525-ci qəzet

Unutmağa bir rəqəm var...




Kamal Abdullanın 60 yaşı tamam olur.
İki ildən sonra eyni aqibət məni də gözləyir.
İllər nə yaman sürətlə keçdi! Cavanlıq sevdası başımızdan çıxmamış ömrün ahıl yaşlarına qədəm qoyduq! Necə deyərlər, “Şair, nə tez qocaldın sən !”
Kamalı tanıdığım vaxtdan qırx il keçir. Bir igidin ömrü...
Aradan bunca uzun zaman keçəndən sonra artıq həyatımızda hər şey yerli-yerində görünsə də, cəmiyyətdə uğur qazanmış insanlar kimi qəbul edilsək də, arxada qalan illərin xatirələrindən ayrılmaq çox çətindir.
Keçmişə tərk etdiyimiz çox şey bizə munis görünür. Bəlkə də əslində belə deyil. Bəlkə sadəcə öz-özümüzü aldadırıq? Bəlkə bu günün bəzən bizə xoş görünməyən ovqatından uzaqlaşmaq üçün irreal dünyanın, xəyallarımızda yaşatdığımız aləmin hüdudlarına qapanmaq istəyirik?
Dünəndə qalanların hamısını ideallaşdıracaq dərəcədə sadəlövh deyiləm. Amma yenə də 1970-ci illər universitetimizi həmişə daxili minnətdarlıq və xoş bir nostalji hissi ilə xatırlayıram.
Filologiya fakültəsində bizdən iki kurs yuxarıda oxuyan Kamal, onun dostları – iri eynəkli Niyazi Mehdi, eyni dərəcədə iri bığlı Osman Osmanov (bu ilin sentyabrında Tiflisdə görüşdüyüm Osman demək olar ki, dəyişməyib), Çingiz Hüseynzadə, Mehman Musayev və başqaları öz fəallıqları ilə təkcə tələbələri deyil, hətta bəzi müəllimləri də hərəkətə gətirirdilər.
Fərqinə varmadan yaşadığımız o dövr sonradan həyatda az-çox nəyə nail olmuşuqsa, hamısının təməli, özülü idi. Bir də bəxtimiz onda gətirmişdi ki, universitetdə təhsil alırdıq. Burada hətta indinin meyarları ilə yanaşanda azad ruhlu insanlar, həqiqi alimlər, axtarış ruhlu gənclik vardı. Kamal Abdulla yadımda həmin gəncliyin öncül nümayəndələrindən biri kimi qalıb.
O, nəyi isə dəyişməyə, tələbə mühitinə yenilik, canlılıq gətirməyə çalışırdı.
Növbə ilə qapılarını açdığımız Bakı universiteti və Elmlər Akademiyası fikri və mənəvi inkişafımızda müstəsna sayılacaq dərəcədə mühüm rol oynadı.
Və heç kimə sirr deyil ki, bu gün üzdə olan, ictimai fikrə ton verməyə çalışan ziyalılarımızın əksəriyyəti həmin iki məktəbi, iki mərhələni keçən insanlardır. Kamal da bu mənada istisna deyildi. Universitetdən başlayan yol ilk gənclik illərindən onda fəal həyat mövqeyi, yüksək elmi intellekt və yaradıcılıq istedadı formalaşdırmışdı.
Moskva məktəbi, keçmiş SSRİ EA Dilçilik İnstitutunun aspiranturasında təhsilini davam etdirdiyi üç il cavan aspirantın türkoloq-alim kimi daha böyük miqyasda tanınmasına təkan vermişdi. Bu illər həm də onun “əbədi sevgisinə” – “Kitabi Dədə Qorquda” həmişəlik və daha dərindən bağlanmasının təməlini qoydu. Qəhrəmanlıq eposumuzun dili ilə bağlı ilk araşdırma zaman keçdikcə miqyasını daha da genişləndirərək Oğuz türklərinin psixologiyası, mənəviyyatı, iç dünyası, fəlsəfəsi, estetikası, hünəri və yanlışlıqları, ağlı və sadəlövhlüyü haqqında elmi, bədii, mifik, amma bütün hallarda sevgi və istedad əsəri olan bir silsiləyə çevrildi.
“Dədə Qorqud” Kamalın dilçiliyi ilə ədəbiyyatçılığı, şairliyi, yazıçılığı, dramaturqluğu, hətta deyərdim ki, rektorluğu arasında etibarlı körpü saldı.
