525-ci qəzet

Yeri görünən Aydın


 
Əgər insanın yaşını onun yaxşı əməllərinin sayı ilə hesablamaq lazım gəlsəydi, bu siyahıda yaxından tanıdığım insanlardan birinin – 42 yaşında dünyasını dəyişmiş Aydın Səlimzadənin adını birincilər sırasında görmək istərdim. Dünyaya sanki yaxşılıq etmək üçün gəlmişdi Aydın. 1993-cü ilin sentyabr ayında bizim uzun illər çalışdığımız “Elm və həyat” jurnalına baş redaktor təyin olunanda Aydın Səlimzadə Azərbaycan Elmlər Akademiyası prezidentinin mətbuat və informasiya üzrə müavini vəzifəsində çalışırdı. Ondan əvvəl isə Akademiyanın “Elm” qəzetinin baş redaktoru olmuşdu. Biz də Aydını “Elm” qəzetindən tanıyırdıq. Onun baş redaktor olduğu 1989-1992-ci illərdə bu qəzet təkcə Akademiya dairəsində deyil, eyni zamanda respublika səviyyəsində sayılıb-seçilən qəzetlərdən biri olmuşdu. Ona görə də Aydının bizim jurnala baş redaktor təyin olunması hamının ürəyincə oldu. Tanrı Aydından heç nəyi əsirgəməmişdi. O, gözəl alim, istedadlı jurnalist, mehriban və zəhmətkeş ailə başçısı, qədirbilən övlad, ən başlıcası da qeyrətli və xeyirxah bir vətəndaş idi. Onun “Elm” qəzetində qazandığı uğurlar da məhz zirvələrdə dayanan vətəndaş qeyrətinin bəhrəsi idi. Çünki o dövrlər Qarabağ münaqişəsinin ən qızğın çağları idi və haqq sözü axtaran insanlar ən mötəbər elm ocağının –Azərbaycan Elmlər Akademiyasının qəzeti olan “Elm”in səhifələrində kəsərli yazılar tapdıqlarına görə onun ətrafında daha sıx birləşirdilər. Aydının cəsarətliyi ilə akademiya rəhbərliyinin vətəndaşlıq mövqeləri üst-üstə düşdüyünə görə həm oxucuların, həm də Aydının bəxti gətirmişdi. Xüsusilə, akademik Ziya Bünyadovun “Elm” qəzetində verilən “Poçemu Sumqait” və akademik İqrar Əliyevin “Naqornıy Karabax” yazıları qəzet çap olunana qədər vərəqələr şəklində əldən-ələ gəzirdi. Çünki bu yazılar xalqın qəsdən unudulan tarixinin açıqlanmasına xidmət edən ilk nümunələr kimi xalqın yaddaşını təzələyirdi. Bu baxımdan ötən əsrin 90-cı illərinin demokratik mətbuat orqanları arasında böyük nüfuz qazanan “Elm” qəzeti Aydının ən uğurlu fəaliyyəti kimi yaddaşlara həkk olundu. Aydın vətənə təkcə qəzet vasitəsilə xidmət göstərmirdi. O, eyni zamanda öz canı, istidən də isti ürəyi ilə cəbhə bölgələrində, qaçqın-köçkün düşərgələrində olmağa can atır, onlara arxa durmağa çalışırdı. Silahla-sursatla kömək etməyə gücü çatmasa da, nurlu çöhrəsi, ümidverici baxışları ilə kömək etməyi bacarırdı Aydın. Xeyirxahlıq missiyası onun gündəlik iş planının lap önündə dayanardı. Redaksiyamıza ayaq açdığı ilk gündən kiçik kollektivimizə sanki bir ümid çırağı gətirmişdi. Üzündən nuru, gözlərindən qayğıkeşliyi əskik olmazdı onun. Onu həmişə harayasa tələsən görərdik. İstər akademiyanın, istər redaksiyanın, istər ətrafındakı insanların və yaxud da ailəsinin problemi olsun, fərq etməzdi onun üçün. Hamısına eyni qayğı, eyni diqqətlə yanaşardı.Və hər bir işin uğurlu nəticəsi də onu eyni dərəcədə sevindirərdi... Cəbhə bölgələrindən qayıdanda tez redaksiyaya baş çəkər, öz təəssüratlarını bölüşərdi. Bizə təklif edirdi ki, istəsəniz, gələn dəfə sizin də getməyinizi təşkil edə bilərəm. Doğrusu, Aydınla söhbətdən sonra insan özündə qəribə bir yüngüllük hiss edirdi. Aydın yaşca bizim hamımızdan kiçik olsa da, özünü o qədər səbirli, müdrik göstərirdi ki, ən çətin işlərin də tezliklə düzələcəyinə böyük ümidlər yaranırdı. O vaxtlar maliyyə çətinliyi üzündən “Elm və həyat” jurnalı nəşrini dayandırmaq məcburiyyətində qalanda Aydın Səlimzadənin özü kimi mərd və xeyirxah dostlarının yaxından köməkliyi nəticəsində jurnalın ildə bir nömrəsi çıxsa da, nəşri