525-ci qəzet

Aydəmir: İki Azərbaycanda iki il


 

Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə 1918 – ci ilin avqustunda səlahiyyətli nazir kimi Osmanlı imperatorluğuna göndərilən ilk diplomatımız Əlimərdan bəy Topçubaşovun qarşısına qoyulan mühüm vəzifələrdən biri də ana dilində milli təhsil sistemi qurmaq üçün qardaş ölkədən müəllimlərin dəvət olunması idi. Sonralar XX yüz il Türkiyəsinin geniş profilli və nüfuzlu tarixçilərindən biri kimi tanınan, eyni zamanda yazıçı, ictimai-siyasi xadim və naşir kimi ölkəsinin mədəni həyatında mühüm izlər qoyan Şevket Sürəyya Aydəmir (1897-1976) da onların sırasında 1919 –cu ildə Azərbaycana gəlmişdi.
Bolqarıstanın Dəliorman bölgəsindən gəlib Ədirnə şəhərinə yerləşən köçmən bir türkün oğlu o zaman sadəcə Şevket Sürəyya idi. Aydəmir soyadını Bakıda götürmüşdü. 1934 – cü ildə Türkiyədə soyad qanunu qüvvəyə minəndə isə onu soyad kimi qəbul etmiş, çağdaş türk tarixində də bu adla məşhurlaşmışdı.
“Aydəmir” İstiqlal Savaşına öz qələmi ilə xidmət etmiş türk qadın yazıçısı Müfidə Fərid Təkin (1892-1973) eyni adlı romanının qəhrəmanı idi. Həyatlarını başdan-başa turançılıq düşüncəsinə bağlamış iki türk gəncinin – Aydəmirlə Həzinin sevgisindən, inanc və idealları uğrunda mübarizəsindən bəhs edən həmin roman yazıldığı dövrdə (1918) yalnız Türkiyə deyil, Azərbaycan gəncliyinin də çox sevdiyi və təsirləndiyi kitaba çevrilmişdi. “Aydəmir” digər məşhur türk qadın yazıçısı Xalidə Ədib Adıvarın “Yeni Turan” romanından sonra Osmanlı ədəbiyyatında ikinci “turançı roman” sayılırdı. Gənc Şevket Sürəyyanın Turan ideyasının atəşin pərəstişkarlarından biri kimi yetişməsində hər iki əsərin, xüsusən də sonuncunun müstəsna təsiri olmuşdu. Şevket Sürəyya isə sonralar siyasi baxışlarını azı iki dəfə dəyişsə də, həyatının sonuna kimi Aydəmir soyadından imtina etməmişdi.
İki fərqli hakimiyyət zamanında Azərbaycanda keçirdiyi iki il ideya baxımından hələ kifayət qədər bərkiməmiş türk gəncinin milliyyətçidən kommunistə çevrilməsinə kifayət etmişdi. 1920 –ci il sentyabrın 1- də türk nümayəndə heyətinin tərkibində Şərq xalqlarının I qurultayına qatılan Aydəmir sentyabrın 10-da bəlkə də mahiyyətinə sona qədər varmadan özünü Mustafa Sübhinin başçılığı ilə Türkiyə Kommunist Partiyasının (TKP) Bakıda keçirilən I təsis qurultayının iştirakçıları sırasında görmüşdü. 1921-ci ildə Batumda Kommunist partiyası sıralarına daxil olmuşdu. Eyni ildə Moskvaya, Şərq Zəhmətkeşləri Kommunist Universitetində təhsil almağa yollanmışdı. Burada gələcəyin böyük şairi Nazim Hikmətlə birlikdə oxumuş, onun gənclik dostlarından biri kimi tanınmışdı.
Şevket Sürəyya Aydəmirin Türkiyəyə qayıtdığı 1923 – cü ildə TKP artıq rəsmən yasaq olunmuşdu. Lakin buna baxmayaraq o, “Aydınlıq” dərgisi ətrafında toplaşmış həmfikirləri ilə birlikdə kommunist ideyalarını yaymaqda davam edirdi. 1924-cü ildə filosof Sədrəddin Cəlal Antel ilə birlikdə “Lenin və leninizm” kitabını yazmışdı. Həcmcə o qədər də böyük olmayan (69 səh.) bu kitab Rusiya bolşevik inqilabının rəhbəri, onun şəxsiyyəti və ideyaları, habelə bu ideyaların Şərqə təsir imkanları haqqında türk dilində meydana çıxan ilk tədqiqat idi.
