525-ci qəzet

Cümhuriyyət naziri




Polşa tatarı, milli ordumuzun ilk Baş qərargah rəisi, general-leytenant Masey Sulkeviç haqqındakı yazımda 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətinin türk soylarının, eləcə də Rusiya müsəlmanlarının seçkin nümayəndələrini maqnit kimi özünə çəkdiyini yazmışdım.
Bu elə mürəkkəb bir zaman idi ki, türk dünyası böyük sınaqlarla üzləşmişdi, Bir tərəfdə yüzilliklər boyu dünyanın üç qitəsinə hökm etmiş möhtəşəm Osmanlı imperiyası çökürdü. O biri tərəfdə-Qafqazın cənubunda isə əzablar və qanlar bahasına yeni cümhuriyyət qurulurdu. Bu çətin sınaq anında dini və milli mənliyini dərk etmiş hər türk-müsəlman üçün kiçik Azərbaycanın müstəqil dövlətçilik mücadiləsi yalnız bir xalqın hürr yaşamaq istəyi deyildi. Yeni Cümhuriyyət həm də türkləri tarix və siyasət səhnəsindən sıxışdırıb çıxarmaq niyyətinə düşənlərə cavab idi.
Türklük duyğusu ilə aşılanmış, milliyyətçi ruhlu insanlar bu cavabın altında öz imzalarının olmasına can atırdılar. Ona görə də çətinlik və məhrumiyyətlərdən çəkinmədən yoxdan üçrəngli bayraq yaratmaq, hürr və çağdaş dövlət qurmaq savaşı verən Azərbaycana öz təmənnasız xidmətlərini təklif edirdilər.
Onlar hazırın naziri olmağa gəlmirdilər. Əksinə, həyatlarını ciddi təhlükə qarşısında qoyaraq “ağ” və “qırmızı” Rusiyaya, türk düşməni Ermənistana, müstəqil Azərbaycanın varlığı ilə barışmağa çətinlik çəkən İrana sinə gərmiş bir xalqa və məmləkətə dayaq durmaq istəyirdilər.
Azərbaycan Cümhuriyyətinə canla-başla xidmət edən belə türk övladlarından biri də qardaş qumuq xalqının oğlu Rəşid xan Kaplanov (1885-1937) idi.
Sayları 450 min nəfərə çatan qumuqlar Şimali Qafqazın ən böyük türk etnosu sayılır. Qumuq dili türk dilləri ailəsinin qıpçaq qrupuna aiddir. Bu dilin diqqətəlayiq yazılı nümunələrindən biri məşhur azərbaycanlı şərqşünas-alim Mirzə Kazımbəyin 1850-ci ildə Peterburqda çap etdirdiyi “Dərbəndnamə” əsəridir. Yalnız tarix deyil, həm də diqqətəlayiq bir dil abidəsi olan “Dərbəndnamə”nin müəllifi XVII əsr qumuq alimi Məhəmməd Əvvabi idi. Əsrlər boyu türk yurdu kimi şöhrət tapmış Dərbəndin tarixi bu kitabda hətta orta səviyyəli Azərbaycan oxucusunun indi də çətinlik çəkmədən başa düşəcəyi aydın və anlaşıqlı dillə şərh olunurdu.
Qafqazdakı dil və din qardaşlarımız qumuqları bizə yaxınlaşdıran tarixi qohumluq əlaqələri də mövcuddur. Sonuncu Qarabağ hökmdarı Mehdiqulu xan Cavanşirin qızı şairə Xurşud Banu Natəvan (1832-1897) Rəşid xan Kaplanovun doğulduğu Aksay kəndindən olan knyaz, rus ordusunun general-mayoru Xasay xan Usmiyevlə (1808-1866) ailə qurmuşdu. Bu nikahdan doğulan və babasının adını daşıyan Mehdiqulu xan Usmiyev (1855-1900) təkcə rus ordusunun zabiti deyil, həm də “Vəfa” təxəllüsü ilə ana dilində lirik qəzəllər yazan şair kimi məşhurlaşmışdı.
