525-ci qəzet

Mübariz Qurbanlı: “İranda Azərbaycan əleyhinə çıxanlar yalana söykənirlər”



“Biz İranda müəyyən dairələrin “Eurovision” müsabiqəsi ilə əlaqədar yanlış fikirlər söylədiyini və bu yarışmaya mane olmaq üçün müxtəlif cəhdlər etdiyini görməkdəyik”. Bunu mətbuata açıqlamasında millət vəkili Mübariz Qurbanlı dilə gətirib. Onun dediyinə görə, indi çox qəribə situasiya yaranıb, yəni, Qərbdə erməni lobbisinin təsiri altında olan mətbu orqanlarda Azərbaycan əleyhinə yazıların getdiyi bir vaxtda, İranda da buna oxşar hərəkətlər edilməkdədir. Millət vəkilinin fikrincə, bütün bunlar onu göstərir ki, erməni lobbisi ilə İrandakı dairələr arasında sinxron əlaqə var və bu fəaliyyət bir mərkəzdən idarə olunur: “Yəni, İranda olan müəyyən dairələr və rejimin müəyyən qrupları əslində erməni lobbisinin hərəkətlərini təkrar etməkdə və yaxud sifarişlərini yerinə yetirməkdədir. Buna misal olaraq Təbrizdə Azərbaycan əleyhinə mitinqlərin təşkil olunmasını göstərə bilərik. Bu aksiyalarda səslənən fikirlər xarici mətbuatda erməni lobbisinin yazdırdığı yazılarla eyniyyət təşkil edir. Təbrizdəki aksiyaları təşkil edənlər o şəxslərdir ki, erməni lobbisi ilə bağlıdır, eyni zamanda, Azərbaycanın inkişafına qarşı olan, bölgədə ölkəmizin rolunun artmasından əndişələnən dairələrdir. Əlbəttə, İranda ölkələrimiz arasında münasibətlərin inkişafında maraqlı olan, xoşagəlməz halları pisləyən qüvvələr də mövcuddur. Onlar hakimiyyətdə də, parlamentdə də təmsil olunur. Eyni zamanda, İranda əhalinin yarısı milliyətcə azərbaycanlıdır. Onların da mütləq əksəriyyəti Azərbaycanın müstəqil dövlət kimi inkişafını dəstəkləyir. Həmçinin, İran daxilində demokratik əhval-ruhiyyəli dairələr var ki, onlar Azərbaycanın demokratik inkişafının və imicinin yüksək olmasına tərəfdardır”. Ona görə də millət vəkili belə hesab edir ki, İrandakı anti-Azərbaycan qruplaşmaları keçmişə xidmət edənlərdir və onlar işğalçı Ermənistanla əməkdaşlıq edən qruplardır: “Bu qruplar Azərbaycan – İran münasibətlərinə xələl gətirən qruplardır. Biz İran mətbuatında anti-Azərbaycan yazılarını təhlil etsək, oradakı tezislərin tamamilə yalana söykəndiyini söyləyə bilərik.İranda keçirilən aksiyalarda iddia edilir ki, guya Azərbaycanda gey-parad keçiriləcək. Azərbaycan milli-mənəvi dəyərlərini üstün tutan ölkədir. Azərbaycan öz ərazisində belə tədbirlərə icazə verməyib, ümumiyyətlə, ölkəmizin ərazisində belə cəhdlər olmayıb. İranda bu cür düşünən və Azərbaycan əleyhinə çıxışlar edənlər yalana söykənirlər”.
KAMİL




25.05.2012     Çap et  Çap et