1925-ci ildə TKP-nın gizli şəraitdə keçirilən üçüncü qurultayında Aydəmir Mərkəzi Komitənin yeddi üzvündən biri seçilmişdi. Eyni ildə kommunist təbliğatına görə həbs edilmiş, İstiqlal Məhkəməsinin hökmü ilə on il həbs cəzasına məhkum olunmuşdu. İl yarımdan sonra əhvi-ümumi ilə azadlığa çıxanda artıq siyasi baxışlarında ciddi təbəddülat yaranmışdı. Əvvəlcə milliyyətçi kommunist kimi tanınmışdı. Sonra isə Türkiyənin xilasının Atatürk ideyalarında – kamalizmdə görmüşdü. Aydəmirin 1927-ci ildə TKP sıralarından çıxması onun haqqında gizli polislə əməkdaşlığa qədər müxtəlif şaiyələrə və ittihamlara yol açmışdı.
Lakin o, artıq öz seçimini etmiş, yolunu müəyyənləşdirmişdi. 1932 –ci ildə Atatürkün istəyi ilə Yaqub Qədri Qaraosmanoğlu, Vedat Nədim Tör və b. ilə birlikdə “Kadro” dərgisini çıxarmağa başladı. Yeni nəşrin əsas məqsədi Atatürk ideyalarının təbliği, kamalizmi ideologiyaya çevirmək idi. İlk sayını “Türkiyə bir inqilab içindədir. Bu inqilab bitmədi. İnqilabımız dərinləşmə və genişlənmə yolundadır. Bu inqilab özünə prinsip, onu yaşadanlara isə düşüncə ola biləcək bütün nəzəri əsaslara malikdir. Ancaq həmin əsaslar inqilabi ideologiyaya çevrilə biləcək bir fikir sistemi içərisində olğunlaşmamışdır. “Kadro” bu məqsədlə çıxır” –sözləri ilə açan dərgi tezliklə ictimai fikri hərəkətə gətirdiyinə, hökumət üçün müəyyən mənada baş ağrısına çevrildiyinə görə 36 – cı sayından sonra nəşrini dayandırmalı oldu.
İyirmi ilə qədər müxtəlif dövlət qurumlarında məmur kimi çalışan Aydəmir elmi və bədii yaradıcılığa həyatının kifayət qədər yetkin dövründə – 55 yaşında başlamışdı. Amma necə deyərlər, “gec gələn güc gələr”- prinsipi ilə hərəkət etmişdi. Atatürk haqqında 3 cildlik “Tək adam” (1963-1965), İsmət İnönü haqqında 3 cildlik “İkinci adam” (1966-1968), Ənvər Paşa haqqında 3 cildlik “Makedoniyadan Orta Asiyaya Ənvər Paşa” (1970-1972), nəhayət Adnan Menderes haqqındakı “Menderesin dramı” (1969) siyasi bioqrafiyaları onu müasir Türkiyənin müqtədir tarixçilərindən biri kimi məşhurlaşdırmışdı. Ümumi həcmi 6 min səhifədən çox olan bu əsərlər XX əsrdə türk xalqının, türk dövlətçiliyinin keçdiyi çətin, mürəkkəb yolu əsas xətləri, diqqətəlayiq hadisə və şəxsiyyətləri ilə izləməyə imkan yaratmışdı.
