525-ci qəzet

“Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” müsabiqəsinin seçimləri yekunlaşıb


 
“Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” müsabiqəsinin seçimlərinə yekun vurulub. Təhsil naziri Misir Mərdanov deyib ki, nəticələr ümumiləşdirilərək yaxın zamanda Prezident İlham Əliyevə təqdim olunacaq. Nazirin sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı sərəncamın olacağı nəzərdə tutulub. “50 məktəb ilin ən yaxşı məktəbi, 100 müəllim isə ilin ən yaxşı müəllimi adına layiq görüləcək. Yekun nəticədə hər məktəb min manat, hər müəllim isə 500 manat məbləğində mükafatlandırılacaq”. M.Mərdanov qeyd edib ki, qaydalar “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” müvafiq sərəncama uyğun olaraq, ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi qaydalarını və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətlərini müəyyən edir. Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumtəhsil məktəblərini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini ümumtəhsil məktəblərinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir. Müsabiqə hər tədris ili üzrə Təhsil Nazirliyi tərəfindən keçirilir. Müsabiqədə bu qaydaların 2-ci bölməsi ilə müəyyən edilmiş şərtlərə cavab verən hər bir ümumtəhsil məktəbi iştirak edə bilər. Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi tərəfindən həyata keçirilir. Təşkilat komitəsinin tərkibinə beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilə bilərlər. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat komitəsi tərəfindən müəyyən edilir.
S.QARAYEVA




25.05.2012     Çap et  Çap et