525-ci qəzet

Yunanıstanın “Evrovision-2012” mahnı müsabiqəsinin təmsilçiləri BSU-da



23 may tarixində BSU-da iki tədbir gerçəkləşdi.Bakıda keçirilən “Evrovision-2012” möhtəşəm mahnı müsabiqəsində finala vəsiqə qazanmış Yunanıstan Respublikasının təmsilçisi Eleftheria Eleftheriou, onunla gələn nümayəndə heyəti və Yunanıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri İoannis Metaksas 23 may tarixində Bakı Slavyan Universitetinin qonağı oldular. BSU-da fəaliyyət göstərən Yunan Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olduqdan sonra BSU-nun Konfrans zalında tələbələrin sürəkli alqışları ilə qarşılanan qonaqlar ilkin olaraq Azərbaycan xalqının qonaqpərvərliyinə heyran olduqlarını dilə gətirdilər.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev qonaqları salamlayaraq onlara yarışmanın finalında qələbə arzuladı.
BSU-da fəaliyyət göstərən Yunan Dili və Mədəniyyəti Mərkəzinin əməkdaşı Səidə Mehdiyeva gərgin iş cədvəlində vaxt tapıb BSU tələbələri ilə görüşə gəldiyinə görə qonağa dərin təşəkkürünü bildirərək qeyd etdi ki, BSU-nun tələbələrinin böyük əksəriyyəti onları yarımfinalda dəstəkləyib və finalda ona uğurlar diləyir.
Yunanıstan təmsilçisi Bakıya gəldiyi ilk gündən Azərbaycan xalqının qonaqpərvərliyinə, şəhərin memarlığına və “Evrovision-2012” yarışmasının keçirildiyi “Büllur Saray”ın möhtəşəmliyinə heyran olduğunu bildirdi: “Biz Azərbaycandan böyük dəstək görürük və bu dəstəyin davam etməsini diləyirik”. Tələbələrin müxtəlif mövzuda suallarını cavablandıran müsabiqə iştirakçıları tədbirdə iştirak edənlərə “Evrovision-2012” mahnı müsabiqəsinə təqdim etdiyi “Aphrodisiac” mahnısının CD disklərini hədiyyə etdi.
Sonda Eleftheria Eleftheriou BSU-nun Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı və tələbələrlə xatirə şəkli çəkdirdi.
S.QARAYEVA







24.05.2012     Çap et  Çap et