Şevket Sürəyya Aydəmirin Azərbaycanla bağlılıq baxımından ən çox maraq doğuran əsəri isə, heç şübhəsiz, “Suyu arayan adam” adlandırdığı siyasi memuarlarıdır. Müəllifin həyat hekayəsi olan və 1959 –cu ildə tamamlanan bu kitab indiyə qədər Türkiyədə iyirmi dəfədən çox nəşr edilmişdir. Həm də əsər sadəcə bir şəxsin ömür yolunun təsviri deyil. Aydəmir öz həyat macəralarından çıxış edərək Türkiyə, Azərbaycan, türk dünyası üzərinə işıq salmağa çalışmışdı.
lll
Osmanlı dövlətinin Birinci Dünya müharibəsinə qoşulması dayaqları çürümüş imperiyanın yüz minlərlə sakini kimi Şevket Sürəyyanın da həyatını kökündən dəyişdirmişdi. Böyük qardaşının düşmənə bir güllə atmağa macal tapmadan Sarıqamış cəbhəsində donvurmadan ölməsi ailənin etirazlarına baxmayaraq onun könüllü kimi döyüşən orduya yollanmasına ciddi təkan vermişdi. Bir müddət İstanbul Qülləli Əsgəri məktəbində oxuması burada yardımına çatmışdı.
İlk Dünya savaşının Osmanlı imperatorluğu üçün məğlubiyyətlə başa çatan sonu gənc döyüşçünü Cənubi Qafqazda, indi Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarında yaxalamışdı. Ermənilərin başıpozuq dəstələrinin müqavimətini qıraraq İrəvana doğru irəliləyən Qafqaz İslam ordusunun döyüşçüləri bütün imperiyanı bürümüş düşkünlük əhvali – ruhiyyəsindən uzaq idilər. İmperiya məğlubiyyətə uğrasa da, bu ordu yeni qələbələrə imza atmağa başlamışdı. Bakı düşməndən azad edilmişdi. Ermənistan adlanan ərazinin əksər hissəsi türklərin nəzarəti altında idi. Xəzər dənizini adlayıb Orta Asiyaya-əzəli türk torpaqlarına keçmək real görünürdü.
“Bizim nəslin vəzifəsinin, həm də həqiqi vəzifəsinin yalnız indi başladığına inanırdım, – deyə hədəfi açıqlayan Aydəmir yazırdı. – Bu vəzifə tarixi varlığı artıq sona yetmiş olan bir imperatorluğun yerinə təməlləri bir-birinə bağlı millətin tarix birliyinə, dil və istək birliyinə dayanan milli varlığın – Turanın qurulması olacaqdı”.
Bir axşam “dağlıq Ermənistandakı dağınıq türk (Azərbaycan –V.Q.) köylərindən” birində Türkiyənin böyük şairi Mehmet Əmin Yurdaqulun
Mən bir türkəm, dinim, cinsim uludur,
Sinəm, içim atəş ilə doludur,
İnsan olan vətəninin quludur –
misralarının təbil sədaları altında oxuduğunu eşidən Şevket Sürəyyanın sevincdən sinəsi qabarmış, Turan sevdası ona çox yaxın, gerçək görünmüşdü. “Demək milliyyətçi türk şeri bura bizdən öncə gəlmişdi. Zatən, güvəndiyimiz də sadəcə bu ədəbiyyat deyilmi ?” – deyə ürəyindən keçirmişdi.
Qalibiyyətli yürüş nəticəsində türk ordusunun nəzarətə götürdüyü yerlərin adları açıqlanmamışdı. Xatirə müəllifi sadəcə bu təsvirlə kifayətlənmişdi: “Burası Araz çayı vadisinin yaşıl, baxımlı və düzəngah hissəsi, cənubda üç dövlətin-Türkiyə, İran və keçmiş Rusiyanın əski sərhədlərinin birləşdiyi yer idi. Qarşıda zirvəsinə əbədi qardan tac qoymuş Ağrı dağı yüksəlirdi. Şimalda Alagöz dağları uzanıb gedirdi. Sonra İrəvanın arxasında, hər zaman dumanlarla örtülü Zəngəzur dağları, bunların arxasında isə Qarabağ və Azərbaycan...” Aydəmirin bu sətirlərindən türk ordu birliklərinin Şərur düzündə və Vedi ovalığında olduqlarını düşünməyə əsas verir.
Yürüşə qatılan əsgərlərin çoxu kimi gənc Şevket Sürəyya da hələ heç bir qəhrəmanlıq, yaxud fədakarlıq göstərməmişdi. Lakin sadəcə türk olduğuna görə yerli sakinlərin məhəbbətini qazanmış, onlardan hüdudsuz qonaqpərvərlik görmüşdü. “Türkiyə bu insanlar üçün hər şeydi ,- deyə Aydəmir yazırdı. – Nəzərlərində Türkiyədə hər şey qüdrətli, hərəkətli və böyükdür. Türkiyə heç yenilməzdir!”
