525-ci qəzet

Yazıçılar Birliyi İranda saxlanılan Azərbaycan yazarları ilə bağlı bəyanat verib



 “Azərbaycan Yazıçılar Birliyi bu il may ayının 2-dən etibarən Azərbaycanın iki gənc yazarının qonşu İran İslam Respublikası ərazisində müəmmalı şəkildə yoxa çıxmasından və bugünədək onlar barədə dəqiq məlumat alınmamasından ciddi narahatdır”. Bu cümlə AYB-nin gənc yazarlar Fərid Hüseyn və Şəhriyar Del Geraninin 3 həftə əvvəl İranda itkin düşməsinə və indiyədək onlar barədə dürüst bir xəbər yayılmamasına münasibət bildirilən bəyanatında yer alıb. Bəyanatda daha sonra deyilir: “Həmin cavan və istedadlı qələm adamlarından biri – Fərid Hüseyn Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Prezident təqaüdçüsü olub, bir neçə orijinal və tərcümə kitabının müəllifidir. Şəhriyar Del Gerani isə ədəbi mühitin ən fəal üzvlərindən biridir, şeir və hekayələrilə qatıldığı yaradıcılıq müsabiqələrində önəmli uğurlar qazanıb. Azərbaycan Yazıçılar Birliyi Fərid Hüseyn və Şəhriyar Del Geraninin taleyinə tezliklə aydınlıq gətirilməsinin vacibliyini bəyan edərək, hər iki gənc yazarın ən yaxın zamanda azadlığa və doğmalarına qovuşması naminə təsirli addımların atılmasını, humanizm prinsiplərinin, yüksək İslami dəyərlərin qələbə çalmasını arzulayır”.




25.05.2012     Çap et  Çap et