525-ci qəzet

Pərvanə İbrahimova: “Media ilə uğurlu əməkdaşlıq qurmaq üçün mətbuat katibi xüsusi keyfiyyətlərə malik olmalıdır”



Azərbaycanın ən nüfuzlu ali məktəblərindən olan Bakı Dövlət Universitetində (BDU) Mətbuat və İnformasiya şöbəsi 1999-cu ildən fəaliyyət göstərir. 1999-cu il dekabr ayının 14-də rektor Abel Məhərrəmov BDU-da Mətbuat və İnformasiya şöbəsinin yaradılması haqqında Təhsil Nazirliyi qarşısında təşəbbüs qaldırıb. Təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetinin strukturuna Mətbuat və İnformasiya şöbəsinin daxil edilməsinə icazə verib və şöbə 10 may 2000-ci ildən fəaliyyətə başlayıb. Şöbənin yaradılmasında əsas məqsəd Kütləvi İnformasiya Vasitələri ilə müntəzəm əlaqə yaratmaq, ölkədə gedən təhsil islahatlarının mühüm bir qolu kimi universitetdə aparılan islahatları və ölkə əhəmiyyətli hadisələri mətbuatda daha ətraflı işıqlandırmaq, universitet xəbərlərinin, beynəlxalq əlaqələr, xarici səfərlər və xarici qonaqlarla keçirilən görüşlərin ölkə ictimaiyyətinə çatdırılmasını intensivləşdirmək olub. Şöbə müntəzəm olaraq yerli və xarici mətbuat orqanlarını, xəbər portallarını universitet yenilikləri ilə təmin, edir, universitet yenilikləri ilə təmin edir, BDU-nun kafedra və laboratoriyalarının fəaliyyəti ilə bağlı xarici, yerli mətbuatda məqalələrlə çıxış edir, universitetlə bağlı məxfi materialların monitorinqini aparır. Şöbəyə müxtəlif illərdə tanınmış jurnalistlər rəhbərlik edib. 2010-cu ilin mart ayından isə Mətbuat və İnformasiya şöbəsinə Pərvanə İbrahimova rəhbərlik edir. P.İbrahimova 1994-1998- ci illərdə Bakı Dövlət Universiteti, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr, 1998-2000-ci illərdə isə Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura təhsili alıb. Onun “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005)” mövzusunda yazdığı dissertasiya işi müdafiə ərəfəsindədir. P.İbrahimova 1998-2000-ci illərdə müxtəlif mətbuat orqanlarında çalışıb. 2000-2010-cu illərdə BDU, Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb. 2007-ci ildən BDU, Beynəlxalq jurnalistika kafedrasında 0,5 ştat müəllimdir. 2010-cu il – BDU, Mətbuat və informasiya şöbəsinin müdiridir. 2 kitab, 2 fənn proqramı, 10 elmi, 100-dən artıq publisistik məqalənin müəllifidir.
P.İbrahimova deyir ki, rəhbəri olduğu xidmət ölkədə fəaliyyət göstərən bütün televiziya, radio, xəbər agentlikləri, portalları və qəzetlərlə sıx əməkdaşlıq edir: “Biz ölkədə fəaliyyət göstərən bütün KİV-lə əməkdaşlıq edirik. BDU-da media ilə əlaqələrə xüsusi əhəmiyyət verilir. Ona görə də biz bu sahədə daima fəal çalışırıq, hansı istiqamətlər üzrə əlaqələr qurulmasına diqqət yetiririk. Məlumat üçün bildirim ki, biz hər il ötən illə müqayisədə Mətbuat və İnformasiya şöbəsinin KİV-lə əlaqəsinin hansı səviyyədə olduğunu öyrənmək üçün məxfi monitorinqlər aparırıq. Bu il də mətbu materiallar əsasında monitorinq keçirdik və nəticələrdən məlum oldu ki, şöbənin KİV-lə əlaqələri çox uğurlu olub. BDU-da keçirilən elə bir tədbir, görüş olmayıb ki, bu ölkə mediasında işıqlandırılmasın”.
