525-ci qəzet

Məzahir Əhmədoğlunun “Uembli arayışı”



Məzahir Əhmədoğlu...Bu müəllifin imzasını çoxdan tanıyıram. Amma inanın ki, şəxsən üzünü belə görməmişəm. Və heç bir tanışlığımız olmasa da, mən artıq yazılarından onun xasiyyəti, davranışı, dünyagörüşü, hətta əxlaqı barədə çox şey bilirəm. Olsun ki, o da mənim yazılarımı oxuyub və olsun ki, bəlkə heç bəyənməyib ya da bəyənib. Amma bu yazıda söhbət mənim tənqidi yazılarımdan, “Ədalət” və “525-ci qəzet”ə səpələdiyim resenziyalardan yox, Məzahir Əhmədoğlunun “Uembli arayışı” kitabından gedir. Fikirləşirəm ki, bu kitabda niyə bəzi yazılar mənə bu qədər doğmadır? Onun xırda, amma mənalı portret yazılarından biri tələbəlik dostum, indi isə tanınmış yazıçı-publisist Aqil Abbasa həsr olunub. Mən də Aqil Abbasın yaradıcılığına bir neçə məqalə həsr etmişəm çalışmışam ki, Aqil Abbasın müasir Azərbaycan nəsrində özünəməxsusluğunu elmi-publisistik səpgidə açam, şərh edəm. Yazılarımda Aqil Abbasın mətbuatımıza, publisistikamıza göstərdiyi fədakarlığından söhbət açmamışam, amma indi bu mövzuya əl uzatmaram, çünki Məzahir Əhmədoğlu redaktor-naşir-publisist Aqil Abbasın portretini layiqincə “rəsm” edib. Bir neçə cümlə kifayətdir:Aqil Abbasın cəfakeşliyi, qeyri-adi işgüzarlığı bəzən alturizm səviyyəsini də aşırdı. Çox zaman özünə aşkar zülm edirdi. Əməkdaşlardan istədiyi, onlar barədə ürəyində arzuladığı isə belə olub: yüksək peşəkarlıq, obyektivlik, qürur və mərdanəlik.
O portret yazılardan biri də həyatdan vaxtsız köç edən şair Sabir Adilə həsr olunub. Dostum idi Sabir. Mən onun doğulduğu Bəydövül kəndində də olmuşam (“Yolun düşsə Şirvana” kitabım üçün material toplayırdım, eşitmişdim ki, Aşıq Şakirin ustadı Aşıq Mürsəl bu kənddə yaşayıb, Sabirlə birgə o kəndə gedib Aşıq Mürsəlin qızı ilə görüşdüm), yaşadığı Sumqayıtda, hansı mikrorayondakı evində də. Sabir çox istedadlı şair idi və onun şeirləri haqqında ilk professional sözü mən demişəm. O, Məzahir Əhmədoğlunun dediyi kimi Sovet rejimi zamanı türkçü idi, amma bəziləri kimi bunu şüara çevirmirdi. Götürüb Türk dünyasının 100 önəmli şəxsiyyəti barədə bir kitab tərtib eləmişdi. Məzahir Əhmədoğlunun yazısında mən dostum Sabir Adili bir İNSAN kimi bir daha kəşf elədim.
Mənim sevdiyim bir yazıçı vardı-Şahmar Hüseynov. Onun ölümündən sonra bir məqalə çap etdirdim, eynilə belə –”Şahmar itkisi”. O yazıda mən Azərbaycan nəsrində ikinci bir Mirzə Cəlilin peyda olmasını sübut eləməyə çalışırdım. Yazırdım ki, Şahmar Hüseynov bir hekayədə bəlkə bir romanın materialını ustalıqla əridə bilir. Məzahir Əhmədoğlu yazır ki: “bizi Vaqif Bayatlı Odər tanış etmişdi. Az vaxt ərzində elə isinişdik ki, elə bil uzun illərin dostlarıydıq. Mən bu gözəl insanı, təmənnasız dostu, istedadlı nasiri heç vaxt giley-güzarlı görmədim”. Doğrudur. O, bizim binada, Əhmədlidə ev almışdı. Amma təzə evə ayaq basa bilmədi. 1987-ci ilin soyuq qış günlərinin birində Şahmar dünyasını dəyişdi. Məzahir Əhmədoğlu yazır: “Bir dəfə qızımı şəhərə gəzməyə aparmışdım. Şahmarla rastlaşdıq.O, altı-yeddi yaşlı uşaqla elə şirin söhbətlər edib teatra dəvət etdi ki, qızım onu aparmağımı Şahmardan betər arzuladı”. Eyni hadisə bizim həyətdə də təkrar olundu. Şahmar hələ içinə girmədiyi evi bələdləmək üçün gəlmişdi. Mən də (onda 1987-ci ilin yanvarı idi) üç yaşlı oğlum Yaşarla binanın qarşısında gəzinirdik. Həyətdə onunla görüşdüm, Şahmardan üzr istəyi beş dəqiqəliyə siqaret almağa getdim. Gələndə gördüm ki, Şahmar oğlumu qucağına alıb gülə-gülə ona nəsə danışır.
