525-ci qəzet

Sənət məbədimiz




Əvvəli ötən sayımızda

17 avqust 1923. Bir qrup yazıçının bütün Azərbaycan yazıçılarına müraciəti çap olunur. Müraciətdə yazıçılar ittifaqı yaratmaq məsələsi irəli sürülür. Həmin müraciətdə deyilirdi: “Heyəti-mütəşəbbüsə”nin səyi və fəaliyyəti sayəsində artıq “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis edilmiş, məramnaməsi yazılmış, adı da “İldırım” qoyulmuşdur. İş bu münasibətlə bütün qələm arkadaşlarımıza mücdə verərək həmin avqust ayının 18-ci günü axşam saat 7-də “Darülmüəllimin” binasına təşrif gətirərək məramnaməmizi gözdən keçirmələrini rica edirik”.
30 mart 1925. “Ədəbiyyat cəmiyyəti” təşkil edilmişdir. “Ədəbiyyat cəmiyyəti”nin qayəsi “əski və yeni Azərbaycan ədəbiyyatını tədqiq, xalq ədəbiyyatının yaxşı ənənələrini müasir ədəbiyyatımıza gətirmək, ədəbi tənqidi genişləndirmək, gənc ədəbi qüvvələri sənət və bədiiyyatın incəlikləri ilə tanış etmək, Şərq və Qərb ədəbiyyat cəmiyyətləri ilə daimi əlaqə saxlamaq idi”.
Dekabr 1925. Gənc yazıçılar “Kommunist” qəzeti ətrafında birləşərək “Gənc qızıl qələmlər cəmiyyəti”ni təşkil edirlər. “Gənc qızıl qələmlər” cəmiyyətinin başlıca vəzifəsi fəhlə və kəndlilərin zövqünə müvafiq ədəbiyyat yaratmaq idi.
30 noyabr 1926. “Gənc qızıl qələmlər” təşkilatı “Ədəbiyyat cəmiyyəti”ni sıxışdırdığından və üstün mövqe qazandığından bu iki təşkilatın müştərək iclasında onların birləşdirilməsi qərara alındı. Həmin gündən bu cəmiyyət “Qızıl qələmlər ittifaqı” adını daşıdı. Azərbaycanın bir sıra şəhərlərində-Naxçıvanda, Gəncədə, Şəkidə “Qızıl qələmlər ittifaqı”nın şöbələri açıldı. 1927-ci ildən “Maarif və mədəniyyət” jurnalı “Qızıl qələmlər ittifaqı”nın orqanı oldu.
Fevral 1927. Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı ilə respublika ədəbiyyat təşkilatları “Qızıl qələmlər” ədəbiyyat cəmiyyətində birləşdirilir. “Qızıl qələmlər” ədəbiyyat cəmiyyəti heyətinə R.Axundov, M.Quliyev, T.Hüseynov (sədr), Ə.İbrahimov, H.Nəzərli, S.Rüstəm (katib) seçilirlər.
13-16 yanvar 1928. Azərbaycan proletar yazıçılarının I qurultayı keçirilir. S.Rüstəm, M.Yurin və T.Hüseynov qurultayda məruzə etmişlər. Qurultaydan sonra Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti (APYC) rəsmi fəaliyyətə başlayır. Bəzi nöqsanlarına baxmayaraq, bu cəmiyyət yaşlı və gənc yazarları öz ətrafına toplaya bilir.
20-27 oktyabr 1929. Azərbaycan proletar yazıçılarının II qurultayı keçirilir. Qurultay beşillik plan ilə əlaqədar olaraq yazıçıların üzərinə düşən vəzifələri müzakirə edir, ədəbiyyatda əmələ gələn bəzi zərərli təmayüllərlə mübarizə məsələsi də müzakirə hədəfinə çevrilir. Qərbi Avropa yazıçıları: Bella İlleş, İohannes Bexer, Mate Zalka, Lüdviq Renn də qurultayın işində iştirak edirlər.