Sonsuz sevgi gördüyü Azərbaycan insanı ilə hər təmasda Aydəmir bu torpaqlara nə üçün gəldiklərinin səbəbini anladırdı. Türk əsrinin başlamasından soraq verirdi: “Biz hamımız türkük və qardaşıq, – deyirdim. Məmləkətimiz isə birdir. Adı Turandır. Biz hamımız turanlıyıq. Turanın sərhədləri çox genişdir. Sarı dənizdən, Çin ölkəsindən Dunaya qədər uzanıb gedir. Bu önümüzdən axan Araz başlanğıcı və sonu ölkəmizdə olan bir irmaqdır. Xəzər Turanın daxili bir dənizidir. Qara dəniz, Mərmərə, şərqdə Aral gölü, Baykal gölü, xülasə, şərqdə və qərbdə uzanan ovalıqlar, yaylalar, dağlar hamısı bizimdir. Bu torpaqlar biri-birinin ardınca xilas olacaqdır. Xilas olan torpaqlarda türk dövlətləri qurulacaqdır. Sonra onlar hamısı birləşəcəklər...”
Romantik türk gəncliyinin “böyük və əbədi Turan” düşüncəsi ilə yaşadığı həmin günlərdə Osmanlı dövlətinin özünün müqəddəratı böyük sual altında idi. Birinci Dünya savaşından məğlub durumda çıxan imperiya özünü xilas etmək üçün 1918-ci il oktyabrın 30-da təslimçi Mudros anlaşması imzalanmışdı. Anlaşmanın şərtlərinə görə, Osmanlı yalnız itkiləri ilə barışmırdı, son dövr qələbələrindən də əl çəkirdi. Qafqaza xilaskar kimi daxil olan, erməni zülmünün qarşısını alan türk orduları yenidən əski sərhədlərə qayıtmalı idilər.
1918-ci ilin noyabrında Bakının türk əsgərləri ilə necə vidalaşması ilə bağlı müasirlərin hər hansı xatirələrinə rast gəlməmişəm. Türk əsgərlərinin Qərbi Azərbaycanı tərk etmələrinin təsirli epizodları isə Şevket Sürəyya Aydəmirin xatirələrində özünün yaddaqalan əksini tapmışdır.
Ayrılıq səhnəsi son dərəcə ürəkparçalayıcı idi. Şevket Sürəyyanın yazdığı kimi o və dostları yalnız qurtardıqları torpaqlardan deyil, qurduqları Turan xəyallarından da həmişəlik ayrılırdılar. Yenidən amansız düşmənlə üzbəüz buraxılan yüzlərlə Azəri türkü-qadınlar, uşaqlar, qocalar Araz üzərindəki Markara körpüsünə tərəf addımlayan türk əsgərlərinin qollarına sarılır, “Hara gedirsiniz? Bizi kimin ümidinə buraxırsınız? – deyə fəryad edirdilər. Mehmetciklərə də bıçaq vursan qanları çıxmazdı. Ancaq əmri yerinə yetirməmək də mümkün deyildi. Ortada ana vətənin taleyi vardı.
Bir neçə gün əvvəl hərbi hissələrə göndərilən əmr sonuncu xəbərdarlıq səciyyəsi daşıyırdı: “Qafqazda qalan hər bir əsgər vətəninə xəyanət etmiş olacaq. Düşmən onun hərəkətini barışıq şərtlərinin pozulması kimi dəyərləndirəcək. Nəticədə özü də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcək”.
Anadolunu Azərbaycandan ayıran Araz üzərindəki körpüyə çatanda türklərin neçə yürüşündə iştirak etmiş, qələbələrə və məğlubiyyətlərə şahid olmuş yaşlı əsgər Nuru Çavuş var səsi ilə hamının gözündə yaş parıldadan yanıqlı bir türkü oxumuşdu:
Cəzayirə qara bayraq dikildi,
Qərib anaların beli büküldü.