Maksimalist keyfiyyətləri ilə diqqəti cəlb edən Kamal Abdulla ədəbi-ictimai fəaliyyətdə də zəkasını və qələmini bütün sahələrdə sınamaqdan çəkinmədi.
O, “dilçi tənqidçilərin” ilk nümayəndələri sırasında yer aldı. Özünü tərcümədə sınadı. Rus poeziyasının “gümüş dövrünün” tərcüməyə çox çətin yatan nümunələrini dilimizə çevirdi. Sonra nəsrə üz tutdu. Postmodernist ruhlu hekayələr yazdı. Bədiilik axtarışları “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” kimi çoxplanlı, mürəkkəb daxili struktura və mifik-fəlsəfi ağırlığa malik əsərlərə yol açdı. Dramaturgiya debütü də uğurlu oldu. Əsərləri təkcə Azərbaycan deyil, digər ölkələrin teatrlarında da maraqla qarşılandı. İctimai fəaliyyətinə heç vaxt ara vermədi. Uzun illər rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunda bir sıra maraqlı layihələrin müəllifi və təşəbbüskarı kimi tanındı.
Ən başlıcası isə elmi və pedaqoji fəaliyyətindən uzaq düşmədi. Yaradıcılığında elmiliklə bədiiliyin nisbətini qoruyub saxlaya bildi. Yazıçı kimi hansı ciddiyyətlə qəbul edilirsə, alim kimi də eyni məhsuldarlığa, eyni ağırlığa və sanbala malik olduğunu göstərdi.
Ədəbiyyatın janrlarını, ictimai fəaliyyətin sahələrini dəyişsə də, dostları, yaxınlıq etdiyi insanlar üçün dəyişməz qaldı. Bəzən kiçik şeylərdən incisə də, bəzən yersiz tərslik edib bəzən lüzumsuz güzəştlərə getsə də, səmimiyyəti, fikir və niyyətlərinin təmizliyi onu tanıyanlarda heç zaman şübhə doğurmadı.
Təbrizdə və Ankarada, Varşavada və Parisdə, Moskvada və Vyanada, dünyanın neçə-neçə digər şəhərlərində birlikdə olmuşuq. Ədəbiyyat haqqında, qadınlar haqqında, ünlü insanlar barəsində bitməz-tükənməz söhbətlər etmişik. Bəzən kiminsə dalınca danışdığımız, kimisə bəyənmədiyimiz məqamlar da olub. Amma bununla belə həmişə Kamalın təqdirlərində də, inkarlarında daxili inam və bəd məramlardan uzaqlıq görmüşəm.
Məncə, onun həm şəxsi həyatının, həm də elmi və bədii yaradıcılığının əsas uğur komponentlərindən biri həyatımızın, mənəvi mühitimizin əsas bəlalarından birinə çevrilən zərərli fenomendən – ikiləşmədən kənarda qala bilməsindədir.
On il əvvəl tanınmış alimlərdən biri kimi Kamal Abdullanın bioqrafiyasında ciddi, lakin gözlənilən və qanunauyğun bir dəyişiklik baş verdi: o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hələ Rus Dili və Ədəbiyyatı İnstitutu kimi tanınan ali məktəbin rektoru təyin edildi.
İş elə gətirdi ki, heç kəsə təəccüblü görünməyən həmin dəyişikliyin tezliklə baş verəcəyindən ilk xəbər tutanlardan biri də mən oldum.
2000-ci ildə Türkmənistanın dövlət başçısı Saparmurad Niyazov öz ölkəsinin Bakıdakı səfirliyinin fəaliyyətini dayandırmışdı. Guya maliyyə çətinliklərinə görə geri çağırılmış səfir vəzifəsini Aşqabaddan icra edəcəkdi. Əslində məsələ başqa idi. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində Azərbaycanın əsaslı mövqeyi qarşısına heç bir dəlil-sübut qoya bilməyən türkmən lideri diplomatik təzyiq yolunu tutmuşdu.
