525-ci qəzet

ÇEŞİDLƏRİN SONUNCUSU





Dünyada bir-birinə oxşar iki yazıçı yoxdur. Hər bir yazıçı (söhbət istedaddan gedir) təkdir, bənzərsizdir. Təbii ki, həmin yazıçı digər bir yazıçıdan təsirlənə bilər, lakin fərdi üslubu etibarilə o, kiməsə oxşamır.
Hər bir yazıçı da bütün yaradıcılığı boyu eyni yolu getmir. Görürsən ki, gəncliyində romantik olan bir yazıçı illər keçdikdən sonra realizmə meyl edir. Yaradıcılığa sırf lirika ilə başlayan bir şair az sonra satiraya keçir.Görürsən ki, romanlar müəllifi kimi tanınan bir müəllif keçir dramaturgiyaya, yaxud başlayır şeir yazmağa. Bütün bünlar yaradıcılıq aləmində dönə-dönə təsadüf olunan hallardır. Ancaq yazıçı hansı ədəbi cərəyana, hansı “izm”ə, hansı janra müraciət edir-etsin, heç şübhəsiz, ortada onun ən gözəl əsərləri qalacaq. Yazıçını o əsərlər, yaxud O ƏSƏR yaşadacaq!
lll
İndi Azərbaycanın tanınmış bir yazıçısı olan Elçin Hüseynbəylinin “Rəqs edən oğlan” adlı ilk nəsr kitabı çap olunduqdan sonra ədəbi ictimaiyyətdə əks-səda doğurdu. O zaman bu kitabda toplanan hekayələr haqqında ilk yazını da mən yazdım.
Az sonra Elçin Hüseynbəyli hekayədən povestə keçdi. Əksər yazıçıların belə bir “marşrut” üzrə hərəkət etdiyini o da təsdiqlədi. “Əsirlər” povesti Qarabağ müharibəsinə həsr olunmuşdu, ancaq burada müharibəyə fərqli bir münasibət diqqəti cəlb edirdi. O təqdim etdiyi obrazlara süni şəkildə heç bir qəhrəmanlıq, fövqəladəlik bəxş eləmirdi. Belə bir cəhəti vurğulamaq istəyirdi ki, müharibə dövrünün öz həqiqəti var, hamı eyni tərzdə düşünmür, müharibə həqiqəti hamı üçün birmənalı qəbul oluna bilməz.
Bu povestlə Elçin Hüseynbəylinin yaradıcılığında realizm dövrü başlayır və gözləmək olardı ki, o, yaşadığımız gerçəkliyin daha dərin qatlarını qaldıracaq, həyatımıza, məişətimizə daxil olmuş keçid dövrünün təzadlı mənzərələrini əks etdirən əsərlər yazacaq.
“Tut ağacı boyunca”, “Balıq adam”, “Yovşan qağayılar”, “Metro vadisi” romanları ilə Elçin Hüseynbəyli yaradıcılığında yeni bir mərhələ başlandı. Bu mərhələni səciyyələndirməli olsaq, bədii düşüncənin artıq bir çevrədə qalmadığını, sintezə meyl etdiyini görərik. Onun romanlarından söz açan əksər müəlliflər bu əsərlərdə komizmlə tragizmin, gerçəkliklə fantaziyanın, realizmlə romantikanın, şairanəliklə vulqarizmin, estetizmlə antiestetizmin bir-birinə qaynayıb qovuşduğunu qeyd edirdilər. Bu əsərlərdə sırf realist səhnələr də vardı, romantika ilə süslənən təsvirlər, sürrealist boyalar da..Xüsusilə, bu romanları simvollar,rəmz və eyhamlar olmadan təsəvvür etmək mümkün deyildi.
Və bütün bu romanlarda fərd və cəmiyyət, insan və zaman, şəxsiyyət və gerçəklik kimi problemlər öz əksini tapırdı. Təbii ki, Elçin Hüseynbəyli bu problemləri yalnız bir romanında həll edə bilməzdi, hətta deyə bilərik ki, heç dörd romanında da tamamilə həll etmək mümkün deyildi. Buna hətta bir yazıçı ömrü də yetməz. Amma ayrı-ayrı, özü də müxtəlif taleli insanların faciəsini əks etdirmək baxımından hər bir roman orijinallığı ilə seçilir.