Natəvanın ailə həyatını bəzən Qafqaz canişini knyaz M.S.Vorontsovun istəyi ilə bağlanan siyasi izdivac kimi də dəyərləndirirlər. Lakin istənilən halda seçim özü maraqlı idi və müəyyən ənənələrə əsaslanırdı. Çünki şairənin babası İbrahim Xəlil xanın qanuni arvadlarından biri qumuq əsilli idi. Qarabağ xanlığının hökmdarı nüfuzlu qumuq feodallarından Əli Sultan Cenqutaylının bacısıyla evlənmişdi...
Təbii ki, bu tarixi paralellərin Rəşid xana xüsusi bir aidiyyəti yox idi. Onu Azərbaycana gətirən əsas amal dili və qanı ilə bağlı olduğu millətin müstəqil dövlətçilik savaşına öz töhfəsini vermək istəyi idi.
Bakıya gələn Rəşid xan Kaplanov tezliklə baş nazir Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi dördüncü hökumət kabinəsində maarif və dini etiqadlar naziri (14 mart 1919–12 dekabr 1919), beşinci hökumət kabinəsində isə ticarət və sənaye naziri (24 dekabr 1919–1 aprel 1920) vəzifəsində çalışmışdı.
Onun Azərbaycan hökumətində tutduğu ilk nazir postu xüsusi ilə uğurlu olmuşdu. Təkcə iki faktı xatırlatmaq kifayətdir: qısa müddətli Cümhuriyyət dönəminin diqqətəlayiq hadisələrindən olan Bakı Universitetinin açılışı, habelə yüz nəfər azərbaycanlı tələbənin ali təhsillərini tamamlamaq məqsədi ilə Rusiya, Türkiyə və Avropa universitetlərinə göndərilməsi R.Kaplanovun ölkənin maarif sahəsinə rəhbərlik etdiyi dövrə təsadüf etmişdi. Əlbəttə, bu ilk növbədə Azərbaycan hökumətinin xidməti idi. Lakin hökumətin qarşıya qoyduğu vəzifənin yüksək səviyyədə həyata keçirilməsi üçün Rəşid xan da müvafiq sahəyə rəhbərlik edən məsul dövlət məmuru kimi az iş görməmişdi.
lll
Əvvəlcə Şimali Qafqaz Dağlılar Respublikası, sonra isə Azərbaycan hökumətində yüksək vəzifələr tutana qədər Rəşid xan Kaplanov da digər həmkarları və əqidə dostları kimi hadisələrlə zəngin mürəkkəb ömür yolu keçmişdi.
Onun mənsub olduğu nəsil öz şəcərə ağacını Həzrəti Məhəmmədin əmisi Həmzədən başlayırdı. İndi bu iddianın sadəcə ailə əfsanələrinə, yoxsa müəyyən qaynaqlara əsaslandığını söyləmək çətindir. Lakin qumuqların başqa bir əsilzadə nəsli-Tarkovski şamxalları (şair-tərcüməçi Arseni Tarkovski və oğlu, məşhur “Stalker” filminin yaradıcısı Andrey Tarkovski də həmin nəsildən idi-V.Q.) ilə yaxın qohumluq əlaqələrinə malik Kaplanovların tarixini XVI yüzillikdən etibarən mötəbər sənədlər əsasında izləmək mümkündür.
Rəşid xanın atası Zabit xan Kaplanov (1838-1914) Dağıstanın iri torpaq sahiblərindən sayılırdı. Eyni zamanda Dağıstan əsilzadələrinin əksəriyyəti kimi uzun illər çar ordusunda xidmət etmişdi. Zabit xanın üç övladı vardı. Kiçik oğlu İbrahim xan Kaplanov (1887-1948) atasının yolu ilə gedərək hərbi sahəni seçmişdi. Polkovnik rütbəsinə qədər yüksəlmişdi. Dağlılar Respublikasının müstəqillik savaşı apardığı 1918-ci ildə Qumuq süvari alayının komandiri olmuşdu. Lakin Rusiya inqilabı bir sıra ailələr kimi Kaplanov qardaşlarını da ayırmışdı. Ağ ordunun tərkibində bolşeviklərə qarşı vuruşan İbrahim xan mühacirətə yollanmış, uzaq Amerikada həyatını başa vurmuşdu. Rəşid və İbrahim xanın bacısı Nəcabət xanım kabardin əsilli rus generalı T.Bekoviç-Çerkasskiyə ərə getmişdi. İnqilab onu da əri ilə birlikdə vətəndən uzaq salmış, Polşa və Almaniyaya aparıb çıxarmışdı.