Otuzuncu illərdən başlayaraq SSRİ-nin hər bir respublikasında Proletar Yazıçıları Cəmiyyətinin yenidən qurulması və onu bütünlüklə sosializm ədəbiyyatı relsinə keçirmək üçün mühüm işlər görülür. “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” qərardan (1932) sonra bütün respublikalarda Proletar Yazıçıları Cəmiyyəti ləğv edilir.Buna əsas səbəb kimi Proletar Yazıçıları Cəmiyyətində “Solçu” ünsürlərin güclənməsi, klassiklərdən öyrənmək məsələsinin yanlış qoyulması, gənclərlə işin sağlam əsaslar üzərində aparılmaması, yeni həyatla ayaqlaşa bilməməsi idi. Azərbaycan K(b)P MK Katibliyinin 1932-ci il 5 mart tarixli qərarında göstərilirdi ki: “Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti bəzi ideoloji-siyasi və yaradıcılıq yüksəlişi ilə bir sırada Azərbaycanda sosializm quruluşunun rekonstruksiyası dövrü tempi və vəzifələrindən son dərəcə geri qalır”. APYC katibliyi ləğv edildikdən sonra Azərbaycan Sovet Yazıçıları İttifaqının Təşkilat Komitəsi yaradılır. Təşkilat Komitəsi birinci qurultaya hazırlıq işlərinə, yaradıcılıq müzakirələrinə başlayır. Əlbəttə, bu prosesə başlamaq əmri yuxarıdan-Moskvadan gəlirdi. Çünki Moskvada A.M.Qorkinin fəxri sədrliyi ilə Ümumittifaq Təşkilat Komitəsi yaradılmışdı. Burada SSRİ Yazıçılar İttifaqının I qurultayına geniş hazırlıq görülür və ayrı-ayrı milli respublikalara hazırlıq işlərini yoxlamaq üçün kiçik briqadalar göndərilirdi. Bakıya L.Nikulin, A.Zuyev və M.Yurindən ibarət briqada gəlmişdi.
Nəhayət, bir məsələni də qeyd edək. Oktyabr inqilabından sonra yaranan və yeni quruluşun nailiyyətlərini tərənnüm edən, xalq kütlələrini kommunist ruhunda tərbiyə edən ədəbiyyatın metodunu, yaradıcılıq prinsipini dəqiq müəyyənləşdirmək, ona ad vermək lazım idi. Bu sahədə rus yazıçıları xeyli baş sındırmalı oldular. V.Bryusov və A.Voronski “neorealizm”, V.Mayakovski “tendensiyalı realizm”, A.Tolstoy “monumental realizm”, F.Qladkov və Y.Libedinski “proletar realizmi”, A.Lunaçarski “ictimai realizm”, E.Katsman “qəhrəmanlıq realizmi” kimi terminlərə müraciət etdilər. Ancaq ən doğru terminin müəllifi M.Qorki oldu. 1932-ci ildə o, təklif etdi ki, gəlin bu metodu “sosialist realizmi” adlandırıq. Belə də oldu və mübahisələrə son qoyuldu.
Sovet yazıçılarının birinci qurultayı isə 1934-cü il 17 avqust-1 sentyabrda keçirildi. Qorki qurultayda Sovet ədəbiyyatının vəzifələri haqqında məruzə etdi. Qurultayda Azərbaycandan M.K.Ələkbərli Azərbaycan ədəbiyyatı haqqında məruzə etdi, C.Cabbarlı, M.Rəfili və Ə.Nazim də çıxış etdilər. Uabbarlının çıxışı daha maraqla qarşılandı. O, ədəbiyyatda müsbət qəhrəman problemindən söz açdı: “Bəzi yoldaşlar sadəlövhlüklə düşünürlər ki, bu problemdən müəyyən reseptlər verməklə yaxa qurtarmaq olar...Qəhrəmanı reseptlə yaratmaq olmaz. Yazıçı öz qəhrəmanını nə qədər yaxşı keyfiyyətlərlə bəzəyirsə bəzəsin, əgər o qəhrəman canlı bir insan kimi bütün ehtirasları ilə göstərilə bilməmişsə, fərqi yoxdur, o qəhrəman sevilməyəcək. Yalnız şüarlarla və sitatlarla danışan, cansız, süni qəhrəmanlar yaratmaq lazım deyildir. Coşqun ehtiraslara malik canlı, dolğun qəhrəmanlar yaratmaq lazımdır”.