O ki qaldı SİNTEZ məsələsinə...Bu, artıq dünya ədəbi prosesində mövcud olan roman poetikasına xas olan bir xüsusiyyətdir. Roman artıq öz əvvəlki stixiyasını, yönünü və istiqamətini dəyişə-dəyişə yeniləşməkdədir. Bu yeniləşmənin aqibəti necə olacaq, bunu indidən proqnozlaşdırmaq çox çətindir. Elçinin “Tut ağacı boyunca”, “Balıq adam”, “Yovşan qağayılar”, “Metro vadisi” romanları da müasir Azərbaycan nəsrində belə təşəbbüslərdən biridir. Onun yaradıcılığından söz açan müəlliflər M.Prustun, yaxud Dostoyevskinin təsirini qeyd etsələr də, bir cəhəti unutmayaq ki, modern düşüncəli E.Hüseynbəylinin nəsrində sırf milli kolorit də güclüdür.
lll
Elçin Hüseynbəylinin birincisini roman-ekskürs, digərini isə roman-xronika adlandırdığı iki romanı da var: “On üçüncü həvari-141 –ci Don Cuan” və “Şah Abbas”. Müasir həyatdan, gerçəklikdən uzaq tarixi keçmişə adlamaq bizim bir çox yazıçılarımıza xas olan bir cəhətdir ki, bu artıq bir ənənəyə çevrilmişdir. İsa Hüseynovun müharibədən sonrakı Azərbaycan kəndinin təsvirindən, bu kəndin sosial faciələrinin inikasından sonra Nizami və Nəsimi dövrünə üz tutması, Elçin Əfəndiyevin “Bir görüşün tarixçəsi”, “Şuşaya duman gəlib”, “Dolça” əhvalatlarından sonra Azərbaycan tarixinin ən keşməkeşli bir dövrünə-XV əsrin qanlı, müdhiş hadisələrinə müraciət etməsi, yaxud Çingiz Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş”dən sonra Axundov əsrinə gedib çıxması bir kimsədə təəccüb doğurmur. Ancaq söhbət ondan getməlidir ki, yazıçı tarixə müraciət edəndə hansı prinsipləri əsas tutur. Tarixin müəyyən bir dövrünü əks etdirən roman hansı mərama xidmət edir. Və nəhayət, bu tarixi roman oxucuya hansı formada təqdim edilir? Axı, eyni üsulla, tarixdən bizə məlum olan bir şəxsiyyətin (dövlət xadiminin, sərkərdənin, söz ustasının) həyatından məlum tərcümeyi-halı bədiiləşdirib təqdim etmək yolu ilə yazılan əsərlər az deyil. Sadəcə “tərcümeyi-hal” romanı...Elə deyilmi?.
Fikrimcə, Elçin Hüseynbəylinin “Don Juan” və “Şah Abbas” romanlarında da “tarixi” və “müasir” məfhumlarının qovuşduğu danılmaz bir həqiqətdir. “Don Juan”da müəllif özü də romanın personajlarından birinə çevrilir, Azərbaycan Don Juanının keçdiyi yolları sanki addım-addım izləyir, həm tarixi yeni gözlə “oxuyur”, həm də ulu babasının hərəkət və əməllərini, yanlışmı, doğrumu düşündüyünü maraqlı, cəzbedici bir sücet daxilində oxucuya təqdim edir. “Şah Abbas” romanı isə doğrudan da tarixi xronikadır və bizim bu tipli tarixi romanlar içərisində növbəti bir cəhddir ki, tarixi mənbələr və qaynaqlara istinad edib daha bir şəxsiyyətin ömür yolunu gözlərimiz qarşısında canlandırır. Burada ənənədən gələn bədii priyom və üsullarla qarşılaşsaq da, Elçin Hüseynbəylinin özünəməxsus bədii təsvir ustalığı, obrazları məhz canlı, koloritli boyalarla, həm də bütün mürəkkəbliyi ilə əks etdirmək məharəti diqqətdən yayınmır.
lll
Elçin Hüseynbəylinin nəsr yaradıcılığı haqqında bu ümumi fikir və mülahizələrimi yazıda nəzərinizə çatdırmaqda bir məqsədim oldu. O da bundan ibarətdir ki, onun yaradıcılığındakı bu “çevrilmələr” –həm mövzularının rəngarəngliyi, həm qaldırdığı problemlərin gərəkliliyi, həm də bunları özünəməxsus bir şəkildə bədii materiala çevirməsi, bu yolda dünya və milli ədəbiyyatda məlum və həm də yeni bədii priyomlarla oxucuya çatdırması onun orijinal yazıçı olmağını təsdiq edir.
