525-ci qəzet

Qorxmaz Əlilicanzadə: “Meyxanaya bədihə və ya bədyə demək səhvdir”


 
 
Bugünlərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə, bizimlə söhbətində, onu narahat edən bir məsələ ilə bağlı fikirlərini bölüşdü. Alimi narahat edən məsələ son dövrlərdə efirlərdə meyxananın “bədihə” adıyla təqdim olunmasıdır. Meyxananın yaxın tarixi barədə danışan Q.Əlilicanzadə onun bədihə adlandırılmasının elmi əsaslarının olmadığını dedi: “Atam Məmməd Əlili deyərdi ki, o vaxtlar teatrda işləyəndə Ağahüseyn, Əliağa Vahid və meyxanadeyənlər tamaşalararası 15 dəqiqəlik antraktlarda təqdim olunardı. Milli kinomuzda meyxana ilk dəfə Molla Məmməd Maştağalının ifasında “Bizim Cəbiş müəllim” filmində səslənib. Radioda 1966-cı ildə Hacı Kazım və Ələkbər Şahid ilk dəfə Novruz bayramı ilə əlaqədar, sonralar isə efirlərdə Ağasəlim Çildağ meyxana deyib. 1991-ci ildə ilk dəfə mənim təşəbbüsümlə Bakı Dövlət Sirkində meyxanaçıların yarışması keçirilib. Üç gün davam edən konsert anşlaqla keçib. Orada nə musiqiçi, nə də sintezator var idi. Yalnız nağara və çırtmanın müşayiəti ilə konsert vermişdilər. Jüridə Ağasəlim Çildağ, Həkim Qəni, şair Mayil, Nizami Rəmzi, Ələkbər Şahid və mən təmsil olunurduq. Onda mən təklif etmişdim ki, gəlin bunu “bədyə” adlandıraq. Həmin vaxt peşəkarlardan ibarət münsiflər etiraz etmişdilər ki, yox, “bədyə” Bakının kəndlərində söyüşlə deyilən həcvdir, bizim təqdim etdiyimiz isə meyxanadır. Elə o vaxt da bu məsələ bağlandı. Bədyə sözü bu gün dialektlərimizdə əsl mənasında qalmaqdadır. Məsələn, “bədyə-bədyə danışma”, “ağbədyə eləmə” və sair – yəni “gic-gic danışma”, “söyüş söymə”, “açıb-ağartma” mənasında. “Bədyə” bədahətən sözündən əmələ gəlib. Bu sözü ərəbcədən rus dilinə ekspromt kimi tərcümə edirlər. Ekspromt – bir sual, bir cavabdır. İmprovizasiya isə verilən mövzunu inkişaf etdirməkdir. Meyxanada da qafiyə verilir və onu improvizasiya edirlər, yəni deyərək inkişaf etdirirlər”. Q.Əlilicanzadə qəti olaraq meyxananın bədihə adlandırılmasının əleyhinədir: “Televiziyada “meyxana deyən” birisi meyxana əvəzinə “bədihə” deməkdə davam edir. Veriliş başlayandan “bədihəxan” deyib qışqırırlar. Qəzəlxan deyilər, bədihəxan yox. Qısaca demək istəyirəm ki, meyxana bədyə deyil, meyxanaya bədihə və ya bədyə demək səhvdir. Meyxana janrdır, formadır, amma bədyə sadəcə, ifa üslubudur. Bunu bu sahəyə dərindən bələd olan sənətşünas alim kimi məsuliyyətlə deyirəm. Atam-babam da bu janra meyxana deyib, bədihə yox. Janrın adını dəyişirlər. Biz buna reaksiya verməliyik. Meyxana adlı mənəvi sərvətimizə – öz janrımıza, onun əsl adına sahib çıxmırıq. Artıq neçə müddətdir meyxana-bədihə didişməsi davam edir. Ermənilər də fürsəti fövtə vermirlər. Bir çox saytlarda artıq bizim meyxananı “erməni meyxanası” deyə təqdim edirlər. İnternet vasitəsilə bir erməniyə yazdım ki, meyxana azərbaycanlılara məxsusdur, nə haqla onu ermənilərə aid edirsiniz? Cavabları bu oldu ki, siz özünüz meyxanadan imtina edib, bədihə demirsinizmi? Odur ki, gəlin meyxanaya sahib çıxaq. Onu bədihə, bədyə adlandırmayaq. Hər şeyi öz adıyla çağırmaq lazımdır”.
 
SARA  
 





19.05.2010     Çap et  Çap et