525-ci qəzet

Savaşlarda keçən və sönən ömür


 
 
“Gedirik Çeçenistana. Orda müharibənin yeni mərhələsi başlayıb” – Bu sözləri “Röyters”in və “Turan”ın əməkdaşı Fərhad Kərimov söhbət zamanı həmkarı Şahin Hacıyevə söyləmişdi. Çeçenistanda müharibə başlayandan o, dəfələrlə ezamiyyətlərdə olmuş, ən qaynar döyüş bölgələrindən Rusiya-Çeçenistan müharibəsini hərtərəfli əks etdirən çəkilişlər aparmışdı. Bütün dünya Qarabağ, Abxaziya, Osetiya müharibələrinə, Gürcüstanda, Tacikistanda baş vermiş vətəndaş müharibəsinə də onun kamerasının obyektivilə baxa bilmişdi.
Növbəti ezamiyyət barəsində eşidən dostu isə onu bu fikrindən daşındırmağa çalışdı. Düz 15 il əvvəl Çeçenistanda peşə vəzifəsini yerinə yetirərkən həlak olmuş həmkarı ilə sonuncu görüşündən Şahin Hacıyev bircə şeyi xatırlayır: “Mən onun xarakterinə yaxşı bələd olduğumdan dedim ki, bu cür risk etmə. Artıq səni hamı tanıyır. Oğlun olub. Onu, ailəni düşün. Sənin bu cür risk etməyə ixtiyarın yoxdur. O, isə üzümə baxıb, güldü, dedi ki, narahat olma, hər şey yaxşı olacaq.” Bu söhbət 1995-ci ilin yazında Fərhad Kərimovun ölümündən iki həftə qabaq olmuşdu...
Onsuz da iş yoldaşları, ailə üzvləri, onu tanıyanlar Fərhad Kərimovun xaraktercə necə inadkar olduğunu, gördüyü işi sona çatdırmağı çox sevdiyini bilirdilər. Sonuncu səfərindən də onu heç bir qüvvə saxlaya bilmədi. Çünki o elə bu peşə üçün doğulmuşdu. Uşaqlıqdan arzulamışdı jurnalist olmağı. Harda bir maraqlı məqalə, şəkil görsə, kəsib saxlayardı. İdman jurnalistikasına həvəsi vardı.
Ağsaçlı Əminə ananın evində onunla üzbəüz oturmuşuq. Onun çöhrəsindəki cizgilərdən hiss edirəm ki, bir ana üçün oğul itkisindən danışmaq, həmin anları yenidən yaşamaq necə ağır və çətindir. Otağa daxil olar-olmaz şkaf rəfində çərçivəyə salınmış foto diqqətimdən yayınmır. Jurnalist Fərhad Kərimovun gülümsər çöhrəsi. Bəlkə də bu foto oğul itkisi ilə barışmayan Əminə anaya yaşamaq ümidi verən və oğul həsrətini bir azca da olsa, ovudan yeganə təsəllisi idi. “Fərhadın çox şəkli məndə yoxdur. Əksəriyyəti ailəsindədir. Məndə olan budur”- deyib şkaf rəfindəki fotonu göstərdi.
Əminə ana və həyat yoldaşı Əsgər bəyi 1946-cı ildə əlaçı tələbə olduqlarına görə Moskva Dövlət Universitetinə oxumağa göndərirlər. Tale elə gətirir ki, ilk övladları da məhz bu şəhərdə dünyaya göz açır.
Anası Əminə Məmmədovanın dediklərindən: “Fərhadın həvəsi jurnalistikaya idi. Atası icazə vermirdi, deyirdi ki, bu, çətin peşədir. Müsahibə almaq üçün gərək üzlü olasan, çox əziyyət çəkməlisən. Ancaq atası rəhmətə gedəndən sonra Fərhad jurnalist fəaliyyətinə başladı. Həmişə yazırdı. Nəyə həvəsi var idi, ona da gedirdi”.
O, hansı işdən yapışırdısa, orda uğur qazanırdı. Sonralar universitetdə oxuyarkən boks çempionu adına da layiq görüldü. Mərkəzi Ordu İdman Klubunda futbol oynadı. Lakin heç bir iş onun jurnalistikaya olan sevgisini əvəz edə bilmirdi. Odur ki, bu sevgi və istək onu “Molodyoj Azerbaycana” qəzetinə gətirdi. O, burda uşaqlıqdan həsrətində olduğu mühiti və işi tapmışdı. 
1990-cı ilin 20 yanvarı. Qardaşı Seyfulla bəyin sözlərinə görə, Fərhad rahat durmur, tez-tez “Azadlıq” radiosuna zəng edir, informasiya blokadası şəraitində şəhərdə baş verən hadisələr barədə məlumatları dünya ictimaiyyətinə çatdırmağa çalışırdı. Sovet qoşunlarının törətdiyi iyirmi yanvar qırğını ona çox pis təsir etmişdi. Həmin gündən sonra onu hamı saqqalla görməyə başladı. “Fərhad ailədə daxilini açan, hisslərini bildirən adam deyildi. O, saqqalı 20 yanvar faciəsindən sonra buraxdı. Dedi ki, Azərbaycan müstəqil olmayınca, bu məsələlər həll olunmayınca, mən saqqalımı qırxmayacam...”
 
