525-ci qəzet

Mərkəzi Bankda Milli Ödəniş Şurasının ilk iclası keçirilib



Mərkəzi Bankında ölkənin ödəniş və qiymətli kağızlarla hesablaşmalar sistemlərinin təkmilləşdirilməsi üzrə siyasətin müəyyənləşdirilməsi və konseptual qərarların qəbul olunması məqsədilə yaradılan Milli Ödəniş Şurasının (MÖŞ) ilk iclası keçirilib. Bankdan verilən məlumata görə, iclasda çıxış edən Mərkəzi Bank sədrinin birinci müavini-MÖŞ-ün sədri Alim Quliyev Prezident İlham Əliyev tərəfindən ölkədə nağdsız ödənişlər üzrə dövriyyənin ən qısa vaxtda inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, kartlardan geniş istifadənin təmin edilməsi məqsədilə bir sıra tapşırıqların verildiyini vurğulayaraq bu istiqamətdə ümumi işlərin koordinasiyası üçün MÖŞ-ün yaradıldığını bildirib. O, Mərkəzi Bank tərəfindən ölkədə elektron ödəniş sistemlərinin yaradılması və nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində bir sıra mühüm layihələrin uğurla başa çatdırıldığını qeyd edib.
Daha sonra çıxış edən Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova isə MÖŞ-ün yaradılması üzrə beynəlxalq təcrübə, onun fəaliyyətinin məqsədi və işinin təşkili, Milli Ödəniş Sisteminin mövcud vəziyyəti, digər ölkələrlə müqayisəli təhlili, həmçinin inkişaf perspektivləri barədə iclas iştirakçılarına məlumat verib. O, qeyd edib ki, hazırda Milli Ödəniş Sisteminin əsas komponentlərindən hesab edilən sistemlər- AZİPS, XÖHKS və KÖMİS müvəffəqiyyətlə istifadə olunur və bu sistemlərin istifadəyə verilməsi ilə banklararası hesablaşmaların tam elektronlaşdırılmasına nail olunub.
İclasda həmçinin elektron ödəniş xidmətlərinin inkişaf istiqamətləri və növbəti 5 il üçün strateji hədəflər müzakirə edilib. İclasın sonunda Milli Ödəniş Şurasının Əsasnaməsi qəbul olunub.
İclasda MÖŞ-ün üzvləri olan Mərkəzi Bank, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Gömrük, Qiymətli Kağızlar üzrə Dövlət Komitələri və aparıcı kommersiya banklarının rəhbərlərik səviyyəsində nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, MÖŞ ölkədə nağdsız dövriyyənin həcminin artırılması, ödəniş kartlarından istifadənin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, “elektron hökumət” quruculuğu çərçivəsində dövlət qurumlarının Milli Ödəniş Sistemi infrastrukturuna inteqrasiyası, habelə bütün iqtisadi subyektlərin və geniş əhali təbəqəsinin elektron ödəniş xidmətlərindən daha fəal istifadəyə cəlb edilməsi sahəsində görülən işlərin koordinasiya edilməsi məqsədilə yaradılıb.
BƏXTİYAR





24.05.2012     Çap et  Çap et