İndi isə bir az əvvələ, 1934-cü ilin iyun ayına qayıdaq. İyunun 13-də Azərbaycan yazıçılarının I qurultayı keçirilir. Hacıbaba Nəzərli “Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin fəaliyyəti haqqında” məruzə ilə çıxış edir. Beləliklə, həmin gündən Azərbaycan Sovet Yazıçılar İttifaqı rəsmən fəaliyyətə başlayır. Bu, Azərbaycan mədəniyyəti tarixində önəmli hadisələrdən biri kimi qiymətləndirilməlidir.Təbii ki, belə bir təşkilatın yaradılması Kommunist partiyasının ideoloji siyasəti ilə bağlı idi, ədəbiyyat sosializm realizmi prinsipləri ilə hərəkət etməliydi. Azərbaycan sovet ədəbiyyatı da sosializm realizmi yaradıcılıq metodunun prinsiplərini, partiyanın bədii ədəbiyyat haqqında qərarlarından irəli gələn müddəaları əsas tutdu və bu gün 70 il ərzində yaradılan onlarla, yüzlərlə əsərləri nəzərdən keçirərkən bəziləri kimi qətiyyən təəssüf hissi keçirmirəm. Əvvəla, Lenini, partiyanı, Stalini, Oktyabr inqilabını tərənnüm edən şeirlərin, poemaların böyük bir qismi şair ilhamının, qəlbin istəyinin məhsulu deyildi və bu əsərlər onsuz da “ədəbi qəbiristanlığa” gömülməliydi və gömüldü də. İkincisi, hər bir ədəbi əsər yarandığı zamanın əhval-ruhiyyəsini, ictimai-siyasi ovqatını əks etdirirsə və sovet dövründə yazılan əsərlərdə də bu ovqat əks olunursa, üstündən illər keçəndən sonra onları niyə inkar etməliyik? Burada Anarın bir fikrini xatırlayıram: “Mənə elə gəlir ki, sovet ədəbiyyatı deyilən bir şey çox şəxsi bir termindir. Yəni sovet ədəbiyyatı əgər sovet dövründə yaranan bütün ədəbiyyata aid olarsa, mən bunu termin kimi qəbul etmirəm...çünki tutalım, Rusiyanı götürsəniz, görərsiniz ki, sovet dövründə Pasternak da yazıb-yaradıb, Solcenitsin də, Bulqakov da, Yesenin də yazıb-yaradıb. Bunların heç birini sovet ədəbiyyatına aid etmək olmaz”.
Ümumiyyətlə, sovet ədəbiyyatı probleminin üzərindən xətt çəkmək olmaz. Bizim araşdırdığımız məsələ də müəyyən mənada elə sovet ədəbiyyatının tarixi ilə bağlıdır. Tarixi isə danmaq olmaz. Azərbaycan yazıçılar ittifaqının tarixi də sovet ədəbiyyatının tarixi kimi, ümumilikdə Vətənimizin XX əsrdəki tarixi kimi mürəkkəb və ziddiyyətli olmuşdur. Yazıçılar İttifaqı yarandı və o, öz tarixinin başlanğıc illərində böyük bir bəla ilə üzləşdi. Bu qorxunc bəlanın adı Repressiya idi.