P.İbrahimovanın sözlərinə görə, BDU-da təşkil olunan tədbirlərdə, beynəlxalq konfranslarda ölkədə fəaliyyət göstərən bütün KİV nümayəndələrinin iştirakı təmin olunur. Onlar arasında heç bir fərq qoyulmadan: “Bizdə əməkdaşlıq etdiyimiz bütün jurnalistlərin koordinatları mövcuddur. Bir gün öncə həmin jurnalistlərlə əlaqə yaradıb keçiriləcək tədbir, mətbuat konfransı haqqında onlara məlumat verir və tədbirə dəvət edirik. Tədbir zamanı isə dəvət olunan bütün jurnalistlərə 3 dildə press-reliz verilir. Bakı Dövlət Universiteti ilə Kütləvi İnformasiya Vasitələri arasında uğurlu münasibət qurulub. Mütəmadi olaraq Mətbuat və İnformasiya şöbəsinə universitetlə bağlı məsələlər ilə əlaqədar müraciət edən jurnalistlərə dərhal cavab verilir. Təhsillə bağlı yazan KİV nümayəndələrinin elektron ünvanlarına vaxtaşırı məlumatlar göndərilir. Biz çalışırıq ki, heç bir jurnalisti özümüzdən incik salmayaq. Bizim şöbənin ən əsas vəzifəsi KİV ilə əlaqələr qurmaq, mətbuat konfransları təşkil etmək, press-relizlər, gündəlik mətbuat xülasələri hazırlamaq, universitet saytını – universitetdə keçirilən görüşlər, tədbirlərlə bağlı hazırlanmış materiallarla elə həmin gün – Azərbaycan, rus və ingilis dilində təmin etməkdir. Çalışırıq ki, üzərimizə düşən işin, vəzifəmizin öhdəsindən layiqincə gələk”.
P.İbrahimova bildirib ki, BDU-nun Mətbuat və informasiya şöbəsinin yerli KİV-lə yanaşı xarici mətbuat orqanları, xüsusilə də xəbər portalları ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Qurulan bu əlaqələr nəticəsində BDU-da təşkil olunan bütün tədbirlər, görüşlər, beynəlxalq konfranslar haqqında materiallar xarici portallarında da yer alır: “Çox sevindirici haldır ki, BDU-nun Mətbuat və informasiya şöbəsi tərəfindən universitet və burada təşkil olunan tədbirlər haqqında hazırlanan materiallar Rusiya, Ukrayna, Belarusiya, Gürcüstanın əksər xəbər portallarında, hətta Kanadada fəaliyyət göstərən xəbər agentliklərində yer alır. BDU-nun rektoru universitetdə hər hansı bir ölkədən gələn xarici qonağı qəbul edəndən dərhal sonra görüş haqqında material hazırlanıb həm BDU, həm Mətbuat və informasiya şöbəsinin saytında yerləşdirilir, o cümlədən mütəmadi olaraq əməkdaşlıq etdiyimiz jurnalistlərin elektron poçtuna göndərilir. Material informasiya agentlikləri və xəbər portallarında yayımlandıqdan sonra xarici KİV-də bu məlumatlardan yararlanır. Heç bir dəyişiklik etmədən, material Mətbuat və informasiya şöbəsi tərəfindən hazırlandığı kimi sözügedən saytlarda yer alır. Təbii ki, bu bizi çox sevindirir. Biz gələcəkdə əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Çalışacağıq ki, şöbə tərəfindən hazırlanan bütün materiallar dünyanın digər aparıcı xarici agentliklərində də yer alsın”.
Mətbuat katibi vurğulayıb ki, Mətbuat və İnformasiya şöbəsinin üç dildə yüksək səviyyədə hazırlanan saytına əsas özəlliyi ondan ibarətdir ki, burada son 10-12 ildə universitet haqqında KİV-də işıq üzü görən bütün materiallar toplanıb: “Mən artıq 10 ildir ki, bu şöbədə çalışıram. Şöbədə işə başladığım vaxtdan bu günə kimi bütün KİV-də universitet haqqında yazılan bütün yazıların, rektorun müsahibələrinin, açıqlamalarının, müəllifi olduqları yazıların, tədbir materiallarının surətini çıxarıb, aidiyyəti qovluqda toplayırdım. Bu gün saytda yer alan materiallar da toplanan yazılar əsasında hazırlanıb. Bu sayt 10 illik bir fəaliyyətin məhsuludur. Mətbuat və İnformasiya şöbəsi tərəfindən hazırlanan saytın ana səhifəsində 2000-ci ildən bu günə kimi universitetdə keçirilən tədbirlər və yeniliklər, fakültələrin həyatı ilə bağlı xəbərlər, alimlərimin ixtiraları, hansısa beynəlxalq konfranslara qatılmaları və sair haqqında məlumatlar yerləşdirilib. Sol sütundakı “Universitetimiz” bölümü altında BDU haqqında qısa məlumat vermişik. Bu bölümdə universitetin ilk binasından bu günə qədər olan binaların, eyni zamanda, universitet daxilində fəaliyyət göstərən