2004-cü ildə, Elçin Hüseynbəylinin “Balıq adam” kitabının müzakirəsinə həsr edilmiş yığıncaqda Xalq yazıçısı Anar belə bir söz söylədi: “Bu romanla bağlı Elçinə bir şeyi arzu edərdim. Mənə elə gəlir ki, o bir qədər realist olmaqdan qorxur, çəkinir. Halbuki, onun güclü cəhəti məhz incə realistik təsvirlərindədir. Amma o, elə bil düşünür ki, birdən ona deyərlər, sən dəbdən düşmüş üslubda yazırsan, bu, keçmiş etapdır və buna görə də, əsərinə modernizm elementləri qatır. Demək istəyirəm ki, modernizm elementləri olmasaydı da, mən bu əsəri maraqla izləyərdim, çünki orada insan taleyi, insan psixologiyası çox dəqiqliklə təsvir olunur”. Bu sitatda mənim xüsusi vurğulamaq istədiyim fikir də məhz onun “realist olmaqdan qorxmasıyla” bağlıdır.Təbii ki, Elçinin bədii düşüncəsində modernizm çalarları güclüdür və yuxarıda adlarını çəkdiyim ilk dörd romanında siz bunu arayıb-axtarmaqda heç bir çətinlik çəkməzsiniz. Bəlkə də, E.Hüseynbəyli Anar müəllmin dediyi kimi, əsərinə modernizm elementləri qatır ki, onu ənənəçi adlandırmasınlar.Ola bilər.
Budur, Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış” romanı (“Azərbaycan” jurnalı, 2010, № 10) onun nəsr yaradıcılığında artıq realist olmaqdan qorxmayan, həyat həqiqətlərini məhz realistik üslubla əks etdirən bir əsər kimi diqqəti cəlb etdi.
lll
“Yolayrıcında qaçış” müasir dövrün romanıdır və burada təsvir olunan hadisələr də bizə tanışdır. Mən romanın məzmununu təfərrüatı ilə danışıb sizi yormaq istəmirəm. Amma xüsusi bir qeydə ehtiyac var. Roman qloballaşan dünyada çaşmış insanlar barədədir. Və təsadüfi deyil ki, müəllif romanı elə bu cür də xarakterizə edir. Züleyxa və Fatimənin timsalında Qərb-Şərq ziddiyyətini qələmə alan müəllif əsərin ideyasını, qəhrəmanının dililə İstanbul konfransındakı çıxışında açıqlayır və bunu elə ustalıqla edir ki, əsərə yamaq kimi görünmür. Züleyxa Qərb düşüncəsinin, Fatimə isə Şərq təfəkkürünün daşıyıcısıdır və onların sevdikləri Məhəmməd bu ziddiyyətin qurbanı olur. Əsərdə iki azərbaycanlı qadının faciəli taleyi izlənilir. Onlar çaşmış azərbaycanlıların rəmzidir. Əqlən qərbli qəlbən şərqli olan cavanlarımız qloballaşan dünyada çaşmağa məhkumdurlar.
Züleyxadan başlayaq. Bu qadın zahirən çox gözəldir və başına gələn bütün bəlalar da onun gözəlliyindən gəlir. “Mən Züleyxanı tanıyırdım. Məhlədə onu “Malena”, evdə Zülya çağırırdılar. Ona “Malena” adını kimin qoyduğunu bilmirəm...Məhlə uşaqlarının hamısı Züleyxa-Malenanı sevirdi. O, bir şeytan idi. Kişilər bu mələksifət, dəcəl qıza vurulmuşdu. Məhlə arvadlarının onu görməyə gözü yox idi”.
Bu gözəl qızın-Züleyxanın faciəsinin mənbəyini müəllif ilk növbədə, onun özündə axtarır. Yəni, bu obraz bizim bir çox nəsr nümunələrində adət etdiyimiz gözəllər tipinə aid deyil. O gözəllər ki, onların əxlaqı zahiri gözəllikləri ilə ziddiyyət təşkil eləmirdi. Və həmin gözəllər yalnız kənar qüvvələrin təsirilə təcavüzə, zorakılığa uğrayıb bədbəxt olurdular. Züleyxa-Malena isə çox sərbəstdir və elə həddi-buluğa çatan kimi öz gözəlliyini xərcləməyə başlayır.
Şərq ədəbiyyatında ənənəvi Yusif-Züleyxa macərası bu əsərə də təsirsiz qalmır, bu əsərdə də Züleyza Yusifə aşiq olur, dastanın prozaik bir “versiyası” yaranır. Amma bir qədər fərqli. Yusifin yaraşıqlı boyuna, idmançı qamətinə vurulan Züleyxa bir neçə cəhddən sonra istədiyinə nail olur. Züleyxa məhlənin uşaqlarına “kim mənə Yusifin ora girdiyini xəbər eləsə, döşlərimi ona göstərərəm” deyir və cilovlaya bilmədiyi ehtiraslarını gizlədə bilmir. Nəhayət, o, Yusifgilin duşxanasına girib “məsələni” elə oradaca həll edir. Daha eşq yolunda çəkilən sürəkli əzab-əziyyətə ehtiyac qalmır. Sonra isə məlum olur ki, Züleyxa Yusifdən uşağa qalır. Atasının və bacısı Fatimənin qəzəbinə düçar olan Züleyxanın yolları Dubaydan keçir, sonra bu yollar onu Türkiyəyə aparıb çıxarır. Orada zəngin olur, şəkli qəzetləri bəzəyir. Məhlə uşaqlarından biri –artıq böyüyüb yaşa dolmuş Jurnalist Züleyxanın Türkiyədə yaşadığını öyrənir və onu axtarmağa başlayır. Bu axtarış uğurlu alınsa da, az sonra həmin jurnalist Züleyxanın qətli barədə məlumatı oxuyur. Onu kim öldürüb? Bu qətl vacib idimi?