Mərhum Prezident Heydər Əliyev bu vəziyyətdə qeyri-ordinar, amma dəqiq qərar qəbul etdi – Türkmənistanda təcili Azərbaycan səfirliyi açılmalıdır! Tezliklə Prezident müvafiq sərəncam imzaladı. Xarici İşlər nazirliyinə səfir təyinatı ilə bağlı təkliflər hazırlamaq tapşırıldı. Prezident sonda mühüm saydığı bir məqamla bağlı xəbərdarlıq etməyi də yaddan çıxarmadı:
– Nəzərə alın ki, bu səfir çox mürəkkəb şəraitdə, Türkmənbaşı kimi çətin adamla işləyəcək. Odur ki, biliyi, nüfuzu, təcrübəsi, bir sözlə, bioqrafiyası olan şəxs tapmaq lazımdır.
Hələ Türkmənistan məsələsi ortaya çıxmamışdan Kamalla söhbətimiz olmuşdu. İmkan yaranarsa, türk respublikalarının birinə səfir getmək istədiyini demişdi. Zəng vurub fikrini soruşdum. Əvvəlki qərarında qaldığını bildirdi.
Bir müddət sonra Prezident səfirliyə namizəd məsələsi ilə maraqlandı. Fəal ictimai xadim, tanınmış türkoloq-alim kimi professor Kamal Abdullanın bu işin öhdəsindən gələ biləcəyini söylədim. Mərhum dövlət başçısı bir sıra dəqiqləşdirici suallar verdi. Sonra:
– Yaxşı, hələlik qalsın, mən də fikirləşərəm. – dedi.
Eyni söhbət yenidən ortaya çıxanda bir nəfərin namizədliyinin verildiyini yada saldım. Təbii ki, mərhum Heydər Əliyev dərhal hər şeyi xatırladı:
– Kamal Abdulla ilə bağlı başqa planlar var. Ayrı adam tapın, – dedi.
Az sonra Kamal Rus Dili və Ədəbiyyatı İnstitutunun rektoru təyin ediləndə həmin planlar mənə aydın oldu. Prezident həmişəki kimi bu dəfə də dəqiq və uzaqgörən seçim etmişdi. Qısa vaxt ərzində Bakı Slavyan Universitetinə çevrilən ali təhsil ocağının simasının əhəmiyyətli dərəcədə dəyişməsi, beynəlxalq aləmə çıxması həmin seçimin məqsədəuyğunluğunu bir daha sübut etdi.
Yanılmıramsa, bu il yalnız Kamal Abdullanın deyil, onun tam haqla özünə ikinci ev saydığı Bakı Slavyan Universitetinin də yubileyidir. Artıq Avropada yaxşı tanınan bu ali təhsil ocağı yeni statusda on illiyini qeyd edir. Aradan keçən on ildə rektorun universitetin həyatına gətirdiyi inkişaf və yeniliklər göz önündədir.
Azərbaycana gələn slavyan və Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, nüfuzlu nümayəndə heyətləri yollarını mütləq bu universitetdən salırlar. Və onların hər biri burada xalqlarının tarix və mədəniyyətləri ilə bağlı böyük sevgi ilə yaradılan və səylə qorunan kiçik bir dünyaya səyahət imkanı qazanırlar.
Universitetin son altı ildə mühüm slavyan ölkələrindən biri – Polşa ilə əlaqələrinin bütün dinamikası gözlərim önündə cərəyan etdiyindən bu barədə daha ətraflı təsəvvürə malikəm. Slavyan universitetində polonistika ixtisasına yiyələnən tələbələr hər il təcrübə keçmək üçün gəldikləri Poznan şəhərindəki Adam Mitskeviç universitetində polyak dilinə, ölkənin tarix və ədəbiyyatına bələdlik baxımından polyak həmyaşıdları arasında böyük rəğbət qazanmışdılar.
Həmin tələbələrin orijinaldan tərcüməsində Varşavadakı Azərbaycan Səfirliyi yeni və ən yeni nəsrimizin antologiyası sayıla biləcək “Qırmızı limuzin” kitabını Polşada böyük tirajla çap etdi, təqdimat mərasimini keçirdi.
Varşava Universiteti ilə Bakı Slavyan universiteti arasında əməkdaşlıq sazişi imzalandı. Kamal Abdulla paytaxt universitetinin tələbələri qarşısında Azərbaycan ədəbiyyatı və türk dillərinin müqayisəli tədqiqi haqqında silsilə mühazirələr oxudu.
