525-ci qəzet

O yerdə ki, şeir var...


 
 
(“Çağdaş Azərbaycan şairlərinin şeirləri-3” almanaxı haqqında)
 
 
 
 
Dünya xəritəsində Azərbaycan məmləkəti bir bənövşə yarpağı boyda yer tutur. Amma söz ustadlarının, poeziya korifeylərinin sayına və sanbalına görə Azərbaycan dünyanın poeziya xəritəsində çox nəhəng görsənir – Nizamisi, Xaqanisi, Nəsimisi, Füzulisi, Sabiri, Hadisi, S.Vurğunu, R.Rzası ilə.
Hər il nəşr olunan “Poeziya günü” almanaxı (bu almanax Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə nəşridir, almanaxın baş redaktoru Xalq şairi Fikrət Qoca, redaktor və tərtibçisi Maarif Soltandır) da məhz belə bir ülvi mərama xidmət edir ki, Azərbaycan poeziyası bu çoxəsrlik ənənələri yaşadır, uğurla davam etdirir. Bu toplunun hər sayı müasir Azərbaycan poeziyası haqqında dolğun təsəvvür yaradır. O təsəvvürü yaradır ki, şeirimiz əsrimizlə yanaşı addımlayır, böyük Sabirin “Şairəm, əsrimin ayinəsiyəm” haqq sözünün təsdiqinə çevrilir. Azərbaycan xalqının həyatı, müasir durumu, yaşadığımız illərin sevincləri və ağrı-acıları təqdim olunan şeirlərdə öz əksini tapır. Şeirimizin müasir səviyyəsi haqqında müəyyən təsəvvür əldə edirik. Bu-heca şeiri: qoşmalar, gəraylılar, hecanın müxtəlif şəkilləri, bu-sərbəst şeir, bu da əruz-bizimki olmayan, amma bizimkiləşən, doğmalaşan əruz. Topluda təkcə şeir çeşidləri ilə deyil, nəsillərin müxtəlifliyi ilə də qarşılaşırıq. Bu da şeirimizdə dialektik inkişaf prosesini açıqca nümayiş etdirir.
Almanaxda müasir Azərbaycan poeziyasını təmsil edən 80 şairin şeirlərindən seçmə nümunələr təqdim edilmişdir. Təbii ki, biz bu almanaxdakı bütün şeirləri bircə-bircə, yaxud ənənəvi üsulla mövzular üzrə təhlil etmək fikrindən uzağıq. Sadəcə olaraq, bu günün şeiri necə olmalıdır sualına konkret bir neçə şeirin təhlili ilə cavab verməyə çalışacağıq.
Doğrudan da, bu almanax şeirlərin müxtəlifliyi, çeşidlərinin rəngarəngliyi ilə seçilir. Öz fərdi üslubu, deyim və duyum tərzi ilə seçilən müəlliflərin şeirləri ilə yanaşı, hələ özünün şair fərdiyyətini çətinliklə təsdiq etməyə çalışan müəlliflərin də yazıları ilə qarşılaşırıq. İnsan səsini eşidəndə bu səsin sahibinin kim olduğunu dəqiq bilirsən, çünki illərlə bu səsi eşitmisən, bu səsin gəncliyi də, qocalığı da artıq sənin yaddaşında yaşayır. Şeirdə də SƏS məhz belə bir missiya daşıyır. O səsin çalarları müxtəlif ola bilər, amma tonu, ritmi, melodiyası bir mənbədən gəlir.
İstedadlı şairimiz Çingiz Əlioğlunun bu almanaxda altı şeiri təqdim olunub, bu şeirlərin beşi hecada, biri əruzdadır. Halbuki, Çingiz Əlioğlu müasir poeziyamızda sərbəst şeirin liderlərindən biridir və bunu danmaq olmaz ki, onun ən gözəl şeirləri məhz bu vəzndə yazılıb. Amma hansı vəzndə yazmasından asılı olmayaraq Çingizin poetik leksikonuna məxsus olan sözlər, ifadələr, onun fərdi üslubundan doğan məxsusi çalarlar, necə deyərlər ÇİNGİZANƏLİK bu şeirlərdə də nəzərə çarpır.Məsələn, onun “Xəndək” şeirini götürək. Bu şeirin məzmun qatı bircə misra üstə qurulub: SÖZDƏN LAĞIM ATIR, XƏNDƏK QAZIRAM! Həmin fikir şeirdə misra-misra, pillə-pillə sona varır:
 
Demirəm bu işdə yeganə, təkəm,
Nə çoxdur dünyada şair-şüəra.
Birisi dilində alqış şüarı
Qul olub əyləşib şöhrət taxtında.
 
Mən isə bir əliqabarlı fəhlə.
Sözdən lağım qazır, xəndək atıram,
Min məna gizlənən misram altında
Sözümdən arxayın xantək yatıram.
 