bəzi qurumların da şəkilləri yerləşdirilib. “BDU KİV-də” başlıqlı bölmədə isə universitet haqqında çap olunan yazılar, 2009-cu ildə BDU-nun 90 illik yubileyi ərəfəsində hazırlanan materiallar, rektor, prorektor, struktur rəhbərlərinin və dekanların mətbuatda dərc olunan hesabat xarakterli yazıları yer alıb. Bu yazılarda BDU-da İKT-nin tətbiqi, təhsildə, elmdə əldə olunan nailiyyətlər, universitet kitabxanasının fəaliyyəti haqqında dolğun məlumatlar öz əksini tapıb ki, bu da universitetdə informasiya texnologiyalarının tətbiqi, elmi kitabxananın fəaliyyəti, tədris, elm və sair haqqında ətraflı məlumat əldə etmək istəyənlərə zəngin məlumatlar verə bilər. “Xarici qonaqlar” bölümündə isə 1999-cu ildən 2011-ci ilədək universitet rektoru, prorektor, struktur rəhbərləri, dekanlar tərəfindən qəbul edilən xarici qonaqlarla keçirilən görüşlər öz əksini tapıb. Buraya səfirlər, ali məktəb rektorlar, tanınmış elm xadimləri, universitetin fəxri doktoru olmuş şəxslərlə keçirilən görüşlər daxil edilib. Həmçinin 2009, 2010 və 2011-ci illərdə xarici qonaqlarla keçirilən bütün görüşlərin, tədbirlərin əks olunduğu şəkillər ardıcıllıqla yerləşdirilib. Bu, doğrudan da çox zəhmət tələb edən çətin bir iş idi. Ancaq şöbə əməkdaşlarının gərgin işi sayəsində biz bu çətin işin öhdəsindən layiqincə gəldik”. P.İbrahimova qeyd edib ki, saytda “Əsas hadisələr” başlığı altında yer alan bölümdə 1919-cu ildən bu günə qədər universitet həyatında olan ən əlamətdar hadisələr illər üzrə göstərilib. “Rektorlarımız” bölümündə isə 90 il ərzində universitetə rəhbərlik edən rektorların yaşadığı illər, rektorluq dövrləri və sair haqqında qısa məlumat verilib. Məlumat üçün qeyd edək ki, bu müddət ərzində universitetə rəhbərlik edən rektorların sayı 24 nəfərdir. “Saytın “Görkəmli məzunlar və tanınmış elm xadimləri” bölümündə 1957-ci ildə universitetin tarix fakültəsinin məzunu olan ümummilli lider Heydər Əliyev haqqında ətraflı məlumatlar yer alıb. Eyni zamanda, universitetdə fəaliyyət göstərən 17 fakültənin yaranma tarixi haqqında ətraflı məlumatlar verilib. Bununla yanaşı, həmin fakültələrin məzunları olan və bu gün müvafiq dövlət orqanlarında çalışan məzunların, görkəmli alimlərin siyahısı təqdim edilib. “Fəxri doktorlarımız” bölümündə isə indiyədək universitetin fəxri doktoru olmuş tanınmış dövlət, elm xadimlərinin fotoları yerləşdirilib və qeyd edək ki, onların sayı 70 nəfərdən çoxdur. Digər bölüm isə universitetin rektoru, akademik Abel Məhərrəmov haqqındadır. Rektorun 1999-cu ildən bu günədək müəllifi olduğu məqalələr, müsahibələri, haqqında yazılmış materiallar və açıqlamaları xronoloji ardıcıllıq gözlənilməklə yerləşdirilib. Bölümdə A.Məhərrəmovun ABŞ, Türkiyə, Yaponiya, İtaliya, Rusiya, İran, Bolqarıstan Macarıstan və sair ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda etdiyi məruzələr, çıxışlar verilib”.
P.İbrahimovanın sözlərinə əsasən, “Əmr və sərəncamlar” bölümündə isə akademik Abel Məhərrəmovun imzaladığı əmr və sərəncamları öz əksini tapıb. Bu əmr və sərəncamların mətni olduğu kimi bölümdə yer alıb. “Elanlar” bölümündə universitetdə təşkil olunacaq tədbir və beynəlxalq konfranslar, onların mövzusu, iştirakçılar, keçirilmə tarixi barədə məlumatlar verilir: “Saytdakı “Əməkdaşlarımız KİV-də” bölümündə isə universitet əməkdaşlarının KİV-də işıq üzü görmüş yazıları yerləşdirilib. Həmçinin bölümdə mətbuatda BDU-nun əməkdaşları haqqında çap olunan yazılar da öz əksini tapıb. Sayt həm universitet rəhbərliyi həm də ictimaiyyət tərəfindən müsbət qarşılanıb və bəyənilib. Mən bunu ümumilikdə şöbənin uğuru hesab edirəm”.Saytın ən maraqlı bölümlərindən biri də “Monitorinq”dir. 2010-cu ilin mətbu materialları əsasında “Bakı Dövlət Universiteti və mətbuat”ın monitorinqinin yerləşdirildiyi bölümdə, şöbə müdirinin dediyinə görə, 2011-ci ilin də monitorinqinə başlanılıb. Yekun nəticə ilini sonunda saytda yerləşdiriləcək.