Azərbaycan yazıçılarının I qurultayında Məmmədkazım Ələkbərli (1905-1938) idarə heyətinin sədri seçildi. O zaman Ələkbərlinin cəmi 29 yaşı vardı, amma yaşına görə çox irəli getmişdi, savadına, dünyagörüşünə, mahir təşkilatçılığına görə yetkin bir insan idi. O, filosof idi,marksizm-leninizmin qızğın təbliğatçılarındandı, milli dildə fəlsəfə dərslərinin yaradılmasında, Leninin seçilmiş əsərlərinin tərcümə və redaktəsində fəal çalışırdı. Bir tənqidçi və ədəbiyyatşünas kimi də tanınırdı. “ Revolyusiya və kultura” (indiki “Azərbaycan”) jurnalının, “Ədəbiyyat qəzeti”nin, digər qəzet və dərgilərin baş redaktoru seçilmişdi, ADU-nun rektoru təyin olunmuşdu, “Kommunist” nəşriyyatının direktoru vəzifəsində çalışmışdı. Təsadüfi deyil ki, SSRİ Yazıçılar İttifaqının I qurultayında Azərbaycan ədəbiyyatı haqqında məruzə etmək ona tapşırılmışdı. Bir sözlə, Ələkbərli Şura inqilabının yetirməsi idi və tərcümeyi-halında da elə bir fakt yox idi ki, keçmişlə, müsavat dövrü ilə ilişgili olsun. Amma Ələkbərli bilmirdi ki, bir neçə il keçəcək, onu həbs edəcək, millətçi-pantürküst damğası ilə güllələyəcəklər. Bütün həbs olunan şairlər, ədiblər amansız işgəncə nəticəsində ifadə verəcəklər ki, Məmmədkazım Ələkbərlinin təsiri və təşviqi ilə onlar Azərbaycanda Sovet hakimiyyətini devirməyə cəhd göstəriblər. Yazıçılar İttifaqının başqa bir sədri –Seyfulla Şamilov da (1902-1974) repressiya tufanından qurtula bilmədi. XI Qızıl Ordunun gənc döyüşçüsü, iyirminci illərin fəal komsomolçusu olan S.Şamilov partiya məktəbini bitirdikdən sonra maarif və mədəniyyət sahəsində aparıcı vəzifələrə təyin olundu, 1932-ci ildə Azərnəşr onun “Laçın” adlı hekayələr və oçerklər kitabını çapdan buraxdı. Həmin il S.Şamilov Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri seçildi. 1933-1936-cı illərdə Leninqradda marksizm-leninizm əsərlərinin redaktor və tərcüməçilərinin üçillik xüsusi kursunda təhsil aldı. Təhsilini başa vurduqdan sonra Azərbaycan Yazıçılar İttifaqının sədri seçildi. Amma bu vəzifədə cəmi bircə il işlədi. O da repressiyanın qurbanı oldu. Amma Seyfulla Şamilovu güllələmədilər, düz 17 ildən sonra Sibirdən qayıtdı.
Azərbaycan ziyalılarının 1937-ci il faciəsi barədə çox yazılıb, hətta onların istintaq prosesi də mətbuatda geniş işıqlandırılıb. Ancaq bu yazıda sadəcə olaraq, onların adlarını çəkmək istəyirik. Görün totalitar Stalin-Bağırov rejimi Azərbaycan ədəbiyyatını necə böyük bir faciə yaşatmışlar. (Siyahıda Azərbaycan Yazıçılar İttifaqının üzvləri (həm güllələnənlər, həm də sürgündə olub geri qayıdanlar) əks olunmuşdur, lakin etiraf edirik ki,bu tam siyahi deyildir).