Təbii ki, bu misralar özünə inamdan doğür və yaşı ilə yetmişə doğru addımlayan, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da oxucusu olan bir şairin –bu “əliqabarlı fəhlənin” etirafı xoşdur.
Almanaxda müasir Azərbaycan poeziyasını layiqincə təmsil edən şairlərin sayı o qədər də az deyil. Kimdən söz açaq, axı, indi adlarını çəkəcəyimiz şairlər doğrudan da bir ilin, beş ilin, on ilin şairləri deyillər ki, hardasa onların şeirləri barədə bir az ehtiyatla, bir az da tərəddüdlə danışaq? Fikrət Qocadanmı? Ələkbər Salahzadədənmi? Nəriman Həsənzadədənmi? Ramiz Rövşəndənmi? Vaqif Bəhmənlidənmi? Musa Yaqubdanmı? Firuzə Məmmədlidənmi? Daha sonra: Mətləb Misirdənmi? Ağacəfər Həsənlidənmi? Ağasəfadanmı? Əbülfət Mədətoğlundanmı? Elçin İskəndərzadədənmi? Ramiz Qusarçaylıdanmı? Zahid Sarıtorpaqdanmı? Adil Cəmildənmi? Əhməd Qəşəmoğludanmı? Əlirza Xələflidənmi? Saday Şəkərlidənmi? Zirəddin Qafarlıdanmı? Maarif Soltandanmı? Qəşəm Nəcəfzadədənmi? Yox, bu şairlər kifayət qədər tanınır və çox arzu edərdik ki, elə almanaxda şeirləri çap olunan cavanlar bu “qocalardan” öyrənsinlər. Yalnız bircə örnək-nümunə gətirək. 
 
Dağlar arasında dərə- 
 Dərindi yuxu kimi.
Dağ-dağa duman göndərər
Sevgi məktubu kimi.
 
Göydə yeddi sətir cızan
o göy qurşağına bax.
Kimdi onu yazan, Allah!...
Sevgi məktubu kimi.
 
Bir bax bu ağ kəpənəyə,
sanki qoşa varaqdı.
Uçur çiçəkdən-çiçəyə,
Sevgi məktubu kimi.
 
..Haçan aşar bu sümükdən,
ətdən olan hasarı?!
Ruhum uçar göyə sarı,
Sevgi məktubu kimi...
 
Şeirin ritmindən, intonasiyasından, sözlərin “çiçəkdən çiçəyə qonmasından” hiss etdiniz ki, bu, Ramiz Rövşənin şeiridir. Belə gözəl bir şeiri izah eləmək, şairin nə dediyini, özü də necə dediyini şərhə çalışmaq, bizcə, yersiz görünərdi. Qoy cavanlar sevgi şeirlərini belə yazsınlar deyirik! Daha bir nümunə:
 
Sovrulur ömrün xırmanı
Yerində can ətri qalır.
Ayrılığın kol dibində
Bir bənövşə sətri qalır.
 
Dağ daşlanır ətəyimdə,
Şimşək oynar kürəyimdə
Hər gün səngər ürəyimdə
Bir misranın qətli qalır.
 
Gecələrə Ay tuturam,
Şöləsinə boy tuturam,
Ölümə bir toy tuturam
Əzrayılın xətri qalır.
(Ramiz Qusarçaylı)
 
 Almanaxda kifayət qədər örnək gətiriləsi ŞEİRLƏR var ki, hamısını bircə-bircə nümunə gətirsən, çox vaxt aparar. Amma şeirimizin çağdaş mənzərəsində təzə –təzə öz yerini, yolunu, səmtini müəyyənləşdirmək istəyən şairlərə də müraciət etmək pis olmazdı. Bu şairlər içərisində Balayar Sadiq artıq öz şair fərdiyyətini təsdiq etmək üzrədir. Onun şeirlərində qəribə, bəzən qəribə olduğu qədər də orijinal bənzətmələrlə qarşılaşırıq. Balayarın şeirlərində “iki min ildir həzrəti Məryəmin göz yaşlarında üzən balıqlar salavat çevirir üzü qibləyə”, “ölüm dəstəmaz alır ismin yerlik halında..”, “itin əlindəki qarpız dilimi əruz vəznində can verir..”, “naşı rəssamla ögey ana arasında duran riyazi işarə üsyan bayrağıdır” və s. İlk baxışda anlaşılmaz, amma düşüncəyə, özü də əşyalar, hadisələr arasında assosiativ bağlılığı aşkarlamağa yönələn düşüncəyə yol açan bu tipli deyimlər (qeyd edək ki, Qəşəm Nəcəfzadənin şeirlərində bunların cərgəsi daha sıxdır) hər halda, yeni düşüncə tərzinin təzahürüdür.
Yaxud, başqa bir müəllif: Fərid Hüseyn. Onun belə bir şeiri var: “Axillesin dabanı”:
 
Bütün xəritələrdə sən olan yer
qeyd olunur qırmızı xətlə,
Bütün kompaslar sizə aparır, sizə.
İnsanlar ikiyə bölünür özünə
və özgəyə,
 
Gözlərin Parisin oxudur,
ürəyim Axillesin dabanı.
“Hə”lər xoşuma gəlir,
yox”ların hər biri
bir kirpi tikanı
Sən mənim zəif yerimi
yaxşı bilirsən.
 
