525-ci qəzet

Anti-İslam təbliğatı və ya faciəli geriyə doğru irəliyə çağırış


 
Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli mömin dostlara
 
XXI əsrin başlanğıcından İslam əleyhinə təbliğat xeyli güclənmişdir. Ayrı-ayrı ölkələrdə baş verən terror hadisələrindən sonra gündəlikdən çıxmayan müsəlman ekstremizmi barədə iddialar, söhbətlər baş alıb gedir. İslama qarşı nifrəti, kini şiddətləndirmək üçün bir-birinin ardınca törədilən cinayətlərdən böyük canfəşanlıqla istifadə edilir, terrorçuların dini və milli mənsubluğu əsas götürülərək, onların mənfur icraçılarından daha çox bütövlükdə müsəlman aləmi ittihamlara məruz qalır. Artıq gündəliyə “beynəlxalq terrorizm” məfhumu möhkəm daxil olmuş və təəssüf ki, konkret cinayətkarlardan daha tez-tez mücərrəd ümumi təqsirkarı nişan vermək belə qərəzli və ağılsız təbliğat üçün üstün əhəmiyyət daşımağa başlamışdır. Əlbəttə, heç kim, miqyasından asılı olmayaraq insan həyatı itkisi və böyük maddi ziyanla nəticələnən və bu qəbildən olan ağır cinayət hadisələrinin baş verməsi faktını inkar edə bilməz, terrorçular təkcə qanun qarşısında deyil, həm də insanların mənəvi mühakiməsi qarşısında kəskin surətdə məhkum edilmə cəzasından qaça bilməməlidirlər. Guya nifrət hisslərindən yaranan terrorun özü və onu törədənlər sərt nifrət hədəfinə çevrilməlidirlər.
    
Beynəlxalq terrorizmin meydana gəlməsi
Terror özlüyündə nə qədər iyrənc bir əməl olsa da, hiperbola qaydasında təsəvvür olunan hansısa səbəb və motivasiyalara malikdir. Lakin bu səbəb və motivasiyalar da ona haqq qazandıra bilməz. Ayrı-ayrı fərdlər və qruplar mövcud hökumətlərə qarşı müxalifət qaydasında terror hərəkətlərinə əl atdıqda, bu, müasir Qərb cəmiyyəti və həmçinin bütün dünya üçün qorxulu bir aspektə çevrilir. Hələ 1996-cı ildə ABŞ prezidenti Bill Klinton terrorizmi “bizim nəslimizin düşməni” adlandırmışdı. Artıq 1970-ci və 1980-ci illərdə terrorizm narahatlığı Birləşmiş Ştatlarda və bir sıra Avropa ölkələrində çox hallarda xarici siyasətin başlıca məsələsinə çevrilmişdi. Kiçik terrorçu qruplar heç nəyə məhəl qoymadan mülki adamları öldürür, bomba partlatmaqla, girov götürməklə, təyyarələri qaçırmaqla öz tələblərinə diqqət göstərilməsi naminə və ya siyasi məqsədlərinə çatmaq üçün ayrı-ayrı dövlətlərdə stabilliyi pozmağa cəhd edirdilər.
Terror əməliyyatları üçün motivasiyalar müxtəlif cür olurdu. Belə əməliyyatlar həm də silahlı millətçilər tərəfindən törədilirdi, məqsədləri isə özlərinin separatçı dövlətlərini yaratmaq idi. Bu vaxt həm də onlara rəğbət bəsləyən yerli əhalidən xeyli dəstək alırdılar. Azərbaycan öz taleyində belə terror sınağının baş verməsinin şahidi olmuşdu.
1980-ci illərdə sol və sağ təmayüllü terrorçuların fəaliyyəti tənəzzülə uğrasa da, beynəlxalq terrorizm özünü biruzə verirdi. 1967-ci ildə İsrailə öz ərazilərini itirən bir sıra silahlı fələstənli qisas əlaməti kimi işğalçını dəstəkləyənlərə qarşı terror hücumları etdilər. Fələstin terrorçuları bütün Avropa dövlətlərində əməliyyatlar aparırdılar. 1988-ci ilin dekabrında Frankfurtdan Nyu-Yorka uçan Pan-Amerikan təyyarəsi Şotlandiyada partladıldı, bu hadisədə 258 nəfər sərnişin və gəmi heyətinin üzvü həlak olmuşdu.
