525-ci qəzet

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz



Professor Timuçin Əfəndiyev ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki görüşlərini, gördüyü əməli işləri, dəyərli tövsiyələrini, sənət adamları ilə səmimi ünsiyyətini, sənətin inkişaf perspektivlərini müəyyənləşdirən konseptual düşüncə tərzini araşdırmaqla məşğuldur. O, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı kitab yazmış, ümummilli liderin mədəniyyət, incəsənət, mənəvi sərvətlərimiz sahəsindəki konseptual görüşlərini bu kitabda əks etdirmişdir. Bu yaxınlarda ictimaiyyətin diqqətinə təqdim olunacaq həmin kitabdan götürülmüş parçaları oxucuların diqqətinə təqdim edirik.

Hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesinin ümdə qayəsini dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pak və ali dəyərləri müəyyən edir. Bu ənənə və dəyərlər bir-biri ilə çulğaşaraq həm də xalqların məfkurə və düşüncə sisteminin, dünyagörüşünün parlaq təcəssümü kimi meydana çıxır. Dünyanın ən qədim xalqlarından sayılan azərbaycanlılar da tarixən formalaşmış zəngin milli-mənəvi və əxlaqi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermiş, ülvi və saf ideallara sarsılmaz bağlılığı ilə daim özünəməxsusluqlarını qorumuşlar. Şərqə məxsus mütərəqqi adət-ənənələrlə Qərbin mötədil dəyərlərinin mənəvi mədəniyyətimizdəki uğurlu harmoniyası həm də milli təfəkkürümüzdə fərqli dünyagörüşləri və mədəniyyətləri bir araya gətirir.
Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meylləri də özünü qabarıq göstərir. Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən də gizli və ya açıq mübarizələrin getdiyi bir zamanda soy-kökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın həyata keçirilməsi zərurəti ilk növbədə ziyalıların, elm və mədəniyyət xadimlərimizin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması, gənc nəslə aşılanması xüsusi aktuallıq kəsb edir. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır.
Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici mövqe, aparıcı yer tutmuşdur. Təkcə yaşanılan dövrü, müasir mərhələni yox, Azərbaycan ədəbiyyat və mədəniyyətinin bütöv milli tarixini, mühitini əhatə edən dil siyasəti xalqın tarixi uğurlarına əsaslanaraq böyük perspektivlərə istiqamətlənib. Müəyyən qədər unudulan, tarixin gizlinində xalqdan ayrı salınan milli ədəbiyyat və mədəniyyət nəhənglərinin üzə çıxarılması, bu yolla Azərbaycan dilinin böyük ədəbi yaddaşının bərpası, dilin daxili enerjisinin min illər boyu yığılan etnogenetik, ruhi-mənəvi potensialının oyadılması, hərəkətə gətirilməsi Heydər Əliyevin misilsiz xidmətlərindən biridir. Bakıda, respublikanın digər şəhərlərində xalqın ədəbiyyat və mədəniyyət xadimlərinə ucaldılan çoxsaylı heykəllər, həm də Azərbaycan dilinin halal haqqını, uca şərəfini təsdiqləyən abidələrdir. Yubileylər vasitəsilə xalqa yenidən bütün böyüklüyü, əzəməti ilə, olduğu kimi qaytarılan İmadəddin Nəsimilər, Molla Pənah Vaqiflər, Həsən bəy Zərdabilər... Onların heykəlləri Azərbaycan dilinin tarixi uğurlarını, sənət zirvələrini milli mühitin daimi, əbədi enerji mənbəyinə çevirir, ümummilli intibahda “gizli” iş görürdü. Beləliklə, Heydər Əliyevin Azərbaycan dili siyasəti çox geniş mənası, elmi-konseptual əsasları ilə, əslində Azərbaycanı xilasetmə yolunun mühüm tərkib hissəsi idi.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli fərmanı, 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanından irəli gələn vəzifələrdə Heydər Əliyevin mənəvi dəyərlərimizə münasibəti açıq ifadə edilmişdir.
Bu bir danılmaz faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər çox yaxşı başa düşürdü ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən, qədim tarixə malik olan və min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ana dilimiz ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli məlum sərəncam imzalanmışdır. Ana dilimizə göstərilən qayğı baxımından “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il fərmanı xüsusi əhəmiyyətə malikdir. Bu zamandan etibarən hər il avqust ayının 1-i “Ana dili günü” kimi qeyd olunur.