Üç dost cəbhədə   
 
Keçən əsrin 90-cı illərindən sonra Fərhad Kərimovun səsi-sorağı ən qaynar nöqtələrdən, təhlükəli döyüş bölgələrindən gəlirdi. Harda bir münaqişə zonası var idisə, Fərhad Kərimov orda idi.
O,“Turan”ın, “Röyters”in əməkdaşı kimi Qarabağın ən qaynar döyüş bölgələrindən cəbhədə baş verənləri öz kamerasının yaddaşına köçürməyə, operativ surətdə xarici informasiya kanallarına ötürməyə başladı. Digər həmkarlarından fərqli olaraq onun çəkdiyi canlı kadrları bütün dünya tamaşaçısı izləyə bilirdi. Şahin Hacıyev bildirir ki, o dövrdə müharibə zonalarında çəkilən videoçəkilişlərə tələbat çox olduğundan əksər xarici informasiya agentlikləri belə çəkilişləri apara bilən yerli jurnalistləri axtarırdı. “Mən o zaman xarici informasiya agentlikləri ilə əməkdaşlıq edirdim. Qaynar nöqtələrdə çalışa bilən jurnalistlərə tələbat çox idi. Məndən bu cür adamları soruşanda Fərhad yadıma düşdü. O da xarici kanallar üçün jurnalist kimi fəaliyyətə razılaşdı. “W Tiens”, daha sonra “Röyters” agentliyində operator, stringer kimi çalışmağa başladı”.
“Röyters” agentliyində Fərhad Kərimov Adil Bünyadov və Xalidlə birgə çalışırdı. Hər üçü həmkar, həm də dost idilər. Üç jurnalist Qarabağ savaşı və digər qaynaq nöqtələrdən “Röyters” üçün canlı kadrlar çəkirdi. Düzdür, hər biri ayrı-vaxtlarda müxtəlif qaynar nöqtələrə səfər edirdi. Ancaq bəzən hər üç dostun birgə döyüş bölgələrində işlədiyi günlər də olurdu. “Nəbadə Fərhadın hər hansı bir çəkilişinə mane olmağa çalışaydın. Fərq etməzdi, bu, əsgər, polis, yaxud ixtiyar sahibidir. Özündən çıxardı və öz jurnalist hüquqlarını qorumaq üçün qarşısındakını acılamaqdan çəkinməzdi. Bu yerdə Adil haraya çatardı. İxtiyar sahibinin qılığına girərdi, çəkilişin başa çatmasına nail olardı. Çox vaxt gecələr ezamiyyətə yollanardı. Fərhad yaşından cavan görünürdü, qıvraqlığı və çevikliyi ilə bizi üstələyirdi.” –  “Röyters”in keçmiş əməkdaşı Xalid həmkarının xatirəsinə hazırlanmış verilişlərdən birində belə deyib.
Xocalı faciəsi zamanı Ağdama pənah gətirmiş qaçqınları və gətirilmiş meyitləri çəkən jurnalistlər arasında saqqallı, xarici görünüşcə əcnəbi jurnalistlərdən seçilməyən bir operator – Fərhad Kərimov da var idi. O, cəbhə təəssüratlarını az halda kiminləsə bölüşərdi. 
 