Əh dəhşətli və dağıdıcı terrorizm əməliyyatlarından biri isə 11 sentyabr 2001-ci ildə Birləşmiş Ştatlarda törədildi. Dörd qrup terrorçu kommersiya reaktiv təyyarələrini uçuş zolağından qalxdıqdan sonra ələ keçirdilər. İki təyyarə Nyu-York şəhərindəki Dünya Ticarət Mərkəzinin “twin” – “ekizlər” adlanan göydələn binalarının qüllələrinə çırpıldı, bu iki tikili və qonşuluqdakı bir neçə bina həmin zərbələrdən uçdu. Üçüncü təyyarə paytaxt Vaşinqton yaxınlığındakı Pentaqona çırpıldı və yanğın törətdi. Dördüncü təyyarə də qaçırıldıqdan sonra Vaşinqtona istiqamət götürmüşdü, Pennsilvaniya zonasında qəzaya uğradı. Çox güman ki, bu, banditlərə müqavimət göstərən qəhrəman sərnişinlər qrupunun fədakarcasına cəhdi nəticəsində baş vermişdi. Bütövlükdə, dörd təyyarədəki sərnişinlər daxil olmaqla üç minə yaxın adam həlak olmuşdu.
Bu bir-birilə əlaqələndirilən terror əməliyyatlarını beynəlxalq terrorçu təşkilat kimi tanınan Əl-Qaidaya bağlı olan təyyarə qaçıranlar icra etmişdilər. Təşkilatın rəhbəri 2011-ci ildə amerikan xüsusi təyinatlı dəstəsi tərəfindən qətlə yetirilən Üsamə ben Laden idi. O, Səudiyyə Ərəbistanından olmaqla Əfqanıstanda terrorçu məşq düşərgəsi yaratmışdı, orada Taliban kimi tanınan, milli silahlı fundamentalist islamçı hakimiyyət tərəfindən himayə edilirdi. Bundan əvvəl də ABŞ-da baş vermiş terror əməliyyatlarına görə ben Ladendən şübhələnilmişdi. Onun fəaliyyəti Sovet ordusu ilə vuruşan əfqan mücahidlərinə kömək gostərmək qaydasında başlamışdı və həmin dövrdə onu məhz ABŞ yetişdirmişdi.
Qərbə, xüsusən Birləşmiş Ştatlara qarşı terrorçu əməllər özünün başlıca mənbəyini bəzi müsəlman ölkələrindən götürür. Şübhəsiz ki, davam edən İsrail-Fələstin münaqişəsi, bu qarşıdurmada Birləşmiş Ştatlar İsraili möhkəm dəstəkləyir, çox sayda müsəlmanlar arasında anti-Qərb, xüsusən anti-Birləşmiş Ştatlar hissinin qalxmasına kömək etdi. 1979-cu ildə İranda baş verən inqilab və yeni islam hökumətinin yaranması həmçinin anti-Qərb hissiyyatını qidalandırdı. Ayatolla Xomeyninin gözündə Birləşmiş Ştatlar “böyük şeytan” idi, İsrailin qüdrətli himayəçisi və hər yerdən olan müsəlman xalqlarının düşməni idi.
Amerika Birləşmiş Ştatlarının 1991-ci ildə İran körfəzi müharibəsində Küveytin azadlığı uğrunda mübarizəyə cəlb edilməsi islamla Qərb arasındakı münasibətlərdə görünməmiş nəticələrə səbəb oldu. Müharibə dövründə Birləşmiş Ştatlar qüvvələri Səudiyyə Ərəbistanında yerləşmişdi, bu ölkə isə məlum olduğu kimi islamın müqəddəs şəhərlərinin məkanıdır. Amerikan qüvvələrinin burada olması anti-qərbçi islam qrupları tərəfindən, xüsusilə Üsamə ben Laden və onun ardıcılları tərəfindən islama təhqir kimi qiymətləndirildi. Radikal islam qrupları 2003-cü ildə Madriddə bomba, 2005-ci ildə isə Londonda metro vaqonlarını partlatdılar.