Beləliklə, bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsi, məhz ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyevin dillə bağlı qoyub getdiyi zəngin irs də var olacaq, bizimlə birgə, qəlbimzidə yaşayacaq, körpələrimizlə yenidən doğulacaq, yenidən nəfəs alacaqdır.
Dilimizin inkişafında dövlət qayğısının parlaq təzahürü olan fərman və sərəncamlar, o cümlədən “Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı (09.08.2001), “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu (30.09.2002), “Azərbaycan Respublikasının dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanı (02.01.2003), “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (04.01.2003), “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı (12.01.2004), “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı (12.01.2004) habelə dil və təhsil quruculuğu ilə əlaqədar olan normativ sənədlər, aktlar, təlimatlar, metodik göstərişlərdən irəli gələn tələblər ali məktəblərin fəaliyyətində və təcrübi işlərində də geniş şəkildə tətbiq edilməkdədir.
Estafeti ümummilli liderdən alaraq şərəf və ləyaqətlə qoruyan, inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Heydər Əliyev kursunu uğurla davam etdirir. Dövlət başçımız İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya standartlarına uyğunlaşmasında böyük rol oynamışdır. Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində elm, təhsil və mədəniyyətin ayrı-ayrı problemlərinə həsr olunmuş çoxsaylı dövlət proqramları hazırlanıb təsdiq olunmuşdur. Dövlətimizin teatr sənətinə göstərdiyi qayğının bariz nümunəsi kimi 6 fevral 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını göstərə bilərik (bax: Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu. “Ədəbiyyat qəzeti”, 9 fevral 2007-ci il, № 5; “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmişdir). “Xalq” qəzeti, 19 may 2009-cu il, № 106).
“Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 fevral tarixli 1964 nömrəli sərəncamına əsasən Azərbaycan xalqının ictimai-siyasi həyatında, milli mədəniyyətimizin inkişafında böyük rol oynayan Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında isə göstərilir ki, bu proqram “öz fəaliyyəti ilə milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət edəcəkdir” (“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmişdir). “Xalq” qəzeti, 19 may 2009-cu il, № 106).
Milli mədəniyyət həm də mənəviyyatla, adət və ənənələrlə, xalqın inancları, dini görüşləri ilə sıx bağlıdır. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən, xalqımızın milli-mənəvi dəyərlərini həmişə uca tutan ölkə prezidenti cənab İlham Əliyev də islam dini ilə bağlı tarixi ənənələrə və dini bayramlara hörmət və ehtiramla yanaşır. Bütün milli və dini bayramlarda Azərbaycan xalqını təbrik edən hörmətli prezidentimiz Qurban bayramı münasibətilə təbrikdə demişdir: “Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Əziz bacı və qardaşlarım! Bu müqəddəs bayram günlərində bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!”
Bu gün Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisi üçün yeni stimul yaratmışdır. Mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir. Bakıda təmir olunmamış teatr binası qalmamışdır. Bir çox mədəniyyət ocaqlarının, o cümlədən Milli Akademik Dram Teatrının təmiri başa çatmışdır. Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində çox önəmli bir hadisə idi.
Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. “Heydər Əliyev Fondu”nun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəniyyət və incəsənətin inkişafı üçün həyata keçirilən məqsədyönlü və səmərəli əməli fəaliyyət proqramları respublika ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılanmaqdadır. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. “Muğam”, “Aşıq sənəti”, “Novruz” bayramı kimi mədəniyyət incilərimizin YUNESKO tərəfindən dünyanın qeyri-maddi irs siyahısına salınmasında bu fondun xidməti danılmazdır. İndi Bakıda Muğam Mərkəzi fəaliyyət göstərir, Xalça Muzeyi inşa olunur, yeni sərgi salonları yaradılır. Bunlar Heydər Əliyev ideyalarından güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir.
Bu gün Azərbaycanın mədəniyyət sahəsində Heydər Əliyev tərəfindən əsası qoyulan müasir siyasətin və idarəçiliyin aparıcı istiqamətləri keçmişi, milli-mədəni sərvətləri qoruyub saxlamaq, indinin müsbət nailiyyətlərini dəstəkləmək və inkişaf etdirmək, gələcəyə inamla baxmaqdır. Cəmiyyətin ardıcıl surətdə demokratikləşməsi, mədəniyyətin bəşər inkişafının ayrılmaz faktoru kimi dərk olunmasının və qəbul edilməsinin getdikcə güclənməsi, bu sahənin uğurlu inkişafı mədəniyyət siyasətinin düzgün olmasını təsdiqləyir və nikbin proqnozlar üçün inandırıcı əsas yaradır.
Dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox möhtəşəm nəzəri irsi içərisində onun ədəbiyyat konsepsiyası əsas yerlərdən birini tutur. O, ədəbi-mədəni irsə öz dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Heydər Əliyev ən qədim çağlardan bəri xalqın yaratdığı hər nə varsa, bundan dövlətçilik mənafeləri baxımından uğurla istifadə edirdi. Xüsusilə hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra o, dövlət və xalq arasında etibar və etimad körpüsünü, inam dayaqlarını yaradıcı ziyalılar vasitəsilə qururdu. O, əvvəllər də belə idi. Nəinki 1969-cu ildə Azərbaycan SSR-in rəhbəri təyin olunduqdan sonra, habelə ondan da əvvəl – DTK-nın rəhbəri olduğu dövrdə də Azərbaycan ədəbiyyatı ilə dərindən maraqlanır, klassik bədii əsərlərimizi oxuyur və mühafizə edirdi. Heydər Əliyev üçün ədəbiyyat özündə milli-mənəvi dəyərləri hifz edən zəngin xəzinə, xalq həyatının və xalq taleyinin ensiklopediyası idi. Ona görə də Heydər Əliyevin ədəbiyyat konsepsiyası çoxcəhətli bir təlimdir. Hələ sovet dönəmində məhz onun nüfuzu, səyi və təşəbbüsü sayəsində bir qrup yazıçıya keçmiş SSRİ-nin ən böyük mükafatı – Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. S.Rüstəm, R.Rza, S.Rəhimov, M.İbrahimov bu adın sahibi olan sovet ədəbiyyatı klassikləri idi. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Bakıda C.Cabbarlı, İ.Nəsimi, H.Cavid, N.Nərimanov kimi ədəbi şəxsiyyətlərə monumental heykəllər ucaldıldı.
Heydər Əliyevin ədəbiyyat siyasəti onun ümumdövlət siyasətinin əsas inkişaf istiqamətlərindən biridir. Ulu öndərin ədəbi-nəzəri görüşlərini aşağıdakı əsas istiqamətlər üzrə təsnif etmək olar:
– Bədii ədəbiyyat (və dil) Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin ideya zəmini və məxəzi kimi;
– Heydər Əliyev və çağdaş ədəbi proses;
– Heydər Əliyev və folklor (epos təfəkkürü);
– Heydər Əliyev və klassik bədii irs.
Heydər Əliyev bütün ömrünü müqəddəs və ali məqsədə – azərbaycanlı özünüdərkinin, mənəviyyatının, mədəniyyətinin inkişafına həsr etmişdir. Bu yolda o, bədii ədəbiyyatımızın böyük imkanlarına əzmlə güvənirdi: “Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim hissiyyatlar oyatmağa çalışmışlar, milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan gəlir”. Beləliklə də Heydər Əliyevin azərbaycançılıq konsepsiyası çoxəsrlik Azərbaycan ədəbiyyatının bədii-fəlsəfi əsasları zəminində bərqərar olurdu” (bax: Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, “Şərq-Qərb”, 2009).
Qeyd etməliyik ki, ümumiyyətlə, Azərbaycanın fəlsəfi fikri daha çox bədii ədəbiyyat zəminində formalaşıb. “Avesta”, “Kitabi-Dədə Qorqud” abidələri, Xaqani, Nizami, Nəsimi, Füzuli, M.F.Axundzadə və s. kimi şəxsiyyətlər təkcə böyük yazıçılar deyil, eyni zamanda böyük filosoflar idi. XI əsrin böyük ədəbiyyatşünası, şərhçilik məktəbinin banisi Xətib Təbrizi öz araşdırmalarını ümumən ərəbdilli poeziya üzərində qururdu ki, bura Azərbaycan şairləri də daxil idi. Ümumiyyətlə, klassik Şərq ədəbiyyatına yanaşmada belə bir prinsip nəzərə alınmalıdır: bir var ərəb poeziyası, bir də var ərəbdilli poeziya. Məsələn, Məvali şairlərin əksəriyyəti azərbaycanlılar idi. Eyni mülahizəni fars poeziyası və farsdilli poeziya barəsində də söyləmək olar. Məsələn, farsdilli poeziyanın zirvəsi Nizami Gəncəvi azərbaycanlı idi...
