525-ci qəzet

Buraxılış imtahanlarındakı inşalarla bağlı tələblər açıqlanıb


 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında şagirdlərin yazacaqları inşaya qoyulan tələbləri açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında şagirdlərdən təklif olunan mövzu üzrə Azərbaycan və ya rus dilində inşa yazılması tələb olunur. Şagirdlərə müstəqil mühakimə yürütmək bacarığını nümayiş etdirməyə imkan verən ictimai, iqtisadi və ya mədəni həyat sahələrinə aid hadisə və proseslər, həmçinin Azərbaycan və onun görkəmli şəxsiyyətləri, təhsil, peşə seçimi, ətraf mühit, mənəviyyat və digər qlobal problemlər haqqında mövzular təklif edilir. İnşanı yazarkən şagird mövzunu açmalı, təklif olunan mövzuya bələd olduğunu göstərməli, mövzunu ümumiləşdirmək və məntiqi nəticə çıxarmaq qabiliyyətini nümayiş etdirməli, Azərbaycana dair məsələləri qlobal inkişaf çərçivəsində təhlil etməli, öz fikirlərini anlaşıqlı, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına və qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməlidir. İnşa səliqəli və aydın xətlə yazılmalıdır. Yazı işi şagirdin oxuduğu bölmədən asılı olaraq Azərbaycan dili və ya rus dilində yerinə yetirilməlidir. Qiymət həm məzmunu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir. “Məqbul” qiyməti mövzunun qənaətbəxş səviyyədə açıldığı yazılara verilir. Belə yazılarda şagird mövzunu yaxşı bildiyini nümayiş etdirməli, fikirlərini aydın və rabitəli surətdə ifadə etməlidir. Yazı işi yaxşı tərtib olunmalı, səlis ədəbi dildə yazılmalı, müvafiq üslubun tələblərinə uyğun olmalıdır. Yazıda 4-5 fakt yanlışlığı, orfoqrafiya, durğu işarəsi səhvi və qrammatik səhv ola bilər. “Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, şagirdin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, yazının hissələri arasında məntiqi əlaqənin pozulduğu, çoxlu nitq səhvi olan yazılara verilir. Yazıda 6-7 fakt yanlışlığı, orfoqrafiya və durğu işarəsi səhvi, həmçinin 6-7 qrammatik səhv ola bilər.
S.QARAYEVA




25.05.2012     Çap et  Çap et