Son savaş: Çeçenistan
 
Qardaşı Seyfulla Kərimovun dediklərindən: “Çeçenistanda jurnalistlər arasında böyük hörməti və nüfuzu var idi. Elə jurnalist yox idi ki, orda tək işləsin. Fərhad isə orada cangüdən, yerli bələdçi olmadan işləyirdi. Adətən beş-on günlük ezamiyyətə gedirdi. O, az danışardı. Ailədə onun hara getməsindən xəbərimiz olmurdu. Onun nə qədər qiymətli stringer jurnalist olmasından xəbərimiz də yox idi. Biz bunları Fərhad öləndən sonra bildik”.
Fərhad Kərimov üçün istər həyatda, istərsə də peşəsində düzgünlük və obyektivlik öndə dururdu. Bamut adlı çeçen kəndində sovet dönəmindən qalmış hərbi bazanı rus qoşunları heç cür ala bilmirdi. Odur ki, bazanın dağıdılması, çeçenlərin ordan qaçması barədə ictimaiyyətə buraxılan şayiə tezliklə Fərhadın hadisə yerindən çəkdiyi kadrlarla puç edildi. Həmkarı Şahin Hacıyevin dediklərindən: “O öz çəkilişi ilə göstərmişdi ki, ruslar Bamuta girə bilməyiblər. Həmin dezinformasiya xarakterli xəbərlər yayılanda, Fərhadın hadisə yerindən çəkdiyi kadrları da dünyaya yayımlanırdı. Bamutu rus qoşunu ala bilməyib. Bu tipli materiallar, təbii ki, qarşı tərəfi qıcıqlandırırdı”
O, həm də hazırladığı materialın obyektivliyi və qərəzsizliyi üçün hər iki tərəfdə baş verənləri göstərməyə çalışırdı. Odur ki, Fərhad dəfələrlə çeçen rəhbərliyindən, Şamil Basayev, Dudayevdən müsahibələr almışdı. O, Dudayevdən müsahibə alanda mətbuat xidmətində çalışan Mövladi Uduqov onun işığını tuturdu. Sonradan Uduqov nazir vəzifəsinəcən yüksəldi...
Çeçenistan ezamiyyətlərindən Bakıya yüksək-əhval ruhiyyədə qayıdırdı. Çeçenistandan qayıdandan sonra ən çox işlətdiyi ifadə bu idi: “Telekanallara inanmayın. Göstərilənlər hamısı yalandır”.
Rusiya hərbi rəhbərliyi Qroznı şəhərini hava hücumlarına məruz qoymadan öncə ultimatumlar verməyə başladı. Ultimatuma görə tələb olunurdu ki, Qroznıdakı jurnalistlər dərhal bölgəni tərk etsinlər, onların həyatlarına zəmanət verilmədiyi bildirilirdi.
“Hər çəkilişə gediş qırıcı təyyarələrin döyüş zərbəsi endirmək üçün hücumuna bənzəyirdi. Həmin vaxt hər qayıdış jurnalistlər üçün böyük bir bayrama çevrilirdi. O vaxtlar Qroznıda 150-dən çox xarici jurnalist işləyirdi. Səhv etmirəmsə, dekabrın 18-i Qroznı kütləvi şəkildə bombalanmalı idi. “Röyters” rəhbərliyi Londondan 10-dan çox əməkdaşının oranı tərk etməsi barədə tələbini yaydı, əks halda onların işdən çıxarılmaq qorxusu var idi. Fərhad “Röyters”in Qafqaz bürosu üzrə şefi ilə Qroznıda qalmağı qərara aldı. Bu hadisə göstərirdi ki, ancaq jurnalist marağına və hadisələri sonacan işıqlandırmağa görə bu addımı atırdı.” – Bunları isə“Röyters”in keçmiş əməkdaşı Xalid söyləyir. O, Qroznıda həmkarı Fərhad Kərimovun həyatını təhlükəyə ataraq necə unikal çəkilişlər etməsi epizodlarından birini belə xatırlayır: “Biz Qroznıdan 5 dəqiqə idi ki, uzaqlaşmışdıq, səmada 3 qırıcı təyyarə göründü. Biz şəhərin kənarında kamazda idik. Kamazda 30-a yaxın döyüşçü vardı. Artıq bombalar ətrafımıza düşməyə başlamışdı. Onda Fərhaddan tələbim o oldu ki, özümüzü maşından atmalıyıq. Həmin an heç çəkiliş aparmaq barədə fikirləşmirdim. Maşın Dudayevin yaraqlı əsgərləri ilə dolu idi. Fərhad mənim heç bir iradımı eşitmirdi, artıq kamerasını göyə tuşlamışdı. Kamerasında qırıcı təyyarələri axtarır, onların şəhəri necə bombaladığını çəkmək istəyirdi. O, həmin anı çəkməyə nail olmuşdu”.
 