Ailənin ilk övladı Rəşid xan 1885-ci ildə (bəzi mənbələr bu tarixi 1883-cü il kimi də göstərir) doğulmuşdu. Evdə özəl müəllimlərdən dərs almış, Vladiqafqaz gimnaziyasında oxumuşdu. Sonra isə təhsilini tamamlamaq üçün daha uzağa-Fransa paytaxtındakı məşhur Sorbonna universitetinə yollanmışdı.
Maraqlıdır ki, həmin dövrdə bu universitetdə XX əsrdə öz millətinin tarixində mühüm rol oynayan daha iki qumuq gənci təhsil alırdı. Onlardan biri Heydər Bammat (1890-1965), digəri isə Cəlaləddin Qorxmazov (1877-1937) idi.
Çarizmin süqutu ərəfəsində Tiflisdə, Qafqaz Canişinliyində xüsusi tapşırıqlar üzrə məmur vəzifəsində çalışan Heydər Bammat 1917-ci ildə öz seçimini etmiş, Şimali Qafqaz Dağlılar Respublikasının qurucuları sırasında yer almışdı. 1919-cu ildə Denikin hücumları nəticəsində siyasi mövcudluğunu itirən bu respublikanın xarici işlər naziri kimi Parisə, Versal Sülh konfransına yollanmışdı. Sonra isə təxminən yarım əsrə qədər çəkən mühacir həyatı yaşamışdı. Siyasi publisist kimi geniş və səmərəli fəaliyyət göstərmişdi. Berlində və Parisdə rus dilində “Kavkaz” jurnalını nəşr etmişdi. Mühacirət illərində eyni taleni yaşayan Ə.Topçubaşovun ən yaxın dostlarından, məsləkdaşlarından birinə çevrilmişdi. Təsadüfi deyil ki, Əlimərdan bəyin zəngin epistolyar irsində adı ən çox və müsbət planda çəkilən müasirlərindən biri Heydər Bammat olmuşdu.
Sorbonnada təhsil alan ikinci qumuq gənci C.Qorxmazov isə sonralar Dağıstanın ilk sovet rəhbərlərindən biri, mətin inqilabçı, ictimai-siyasi xadim və fikir adamı kimi tanınmışdı. 1917-ci ildə dağlı xalqlarının hər iki tarixi qurultayında iştirak etsə də, az sonra milli qüvvələrdən uzaqlaşmış, Temirxanşurada Dağıstan Sosialist qrupunu yaratmışdı. Qrup qarşısına Dağıstanda sosialist inqilabını hazırlayıb həyata keçirmək məqsədi qoymuşdu. C.Qorxmazov tezliklə RKP(b) Qafqaz ölkə komitəsi MK-nın üzvü seçilmiş, Müvəqqəti İnqilab şurasına rəhbərlik etməyə başlamışdı. Bolşeviklərin gəlişindən və Dağıstan MCCR-nın təşkilindən sonra (1921) muxtar respublika XKS-nın ilk sədri olmuşdu. C. Qorxmazov bolşevik rəhbərləri arasında az təsadüf edilən həqiqi intellektuallardan idi. O, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayın həmsədrlərindən olmuşdu. 1928-ci ildə yaradılan Ümumittifaq Yeni Əlifba Komitəsinin sədr müavini (sədr M.İ.Kalinin idi) kimi qurumun fəaliyyətinə rəhbərlik etmişdi. Firdovsinin 1000 illik yubileyi münasibəti ilə yaradılan Sovet Təşkilat komitəsinə (1934) sədrlik də C.Qorxmazovun üzərinə düşmüşdü. Onun dostları sırasında Jan Jores, Emil Zolya, Anatol Frans, Romen Rollan, Anri Barbüs və b. məşhurlar vardı. 1925-ci ildə C.Qorxmazovla görüşən məşhur Norveç qütb tədqiqatçısı, Nobel mükafatı laureatı Fritof Nansen yazırdı:
“Qorxmazov Mahaçqala yaxınlığındakı Kumtorqala adlı qumuq kəndindəndir. Daha çox avropalıya bənzəyir. Ziyalı sifəti və geniş alnı var. Saçları bəyaz və dalğalıdır. Onun ana dili türk-qumuq dilidir. Bu dil Dağıstanda çox geniş yayılıb. Rus dili ilə birlikdə ümumi ünsiyyət vasitəsidir. Qorxmazov çox ağıllı adamdır. Gözəl təhsil alıb. Əsas peşəsi hüquqşünaslıqdır, lakin mütaliə dairəsi həddindən artıq genişdir. İnqilabdan əvvəl uzun müddət siyasi mühacir kimi Parisdə yaşayıb”.
