525-ci qəzet

“Qızıl xaç” itkin düşmüş şəxslərin qohumlarından qan nümunələrinin toplanmasına qərar verib”


 
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı, xanım Şerin Pollini Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsi ilə bağlı hazırlanan layihə haqqında fikirlərini açıqlayıb. APA xanım Pollini ilə müsahibəni təqdim edir.
 
– BQXK itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsində ciddi irəliləyiş əldə edilməsi üçün yeni layihə hazırlayır. Bu layihə nəyi nəzərdə tutur?
 
– Silahlı münaqişələrin ən ağrılı nəticələrindən biri də insanların itkin düşməsidir. Bu məsələdə Dağlıq Qarabağ münaqişəsi də istisna deyil. BQXK itkin düşmüş şəxslərin problemini hər zaman diqqət mərkəzində saxlayır və regionda fəaliyyətə başladığı vaxtdan etibarən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsində bütün tərəflərin hakimiyyət orqanlarına dəstək verir. 2008-2010-cu illər ərzində BQXK-nın Azərbaycan və Ermənistandakı nümayəndəlikləri və Dağlıq Qarabağdakı missiyası itkin düşmüş şəxslər haqqında Ətraflı Məlumatların (bu eləcə də Ante Mortem Məlumatlar adlanır) toplanmasını həyata keçirdilər. Bu gün biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş 4600 nəfəri siyahıya almışıq. Toplanılmış məlumatlar müvafiq hakimiyyət orqanları tərəfindən məlumat bazasına yerləşdirilir və gələcəkdə itkin düşmüş şəxslərin identifikasiyası üçün uyğun şərait yarandıqda bu məlumatlar istifadə olunacaq. İtkin düşmüş şəxslərin identifikasiyasının daha dəqiq aparılmasını təmin etmək üçün BQXK Azərbaycan hökumətinin razılığı və əməkdaşlığı ilə itkin düşmüş şəxslərin qohumlarından qan nümunələrinin toplanmasını həyata keçirməyə qərar verib. Bu layihə itkin düşmüş şəxslərin ən yaxın bioloji qohumlarından qan nümunələrinin toplanmasını nəzərdə tutur. Toplanılmış qan nümunələri yuxarıda qeyd etdiyimiz ətraflı məlumatlarla birgə itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsində yardımçı olacaq.
 
– BQXK ilə Azərbaycan hökuməti arasında qan nümunələrinin toplanması ilə bağlı Memorandum nə vaxt imzalanacaq?
 
– Bu layihə hələ ki, hazırlıq mərhələsindədir. Memorandum imzalanmamışdan əvvəl biz nümunələrin toplanması, lazımi qaydada daşınması, saxlanması və təhlükəsiz idarə olunması ilə bağlı müvafiq məqamları dəqiqləşdirməli və prosesdə iştirak edən tərəflərin rollarını müəyyənləşdirməliyik.
 
– Ailələr itkin düşmüş qohumlarının talelərinə aydınlıq gətirilməsi işinə necə cəlb olunur?
 
– İtkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsi hökumət orqanlarının işidir. 1992-ci ildən etibarən BQXK hökumət orqanlarına Beynəlxalq Humanitar Hüquqa (BHH) əsasən öz öhdəliklərini yerinə yetirməkdə kömək edir və itkin düşmüş şəxslərin ailələrinin öz qohumlarının taleləri haqda məlumat almaq hüquqlarının təmin olunmasını dəstəkləyir. Ailələrin öz itkin düşmüş qohumlarının talelərinə aydınlıq gətirilməsində iştirakına gəldikdə isə demək istərdim ki, BQXK tərəfindən itkin düşmüş şəxslər haqqında qeydə alınan bütün məlumatlar birbaşa onların ailələri tərəfindən verilib.
 
– İtkin düşmüş şəxsin yaxın qohumlarından heç kəs sağ deyilsə, bu zaman itkin düşmüş şəxsin identifikasiyası üçün hansı üsuldan istifadə olunacaq?
 