dayanmadı. “Sponsor”, “təsisçi” sözlərinin təzə dəbə düşdüyü həmin illərdə Aydın bizə məsləhət gördü ki, əgər redaksiyanın jurnalist kollektivi təsisçilər sırasına qoşulsa, jurnalın bağlanmaq təhlükəsi aradan götürülər. Aydın Səlimzadənin uzaqgörənliklə verdiyi bu təklif vaxtında həyata keçirildiyinə görə, jurnalın bağlanmaq təhlükəsi ötüşdü. Elə həmin ildən başlayaraq, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti ilə yanaşı, Arxeologiya və Etnoqrafiya İnstitutu və bir də “Elm və həyat” jurnalının jurnalist kollektivi bu günədək jurnalın təsisçiləridir. Aydın Səlimzadə 1979-cu ildən Elmlər Akademiyasının Tarix İnstitutunda işlədiyinə görə akademiyada çalışan insanların çoxunu yaxından tanıyırdı. Onun dəyər verdiyi insanlar sırasında akademik Ziya Bünyadovun, akademik Eldar Salayevin, tarix elmləri doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Arif Abbasovun adlarını tez-tez eşidərdik. Aydının insanları yaxşı tanımaq və onları yetərincə qiymətləndirmək qabiliyyəti də sanki bir tanrı vergisi idi. Aydından sonra ötən illər ərzində biz akademik Ziya Bünyadov və akademiyanın müxbir üzvü Arif Abbasovun simasında onun zənnində yanılmadığının canlı şahidləri olduq. Aydın əmək fəaliyyətinə lap gənc yaşlarından başlamışdı. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində qiyabi təhsil aldığına görə, universiteti bitirənə qədər doğulduğu İsmayıllı rayonunda fəhləlikdən müəllimliyə qədər bir təcrübə məktəbi keçmiş, həyatın çox üzünə yaxından bələd olmuşdu. İlk məqalə və şeirlərini də elə o vaxtlar çap etdirmişdi. O, Tartix İnstitutunun aspiranturasına qəbul olunandan sonra Moskvada Etnoqrafiya İnstitutunda təcrübə keçmiş və 1986-cı ildə Minsk şəhərində “Sumqayıt şəhəri əhalisinin formalaşması və millətlərarası mədəni-məişət əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almış, “Palıd vüqarı”, “Su səmtinə axar” kitabları və yüzlərlə məqaləsi çap olunmuşdu. Əvvəllər Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində və “Azərbaycan” jurnalında ədəbi işçi vəzifəsində çalışmışdı. Məqalələri respublikanın nüfuzlu mətbuat orqanlarında tez-tez çap olunduğuna görə, imzası yaxşı tanınırdı. Aydın Səlimzadə “Elm və həyat” jurnalının baş redaktoru olduğu iki ilə yaxın bir müddətdə redaksiyada heç bir gün də olsa səhərdən axşama qədər oturmamışdı. Amma o, işlərinin çoxluğuna baxmayaraq, nəinki jurnala aid problemləri həll etməyə çalışar, eyni zamanda əməkdaşların məişət problemlərini həll etmək üçün də əlaqədar idarələrə, vəzifə sahiblərinə zəng etməkdən, kömək istəməkdən çəkinməzdi, bir sözlə, hamının dərdini özününkü hesab edərdi. Mənzilində telefonu olmayana telefon çəkdirər, zəhmətinin müqabilində fəxri adı olmayana ad verilməsi üçün təqdimat yazar, jurnalın çapına köməklik üçün “pullu” idarələrin müdirlərinə məktub göndərərdi... Aydının qəribə xüsusiyyətlərindən biri də hamını özünə doğma hesab etməsiydi. Heç yadımdan çıxmaz, bir dəfə Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında tədbir keçirilirdi. Aydın bizi də dəvət etmişdi. Tədbir qurtarmamış Aydin Ülkər xanımla mənə yaxınlaşıb xəbərdarlıq etdi ki, tez çıxmayın, sizinlə işim var. Tədbir sona yetəndən sonra elə oradaca ayaqüstü qəlyanaltı verirdilər. Biz sağollaşmaq üçün Aydını axtaranda bir də gördük Aydın əlində bir sini şirniyyatla bizə yaxınlaşdı. “Hə, bunlar sizin üçündür, nə lazım olsa, yenə gətirərəm”- deyib aralandı. Bir qədər keçməmiş yenidən əlində nəsə gətirib gəldi. Sonra bildik ki, onun dediyi “iş” elə bu imiş. Doğrusu, Aydının bu diqqət və qayğıkeşliyi bizi həm sevindirdi, həm də çox təəccübləndirdi. Onun həmin