Parisdə Cəlaləddin Qorxmazov gənc həmvətənin həm ictimai-siyasi baxışlarının formalaşmasına, həm də şəxsi həyatına ciddi təsir göstərə bilmişdi. 1907-ci ildə o, Polşa inqilabçısının qızı, sonralar özü də inqilabi mübarizə tarixində silinməz izlər qoymuş Mariya Skakovskaya (1886-1937) ilə ailə qurmuşdu. Bəlkə də bu romantik evliliyin təsiri altında Rəşid Kaplanov da Mariyanın yaxın rəfiqəsi, yəhudi əsilli Olqa Arşon ilə evlənmişdi.
Bu xəbər 70 yaşlı atanı-knyaz Zabit Kaplanovu xeyli hiddətləndirmişdi. O, hətta oğlu ilə bütün əlaqələri kəsmək qərarına gəlmişdi. Qoca knyazı yəhudi düşmənçiliyində təqsirləndirmək doğru olmazdı. Sadəcə, köklü-köməcli bir nəsil başçısı kimi tarixi yüzilliklərlə ölçülən ailənin qan və gen yaddaşını yad təsirlərdən qorumağı özünün müqəddəs borcu sayırdı. Kaplanovlar soyunun sonrakı taleyi Zabit xanın həyəcan və əndişələrinin əbəs olmadığını göstərdi.
1910-cu ildə Sorbonna universitetində hüquq təhsilini başa vuran Rəşid xan Rusiyaya deyil, İstanbula yollanmışdı. İki il əvvəl burada gənc türklər inqilabı qələbə çalmışdı. Onun Parisdən tanıdığı “İttihad və Tərəqqi” partiyasının bir sıra üzvləri yeni hökumətdə mühüm vəzifələr tuturdular. Onlarla birlikdə üzərində düşündükləri islahatları həyata keçirmək, bütün türk-müsəlman dünyasının böyük ümidlə baxdığı yeganə türk müstəqil dövlətini mümkün qədər müasirləşdirmək, inkişaf və tərəqqiyə qovuşdurmaq imkanı yaranmışdı.
Onu İstanbula bağlayan başqa amil əmisi oğlu Əhməd Səid Kaplanovun Osmanlı paytaxtında, xüsusən də gənc türklərin liderləri arasında tanınmış simalardan biri olması idi. Əhməd Səid (1859-1920) Qafqaz canişininin mühafizə alayının zabiti, polkovnik Əbu Müslim Kaplanovun oğlu idi. Kadet korpusunu bitirdikdən sonra Rusiyada böyük perspektivləri olsa da, çox güman ki, imperiyanın türk-müsəlman xalqlara ögey münasibəti ilə barışmayaraq 1888-ci ildə Osmanlı təbəəliyini qəbul etmişdi. Qafqazın tanınmış türk ailələrindən birinin övladı kimi tezliklə Sədrəzəmin (baş nazir) şəxsi yavəri vəzifəsinə yüksəlmişdi. Sədrəzəm Qazi Əhməd Muxtar Paşa bir müddət sonra Misirə, Osmanlı sarayının ali təmsilçisi vəzifəsinə təyin olunanda Əhməd Səidi də özü ilə aparmışdı. O tezliklə öz rəisini də “gənc türklərə” rəğbətlə yanaşanların sırasına çəkə bilmişdi.
