525-ci qəzet

Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində Azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzi açıldı



Dünyanın bir çox ölkələrinin nüfuzlu ali təhsil ocaqları ilə sıx əlaqə saxlayan Bakı Slavyan Universiteti öz əhatə dairəsini getdikcə genişləndirir. Universitet tərəfindən xaricdə aparılan işlərin əsasında isə Azərbaycan dilinin, mədəniyyətinin, ümumilikdə azərbaycanşünaslığın təbliği dayanır. Respublikamızda Azərbaycanşünaslıq ixtisasının ilk dəfə olaraq Bakı Slavyan Universitetində açılmasını da xüsusi qeyd etmək lazımdır. Bakı Slavyan Universiteti müxtəlif ölkələrin universitetlərində Azərbaycan dilini və mədəniyyətini təbliğ etmək məqsədilə Azərbaycan dili və mədəniyyət mərkəzlərinin, eləcə də azərbaycanşünaslıq ixtisası üzrə kadr hazırlığı istiqamətində geniş fəaliyyət sahəsinə malikdir. Bunun ən bariz nümunəsi 2009-cu ilin aprel ayında Rusiyanın nüfuzlu universitetlərindən hesab olunan Moskva Dövlət Linqvistik Universitetində və 2010-cu ilin dekabr ayında isə Belarusun M.Tank adına Minsk Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasıdır. Mərkəzin fəaliyyəti tədris və mədəniyyət istiqamətləri üzrə aparılır. Mərkəzdə tələbələr üçün vaxtaşırı Azərbaycanın görkəmli elm və mədəniyyət nümayəndələri, tanınmış ziyalıları və ictimai xadimləri ilə görüşlər təşkil olunur, Azərbaycan yazıçılarına, şairlərinə həsr olunmuş gecələr keçirilir, milli bayramlar, Azərbaycanın unudulmaz tarixi hadisələri qeyd olunur. Hal-hazırda Bakı Slavyan Universitetinin təşəbbüsü və maddi dəstəyi ilə xarici universitetlərdə yeni Azərbaycan dili tədris-mədəniyyət mərkəzlərinin təşkili istiqamətində intensiv iş gedir və imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin, tarixinin geniş yayılması və tədqiqi sahəsində uğurlu addımlarını BSU təkcə paytaxt şəhərlərində deyil, eyni zamanda əyalətlərdə də davam etdirir. Bu addımların nəticəsi kimi 8 sentyabr tarixində Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində Azərbaycanşünaslıq Tədris-Mədəniyyət mərkəzi açıldı. Mərkəzin açılış mərasiminə BSU-nun nümayəndə heyəti də qatılmışdı. Mərkəzin açılışının Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ərəfəsinə təsadüf etməsi xüsusi əlamətdar hadisə kimi qeyd oluna bilər. Xatırladaq ki, BSU-da 2001-ci ilin oktyabr ayından Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təsis edilmiş Ukrayna Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir və mərkəz iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin güclənməsində xüsusi rola malikdir. Sözügedən Poltava İqtisadiyyat və Ticarət Universiteti ilə isə Bakı Slavyan Universiteti arasında 2008-ci ilin noyabr ayından əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Artıq Ukraynanın PİTU-da Azərbaycan Dili Tədris-Mədəniyyət Mərkəzinin açılması ilə bağlı hazırlıq işləri sona çatmışdır və mərkəz Azərbaycanın ədəbiyyatına, tarixinə, siyasətinə dair materiallarla təmin olunmuşdur. Qeyd etmək lazımdır ki, Bakı Slavyan Universiteti bu mərkəzi yalnız metodik vəsaitlərlə təmin etməklə kifayətlənməmiş, həmçinin burada müasir texniki avadanlıqlar quraşdırılmış, xüsusi kitabxana fondu yaradılmış, xalqımızın mədəniyyətini və tarixini, zəngin milli adət və ənənələrini əks etdirən eksponatlar yerləşdirilmişdir. Eyni zamanda mərkəzdə Azərbaycanşünaslıq ixtisası istiqamətində Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətini, tarixini tədris etmək məqsədilə BSU-nun dosenti Yaşar Alxasov ezam edilmişdir. Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru A.A.Nestulya, BSU-nun tərbiyə işləri üzrə prorektoru O.Səmədov, Poltava Vilayət İcra hakiminin müavini V.V.Zanekula, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri R.Qurbanov və F.Babayev, Poltava vilayət radasının sədr müavini V.A.Marçenko çıxış edərək qeyd etdilər ki, mərkəzin gələcək fəaliyyəti iki xalq arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə şərait yaradacaqdır. Mərasimdə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev adından təbrik məktubu oxundu və mərkəzə hədiyyələr təqdim edildi.
S.QARAYEVA




09.09.2011     Çap et  Çap et