Məzahir Əhmədoğlunun Nadir Cabbarlıya – Azərbaycan ədəbi tənqidinin bu bənzərsiz hadisəsinə (mən “nümayəndəsi” kəlməsini qəsdən işlətmirəm, Nadir Cabbarlı ədəbi tənqidimizin əsl hadisəsi idi) həsr elədiyi portret yazısı da məni diksindirdi. Əlimi ürəyimin üstünə qoyub Məzahir Əhmədoğlunun nadir haqqında dediyi bu sözləri yüzə yüz təsdiqləyirəm: “O, azərbaycan ədəbiyyatına ciddi, səliqəli və intellekt bir tənqidçi kimi gəlmişdi. Hamıdan fərqlənirdi”. Nadir Cabbarlını Ə.Əylisli kənddən, məktəbdən ayırıb baş redaktor olduğu “Azərbaycan” jurnalına gətirmişdi, bir az ədəbi işçi oldu, sonra baş redaktor müavini. Mən də Əkrəm müəllimin seçdiyi kadrlardan idim və Nadirdən az sonra tənqid şöbəsinə müdir kimi işə götürüldüm. Etiraf edim ki, hamıdan çox onunla dostluq edirdim. Amma o, müəyyən səbəblər üzündən “Azərbaycan”dan tez getdi. Tənqidçi kimi Nadir Cabbarlı məhsuldar deyildi. Bütün yazdıqlarını bir yerə toplasan, həcmi çox da böyük olmayan bircə kitaba sığışar. Amma inanın ki, onun yazılarında bircə boş cümlə belə tapammazsınız. Fəqət..hanı o kitab, o məqalələri yığıb-yığışdırıb bir kitab kimi oxuculara təqdim edəcək bir qeyrətli oğul tapılacaqmı?
Nəhayət, Məzahir Əhmədoğlunun bir portret yazısına da münasibətimi bildirmək istəyirəm. O da bugünkü publisistikamızda özünün üslubunu yaradan İradə Tuncay barədədir. Bu xanımın kitabı barədə mən də yazmışam. Və onu deyim ki, İradə Tuncay “Sarı odalar”da hətta özünü də ötüb keçib, publisistikamızın bu günkü səviyyəsinin ən bariz göstəricisidir bu kitab. Bu məqamda Məzahir Əhmədoğlunun bir fikrilə tam razıyam: “iradə Tuncay çevik jurnalistdir. İlk baxışda bütün bunlar onun, belə demək mümkündürsə, televiziyadan qəzetə transferini müəyyənləşdirir. Lap dəqiqi “Mən harda olsam, İradə Tuncayam” gerçəkliyini funksionallaşdırır. İlk əvvəllər həqiqətən müəyyən yazılarında telepublisistika daha qabarıq görünürdü. Yəni mövzunun süjeti bu cür qavranırdı. Sonralar həmin üslubun qəzet variantında ənənəvi aparıcılıq modern diskussiya nümunələri ilə əvəzləndi. Səhifələr, başlıqlar, abzaslar, incə keçidlər zərgər dəqiqliyilə oturuşdu. Fikirlər, düşüncələr əslində, bir-birinin bəzəyini, gözəlliyini tamamlayan kavərsəni xatırlatdı...Hamı bu yeni və bənzərsiz yazarı həm də gerçəkdən sevdi”.
Çox doğru və dəqiq mülahizələrdir və bu yazısında Məzahir Əhmədoğlu İradə xanımın üslubi xəttini düzgün təyin edib.