Əhməd Səid 1899-1902-ci illlərdə Qahirədə “Sancaq” (“Bayraq”) qəzetini nəşr etmişdi. Qəzet ardıcıl surətdə Osmanlı imperiyasında ümumi islahatlar aparılması və 1876-cı il Konstitusiyasının yenidən bərpasına çağırırdı. 1908-ci il inqilabından sonra Ə.S.Kaplanov İstanbula dönmüşdü. Burada yenidən mətbuat sahəsində çalışmaqla bir sırada həm də İstanbul universitetinin professoru idi.
Nəhayət, Cəlaləddin Qorxmazovla Mariya Ckakovskaya da artıq iki ildən bəri İstanbulda yaşayırdılar. Onlar Rusiyadan gələn mühacirlər üçün pansionat təşkil etmişdilər. 1909-cu ildən isə C.Qorxmazov ilk rusdilli türk mətbu orqanının-“Ctambulskie novosti” qəzetinin nəşrinə başlamışdı. Rusiyanın İstanbul səfiri N.V.Çarıxov xarici işlər naziri A.P.İzvolskiyə məktubunda redaktoru “mötədil görüşlərə malik çox istedadlı adam”, qəzeti isə “Türkiyə ilə iqtisadi və mədəni zəmində yaxınlaşmaya xidmət edən nəşr” adlandırmışdı.
Cəmi 33 sayı çıxan bu qəzet gənc türklər inqilabından sonrakı Türkiyəni rus ictimaiyyətinə tanıtmaq baxımından mühüm rol oynamışdı. Bir sıra türk ziyalıları onun səhifələrində həvəslə çıxış edirdilər. Qəzet Osmanlı-Rusiya savaşlarının təsiri altında əsrlər boyu ruslarda yaranmış türk düşmənçiliyi düşüncəsinin tədricən aradan qaldırmaq amalına xidmət edirdi. “Stambulskie novosti”nin müəllifləri sırasında Rəşid xan Kaplanov da var idi. “İttihad və Tərəqqi”də on sənə” adlı memuarların müəllifi, tanınmış türk ictimai-siyasi xadimi və publisist Mühitdin Birgenin (1885-1952) məlumatına görə həyatının İstanbul dövründə Rəşid xan rəsmi partiya orqanı sayılan “Tənin” qəzetində də yaxından iştirak etmişdi. Həm Türkiyə, həm də Rusiya və Avropa həyatına, ictimai-siyasi fikrinə yaxından bələdlik onu inqilabçı partiya ətrafına toplaşan intellektuallar arasında öncül mövqelərə çıxarmışdı.
İstanbulda yaşadığı üç il ərzində R.Kaplanov ölkənin Ədliyyə nazirliyi nəzdində fəaliyyət göstərən qanunvericilik islahatları komissiyasında çalışmış, Mülkiyyə məktəbində dövlət hüququndan, Siyasi elmlər məktəbində isə anayasa hüququndan mühazirələr oxumuşdu. İmperiyanı idarə edən Triumviratla (Tələt Paşa, Ənvər Paşa, Camal Paşa) ilə tanışlıq və əlaqələri yaranmışdı.
1913-cü ildə Rəşid xan Kaplanov atasının təkidi ilə vətənə dönmüşdü. Növbəti il Zabit xanın vəfatından sonra ailənin geniş torpaq mülkiyyətinə sahiblik hüququ onun üzərinə düşmüşdü. Rəşid xan 1913-1917-ci illərdə həm də Vladiqafqaz şəhərində andlı müvəkkil kimi məhkəmə sistemində çalışmışdı, yalnız qumuqların deyil, bütünlükdə Dağıstanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdi. Oğlu, kosmik texnologiya sahəsində S.Korolyovun yaxın silahdaşlarından biri kimi tanınan sovet alimi, professor, iki dəfə SSRİ Dövlət mükafatı laureatı Murad Kaplanov (1915-1980) da Vladiqafqaz şəhərində dünyaya göz açmışdı.

lll
Fevral inqilabı Rusiya imperiyasının digər milli ucqarları kimi Qafqazda da geniş əks-səda doğurmuşdu. Çarizmə qarşı çoxillik silahlı müqavimət ənənələri ilə tanınan dağlı xalqları inqilabın yaratdığı imkandan yararlanaraq öz dövlətlərini qurmaq əzmində idilər. Bu dəfə mübarizənin əsas ağırlığı hərbçilərin deyil, ziyalıların üzərinə düşmüşdü. Onlar yeni tarixi şəraitdə dini, etnik və dil fərqlərini aradan qaldıraraq Şimali Qafqaz və Dağıstan xalqlarını “dağlı” ideologiyası əsasında birləşdirmək istəyirdilər.