Birləşmiş Ştatların 2003-cü ildə İraqa hücumu Qərbə qarşı bir sıra islam qruplarının qəzəbini daha da alovlandırdı. Səddam Hüseyn rejimi ilə Əl-Qaida arasında hansısa əlaqənin olmasına elə bir sübut tapılmasa da, ABŞ İraqa qarşı priventiv müharibə başladı. İraqlıların çoxunun Səddamın devrilməsini alqışlamasına baxmayaraq, günahsız mülki adamların ölümü və amerikan əsgərləri tərəfindən İraq dustaqxanalarında cəza çəkənlərə işgəncə verilməsi müsəlman dünyasında anti-amerikan hissinin dərinləşməsinə xidmət göstərdi.
Əlbəttə, yuxarıda sadalanan cinayətlər müsəlman terrorçular tərəfindən həyata keçirilmişdir. Onların dini mənsubluğuna heç bir şübhə yeri qalmır. Lakin bir ovuc qatilin əməlini bu dinə inanc gətirənlərin sayı 1,5 milyard olan islamın adına yazmaq, hansısa cinayətkarlara görə bütövlükdə müsəlman aləminə qarşı ağır ittihamlar irəli sürmək ağılsız olmaqla yanaşı, ən azı insafsızlıqdır və reallığın mahiyyətinə göz yummaqdır. Çox işlədildiyindən artıq bayağı səslənən “cinayətkarın milləti və dini yoxdur” sözlərini yenidən təkrar etmək lüzumundan qaçmaq olmur.
    
Qərblə Şərq arasında tarixi
etimadsızlıq və bəzi
transformasiyalar
İslama qarşı hücumlar dini dözümsüzlükdən qidalandığı kimi, bünövrəsində daha dərin tarixi köklər gizlənir. İslamdan əvvəlki dünyada da Qərblə Şərqin münasibəti vaxtaşırı konfliktlərlə müşayiət olunurdu. XIX və XX əsrlərin hüdudlarında yazıb yaratmış ingilis yazıçısı və imperializmin apologeti kimi tanınan Redyard Kiplinq bu iki qütbü təmsil edənlər arasında fərqin dərin olduğunu vurğulamaq xatirinə demişdi ki, “Yerlə Göy birləşə bilər, lakin Qərblə Şərq heç vaxt birləşə bilməz”. Belə təsdiq ilk növbədə Böyük Britaniyanın imperialist siyasətinə haqq qazandırmaq məqsədini güdürdü. O, bəzən şərqliləri, Hindistanda bir yerdə yaşadığı yerli əhalini təhqiramiz ifadələrlə yad etməkdən də çəkinmirdi. Həmin dövrdə onun kimi düşünənlər, Şərqi aşağılamağa çalışanlar heç də az deyildi. Daha obyektiv yanaşılsa, Qərblə Şərqin bir-birinə ittihamlar irəli sürməsi, nifrət hissləri formalaşdırması yeni bir hadisə deyildi, dərin kökləri olan qocaman ağacın yalnız gözə çarpan yarpaqları idi.
Həqiqətən də minilliklər ərzində Qərblə Şərq arasında vaxtaşırı baş verən münaqişələr daimi xarakter alan qarşılıqlı etimadsızlığın mövcudluğunu nümayiş etdirirdi. Bürünc dövrünün sonlarında, bizim eradan əvvəl XIII əsrdə Mikena hökmdarı Aqamemnonun başçılığı altında Yunanıstanın birləşmiş ordu qüvvələri Füsunkar Yelenanı geri qaytarmaq bəhanəsi altında Kiçik Asiyadakı varlı Troya şəhər-dövlətinə hücum edib, bu şəhəri dağıtmışdı. Homer özünün ölməz “İliada”sında on il davam edən bu müharibəni hər cür təfərrüatı ilə təsvir edir. Asiyalılar həmin dövrdə həmçinin Suriyanın timsalında misir faraonu II Ramzeslə Kadeş döyüşündə özünü müdafiə etmək məcburiyyətində də qalmışdı, Avropaya müdaxilə onların yadına da düşə bilməzdi. Bundan bir qədər sonra “dəniz xalqları” hücum edib Yeni Hett dövlətini məhv etmişdilər.