Artıq qeyd etdik ki, Heydər Əliyevin təkcə dilə və ədəbiyyata yox, ümumən ictimai və humanitar elmlərə müraciət və münasibətinin təməl daşında milli dövlətçilik təlimi olan azərbaycançılıq ideologiyası dayanırdı. O, Dünya Azərbaycanlılarının I qurultayındakı (10 noyabr 2001) məşhur nitqində demişdir: “Öz ürəyimdən gələn fikirləri ifadə edərək bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, zəngin milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” (bax: Heydər Əliyev və azərbaycançılıq məfkurəsi. Bakı, 2002). Beləcə, Heydər Əliyevin ədəbiyyat konsepsiyası və mədəniyyət nəzəriyyəsi, onun ana dili haqqındakı baxışları da məhz azərbaycançılıq fəlsəfəsi kontekstində daha aydın dərk olunur. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Prezident fərmanında belə yazılıb: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, qayğı ilə əhatə etməlidir. Bu onun vətəndaşlıq vəzifəsidir. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir”.
Heydər Əliyev təkcə bütövlükdə ədəbiyyata, ədəbi-bədii irsə deyil, müasiri olduğu hər bir istedadlı sənətkara bir azərbaycançı kimi, sənətkar və vətəndaş kimi baxırdı. Onun XX əsrin yazıçıları haqqında fikirlərini oxuyanda XIX əsrin böyük rus şairi, “Sovremennik”in baş redaktoru Nekrasovun məşhur kəlamı yada düşür: “Sən şair olmaya bilərsən, lakin vətəndaş olmağa borclusan”. Vətəndaş və yazıçı! Heydər Əliyevin müasir ədəbi proses konsepsiyasında bu müddəa başlıca yer tutur. Yalnız Məmməd Araz kimi “Bir qayaya söykənmişəm, deyirəm kaş Bax beləcə daşa dönəm yavaş-yavaş” deyən, yaxud “Vətən daşı olmayandan Olmaz ölkə vətəndaşı” çağırışı ilə ədəbiyyat cəbhəsinə atılan şairlər təkcə ədəbiyyata yox, həm də xalqa, millətə, tarixə və dövlətçiliyə xidmət göstərə bilər. Hələ hakimiyyətə gəldiyi ilk dövrlərdə – Azərbaycan yazıçılarının V qurultayındakı nitqində (5 iyun 1972-ci il) o, böyük ruh yüksəkliyi ilə deyirdi ki, respublikanın nailiyyətlərində yazıçılarımızın da xidməti böyükdür. O, yazıçıların əməyini, dövlətçilikdə və ümumən cəmiyyətdə rolunu yüksək qiymətləndirməklə bərabər, həm də prinsipial mövqedən nöqsanları da tənqid edirdi. Qurultaydakı nitqində üzbəsurət demişdi: “Azərbaycan Yazıçılar İttifaqında yaradıcılıq məsələlərinin müzakirəsi bəzən ümumi xarakter daşıyır, lazımi dərəcədə konkret olmur. Bəzən yoldaşlar “münasibətləri korlamaqdan” ehtiyat edərək əsərə açıq qiymət verməkdən çəkinir və prinsipsizlik mövqeyinə enirlər. Ədəbi tənqidimiz bəzən lazımi yüksəklikdə olmur, ayrı-ayrı əsərlərin ciddi nöqsanları, ideya-bədii qüsurları haqqında öz rəyini cəsarətlə ifadə etmir”. Bu elə bir dövr idi ki, elə həmin il ümumittifaq miqyasında “Ədəbi-bədii tənqid haqqında” qərar qəbul olundu, hər yerdə ədəbi tənqidin problemləri, metodoloji zəifliyi təhlil predmetinə çevrildi. Heydər Əliyevin uzaqgörənliklə söylədiyi fikirlər ədəbi tənqid haqqında qərarda söylənilənlərlə üst-üstə düşürdü.