Atababa Musaxanlı (1905-1941
Ağahüseyn Rəsulzadə (1884-1938)
Aşıq Mirzə Bilal (1872-1937)
Bəkir Çobanzadə (1893-1937)
Böyükağa Talıblı (1897-1938)
Cəfər Bağır (1912-1983)
Əhməd Cavad (1892-1937)
Əli Nazim (1906-1941)
Əli Razi (1886-1939)
Əmin Abid (1898-1937)
Ənvər Yusifoğlu (1914-1989)
Gülarə Qədirbəyova (1903-1942)
Hacı Kərim Sanılı (1878-1937)
Hacıbaba Nəzərli (1895-1938)
Hənəfi Zeynallı (1896-1938)
Hüseyn Cavid (1882-1941)
Xəlil İbrahim (1892-1938)
İsmayıl Katib (1898-1938)
Mədinə xanım Qiyasbəyli (1889-1938)
Məmmədkazım Ələkbərli (1905-1938)
Mikayıl Müşfiq (1908-1938)
Mustafa Quliyev (1893-1938)
Ömər Faiq Nemanzadə (1872-1937)
Ruhulla Axundov (1897-1938)
Salman Mümtaz (1884-1937)
Seyid Hüseyn (1887-1937)
Seyfulla Şamilov(1902-1974)
Sultanməcid Qənizadə (1866-1942)
Tağı Şahbazi Simürğ (1889-1938)
Ümgülsüm Sadıqzadə (1899-1946)
Vəli Xuluflu (1894-1938)
Yusif Vəzir Çəmənzəminli (1887-1943)

Nə qədər təəssüf doğursa da, bu natamam siyahı Azərbaycanın üzdə olan düşünən başlarının, elm və sənət xadimlərinin faciəsini tam və dolğun ifadə edir. Bunların bir çoxunun taleyi “troyka”da həll olunmamışdan öncə Yazıçılar İttifaqının , ondan daha yuxarıda Mərkəzi Komitənin gizli və açıq iclaslarında həll olunurdu. Ancaq dövrün, quruluşun, sistemin bu torundan, kələfindən xilas olmaq mümkün deyildi. Çox-çox sonralar sovet ədəbiyyatını, onun görkəmli nümayəndələrini “ifşa” edən məqalələr çap olundu, hətta Azərbaycan Yazıçılar İttifaqı bir təşkilat kimi ağır ittihamlarla suçlandırıldı. Amma unudulur ki, Azərbaycan Yazıçılar İttifaqı təkcə rəsmi bir qurum, təşkilat və birlik deyil, həm də bütün yazıçıların üz tutduğu, pənah gətirdiyi, hətta sığındığı müqəddəs bir ocaqdır və bu ocaqda qara günlər də olub, xoş, fərəhli anlar da. Vaxt olub ki, bu ocağın odunu söndürmək istəyiblər, bu ocağın ətrafından işıqlı insanları Bayıl həbsxanasının nəmli otaqlarına, oradan Sibirin soyuq, şaxtalı baraklarına çəkib aparıblar, amma ocaq sönməyib, yenə şölələnib.
Mən öncə bu ocağın, bu sənət məbədinin başında duran Şəxsiyyətləri xatırlamaq istəyirəm. Repressiya qurbanı olmuş-biri güllələnən (M.Ələkbərli), digəri isə on yeddi il sürgündə yatandan sonra bəraət qazanan (S.Şamilov) iki sədr haqqında söz açdım. Repressiyadan sonra Azərbaycan Yazıçılar İttifaqının sədri olmuş şəxslər bunlardır: Rəsul Rza (1938-1939), Süleyman Rəhimov (1939-1940, 1944-1945, 1954-1958), Səməd Vurğun (1941-1944, 1945-1948), Mirzə İbrahimov (1948-1954, 1965-1975, 1981-1986), Mehdi Hüseyn (1958-1965), İmran Qasımov (1975-1981), İsmayıl Şıxlı (1986-1987). Qeyd edək ki, Yazıçılar İttifaqının rəhbəri eyni zamanda SSRİ Yazıçılar İttifaqının katibi vəzifəsini də daşıyırdı.
1987-ci ildə Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar İttifaqının Birinci katibi seçildi. Burada bir dəqiqləşdirməyə ehtiyac duyuram. Müxtəlif illərdə Yazıçılar İttifaqının rəhbəri olmuş şəxsin vəzifəsi gah Sədr, gah da Birinci katib adlanıb. Bəzən isə Yazıçılar İttifaqında həm Sədr, zəm də Birinci katib (əslində Sədrin birinci müavini) vəzifələri olmuşdur(məsələn, M.İbrahimovun üçüncü sədrlik dövründə (1981-1986) İ.Şıxlı Birinci katib idi. 1991-ci ildə, yazıçıların IX qurultayında Anar İttifaqın sədri, Yusif Səmədoğlu isə Birinci katib seçildi. Y.Səmədoğlunun vəfatından sonra bu vəzifəyə Xalq şairi F.Qoca təyin olundu.Yazıçılar Birliyinin son qurultayında Çingiz Abdullayev, Rəşad Məcid və Arif Əmrahoğlu Birdiyin katibləri seçildilər .
(Ardı var) Vaqif Yusifli


 






Mənbə: Vaqif Yusifli16.12.2009     Çap et  Çap et