Qoç igidlər Cəzayirdən çəkildi
Küçələri mərmər daşlı,
Gözəlləri çatma qaşlı
Cəzayir heeey!
Bu şərqi, yaxud ağı türklərin onilliklər öncəsi qoyub gəldikləri başqa bir torpaqdan –Cəzairdən (Əlcəzairdən) bəhs etsə də, Araz kənarında artıq taleyin və düşmənin ümidinə buraxılan Azərbaycan torpaqları ilə bağlı səslənirdi.
“Hər kəs ağlayırdı. Markara körpüsünün qarşı tərəfinə bu göz yaşları və xəyal qırıqlığı ilə keçdik” – deyən Şevket Sürəyya həyatını dəyişən mühüm qərara həmin anda, həmin yerdə gəlmişdi: Ordunun əmrini yerinə yetirdikdən, rəsmiyyətdən qurtardıqdan sonra Qafqaza, bu torpaqlara dönmək qərarını orada verdim. Çox keçmədən də döndüm. Artıq kimsənin deyil, ruhumun, həyəcanlarımın və prinsiplərimin əmrində olacaqdım”.
lll
O, birinci dəfə xəyallarında yaşatdığı Turana yalnız qılınc gücü ilə yol açmağın mümkün olduğunu düşünmüşdü. İkinci dəfə isə:
Şimdi Turana qılıncdan
daha kəskin qüvvət,
İştə mədəniyyətdir,
mədəniyyətdir, mədəniyyət!-
deyən Hüseyn Cavidin müdrik sözlərini dilində əzbərə çevirib qayıdırdı. Ordudan tərxis olunduqdan sonra yarımçıq qalmış təhsilini başa vurması, o biri tərəfdən isə Azərbaycan hökumətinin Türkiyədən müəllim dəvət etmək planları Şevket Sürəyyanın yenidən Qafqaza dönməsini asanlaşdırırdı.
Mənəvi baxımdan isə bu qərarı gerçəkləşdirmək olduqca çətin idi. Qafqaz və Orta Asiya türklərinə etina etməyən, amma son ana qədər Suriya, Hicaz, Yəmən uğrunda vuruşaraq minlərlə türkü hədər yerə qurban verən Osmanlı hökumətinə arxa çevirmək böyük qəbahət deyildi. Mustafa Kamal Paşanın öndərliyi ilə Anadoluda günü-gündən geniş vüsət alan Qurtuluş Savaşından kənarda qalmaq Şevket Sürəyya üçün həqiqi iztirab mənbəyi idi. “Əcəba, bu yolçuluğa çıxmaqla öz torpaqlarımızda başlayan mücadilədən qaçmırammı?”- sualı ona rahatlıq vermirdi.
Bu mənəvi çırpıntılar içərisində Aydəmiri sakitləşdirən bir neçə məqam vardı. Əvvəla, yeni dövlət qurmağın əzablarını yaşayan Azərbaycanın ehtiyac və çətinlikləri Türkiyəninkindən az deyildi. İkincisi, türklüyə xidmət hüdud tanımırdı. Üçüncüsü, təkbaşına bütün Avropa ilə üzbəüz qalan Türkiyənin arxasını söykəyə biləcəyi bir istinadgah olmalı idi. Ən başlıcası isə, “oralar da Vətən idi”.
Beləliklə, 1919-cu ilin yayında Şevket Sürəyya yeganə qiymətli yükü olan bir sandıq kitabla Bakıya gəlmişdi. Azərbaycanın paytaxtı ilk baxışdan ona çox da cəlbedici təsiri bağışlamamışdı: “Vardığım zaman Bakı dünyanın bütün petrol şəhərləri kimi hərəkətli, qələbəlik, amma kosmopolit bir yerdi. Bir ovuc ziyalının qurmağa çalışdıqları yeni dövlət elə ilk baxışdan bu kosmopolit iş və mənfəət ehramının altında əzilmiş kimi görünürdü. Bu qarışıq təməl üzərində milli bir dövlətin qurulması və bərqərar olması asan məsələ deyildi. Qurucular və onların arasındakı idealist azlıq çətin mübarizə qarşısında idi”.