Burada həmin SİNTEZ məsələsi yada düşür. Elçin Hüseynbəylinin üslubuna xas olan bir xüsusiyyət bu əsərdə də bariz şəkildə nəzərə çarpır. Elçin romana həqiqətən macəra ünsürü qatır. Züleyxanın bacısı oğlu Məhəmməd anasının təkidilə Türkiyəyə yollanır. “Get, o qancığı öldür. Öldürməsən, südümü sənə halal etməyəcəm!-Anası onu yola salmazdan öncə bu sözləri dedi və dəsmala bükülü pulu çıxarıb verdi” –Məhəmməd də bu qətli həyata keçirmək üçün xalasını axtarmağa başlayır. Yəni Şərq –İslam təfəkkürünün daşıyıcısı olan Fatimə Qərb əxlaqına üsyan edir.
Məhəmmədin axtarışının özü bir macəra xarakteri daşıyır. Məhəmmədin terrorçu bir dəstəyə qoşulması və sonra görünməz olması (“Məhəmməd ağ suların dalğasında xalasına tərəf qaçırdı...Amma qarşıda gəmi əvəzinə uçurum və qapqaranlıq dərə vardı”) bu macəranın faciəli sonluğu kimi yadda qalır. Elə Züleyxanın Dubayda yaşadığı illər də macəra təsiri bağışlayır.
Ancaq bütün bu macəralar romanın realist axarını zəiflətmir. Çünki müəllifin təsvir etdiyi səhnələr yaşadığımız gerçəkliyin sosial-mənəvi ab-havasını əks etdirir. Ona görə də əsərə heç vəchlə “macəra romanı” demək olmaz. Macəra yalnız hadisələrin tipini müəyyənləşdirir.
Zənnimcə, E.Hüseynbəyli romanda iki xətti əsas götürüb. Birincisi; Qadının fərdi həyatı. İkincisi; Qadının sosial həyatı və cəmiyyətin bu fərdə münasibəti.
Müəllifin fikrincə qloballaşan dünyada insan çaşır, yolunu azır, nəticədə ya terrorçuya, ya fahişəyə, ya da qatilə çevrilir.
Cəmiyyətin, mühitin personajlara münasibətinə gəldikdə isə, burada müəllif iki meyli nəzərə çarpdırır. Birincisi; Fatimə-Məhəmməd timsalında Züleyxa inkar olunur (“Get, o qancığı öldür!”). İkincisi, Züleyxa-Məhəmməd timsalında Fatimə rədd edilir. Amma yaşadığı mühit nə Fatiməni, nə də Züleyxanı rədd edə bilir. Bayaq dediyimiz kimi, çağdaş azərbaycanlı əqlən avropalı, qəlbən azərbaycanlıdır. O, elektron vasitələrdən qərb dəyərlərini əxz edir, ailədə isə şərq qaydaları ilə yaşayır.
Elçin Hüseynbəylinin yazıçı ustalığının və səviyyəsinin bu romanda artımı hər səhifədə hiss olunur. Xüsusilə, romanın lüğət tərkibini zəngin və çeşidli hesab edirik. Elçin oxucunu ələ almağı bacaran, təhkiyəsində lazım olan məqamları tutmağı bacaran bir yazıçıdır. O, ayrı-ayrı məkanın, yaxud hadisənin, olayın daha təsirli və koloritli təsvirində ustadır. Xüsusilə, bunu Züleyxa obrazı barədə söyləyə bilərəm. Diqqət və hədəf hər bir səhifədə Züleyxadır, onun hərəkətləri, əməlləri, ona aid nə varsa, təhkiyəçinin nəzərindən yayınmır, bircə daxili dünyasını çox az müşahidə edirik.
Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış” romanı, zənnimcə, çağdaş nəsrimizin uğurlu nümunələrindən biri kimi qarşılanacaq. Onun nəsri, belə demək mümkünsə, yeni bir çeşidi ilə diqqəti cəlb edir və hələlik, bu, istedadlı nasirin yaradıcılığında sonuncu olmayacaq.
Qloballaşmanın beyinlərə və şüurlara hakim kəsildiyi bir vaxtda bu cür əsərin yazılması peşəkarlığa və vəvtəndaş mövqeyinə bir işarədir.
Vaqif YUSİFLİ






Mənbə: Vaqif YUSİFLİ27.11.2010     Çap et  Çap et