Lakin səkkiz əsrdən sonra Şərq də Avropa barədə öz iştahını məmnun etmək yolunu tutdu. Böyük Kirdən sonra Persiya imperiyasının ərazisini xeyli böyüdən və qüdrətini möhkəmləndirən I Dara öz dövlətinin sərhədlərini daha da genişləndirmək üçün Avropaya keçdi, Trakiyanı və Makedoniyanı işğal etdi, lakin bizim eradan əvvəl 490-cı ildə Afinaya qarşı Marafon döyüşündə məğlubiyyətə uğradıqdan sonra geri çəkilməyə məcbur oldu. On il sonra onun varisi Kserks yüz əlli min nəfərlik qoşunla (daha böyük rəqəmlər də gətirilir) Balkan yarımadasına girmək istədikdə, Fermopil keçidində sonralar rəmzə çevrilmiş 300 spartalının ağıla sığmayan müqaviməti ilə üzləşmiş, yalnız bir yunanın xəyanəti nəticəsində başqa dağ yolu ilə yarımadanın içərilərinə doğru irəliləmişdi. Perslər Afinanı tutmuş, oda vermiş və qarət etmişdilər. Femistoklun başçılıq etdiyi Afina donanması Persiya hərbi-dəniz qüvvələrini Salamin adası yanındakı boğazda darmadağın etmişdi. Sonrakı ildəki məğlubiyyətlər də Kserksi Elladanı zəbt etmək fikrindən daşınmağa məcbur etmişdi.
Artıq qonşu əraziləri özünə tabe etmiş Makedoniyanın timsalında Avropa Persiyanı öz müdaxiləsinin hədəfi seçərək, b.e.ə. 334-cü ildə iki il əvvəl taxt-tacda qətlə yetirilmiş atasını əvəz edən 22 yaşlı III Aleksandrın başçılığı altında qoşunlar Hellespont boğazını keçib, Persiya ilə müharibəyə başladı. İss döyüşündə sayca özününkündən çox üstün olan III Daranın ordusu üzərində möhtəşəm qələbə çaldı. Persiya çarı qaçıb canını qurtarsa da, xəzinə və çarın ailə üzvləri Aleksandrın əlinə keçdi. Qavqamela döyüşündə isə Aleksandr perslər üzərində qəti qələbəyə nail oldu. Sonra o, Soqdiananı, Baktriyanı və Hindistanın şimalını işğal etdi. Böyük Aleksandrın məqsədi o vaxtlar məlum olan dünyanı, onun qurtaracağını (bu, Yaponiya idi) fəth etmək idi. Lakin ordusunun qiyamı bu planın icrasına mane oldu və onu Hindistandan geri dönməyə məcbur etdi.
Aleksandrın Şərqə yürüşü vaxtı iki qütb arasındakı köhnə və yeni münasibətləri əks etdirən üç hadisə baş verdi. Plutarxın yazdığına görə sərkərdəni müşayiət edən getera Taida Afinanın perslər tərəfindən yandırılmasının qisasını almaq üçün Persepolisdəki məclisdə əylənənlərin hamısını çarın gözləri qarşısında Kserksin sarayını yandırmağa çağırdı. Saray oda verildi və bu hadisə yunan qadınlarının öz vətənlərinin taleyinə görə perslərdən necə intiqam aldıqlarının simvoluna çevrildi. Köhnə münasibət relikti həm də özünü bu qaydada nümayiş etdirdi. Yeni münasibətin təməlini isə Böyük Aleksandrın özü qoyurdu. Suriyanı, Palestinanı və Misiri işğal etdikdən sonra o, misir faraonunun ənənəvi titulunu qəbul etdi. Onu artıq Amonun oğlu kimi salamlayırdılar, bu yunanlara görə Zevsin oğlu adlanmağa bərabər idi. Yeni “faraon” Misirdə öz adını əbədiləşdirən Aleksandriya şəhərini saldı və bu şəhər Misirin yunan inzibati paytaxtına çevrildi. Aleksandr Asiyada işğal etdiyi ərazilərdə 70-dən artıq şəhərin əsasını qoymuşdu. Üçüncü hadisə isə ondan ibarət idi ki, Hindistandan geri döndükdən sonra Aleksandr Suzada on min nəfər öz döyüşçüsünün yerli qızlarla evləndirilməsi mərasimini keçirdi. O, özü də Baktriya zadəganının qızı Roksana ilə ailə qursa da, bu vaxt ikinci dəfə, Daranın qızı Statiraya evləndi. Böyük Aleksandr bu tədbirdən daha uzağa gedən məqsədlər güdürdü, o, Qərblə Şərqi yaxınlaşdırmaq üçün digər mühüm işlərlə yanaşı bu vasitədən də faydalanmaq istəyirdi.
(Ardı var)
Telman Orucov





Mənbə: Telman Orucov26.05.2012     Çap et  Çap et