Həmin mübarizəyə layiqli dəstək vermək üçün Şevket Sürəyya işin ən çətinindən yapışmaq istəyirdi. Öz etirafına görə Türkiyədən gəlmiş müəllimlər vaxtlarını Bakıda “Çanaqqala” qəhvəxanasında çay və qəhvə içməklə, nərd atmaqla keçirir, mahallara və kəndlərə getməyə həvəs göstərmirdilər. Şevket Sürəyya isə Xalq Maarif Nazirliyinə gedərək Azərbaycanın əyalətlərindən birinə göndərilməsini xahiş etmişdi. “Nazirliyin başında olanlarından biri” kimi tanıtdığı azərbaycanlı xanım “İstanbuldan xeyli müəllim gəldi. Amma Bakıdan başqa Azərbaycanın heç bir yerində bir tək türk müəllimi də yoxdur. Bizim ehtiyacımız ən çox məmləkətə yayılacaq idealistlərədir” –deyə heyrətini gizlətməmiş, hətta gənc müəllimi nazir Rəşid xan Kaplanovun yanına aparmışdı.
Elə oradaca Şevket Sürəyyanın Şəkiyə göndərilməsi qərara alınmıışdı. Sənədlərini tərtib edərkən soyadını soruşmuşdular. Müfidə Fərid Təkin turançı qəhrəmanını göz önünə gətirərək özünü Aydəmir – deyə təqdim etmişdi. Xatirələrində də yazdığı kimi “O gündən sonra mənim adım Aydəmir oldu. Çünki Turanda idim və mən də bir Aydəmir idim...”
lll
İlk baxışdan gördüklərinin təsiri ilə “Nuxa, yaxud Şəki uzaqdan Bursanı andırır. Bursa Uludağın sinəsinə sığındığı kimi Şəki də Qafqaz dağlarının ətəyində yerləşir. Bura da Bursa kimi bir ipək şəhəridir. Bursa yuxarıdan Nilufər çayına baxdığı kimi, Şəki də Alazan vadisinə baxır” – yazan müəllif təkcə dilin, adət-ənənələrin deyil, təbiətin də bənzərliyindən heyrətini gizlədə bilməmişdi.
Aydəmir Şəkiyə gəldiyi günlərdə burada əslən Türkiyədən olan, amma çoxdan Azərbaycanda yaşayan bir müəllim vəfat etmişdi. Dəfn mərasiminə bütün şəhər toplaşmışdı. Sünnilər və şiələr iki dəstə ilə imam və axundlarının arxasında ayrı dayanmışdılar. Bu Aydəmirin diqqətini çəkmişdi. İrəli çıxıb nitq deməyə başlamışdı:
“Biz əvvəlcə türkük, sonra müsəlmanıq, – dedim. –Hamımız türkük, hamımızın da vətənimiz birdir. Bu vətən nə Türkiyə, nə də Azərbaycandır. Bu vətən Turandır. Ona görə də qarşınızdakı ölü burada qərib deyil. O, öz torpağında, öz qardaşları arasında haqq dərgahına qovuşmuş xoşbəxt bir bilik əhlidir...”
Müəllim öz ölümü ilə dini təfriqənin aradan qalxmasına, şəhər əhalisinin milli zəmində birliyinin yaranmasına təkan vermişdi.
Şəkidə Aydəmir yerli ziyalılarla, ilk növbədə tanınmış din xadimi və alim Axund Fərəcullah Pişnamazzadə ilə dostluq əlaqələri qurmuşdu. Həmin dövrdə şəhərdəki əsas təhsil müəssisəsi dərslərin rusca aparıldığı Şəki progimnaziyası idi. Məktəbə Rusiyada universitet bitirmiş Məmməd Əfəndizadə rəhbərlik etsə də iki-üç nəfərdən başqa qalan müəllimlər rus və qeyri millətlərin nümayəndələri idilər. Təhsilin milliləşdirilməsinə ilk növbədə bu progimnaziyadan başlanmışdı. Aydəmirin yazdığına görə, ideyanın əsas müəlliflərindən biri kimi ortaya düşdüyündən bir müddət sonra yalnız türk dili, ədəbiyyat, tarix deyil, coğrafiya, hətta həndəsə dərslərini də aparmalı olmuşdu. Tədrisə yeni, milli ruhlu gənclər cəlb edilmişdi.