Heydər Əliyev ədəbiyyata, sənətkar şəxsiyyətinə tarixilik kontekstində yanaşan, bədii fikrin tarixi-fəlsəfi qüdrətini hər şeydən üstün tutan şəxsiyyət idi. 1975-ci ildə Azərbaycanda sovet ədəbiyyatı günlərində söylədiyi məşhur nitqində demişdi: “Tarixin bir-birinə qovuşdurduğu əsrlər bir çox xalqların oğul və qızlarını məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikrilə zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar ittihamçıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur”. Ədəbi-tarixi prosesə belə baxış, heç şübhəsiz ki, konseptual xarakter daşıyır və böyük perspektivlərə malikdir. Əlbəttə, Heydər Əliyevin ədəbiyyat və mədəniyyətlə bağlı bütün məruzə və çıxışlarının özünəməxsus orijinal dəyərli cəhətləri var. Bununla yanaşı, biz belə hesab edirik ki, Azərbaycan yazıçılarının VII qurultayında (12 iyun 1981-ci il) söylədiyi geniş və parlaq nitq onun ədəbiyyat haqqında proqram əsəridir. Burada ədəbiyyatın cəmiyyətdə və tarixdə rolu, sözün tarixilik və müasirlik imkanları kontekstində yazıçı taleyi problemləri nəzərdən keçirilir. Bu nitqdəki (əslində sanballı məruzədir!) bəzi tezislərə nəzər salmadan Heydər Əliyevin ədəbiyyat konsepsiyasını düzgün şərh etmək olmaz. Məsələn: “Müasir Azərbaycan ədəbiyyatında cərəyan edən proseslər mühüm və diqqətə layiq proseslərdir: onlar özləri ilə yenilik gətirir. Bədii söz sənətkarlarının gerçəkliyi daha dolğun əhatə etməyə, həyatı daha dolğun şəkildə təsvir etməyə, adamlar və zaman haqqında həqiqəti bər-bəzəksiz deməyə səy göstərdiklərini xüsusilə nəzərə çarpdırmaq istəyirəm...
Cəmiyyətin mənəvi tələbatının artması, ədəbiyyatın milyon-milyon adama ideya-mənəvi və estetik təsiri imkanlarının genişlənməsi dövrümüzün mühüm əlamətidir. Beləliklə, bədii sözün siyasi, ictimai siqləti artır...
Hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında məsuliyyət daşıyır. Əvvəlki nəsillərin istedadı və əməyi ilə yaradılmış bütün sərvətləri mənimsəmədən... müvəffəqiyyətlə irəli getmək olmaz. Tarix ən qüdrətli və təsirli tərbiyə vasitələrindən, şüurları və həyat mövqelərini formalaşdırmaq vasitələrindən biridir...
Açıq demək lazımdır: Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir”. Etiraf etməliyik ki, xüsusilə bu sonuncu iraddan sonra həm romançılıqda, həm dramaturgiyada, həm də kino sənətində tarixi mövzulara maraq intensiv surətdə gücləndi. Həm də Heydər Əliyev belə fikirdə idi ki, hər yazıçını tarixi mövzuya yaxın buraxmaq olmaz. Yalnız istetdadlı, tarix qarşısında məsuliyyəti bütün ciddiliyi ilə duyan, tarixi həqiqətləri əks etdirən bədii və peşəkarlıq imkanlarına malik yazıçılar tarixi mövzuda müvəffəq ola bilərlər. Heydər Əliyevin ədəbi proses təlimində ədəbi tənqidin yeri dəqiq qeyd olunur: “Müasir ədəbi-bədii prosesi tənqidçilərin, ədəbiyyatşünasların fəal və faydalı işi olmadan təsəvvür etmək mümkün deyildir... İctimai, bədii-estetik zövqləri formalaşdırmaq, incəsənətdə sönüklüyə, durğunluğa, xalturaya, yabançı baxışlara qarşı mübarizə aparmaq işində ədəbiyyatşünasların və tənqidin rolunu gücləndirmək lazımdır.
Tənqidi sözün nüfuzu bir çox cəhətdən tənqidin obyektivliyi ilə, qərəzsizliyi ilə müəyyən olunur. Xeyirxahlıqla yanaşı ciddiyyət, professional tələbkarlıq – ədəbi tənqid məhz belə olmalıdır”.