Nəhayət, onun bir sıra ölkələrdə nəşr edilmiş “Yarımçıq əlyazma” romanı Polşanın ən böyük çap evi olan “Adam Marşalek” nəşriyyatında işıq üzü gördü. Romanın mütərcimi Stanislav Ulyaşekin, müqəddimə müəllifi, türkoloq Qrajina Zayantsın, əsərə şərhlər yazmış professor Ancey Pisovskinin iş prosesində elektron poçtuma göndərdikləri məktubları nəzərdən keçirərkən polyak dostlarımızın bu əsərə nə qədər böyük diqqət və məhəbbətlə yanaşdıqlarına, eyni zamanda ondan həqiqi zövq aldıqlarına bir daha şahid oluram.
Slavyan universitetində yaradılan polonistika mərkəzi müxtəlif vaxtlarda təhsil ocağında olmuş mərhum Polşa prezidenti Leh Kaçinski, baş nazir Donald Tusk, Polşa Senatının marşalı Boqdan Boruşeviç, xarici işlər naziri Anna Fotıqa və digər polyak qonaqlar tərəfindən yüksək qiymətləndirmişdi.
İki ölkə mədəniyyətlərinin yaxınlaşmasındakı bu xidmətlərinə görə mərhum Leh Kaçinski Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullanı öz ölkəsinin ikinci yüksək mükafatı – “Polşa qarşısında xidmətlərə görə” ordeninin “Kavaler” dərəcəsi ilə təltif etmişdi. Eyni ilin oktyabr ayında Kamal Polşa Respublikasının başqa bir mükafatına – “Polşanı xarici ölkələrdə ən yaxşı tanıtmağa görə” fəxri diplomuna layiq görülmüşdü. Varşavadakı təntənəli mərasimdə mükafat xarici işlər naziri R.Sikorski tərəfindən təqdim olunmuşdu.
Təbii ki, digər slavyan ölkələri ilə də bağlı oxşar faktlar mövcuddur.
Bu uğurlar sevindiricidir. Ən sevindirici hal isə orijinal dəsti-xətti ilə seçilən şeirlər, hekayələr, romanlar müəllifinin bütün bürokratik əngəllərə baxmayaraq yaradıcı simasını qorumasında, daha da təkmilləşdirməsindədir.
Kamal indi az qala qanadlı ifadəyə çevrilmiş “Unutmağa kimsə yox...” – misrasının müəllifidir. Əslində çox dəhşətli psixoloji lövhə rəsm edən bu üç kəlməyə mən həmişə böyük Füzulinin “şair sözü, əlbəttə yalandır !” məntiqi ilə yanaşıram. Çünki unutmağa bir kəsin, bir şeyin qalmadığı, dostların, sevgilərin, xatirələrin heç bir iz qoymadan həyatdan yox olduğu dünyada yaşamaq ən çəkilməz dərd, ən ağır faciədir.
Sözdə “Unutmağa kimsə yox...” desə də, Kamalın bir an da olsun unutmadığı, hətta deyərdim ki, varlıqları ilə nəfəs aldığı, xatirələri ilə yaşadığı insanlar var. Təbii ki, onların önündə kiçik nəvəsi Gövhər gəlir. Hörmətlə yad etdiyi müəllimləri, hər zaman diqqətli münasibət bəslədiyi dostları bu sıraya daxildir. Ən fərqli insanların təmsil olunduğu böyük bir kollektivi unutmaq, yaxanı onun qayğılarından kənara çəkmək də imkansızdır.
Unutmağa gəldikdə isə... İndiki halda unutmağa bir şey var.
Puşkinin məşhur sözləri ilə desəm, yaşamağa da tələsən, duymağa da can atan Kamal bəzən özünü yaddan çıxarır, öz qayğılarını, ehtiyaclarını unudur. Bəlkə də bu o qədər də qorxulu unutqanlıq deyil. Ən unutmalı şey isə çox vaxt zahiri dəqiqliyinə baxmayaraq reallıqla tərs mütənasib gələn təvəllüd tarixləridir. İstərdim ki, hələlik geriyə baxmağa imkanı və ehtiyacı olmayan Kamal Abdulla ilk növbədə bu 60 rəqəmini yerli-dibli unutsun, həmişəki şövq və ehtirasla, enerji və coşqunluqla çoxşaxəli fəaliyyətini davam etdirsin.
Noyabr, 2010-cu il.
Vilayət QULİYEV






Mənbə: Vilayət QULİYEV04.12.2010     Çap et  Çap et