Ölümün bir addımlığında...
 
Fərhad Kərimov dəfələrlə təhlükələrlə üzləşmişdi. Hər dəfə də ölüm təhlükəsi onun bir addımlığından ötüb keçirdi.
Şahin Hacıyev həmkarının onunla bölüşdüyü bir neçə epizodu xatırlayır: “Çeçenistanda bombaya düşdüyündən danışırdı. Deyirdi ki, maşınla getdikləri zaman bombaya düşüblər. Maşını saxlayıb tərk etmişdilər. Bombaların səsi gəlsə də, heç kimə heç nə olmamışdı. Bir dəfə də o, mənə zirehli jiletini göstərmişdi. Qroznıda olarkən onu mütləq geyinərdi. Jiletində iki qəlpə parçası qalmışdı. Deyirdi ki, bu jilet olmasaydı, öləcəydim”.
Əminə ana deyir ki, Fərhadın tez-tez qaynar nöqtələrə səfərləri adiləşmişdi onlar üçün. Odur ki, oğlu heç vaxt yaxınlarından onu yola salmalarını xahiş etməzdi. Ancaq sonuncu səfər zamanı Əminə ana oğlunun xahişini yerinə yetirir: “Fərhad kiçik oğlum Seyfullanın iş maşınında aeroporta yola düşdü. Əvvəlcə Moskvaya qızı Günayın ad gününə getməli idi. Yola düşməzdən qabaq mənə baxıb dedi ki, mən də onlarla gəlim. Dedi ki, ana, məni yola sal. Elə bil ürəyinə nəsə dammışdı. Əvvəllər heç vaxt onu bu cür yola salmamışdım. Bu onun axırıncı səfəri oldu. Onlar üç yoldaş idi. Səfərlərə növbə ilə gedirdilər. Axırıncı dəfə Fərhad getməli deyildi, o, Çeçenistandan təzəcə gəlmişdi. Yoldaşlarından birinin atası xəstə idi, xahiş etmişdi ki, bu dəfə onun yerinə Fərhad getsin, gələn dəfə də o, gedər. Görünür, alın yazısı belə imiş” – Əminə ana sözünü bitirə bilməyib kövrəlir, göz yaşlarını saxlaya bilmir...
Keçmiş iş yoldaşları deyir ki, son vaxtlar Fərhadla “Röyters”in Moskvadakı ofis işçiləri arasında narazılıq olmuşdu. O, işdən ayrılaraq başqa agentliyə keçəcəyini söyləyirdi. Ancaq “Röyters” onun kimi peşəkar stringer jurnalistini itirmək, onun başqa agentlikdə çalışmasını istəmirdi. Odur ki, “Röyters” Fərhadın “Assoşieyted Press”lə əməkdaşlığına bir şərtlə razı olmuşdu ki, o yenə də onlarla birgə çalışsın. Bu, informasiya bazarında üstünlüyünü qorumağa çalışan nüfuzlu informasiya agentliyinin Fərhad Kərimova peşəkar operator, stringer kimi verdiyi qiymətin göstəricisi idi.  
“Çeçenistanda Assoşieyted Pressin əməkdaşı qətlə yetirilib”. Axşam Rusiya kanallarından birində aparıcının söylədiyi bu xəbər Kərimovlar ailəsini təşvişə saldı. Qardaşı dərhal televiziya kanallarına zəng vurub, Çeçenistanda müxbirlərinin olub-olmadığını soruşurdu. “Bəlkə Azərbaycandan başqa müxbir var?” Ancaq heç bir kanal həmin vaxtlar dünya mediasının və ictimaiyyətinin diqqətində olan bu müharibə ocağına müxbir göndərməmişdi. Artıq xəbər öz təsdiqini tapırdı.
  
