525-ci qəzet

Mübariz Qurbanlı: “Morninqstarın namizədliyinin təsdiqlənməsi Azərbaycan-Amerika münasibətlərinə müsbət təsir göstərər”



“ABŞ-ın Azərbaycana səfir təyin etmək istəyi müsbət haldır. Riçard Morninqstarın namizədliyinin Barak Obama tərəfindən səfir kimi irəli sürülməsi hesab edirəm ki, ABŞ-ın maraqlarına cavab verir”.
Belə bir açıqlama ilə mətbuatda Milli Məclisin deputatı, YAP icra katibinin müavini Mübariz Qurbanlı çıxış edib.
O, bildirib ki, Morninqstar amerikalı diplomatlardan və siyasətçilərdən öz fəallığı ilə seçilir, bölgəni kifayət qədər yaxşı tanıyır, dəfələrlə Azərbaycanda səfərdə olub, iş prinsipi Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının inkişaf etdirilməsinə xidmət edib: “Başqa sözlə desək, Morninqstar təcrübəli diplomat və siyasətçidir, iqtisadi prosesləri necə izləmək lazım olduğunu əla bilən ixtisaslı peşəkardır. Hesab edirəm ki, əgər Morninqstarın namizədliyi ABŞ Senatı tərəfindən qəbul olunsa və o, Azərbaycanda ABŞ-ın səfiri səlahiyyətlərinin icrasına başlasa, bu, Azərbaycan-Amerika münasibətlərinə kifayət qədər müsbət təsir göstərər. Bundan əlavə həmçinin düşünürəm ki, R.Morninqstar Azərbaycanın siyasi elitası ilə diplomatik və şəxsi münasibətlər yaratmağa da qabil olacaq”.
Millət vəkili hesab edir ki, ABŞ xarici dövlətlərə öz səfirini təyin edərkən dövlət maraqlarını əsas götürür. Hansı vəzifəni tutmağından asılı olmayaraq, ABŞ Dövlət Departamentinin əməkdaşı bir qayda olaraq, öz ölkəsinin maraqlarını müdafiə etməklə məşğul olur. Buna görə də, Barak Obama tərəfindən ABŞ səfiri vəzifəsinə Qafqazda Birləşmiş Ştatların enerji siyasətini həyata keçirən şəxsin namizədliyinin irəli sürülməsi heç də təsadüfi məsələ deyil.
Eyni zamanda, Morninqstarın namizədliyə seçimini ABŞ-ın Azərbaycanla münasibətlərdə enerji məsələsini prioritet hesab etməsi ilə əlaqədar olduğunu zənn etmək düzgün olmazdı.
M.Qurbanlı əlavə edib ki, ABŞ-ın Azərbaycanla əlaqələri bir neçə istiqaməti, xüsusilə də, geosiyasəti, enerji layihələrini, regional təhlükəsizliyin təmin olunması məsələlərini, humanitar əlaqələri, enerji ehtiyatlarının dünya bazarlarına çatdırılması məsələlərini və s. əhatə edir. “Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyi onun məşğul olduğu enerji məsələləri səbəbindən deyil, onun regionun problemlərini yaxşı bilməsi nəzərə alınaraq seçilib.
Hesab edirəm ki, Azərbaycan və ABŞ arasında münasibətlər hətta səfir olmadan da inkişaf edir. Lakin ümumilikdə, səfirin olmaması Azərbaycan-Amerika münasibətlərinin inkişafına əngəl törətdi. Amma Bakıda Amerika səfirinin olmaması ABŞ-ın özünün maraqlarına zərər gətirdi. Çünki qeyd etmək lazımdır ki, səfir olmayan zamanda qəbul edən tərəfdən çox, öz nümayəndəsini təyin etməli olan ölkə itgiyə məruz qalır”.
Millət vəkili bildirib ki, ABŞ-ın Azərbaycandakı əvvəlki səfiri Metyu Brayza Morninqstara nisbətdə regionla daha çox tanış idi: “Mənə elə gəlir ki, heç kim bu aksiomanın əksinə mübahisə etməz. Bildiyiniz kimi, Brayza öz fikirlərini nəinki diplomatik frazalarla, həm də açıq şəkildə ifadə edə bilən bir insandır. Eyni zamanda, Brayzanın Azərbaycanda səfir vəzifəsinə təsdiqinə erməniyönlü senatorların maneəçilik törətməsinin kökündə onun region problemlərinə ədalətli mövqe nümayiş etdirməsi, həmçinin onun ailəsi ilə bağlı məsələlər dururdu.
Məlum olduğu kimi, erməni lobbisindən bilavasitə maliyyə yardımı alan senatorlar ABŞ-ın Azərbaycan və Türkiyədəki səfirlərinin təsdiqi zamanı təxribat mahiyyətli suallar verməklə diplomatlara təzyiq göstərirlər. Təbii ki, belə hallarda təyin olunan səfir ABŞ Administrasiyasının mövqeyindən çıxış edir. Ona görə, hesab edirəm ki, Morninqstar da ABŞ Senatında onun namizədliyinə baxılan zaman bir sıra senatorlar tərəfindən müəyyən hücumlara məruz qalacaq. Bununla yanaşı Morninqstar bu hücumlarla şəxsi keyfiyyətlərindəki hansısa problemlər üzündən deyil, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən senatorların Azərbaycana təzyiq göstərmək üçün bütün imkanlardan istifadə etməsi səbəbindən üzləşəcək”.
PƏRVANƏ






24.05.2012     Çap et  Çap et