Tədricən o, fəaliyyətini yalnız Şəki ilə məhdudlaşdırmamağa, kəndlərə də yol tapmağa can atmışdı. “Nə Hinddədir, nə Çində, Türk könlümün içində! – deyən Ziya Göyalpın ardınca mücərrəd xəyallarla gün keçirməməyə, fəaliyyətini içərisində yaşadığı şərait və insanlarla uzlaşdırmağa çalışmışdı. Bu məqsədlə də yerli gənclərin yaxından iştirakı ilə “İzçi oymağı” adlı qurum yaratmışdı. Qurumun üzvləri tez-tez müxtəlif kəndlərə yollanaraq burada yerli sakinlər arasında cümhuriyyətçilik və türkçülük ideyalarını yaymaq, insanlara dövlətçilik ruhu aşılamaq və onları milli hökumətin ətrafında daha sıx birləşdirmək üçün tədbirlər keçirirdilər.
Millətin müstəqillik yolunun dövlətə və bayrağa ehtiramdan başladığını fərq edən qurum üzvləri bütün tədbirlərini Əhməd Cavadın məşhur
Türküstan yelləri öpüb alnını,
Şərqilər söyləyir sənə, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən,
Ərmağan yolla sən yara, bayrağım! –
misraları ilə başlayan şerinin xorla oxunuşu ilə açırdılar.
Azərbaycan Cümhuriyyətinin mövcudluğunu qoruması və təsdiqləməsi üçün sağlam milliyyətçiliyə ehtiyac duyulduğunu yaxşı başa düşən Aydəmir yazırdı: “Bu dövlət ilk növbədə özünə milli bir təməl yaratmalı idi. Bunun üçün də yeni bir milli ruh, istiqlal və hakimiyyət qüruru, bayraq düşüncəsi, əsgərlik və savaş duyğusu, vətən sevgisi və bu vətənin sərhədlərini qorumaq eşqi lazım idi. Bir insan topluluğunu camaat halından çıxarıb millət zehniyyətinə çatdırmaq yolu yalnız buradan keçirdi. Bir sözlə, Azərbaycan ziyalıları ağır, çətin bir vəziyyət qarşısında idilər”.
Yaxınlaşan bolşevik təhlükəsi isə mövcud çətinlikləri daha da artırırdı. Hələ milli düşüncə baxımından yetərincə mətinləşməmiş Azərbaycan insanı bu çətinlikləri dəf etməyə qadir deyildi. “Turanda Turanı axtarır və tapa bilmirdim” – deyə acı etirafdan başqa bir yol görməyən Aydəmir get-gedə bütün cəlbediciliyinə baxmayaraq Böyük Turan düşüncəsinin bir illüziya, xəyal və hiss məhsulu olduğunu daha çox anlamağa başlayırdı. Bu sərt isə həqiqət ona bacarıq və biliyini gerçək işlərə verməyi təlqin edirdi. Həyat hər gün qarşıya belə vəzifələr qoyurdu.
1920-ci ilin martında Azərbaycan Cümhuriyyətinin varlığına qorxunc təhlükə yaranmışdı. Dağlıq Qarabağ ermənilərin xəyanət yolu tutmuşdular. “Qarabağ kimin əlində isə, Kür vadisinə və Azərbaycan düzənliklərinə o yuxarıdan baxa bilər” – deyə bu regionun ölkə üçün strateji əhəmiyyətini dəqiq qiymətləndirən Aydəmir özünün yazdığına görə, Şəki könüllülərinin Əsgəran savaşına yollanmalarının təşəbbüskarı olmuş və hərb təcrübəsi olan kiçik zabit kimi onlara rəhbərlik etmişdi.