Son yadigar: Quran və nişan üzüyü...
 
Qardaşı Seyfulla dəqiq olmayan xəbərlərə inanmaqdansa, hər şeyi öz gözlərilə görmək istəyirdi. Artıq 1995-ci ilin mayın 25-də o, Çeçenistanın Şuan kənd məzarlığında qardaşının məzarı önündə idi. “Şuan kəndinə çatanda artıq Fərhadı dəfn etmişdilər. Qəbrini açdırdıq. Baxdım ki, Fərhad özüdür. Kənd soveti mənə barmağından çıxarılmış nişan üzüyünü verdi. Üzərindən götürülüb ailəsi üçün saxlanılan əşyaları arasında Quran da var idi. Ancaq kamerası və kaseti yox idi. Götürmüşdülər. Yəqin elə kadr çəkmişdi ki, onun yayımlanmasını istəməyiblər. Onun itkisi ailəmiz üçün böyük faciədir. Bir qızı, bir oğlu var...” – qardaşı Seyfulla kövrələrək söhbətinə yekun vurur.
Seyfulla bəy 1995-ci ildə qardaşı Fərhadın nəşini Vətənə gətirmək istəsə də, bu bir neçə ildən sonra çətinliklə reallaşır. İndi Fərhadın məzarı Xırdalan məzarlığında atası ilə yanaşıdır.
Son vaxtlar Moskvada ev almaq, ailəsilə birgə orda yaşamaq və işləmək istəyirdi. Həmkarları ilə birgə böyük yaradıcılıq planları, yeni tipli televiziya kanalı açmaq arzusu da var idi...
 
Rori Pek mükafatını qızı aldı
 
Onun Çeçenistan müharibəsinin gedişində apardığı çəkilişlər 1995-ci ildə dünyada ən yaxşı teleçəkiliş kimi tanındı və ölümündən sonra “İlin ən yaxşı teleoperatoru” kimi beynəlxalq mükafata – Rori Pek mükafatına layiq görüldü. Hər cür təhlükə və çətinlikləri ilə sevdiyi peşəsinin ən dəyərli hədiyyəsini sağlığında almaq ona qismət olmadı. Rori Pek mükafatı Londonda   qızı Günaya təqdim edildi. Bəlkə də ömür vəfa etsəydi, hələ neçə-neçə çəkilişlərdə sadiq yoldaşı kamerası ilə unikal kadrlar çəkəcək, digər nüfuzlu mükafatlara layiq görüləcəkdi... 
 
Əfsanə BAYRAMQIZI 
 





20.05.2010     Çap et  Çap et