Bu şeirdə ifadə olunan məna heç də anlaşılmaz və mücərrəd deyil, onu heca şeiri ilə də ifadə etmək olardı. Amma Fərid məlum olan bir fikri başqa bir ahəngdə səsləndirir və heç də pis alınmır. Bir tərəfdən də, şeir elə köhnə havaları təzədən, amma yeni biçimdə səsləndirməkdir. Yeri gəlmişkən, qeyd edək ki, almanaxda Fərid Hüseynlə bir sırada Vüsal Nuru, Fərqanə Mehdiyeva, Elnaz Eyvazlı, Əkbər Qoşalı, Həyat Şəmi, Əli Şirin Şükürlü, Kəramət Böyükçöl, Xuraman Hüseynzadə, Elşad Ərşadoğlu, Şəmşad, Xatirə Fərəcli, Nazilə Gültac kimi az-çox istedadlı cavanların şeirləri ilə də qarşılaşırıq və onların yeni düşüncə tərzi, əşyalara, hadisələrə, insan münasibətlərinə, sevgiyə ənənəvi olmayan poetik naxışları, cizgiləri bizi sevindirir. İki şeirə müraciət edək.
 
gözlərim baxa-baxa
dəfn etdilər
sənin ayaq izlərini
küçəmizə
asfalt döşəməklə...
ürəyim sızlayacaq
hər gün
ayaq izlərinin məzarı
üstündə yeridikcə.
 
Kim nə deyir-desin, bu, gözəl bir sevgi şeiridir və Xuraman Hüseynzadə bu qısa, yığcam şeirdə heç də “Amerika açmır”, amma hisslərini, duyğularını orijinal poetik deyimlə ifadə edə bilir.
 
Ürəyim ağ kalağay
yer tapammıram sərim.
Belə ürəklə bəlkə
çiçək olub əzəlim.
 
Gedim bir ağ yuxuya
gedim ağ mələk kimi.
Qayıdıb bu dünyaya
gəlim ağ çiçək kimi.
 
Bu isə Xatirə Fərəclinin şeiridir və bu şeir də hisslərin təbiiliyi, səmimiliyi və ən başlıcası bu hisslərin poetik ifadəsi kimi maraqlıdır. Deyərdik ki, AĞ ÇİÇƏK obrazı SEVGİ obrazı kimi anlaşılır. Ürək-ağ kəlağay...gözəl və təzə təhbehdir.
İndi isə almanaxla bağlı bəzi iradlarımı bildirmək istəyirəm.
1.Təbii ki, bu almanaxda müasir Azərbaycan poeziyasının bir sıra istedadlı (yaşından asılı olmayaraq) nümayəndələrinin şeirlərinə rast gəlmədik. Olsun ki, almanaxın tərtibçisi onun hər sayında növbəlilik prinsipini gözləyir. Amma elə şairlər var ki, onların şeirlərini hər sayda vermək lazımdır.
2. Çox təəssüf ki, almanaxda biz ayrı-ayrı müəlliflərin son illərdə yazdıqları şeirləri ilə deyil, neçə il öncə qələmə aldıqları, hətta çap etdirdikləri şeirlərlə qarşılaşdıq. Təkrara nə hacət?
3. Almanaxda Qarabağ dərdimizlə bağlı bir-iki şeirə (F.Meydanlı, M.Misir) rast gəldik və çox təəccübləndik. Bu barədə tərtibçi və redaktor deyil, qoy şairlərimiz düşünsünlər. Dərdin böyüyünü unutmayın, şair qardaşlar, şair bacılar!
4.Şəxsən, bu sətirlərin müəllifi üçün “ədəbi iqtidar”-”ədəbi müxalifət” söhbəti yoxdur.Elə bilirəm, çoxları da belə düşünür. Elə isə almanaxda Zahir Əzəmətin, Azad Yaşarın, Mübariz Məsimoğlunun, Xaqani Hasın, Sevinc Pərvanənin, Aqşinin şeirlərini də (məhz ŞEİRLƏRİNİ!) çap etmək müşgül deyildi.
..Söhbətimiz bu yerdə sona çatır, “Poeziya günü”nün növbəti sayını daha sanballı görmək arzusuyla...
 
Vaqif YUSİFLİ





Mənbə: Vaqif YUSİFLİ 19.11.2010     Çap et  Çap et