525-ci qəzet

AMEA-nın həqiqi və müxbir üzvlüyünə 255 namizəd var



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilər zamanı müsabiqə vəziyyətinin gərgin keçəcəyi gözlənilir. AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu APA-ya bildirib ki, Akademiyanın 40 həqiqi və müxbir üzv yerinə 255 nəfər sənəd verib. Elana əsasən, seçki 10-u həqiqi, 30-u müxbir üzv olmaqla 40 vakant yer üzrə elan olunub. AMEA-nın akademikliyinə 34 nəfər, müxbir üzvlüyə isə 221 nəfər sənəd verib. S. Abbasoğlu müsabiqə vəziyyətinin gərgin keçəcəyi ixtisasları da açıqlayıb. Belə ki, fizika-riyaziyyat və texnika elmləri bölməsində fizika ixtisası üzrə bir akademik yerinə 6, iki müxbir üzv yerinə 32 nəfər, mexanika ixtisası üzrə bir həqiqi üzv yerinə 5, bir müxbir üzv yerinə 13 nəfər, riyaziyyat ixtisası üzrə iki müxbir üzv yerinə 22 nəfər, informasiya ixtisası üzrə bir müxbir üzv yerinə 8 nəfər, kimya elmləri bölməsində neft kimyası ixtisası üzrə bir müxbir üzv yerinə 12 nəfər, üzvi kimya ixtisasında bir müxbir üzv yerinə 10 nəfər, üzvi molekullu birləşmələr ixtisası üzrə bir müxbir üzv yerinə 11 nəfər, yer elmləri bölməsində geologiya ixtisası üzrə bir müxbir üzv yerinə 7 nəfər, coğrafiya ixtisası üzrə 1 müxbir üzv yerinə 9 nəfər, biologiya elmləri bölməsində botanika ixtisası üzrə bir müxbir üzv yerinə 8, ictimai-humanitar elmlər bölməsində ədəbiyyat ixtisası üzrə bir müxbir üzv yerinə 17 nəfər, tarix ixtisası üzrə isə bir müxbir üzv yerinə 13 nəfər namizədliyini verib.
Hazırda AMEA-nın müvafiq elmi bölmələri namizədlərin elmi fəaliyyətinin geniş müzakirəsi ilə məşğuldur. Namizədlərin dinləmələri artıq yekunlaşıb. Həm ölkədaxili, həm də ölkədən kənar elmi qurumlardan ayrı-ayrı görkəmli elm xadimlərindən namizədlərlə bağlı rəylər AMEA-nın bölmələrinə daxil olmaqdadır. Seçkilərlə bağlı növbəti mərhələ AMEA ekspert komissiyalarında namizədlərin ekspertizasının həyata keçirilməsidir. S. Abbasoğlu deyib ki, namizədlərin ekspertizası “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın prinsiplərinə uyğun olaraq həyata keçirilməli, bu prosesdə tələsikliyə yol verilməməlidir.








24.05.2012     Çap et  Çap et