Xatirələrin həmin hissəsini laqeyd oxumaq və 90 il əvvəlki soydaşlarımızın yurd sevgisinə heyran qalmamaq imkansızdır. Bir neçə gün içərisində Şəkidən və kəndlərindən Qarabağın müdafiəsinə getmək istəyən dörd yüzdən çox könüllü toplanmışdı. Dəstəyə rəhbərlik gənc müəllim Aydəmirə həvalə olunmuşdu. Şəhər əhalisi adından ona at və mauzer hədiyyə edilmişdi. “Ata mindim, – deyə Aydəmir yazırdı. – Dəstənin önünə keçdim. Qaladan çıxıb şəhərin ana küçəsi ilə düzənliyə tərəf enməyə başladıq. Qabaqda uca səslə təkbir edənlər gedirdi. Yolların kənarları, pəncərələr, balkonlar, divarların, ağacların, damların üstü yüzlərlə qışqıran, ağlayan, alqışlayan qadın, kişi, qoca, cavan və uşaqlarla dolmuşdu”.
Şəki camaatı kimsədən əmr almadan Qarabağın və həm də milli heysiyyətinin, dövlətinin, istiqlalının müdafiəsinə gedirdi. Aydəmirin yazdığı kimi, “o günə qədər savaş görməyən, hətta vətənini öz evinin və kəndinin sərhədləri daxilində təsəvvür edən bu xalq indi ilk dəfə olaraq vətəninin uzaq bir parçasının və o parça üzərində yaşayan qardaşlarının xilası üçün yola çıxmışdı. Həm də bu yolçuluqdan narazı deyildi, əksinə öyünür, qürur duyurdu”.
Könüllülər dəstəsinə qoşulmaq istəyənlər sırasında yaşlılar, qadınlar, hətta kənd mollaları və məktəb uşaqları da vardı. (Xatirələrdəki bu sətirləri oxuyanda istər-istəməz “Harada idik, haraya gəldik !” – düşüncəsindən özünü saxlaya bilmirsən – V. Q.). Onları böyük çətinliklə Şəkinin çıxacağında geri qaytarmaq mümkün olmuşdu. Xalqın torpağına olan bu bağlılığı savaş acıları görmüş Aydəmiri də kövrəlib ağlamağa məcbur etmişdi. Anadoluda, Qurtuluş Savaşı iştirakçılarının sıralarında olmamasının təsəllisini Azərbaycan vətənpərvərlərindən almışdı.
“Könüllülər Əsgəran qalasına yaxınlaşanda artıq yollar açılmışdı, – deyə Aydəmir yazırdı. – Biz ilk çarpışmaya Xankəndi yaxınlığında qatıldıq. Gənc və təcrübəsiz olmalarına baxmayaraq Azərbaycan ordu birlikləri hər tərəfdə cəsarətlə irəli atılırdı”. Tarixi qaynaqlar da əsgərlərimizin bu ilk sınaqdan şərəflə çıxdığını, general Dronun komandası altındakı erməni silahlı qüvvələrini sarsıdıcı məğlubiyyətə uğradaraq Qarabağı düşməndən təmizlədiklərini təsdiq edirlər.
Qarabağ uğrunda savaşda Şəki könüllüləri 15 qurban vermişdilər. Əvəzində isə qələbəni Şuşada bayram eləmişdilər. Aydəmir hətta Gövhər ağa məscidinin minbərindən toy-bayram içərisində olan, “bir vətənin, bir millətin cocuqları kimi” birləşməyi bacaran Azəri türklərini kövrəldən nitq söyləmişdi. İtkilərin ağrı-acısına baxmayaraq qələbə sevinci Şəkidə də böyük coşqu yaratmışdı.
Lakin Azərbaycan silahı Qarabağda zəfər çalsa da, gənc milli dövlətin yeni, daha çətin sınaq qarşısında dayandığını görməmək mümkün deyildi. Aydəmir də bunu hiss etmişdi. O, yazırdı: “Qarabağda silahlar susarkən Qafqaz dağlarının o biri üzündə, Xəzər sahillərində, Dağıstan sərhədində sirli qara və qırmızı buludlar toplaşırdı. Kölgəsi sanki özündən əvvəl hər yeri saran və məmləkətin başı üzərini alan sirli və ağır buludlar. Bolşevizm...”
Aydəmir Bakının işğalı xəbərini Dərbənddən Şəkiyə dönərkən eşitmişdi.
(Ardı gələn şənbə sayımızda)
Vilayət QULİYEV






Mənbə: Vilayət QULİYEV06.11.2010     Çap et  Çap et