrə 24-də. Atam bir dostuma əlyazısında oxuduğum SEVMƏK İSTƏYİRƏM ATAMI şeirinin məzmununu ondan eşidib və işini-gücünü buraxıb hirslə Salyandan Bakıya hesabat istəməyə gəlib).Mən davam etdim: Hə, dedim, yaşada bilməyəcəkdinsə nədən gətirdin bu uşaqları dünyaya?
Bu bədii əsərdən bir vaqeyə deyil.
Bu bir Oğulun bir Ata ilə dialoqudur.
Oğul :Tofiq Abdin
Ata : Məhərrəm Səmədoğlu
Atam yazıq-yazıq, son dərəcə köməksiz, son dərəcə yenə də deyirəm mağmun-mağmun, yəni indi hiss edirəm, güman ki,ağlamaqdan belə özünü zorla saxlayaraq, çox çarəsiz uzun bir susqunluqdan sonra( güman ki,yenə də deyirəm, bu susqunluq mən bilən ağlamamaq üçün bir məqamı ötürmək kimi bir şey idi) mənim də gözlərimi yaşlı görüb... çox köməksiz:
Allah verir, oğlum,Allah!!!!!!!!
Və mən son dərəcə acıqlı və son dərəcə insafsız və sərt ( indi bütün bunlar mənə aydın olur ki,mən o anda məhz belə olmuşam) : “Allah verir, Allah verir!!!!!!!! Allah mənim anamın qarnına gətirib uşaqmı qoyur”.
İnanın ki, bu bir qondarma deyil və bu bir yazı yazmaq üçün uydurulan bir an deyil, bir məqam deyil.Bunu çox gözəl bilən mənim altmışıncı illər dostlarım var, indi yaşayır bəziləri...Bəli, bu dialoq indi, atamdan yaşlı olduğum bir zamanda, gəlib mənim barmaqlarımın ucundan ağrı kimi tökülür kompüterin ekranına və mən indi bu acını çəkirəm...”
Və düşünürəm bax bu an,bu günlər oğlumun məni ittiham etməyə haqqı var...
HAQQI VAR ONA GÖRƏ Kİ...
Vaxtilə bir zavodun direktoru olanda,millət vəkilliyinə namizəd olarkən, həqiqətən layiq bildiyim və üstəlik də bir dostumun xahişi olaraq haqqında yazılar yazdığım, indi çox yüksək vəzifəli birisinin şirkətində oğluma deyirlər ki,bəs biz səni işə alarıq.
Bahooo!!!! Sevinməyin həddi-hüdudu yox.Mən iş başa çatmamış qonaqlıqlar haqqında düşünürəm və bir xeyli get-gəldən sonra, məlum olur ki, üçbucaq bir boşluqda bizi aldadıblar, daha doğrusu yetmiş yaşlı bir insanla, yəni mənlə oynayıblar.Aşağı deyir : mən razıyam. Yuxarıdan bir az aşağı oğlumu yanına çağırır və görüşürlər. Çox razı qalır və üç ay sonra məlum olur ki,bu “mələk üzlü” insan oğlumla və bütün özündən aşağıdakılarla oynayırmış.Buna deyirlər: barmağına dolamış bizi.70 yaşlı bir YAZARI VƏ ATANI.
Təsəlli bu:
“NAZİRLƏRİN BİR ÇOXU ZƏNGLƏRİMƏ CAVAB VERMİR”.
Bir neçə millət vəkilinə zəng edirəm və...
Boşuna...
Daha pis olur vəziyyət...
Nazir postunda olan bir köhnə tanış məni yanına çağırır və söhbət edirik,70 yaşım münasibətiylə təbrik edir,hədiyyə verir,fürsəti fövtə vermirəm,əslində içimdə bu istək bura gəlmişəm, oğlumun vəziyyətini deyirəm.
“Nə deyirsən, Tofiq müəllim sənin balan mənim balam.Daha böyük bir adama zəng edərəm”-deyir.
“Nə gözəl Allahım,- deyirəm.
Və oğlumu da sevindirirəm. Evdə qarımı da sevindirirəm.
Son nəticə bu günə qədər vurçatlasın.
Daha bir millət vəkili hələ oğlum işdən çıxmamışdan mənim xahişim üzrə məsul birisinə zəng etdiyini deyir və əlavə edir: nəinki ixtisara düşəcək və hətta vəzifəsini bir az da artıracaqlar...
Nəticə : elə birinci o ixtisara düşür.
Bütün bu vəziyətlərdə məni bircə şey rahatsız edirdi: OĞLUMUN YANINDA OLAN-QALAN ŞƏXSİYYƏTİMİN DƏ GERİLƏMƏSİ...
Təsəlli bu:
“NAZİRLƏRİN BİR ÇOXU ZƏNGLƏRİMƏ CAVAB VERMİR”.
Yoldaşlar: bu adamların heç biri mənə və mənim atama borclu deyil. Amma əl tutmaq Əlidən qalıb sözlərini yada salsaq mənim də nəsə ummağa haqqım var.
Mən həmin adamları rahatsız etdiyim üçün üzr istəyirəm.
Və acılar içində həqiqətən göz yaşlarımı içimə gömüb deyirəm: DAHA MƏNİM BİR KİMSƏM QALMADI, OĞLUM !!!!!!!!!!!!!!

Tofiq ABDİN,
[email protected]
tofigabdin.com






Mənbə: Tofiq ABDİN10.12.2011     Çap et  Çap et