Məzahir Əhmədoğlunun portret yazılarında ümdə görünən bir xüsusiyyəti qeyd etmək istəyirəm. O da bundan ibarətdir ki, müəllif kimdən yazırsa-yazsın, o şəxsin həyatında ən lirik məqamları oxucuya çatdırmağa can atır. Məsələn, mənim də çox yaxşı tanıdığım iki gözəl şairin-Mahir Qarayevin və Ədalət Əsgəroğlunun portretləri məhz bu aspektdən işlənib. Hər gün Ədaləti görürəm, Mahiri isə ildə olsa-olsa bir iki kərə.Mən onların yaradıcılığından söhbət açsam da, onların şeirlərindəki lirik duyğulara müraciət etsəm də, Məzahir Əhmədoğlu kimi publisistik bir yazı yaza bilmərəm. Uşaqlıqdan, gənclikdən gələn xatirələr ayrı şeydi.
Bəli, haqqında söz açdığım bu portret yazılar mənə doğmadır. Çünki o yazıların qəhrəmanları mənim də dostlarım idi... və dostlarımdır.
Ancaq mən Məzahir Əhmədoğlunun yaradıcılığını təkcə portret yazı janrı ilə məhdudlaşdırmaq istəmirəm. Onun kitabında “Mətbuat və cəmiyyət”, “Publisistika (məqalələr, esselər)” bölmələri var və deyərdim ki, bu bölmələrdə olan yazılar kitabın əsas mahiyyətini və ağırlıq qüvvəsini təşkil edir.
Mətbuat və cəmiyyət. Bu gün ən çox hallanan bu problemə müxtəlif aspektlərdən yanaşmaq olar və yanaşılır. Məsələ ondadır ki, bu günkü qəzet bolluğunda (indi hətta jurnal bolluğundan da söz aça bilərik) səviyyəli qəzet və səviyyəli yazı problemi çox ciddi məsələdir.Müəllif yazır: “Təbii, ölkədə yaranmış indiki anormal qəzet bolluğunda oxucuları da qınamaq mümkün deyil, seçim etmək çətinliyi yaranır. Eyni zamanda etiraf da etmək lazımdır ki,mətbuata maraq da kütləvi deyil”.
Bu. İlk baxışda sadə görünsə də, əslində,çox ciddi bir məsələdir.Niyə mətbuata maraq kütləvi deyil? Bunu həddini aşan qəzet bolluğu iləmi izah etmək olar? Təbii ki, yox! “Azərbaycan” nəşriyyatında hər mərtəbədə qapıların üstündə müxtəlif qəzetlərin adları yazılıb. Ancaq onların böyük bir qisminin mətbuata bir elə dəxli yoxdur. “Problem nədir? Ölkədə kifayət qədər qəzet və jurnal nəşr olunur. Hər kəs zövqünə görə öz qəzetini seçir. Demokratiyanın verdiyi imkanlar qeyri-peşəkarlığın qəzet açmalarını yasaqlamır Eyni zamanda təşkilatlara üz tutmağını, növbəyə durub məmurların qəbuluna düşməyi də. Bu tip qəzetlər, məqsədi-məramı bilinməyən nəşrlər, daha çox insanların vaxtını alan, onları yalvar-yaxarla bezdirən mədəni dilənçilər yetişdirirlər. Belədə göz qabağına rastlaşanda pul qoparmadan əl çəkməyən qaraçılar gəlir”.
Bir qədər kəskin şəkildə söylənilsə də, bunlar həqiqətdir.
Məzahir Əhmədoğlunun bu tipli yazıları içərisində mətləbə hədəfə ən çox toxunan yazılardan biri də “Peşəkarlığın imperiyası”dır. Fikrimcə, adını çəkdiyim “Mətbuat və cəmiyyət” bölməsində bu məsələnin mahiyyəti doğru səciyyələnir. Peşəkarlıq hər bir fəaliyyət növünün mahiyyətini, yaşarılığını, özünü təsdiqini təcəssüm etdirir. Bəli, bütün kəm-kəsirlərin, bəlaların səbəbi məhz peşəkarlıq səviyyəsinin olmaması ilə bağlıdır. Çox düzgün müşahidədir: “Məsələ burasındadır ki, ölkə mətbuatı, indiki halda, bəlkə də qəribə səslənən bazar iqtisadiyyatına tam sərbəstliklə daxil oldu. Başqa heç bir sahədə bu dərəcədə sərsəm və ironik demokratiya töhfəsinin şahidi deyilik. Bütün ağrı-acılarını, fəsadlarını sonralar bütün cəmiyyət gördü və yaşadı. Debil “qəzetciklərin” fəaliyyətində, bic və naşı törəmələrin debil dünyagörüş və münasibətlərində, debil iddialarında. Baxın, müasir Azərbaycan mətbuatı əslində, postsovet dövlətləri arasında bəlkə də təkcə Rusiyadan geridə qalar. Peşəkarlığın ümumi kvalifikasiyası bir sıra qəzetlərin və jurnalistlərin timsalında dünya səviyyəsindədir. Müasir texnoloji vasitələr izləmək və müqayisələr aparmaq imkanları yaradıb, ancaq görürsünüzmü, ölkədə nə qədər biabırçı qəzetlər də buraxılır”.