Peterburqda inqilabın əks-sədası başa çatmamış, 1917-ci il martın 5-6-da dağlı ziyalıları Vladiqafqazda bir araya gələrək Birləşmiş Dağlıların Müvəqqəti Mərkəzi Komitəsini yaratmışdılar. Quruma balkar maarifçisi və ictimai xadim Basiyat Şaxanov rəhbərlik edirdi. Müvəqqəti MK rus inqilabının açdığı imkanlardan istifadə edərək Qafqaz dağlılarının maraq və mənafelərini qoruyan bir qurum kimi geniş siyasi, idarəçilik və maarifçilik fəaliyyəti aparmağı planlaşdırırdı.
1917-il 1(14)-8(21) may tarixlərində Vladiqafqaz şəhərində özünün ilk qurultayına toplanan Birləşmiş Dağlıların Müvəqqəti MK-sı Şimali Qafqaz və Dağıstan Dağlıları İttifaqı kimi formalaşdı. Həmin ilin sentyabrında keçirilən növbəti qurultayda Abxaziyanın da İttifaqa qoşulması nəticəsində sonra qurum Şimali Qafqaz, Dağıstan və Abxaziya İttifaqı kimi tanınmağa başladı.
Birinci qurultaya müxtəlif Şimali Qafqaz və Dağıstan xalqlarının 340 nəfər nümayəndəsi qatılmışdı. Qurultayda Azərbaycanı tanınmış ictimai-siyasi xadim, Parlamentin gələcək başçısı doktor Həsən bəy Ağayev təmsil edirdi. Bu da yeni siyasi reallıq şəraitində dağlıların, eləcə də Rusiyanın digər türk-müsəlman xalqlarının Azərbaycanı özlərinin təbii müttəfiqi saymaları ilə əlaqədar idi. Yeri gəlmişkən, ilk dağlı qurultayının işinin maliyyələşdirilməsində Bakı milyonçuları H.Z.Tağıyev, M.Muxtarov (onun xanımı osetin əsilli idi-V.Q.) və Ş.Əsədullayev yaxından iştirak etmişdilər. Azərbaycan hələ milli dövlətçilik yolunda nəzərə çarpan addım atmasa da, H. Ağayev öz təbrik nitqində dağlıları müstəqil dövlətçilik forması kimi respublika quruluşunu tərcih etməyə çağıraraq demişdi:
“Yalnız milli-ərazi prinsipinə əsaslanan demokratik respublika islam dininə sitayiş kimi şərəf və xoşbəxtliyə nail olmuş xalqların milli-siyasi inkişafını ən uğurlu bir şəkildə təmin edə bilər. Yalnız belə bir respublika quruluşu şəraitində tam milli, mədəni və siyasi tərəqqi əldə oluna bilər. Yalnız belə olduqda islam bir zamanlar nuru ilə bütün Avropanı işıqlandırdığı, son dövrlərdə isə məhrum edildiyi dəyərləri yenidən bəşəriyyət xəzinəsinə bəxş edə bilər”.
Rəşid xan Kaplanov həmin qurultayın işində “qumuqların, qaranoqayların və Stavropol quberniyası türkmənlərinin” nümayəndəsi kimi iştirak edirdi. Amma təbii ki, çıxışları sadəcə belə dar milli dairə ilə məhdudlaşmamışdı. Əksinə, qurultayda yalnız dil deyil, din fərqlərini də aradan qaldırmağa çalışan “dağlı” ideologiyasının əsas müəlliflərindən biri R.Kaplanov idi. Onun haqlı qənaətinə görə islam dini faktorunun qabarıqlaşdırılması əhalisinin yarısı müsəlman, digər yarısı isə xristian olan Osetiyanın Şimali Qafqaz dağlıları ittifaqında özünə problemsiz yer tapmaq məsələsinə maneə törədə bilərdi. Məhz yüksək siyasi taktına və mütərəqqi baxışlarına görə çoxmillətli mühitdə xüsusilə həssas və ağrılı mövzuya çevrilən təşkilati məsələlərlə bağlı əsas məruzə də Rəşid xanın üzərinə düşmüşdü. M.Əbdülqədirov (Balkariya) torpaq məsələsinə, Ə.Əfəndiyev (Dağıstan) dini islahatlara, S.Qabiyev (Dargin) məktəb və təhsil məsələləri ilə bağlı qurultay iştirakçıları qarşısında çıxış etmişdilər.