hərəkətini indi yada salanda ürəyimizdən keçən kövrək hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Aydının “Elm və həyat”a münasibəti kollektivə yeni ruh gətirmişdi. Yeri düşəndə ailəsindən, övladlarından – qızı Aygün və oğlu Ayazdan fəxrlə söhbət açan Aydın ev alana qədər çəkdikləri əziyyətlərin müqabilində indi xoşbəxt həyat sürdüklərini xüsusi vurğulayar, ona köməklik göstərmiş insanların adlarını minnətdarlıqla çəkərdi. Haqqın yorulmaz müdafiəçisi olan Aydın Səlimzadə kiminsə haqqının tapdandığını görəndə açıqca müdafiəyə qalxar və axıracan mübarizə aparardı. O vaxtlar eşitmişdim ki, Binəqədi rayonunda yerləşən 20 saylı Uşaq poliklinikasının baş həkimi haqsız olaraq tutduğu vəzifəsindən azad olunanda, poliklinikanın işçilərinin bu haqsızlığa etirazından xəbər tutan Aydının yaxından köməkliyilə (onun həyat yoldaşı da həmin poliklinikada tibb bacısı işləyirdi) aradan xeyli müddət keçməsinə baxmayaraq, həmin baş həkim öz işinə bərpa olunmuşdu. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, Aydının vəfalı ömür-gün yoldaşı Rübabə xanımın dözüm və zəhmətkeşliyi sayəsində övladlarının hər ikisi ali təhsil almış, qızı Aygün həkim, oğlu Ayaz isə hüquqşünas ixtisasına yiyələnmiş, Aygün ailə həyatı qurmuş və ana olmuşdur.Yəqin ki, nəvələr də öz valideynləri kimi Aydın Səlimzadənin şərəfli adı ilə daima fəxr edəcəklər. Aydınla son görüşümüz 1995-ci ilin mart ayının əvvəlində jurnalın redaksiyasında olmuşdu. Adəti üzrə həmin gün də redaksiyaya tələsə-tələsə gəlmişdi. Amma nə qədər tələssə də, onun ayaqüstü söhbətləri bir xeyli çəkdi. Ona çay içməyi təklif edəndə “oruc tuturam, indi rayona gedirik, gəldim ki sizinlə sağollaşım, bayramınızı əvvəlcədən təbrik edim, inşallah, qayıdandan sonra birlikdə çay içərik”,- dedi. Sonra isə üzünü “Elm və həyat”ın baş redaktor müavini Ülkər xanıma tutaraq, “Sizə hələlik “Qızıl qələm” mükafatı verəcəklər, qalanlarına da sonra baxarıq” deyib hamıyla sağollaşdı... Amma martın 9-da işə qayıdanda eşitdiyimiz dəhşətli xəbər bizi də Aydının doğmaları qədər sarsıtdı. Aydın bizimlə görüşməyə gələ bilməsə də, biz onun doğulduğu cənnətməkan İsmayıllıya gözüyaşlı yola düşdük. Öz maşını ilə bizi İsmayıllıya aparan Dilqəm adlı dostu yolboyu Aydının xeyirxah işləri haqqında o qədər danışdı ki, elə bil Aydın bizim üçün daha da doğmalaşdı. Amma Aydının nurlu çöhrəsini bir daha görə bilmədik. O bizi özünə yaraşmayan bir qiyafədə-kəcavə tək bəzədilmiş tabutda qarşıladı. Eşitdiyimiz ilk səs isə ana-bacı naləsi oldu. Mart ayının əvvəli olmasına baxmayaraq, hava Aydının özü kimi mülayim və işıqlıydı. Cənazə yerdən qaldırılan zaman təbiətin göstərdiyi bir möcüzəni isə yəqin ki, heç vaxt unutmayacam. Göy qurşağının al-əlvan şüaları arxasından büllur kimi yerə çilənən yağış damcıları sanki YARADANın öz sevimli bəndəsinə göndərdiyi axırıncı töhfəsi idi ... Aydınla vidalaşıb Bakıya qayıtdıqdan sonra onun haqqında hazırladığım yazıları (“İş yoldaşımızın xatirəsi”, “Yerin görünəcək, Aydın”) redaksiyanın kollektivi adından “Elm və həyat” jurnalında və “Mühakimə” qəzetində çap etdirmişdim. İndi isə “Elm və həyat” jurnalının 50 illik yubileyinin keçirildiyi bu günlərdə tez-tez yada saldığımız hörmətli həmkarımız Aydın Səlimzadəni bir daha xatırlamağı və xatırlatmağı özümə borc bildim. Çünki bu yubiley tədbirlərinin önündə dayanmağa haqqı çatan çox dəyərli bir insanın – tarixçi alim, şair, yazıçı-publisist, əvəzsiz xeyirxahlıq mücəssəməsi Aydın Səlimzadənin yeri görünür... Maral POLADOVA, “Elm və həyat” jurnalının məsul katibi




Mənbə: Maral POLADOVA29.04.2011     Çap et  Çap et