– Toplanılacaq qan nümunələri yuxarıda qeyd etdiyimiz ətraflı məlumatlarla (ante mortem məlumatlarla) birgə istifadə olunacaq ki, bu da identifikasiya prosesinin effektivliyinin artırılmasına xidmət edəcək. Lakin qan nümunəsi götürülə biləcək qohumlar olmadıqda toplanılmış ətraflı məlumatlardan istifadə olunacaq.
 
– Bu işin sürətlə aparılmasını təmin etmək üçün daha kimlər cəlb olunacaq?
 
– BQXK bu işdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edir.
 
– Layihənin icrasına hansı rayonlardan başlamağı planlaşdırırsınız?
 
– Ətraflı məlumatların toplanması layihəsində olduğu kimi, bu dəfə də biz layihəni birinci Bakı və Bakı ətrafı ərazilərdə aparmağı planlaşdırırıq.
 
– İşin aparılması üçün müvafiq fəaliyyət planı varmı?
 
– Hazırda layihə hazırlıq mərhələsindədir və biz müvafiq hakimiyyət orqanları ilə birgə fəaliyyət planı üzərində işləyirik.
 
– Bu proses ümumilikdə neçə il davam edəcək və işi nə vaxt başa çatdırmağı planlaşdırırsınız?
 
– Bu çox mürəkkəb bir prosesdir və onun başa çatması üçün dəqiq müddət müəyyən etmək çətindir. Amma bu işin başa çatması üçün bir neçə il tələb olunacaq.
 
– İtkin düşmüş şəxslərin siyahısı barədə nə deyə bilərsiniz? Bu günə hansı rəqəmlər var?
 
– Bu günə qədər BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4600-dən çox itkin düşmüş şəxs qeydə alıb. Onların 3753 nəfəri Azərbaycandandır.
 
– BQXK-nın və Dövlət Komissiyasının itkin düşmüş şəxslər üzrə siyahısı bir-birinə uyğun gəlirmi? Əgər rəqəmlər müxtəlifdirsə, bunun səbəbi nədir?
 
– BQXK və Dövlət Komissiyası məlumat mübadiləsini və siyahıların müqayisə edilməsi işini davam etdirir; siyahılar arasında olan fərq ciddi surətdə azalıb. Siyahılar arasında fərqin olmasına gəldikdə isə bunun əsas səbəbi odur ki, BQXK itkin düşmüş şəxs haqqında axtarış sorğusunu yalnız ailələrin müraciətlərinə əsasən açır. Dövlət Komissiyası isə məlumatları müxtəlif mənbələrdən toplayır.
 
– BQXK-nın itkin düşmüş şəxslər üzrə siyahısı Ermənistan tərəfinin siyahısı ilə tutuşdurulubmu?
 
– Bəli, Ermənistanda da BQXK Ermənistanın Dövlət Komissiyası ilə itkin düşmüş şəxslər üzrə məlumat mübadiləsini və siyahıların müqayisə edilməsi işini davam etdirir.
 
– İtkin düşmüş şəxslərin ailələrindən qan nümunələrinin toplanılması üçün hansı sistemdən istifadə olunacaq? Eyni layihə Ermənistanda da aparılacaqmı?
 
– Layihə hələ ki, hazırlıq mərhələsindədir və hansı sistemin istifadə olunacağını demək çətindir. İşi bu sahədə qəbul olunmuş ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq aparmaq məqsədilə nümunələrin toplanması, daşınması və saxlanılması üçün hazırlıq işləri aparılır. Eyni layihə Ermənistanda da həyata keçirilir.
 
– BQXK Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə Dağlıq Qarabağ münaqişəsi zamanı yaranan kütləvi məzarlıqların xəritəsinin hazırlanması ilə bağlı Azərbaycan və Ermənistan hökuməti ilə dialoq aparırdı? Bu sahədə hər hansı irəliləyiş varmı?
 
– Kütləvi məzarlıqların xəritəsinin hazırlanması müvafiq hökumət orqanları tərəfindən aparılır və BQXK bu işdə yardım göstərməyə hazırdır.
 





26.05.2012     Çap et  Çap et