Mayın 5 (18)-də qurultay R.Kaplanovun məruzəsi ətrafında müzakirələri başa çatdıraraq Dağlılar İttifaqının yaradılması haqqında qərar qəbul etmiş və İttifaqın idarə şəkli ilə bağlı irəli sürdüyü layihəni bəyənmişdi. Mayın 7(20)-də qəbul olunan Dağlılar İttifaqının Konstitusiyası, siyasi platforması və proqramı kimi mühüm sənədlər də R.Kaplanov tərəfindən, yaxud onun rəhbərliyi altında hazırlanmışdı.
1917-1920-ci illərdə Şimali Qafqaz və Dağıstanda biri-birinə müvazi şəkildə dörd hökumət fəaliyyət göstərmişdi. Bunlar Terek-Dağıstan hökuməti, Çeçenistan və Dağıstanın Dağlı hökuməti, Şimali Qafqaz Əmirliyi (Çeçenistan) və Şimali Qafqaz imamlığı (Dağıstan və Çeçenistanın bəzi hissələri) idi. Rəşid xan Kaplanov 1917-ci il dekabrın 14-də 1918-ci il martın 8-nə qədər Terek-Dağıstan hökumətinin sədri olmuş, eyni zamanda xarici əlaqələr sahəsin nəzarət etmişdi.
“Qafqaz mayı” kimi məşhurlaşan 1918-ci il mayın 11-də Birləşmiş Dağlılar İttifaqının MK-sı üç Cənubi Qafqaz respublikasını qabaqlayaraq Şimali Qafqaz Dağlıları Respublikasının yarandığını bəyan etdi. Respublika öz qarşısına regiondakı qüvvələri birləşdirmək və vahid mərkəzdən idarə etmək məqsədi qoymuşdu. Rəşid Kaplanovun da qumuq xalqının təmsilçisi kimi qatıldığı bu hökumətin başında çeçen milyonçusu Əbdülməcid (Tapa) Çermoyev dayanırdı. Yardım üçün Almaniyaya və Osmanlı imperiyasına müraciət olunmuşdu. Real maddi və mənəvi yardım isə mayın 28-də öz dövlət müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətindən gəlmişdi.
Rəşid xan Kaplanov 1919-cu ilin yanvarında Xasavyurd dairəsindən 27 nəfərdən ibarət Dağlı Parlamentinə üzv seçilmişdi. 1918-ci il dekabrın 12-dən isə Pşemaxo Kotsevin rəhbərlik etdiyi Dağlı hökumətində daxili işlər naziri vəzifəsini tuturdu. Yeri gəlmişkən həmin hökumətdə xalq maarifi naziri Azərbaycan əsilli pedaqoq və ictimai xadim Nurməhəmməd Şahsuvarov (1885-1948) idi. Bütün Şimali Qafqazı bürümüş xaos və anarxiya şəraitində vəziyyətə nəzarət edə bilməyən Kotsev hökuməti 1919-cu il martın 5-də tam tərkibdə istefaya getdi. R.Kaplanovun rəhbərliyi ilə yeni hökumət kabinəsi formalaşdırmaq niyyəti də baş tutmadı. O, “ağ Rusiya” və Denikinlə əməkdaşlıq yolunun tutulmasında, Dağıstanın yenidən rus süngülərinin nəzarəti altına keçməsində hər hansı şəkildə iştirak etmək istəmirdi. P.Kotsevin ikinci hökuməti yalnız ay yarım duruş gətirə bildi. 1919-cu ilin mayında Dağıstanı ələ keçirən Denikin hakimiyyəti çar generalı Mustafa Xəlilova verdi.
(Ardı gələn şənbə sayımızda)
Vilayət QULİYEV






Mənbə: Vilayət QULİYEV25.09.2010     Çap et  Çap et