Heydər Əliyev hər zaman müasiri olan sənətkarlarla görüşür, onları müstəqil dövlətimizin orden və medalları ilə təltif edir, eyni zamanda müxtəlif yubileyləri münasibəti ilə keçirdiyi tədbirlərdə onların ədəbi-tarixi prosesdəki mövqeyini, xidmətlərini dəqiq formulirovkalar ilə dəyərləndirirdi. Bəzi faktları ulu öndərin mənalı deyimlərini qeyd etməklə xatırlayaq. Məsələn, 6 oktyabr 1993-cü ildə Məmməd Araza 60 illiyi münasibəti ilə “Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız çağdaş Azərbaycan poeziyasını zənginləşdirməkdədir”, xalq yazıçısı İlyas Əfəndiyevə 80 illiyi münasibəti ilə (25 may 1994-cü il) “Dünya mədəniyyətinə ölməz dühalar bəxş etmiş qədim Odlar Diyarında xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz”, xalq yazıçısı İsmayıl Şıxlıya 75 illiyi münasibəti ilə (4 iyul 1994-cü il) “Siz istetdadlı yazıçı, müdrik və mahir pedaqoq, mübariz vətəndaş kimi xalqın qəlbində əbədi məskən salmışsınız” söyləmişdi.
Heydər Əliyev 16 aprel 1995-ci il tarixdə Məmməd Arazın yaradıcılıq gecəsində geniş məzmunlu çıxış edərək, bütövlükdə ədəbi yaradıcılığa dərin qiymət verib. “İstiqlal şairi” adı ilə çap olunmuş bu çıxışda oxuyuruq: “Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rzanın – bu üç şəxsin adını mən fərəhlə çəkirəm. Dünən mən üç fərman vermişəm. Bildiyiniz kimi, müstəqil Azərbaycanın ən yüksək ordeni “İstiqlal” ordenidir. İndiyə qədər bu ordenlə heç bir vətəndaş, heç kəs təltif olunmayıbdır. Dünən isə mən fərman verərək Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, mərhum Xəlil Rzanı “İstiqlal” ordeni ilə təltif etmişəm. Bu bir təsadüf, ... mənim tərəfimdən birdən qəbul olunmuş qərar deyil. Bu haqda mən çox düşünmüşəm”. Heydər Əliyev adı çəkilən şairlərə öz əsərlərində hələ sovet dönəmində, xüsusilə 60-cı illərdə istiqlalçılıq ideyaları, milli-mənəvi özünüdərk tərənnüm etdiklərinə görə böyük qiymət verirdi.
O, yazıçıları həm də müasirliyinə görə qiymətləndirirdi. Maqsud İbrahimbəyovun 60 illiyinə həsr olunmuş mərasimdə “Xalqımızın tarixində ən görkəmli yeri mədəniyyət, ədəbiyyat tutur” adı ilə çap olunmuş nitqində (14 may 1995-ci il) Maqsud İbrahimbəyovun müasir bir yazıçı kimi ədəbi-ictimai qiymətini verərək yazıçılıq fenomeni haqqında demişdir: “Bilirsiniz, yaradıcılığa bir peşə kimi baxmaq olmaz. Yaradıcılıq fitri istedadla bağlıdır. Şair olmaq, musiqiçi olmaq – bunları oxumaqla öyrənmək olmaz. Mən bilirəm ki, Maqsud da, Rüstəm də ədəbiyyat institutunu bitirməyiblər. Bunlar ikisi də mühəndis olub. Ancaq fitri istetdadlarına görə yazıçılıq yoluna, ədəbiyyat, mədəniyyət, incəsənət yoluna düşüblər...”.
Fərəhli haldır ki, bu gün ümummilli liderimizin vaxtilə müxtəlif görüşlərdə səsləndirdiyi fikirlər, səmimi söhbətlər bu gün yenə də xatırlanır, müxtəlif tədqiqatların, əsərlərin, elmi araşdırmaların mövzusuna çevrilir. Ulu öndərin bədii mədəniyyət, ədəbiyyat, incəsənət sahəsindəki müdrik fikirləri, kəlamları çoxdur və etiraf edək ki, onlar hələ də lazımınca nəzərdən keçirilməyib, elmi-nəzəri qiymətini tam şəkildə almayıblar. Bu işi layiqincə yerinə yetirmək üçün ulu öndərin bu sahədəki irsi dərindən araşdırılmalı, öyrənilməli, nəşr edilməli, hər zaman canından əziz bildiyi xalqına tam şəkildə çatdırılmalı, onun daim canlı mənəvi qidasına çevrilməlidir.
Timuçin ƏFƏNDİYEV professor






Mənbə: Timuçin ƏFƏNDİYEV 14.01.2011     Çap et  Çap et