Bütün bunların səbəbi təbii ki, qeyri-peşəkarlığın gün-gündən çoxalmasıdır (“Peşə oğruları” məqaləsini oxuyun).
Məzahir Əhmədoğlunun publisistik yazıları iki mənada diqqəti xüsusilə cəlb edir. Birincisi; bu yazılar öz üslubu etibarilə çətin oxunan və qavranılar yazılar deyil, asan, sadə təhkiyə tərzilə oxucunu birbaşa mətləbə, demək istədiyi əsas fikrə səmtləndirən yazılardır. Məzahir Əhmədoğlu qəliz yazmır, dilində, işlətdiyi cümlələrdə bəzi terminlər, bizdə çox az işlənən sözlər olsa da, bunlar mətndə tez “həzm” olunur. İkincisi; Məzahir Əhmədoğlu daha çox ziyalı təbəqəyə üz tutur, belə demək mümkünsə, onun oxucuları əksərən elə bizik:müəllimlər, jurnalist həmkarları, ədiblər, bir də müxtəlif peşə sahibləri olan oxumuş adamlar. Amma bu, o demək deyil ki, başqa peşə sahibləri onun yazılarını oxumurlar.
Onun mövzuları çoxçeşidlidir. Dahi şahmatçı Fişerdən də yazır (“Dahi”),bazar gəzəyənlərindən də, kitab ticarətindən də, doğulduğu kəndin adamlarından və ağaclarından da, ayrıca Gilas ağacından da, məktəbdən də, təvazökarlıq və etiraf kimi iki müsbət insani keyfiyyətdən də, bir sözlə..azad mövzular, sərbəst düşüncə..Ona görə də bu yazıların üzərində çox dayanmıram.
Təbii ki, bu kitabda mənim bəyənmədiyim yazılar da var. Amma bəyəndiyim yazılar üstünlük təşkil etdiyi üçün burada susmağı lazım bilirəm. Kitabın adı da şərtidir və başqa ad da qoyula bilərdi. Amma nə dəxli?
Kitabda Məzahir Əhmədoğlunun ən sadiq dostları, həmkarlarının da onun haqqında xoş sözləri təqdim edilir. Aqil Abbasın (ön söz də Aqilindir), Nazim Ağamirovun, Əbülfət Mədətoğlunun, Tofiq Abdinin, Daşdəmir Əjdəroğlunun, Ceyhun Musaoğlunun fikir və mülahizələri bir publisist-fədainin özünün portretini araya-ərsəyə gətirir. Ən qədim dostlarımdan olan Tofiq Məhərrəmoğlu Abdinov yazır ki: “Məzahir Əhmədoğlu bəzən özünün istəmədiyi şeyləri də yazır: bu, qaçılmazdır” Doğru deyirsən, qardaşım Tofiq Məhərrəmoğlu Abdinov, amma bu sənə də aiddir, mənə də. Tofiq dostum Məzahirin “Köşə yazıları”nı tərifləyir və mən də bu fikrə tam şərikəm. Tofiq özü də bu işin ustasıdır. Aqil Abbas yazır ki, Məzahir ağır xəstələndi, o dünyanı görüb gəldi “Soruşdum ki, Məzahir, oralarda məni soruşan-filan olmadı? O da gülüb dedi: – Müəllim, mən cənnətə dəyib qayıtdım ey!”.
Mən də hələ tanış olmadığım, üzünü görmədiyim həmkarıma bu dünyada cənnət günlər, cənnət aylar, cənnət illər arzulayıram!
Vaqif YUSİFLİ





Mənbə: Vaqif YUSİFLİ15.06.2011     Çap et  Çap et