“Foto albom” bölümü isə daha çox diqqət çəkir. P.İbrahimovanın dediyinə görə, sadəcə tədbirin adı və tarixi göstərilən bölüm bütünlüklə fotoşəkillərdən ibarətdir. Burada bir tədbirdən çəkilmiş 20-dən çox şəkil yerləşdirilir ki, bu rəsmlər tədbir haqqında tam təəssürat yaradır.
“Əlaqə” hissəsində isə şöbə ilə bağlı bütün koordinatlar yerləşdirilib: “Biz saytımızın yalnız arxiv materiallarından ibarət olmasını və yalnız xəbərlərlə məhdudlaşmasını istəmədik. Ona görə də saytın sağ sütununda “Reportajlar və müsahibələr” bölümü yaratdıq. Bu bölümdə universitetin müxtəlif strukturları haqqında materiallar vermişik. P.İbrahimova deyir ki, media ilə uğurlu iş, əməkdaşlıq qurmaq üçün mətbuat katibi xüsusi keyfiyyətlərə malik olmalıdır. Onun fikrincə, mətbuat katibi və xidmətin əməkdaşları çox çalışqan, ünsiyyətcil, sürətli nitq söyləmək bacarığına malik olmalı, onlar üçün soyuqqanlılıq, problemlərdən dərhal çıxış yolu tapmaq, insan psixologiyasına bələdçilik də əsas şərtlərdəndir: “Eyni zamanda, mətbuatla əlaqə saxlayarkən daha çox bu üsullardan – mətbuat konfransları, bülletenlər, çıxışlar və müsahibələr, məqalələr, fotoşəkillər, açıqlamalar, məlumat, faktlar, vizual, bioqrafiya, mütəxəssislərin siyahısı, digər mətnlər, mətbuat bağlaması, video və audio kasetlər, telefon zəngləri, müsahibələr, çıxışlar və sair metodlardan istifadə etmək lazımdır. Hesab edirəm ki, mətbuat katibləri onlar haqqında mənfi və ya müsbət yazmalarından asılı olmayaraq, jurnalistləri sistemli olaraq işlədikləri struktura dəvət etməli, baş verən yeniliklərlə onları tanış etməli, maraqlandıran suallara cavab verməlidir. Mətbuat xidmətləri daha çox universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülən işlər, əldə edilən elmi nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmalıdır. Bu səpkili məlumatlar ictimaiyyət üçün daha maraqlıdı. Biz mətbuat və İnformasiya şöbəsi olaraq BDU ilə mətbuat arasında vasitəçiyik. Bir şöbə olaraq bu gün mətbuatla uğurlu münasibətlər qurmuşuqsa, bu, operativliyimiz, xəbəri çatdırma səriştəmizlə bağlıdırsa, digər tərəfdən bu qədər çoxsaylı görüşləri, tədbirləri təşkil edən, həyata keçirən universitet rəhbərliyi, hər zaman mətbuata açıqlığı ilə seçilən rektor, akademik Abel Məhərrəmovun gərgin zəhməti var. A.Məhhərrəmov doğrudan da BDU-nun KİV-lə münasibətlərinə böyük önəm verir”.
İyulun 13-də Bakı Dövlət Universitetində keçirilən tədris ilinin son Elmi Şurasında P.İbrahimova “BDU-nun yerli və xarici kütləvi informasiya vasitələri ilə əlaqələrinin daha da yaxşılaşdırılmasındakı xüsusi xidmətlərinə görə” rektor, akademik Abel Məhərrəmov tərəfindən “İlin ən fəal şöbə müdiri” fəxri adı ilə təltif edilib: “Bu mənə rektor, akademik Abel Məhərrəmov tərəfindən göstərilən çox böyük etimaddır. Bir müddət əvvəl şöbəmizin saytının təqdimatında “Kütləvi informasiya vasitələrində Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun və davamlı məlumatların yayılmasına görə” rektorumuz tərəfindən fəxri fərmanla təltif edilmişdim. Bu təltiflər rektorun işimizə verdiyi dəyərdir. Buna görə də həm öz adımdan, həm də şöbəmizin bütün işçiləri adından bir daha hörmətli rektorumuza təşəkkür etmək istəyirəm”.
Davamlı olaraq universitet xəbərlərinin yayımlanmasına şərait yaradan KİV rəhbərlərinə, onlarla əməkdaşlıq edən bütün jurnalistlərə təşəkkür edən P.İbrahimova son olaraq vurğuladı ki, bundan sonrakı fəaliyyətində də daim mətbuata açıq olacaqlar və çalışacaqlar ki, jurnalistlərin heç bir sualı cavabsız qalmasın.
Sevinc QARAYEVA







11.08.2011     Çap et  Çap et