525-ci qəzet

“Azərbaycan Tələbə Kartı”nın təqdimatı olub




Dünən Bakıda “Azərbaycan Tələbə Kartı” istifadəçilərinə təqdim olunub. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov və digər qonaqlar iştirak ediblər. Bununla bağlı keçirilən tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bu layihəni çox yüksək qiymətləndirib. Nazir bildirib ki, bu kartlar Azərbaycanda təhsil alan tələbələrin, Avropada təhsil alan gənclərlə əlaqələrin yaradılmasında çox mühüm rol oynayacaq: “Gənclər bu kartlar vasitəsilə müəyyən şəbəkələrdən müəyyən imtiyazlarla istifadə edəcəklər. Ən vacibi odur ki, digər ölkələrdə bu kartlar tələbələrə pulla verildiyi halda, Azərbaycanda pulsuz paylanır. Azərbaycanda 150 minə yaxın tələbə var. Kartlar 4 illik nəzərdə tutulur və bütün tələbələrə veriləcək”.
Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında bildirib ki, “Azərbaycan Tələbə Kartı”nın Avropa Gənclər Kartı ilə birgə buraxılması tələbələrə Azərbaycan ərazisində eləcə də, Avropanın 30-dan çox ölkəsində 80 mindən artıq ictimai-iaşə obyektlərindən, kafe və restoranlardan, otel və internet klublardan güzəştlə istifadə etmək imkanı yaradır.
(PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə öz növbəsində bildirib ki, bu kart Qafqazda ilk olaraq, Azərbaycan gəncləri tərəfindən istifadə olunacaq. Bu fakt bir daha Azərbaycanın gənclər siyasətinin səmərəli dövlət quruculuğuna təkan verəcəyini sübuta yetirir.
Elnur Aslanov həmçinin bildirib ki, “Azərbaycan tələbə kartı”ndan təkcə Azərbaycan ərazisində deyil, eləcə də Avropa ölkələrində güzəştli şərtlərlə istifadə etmək mümkün olacaq. Gənclər bu kartlar vasitəsilə müəyyən şəbəkələrdən müəyyən imtiyazlarla istifadə edəcəklər: “Hesab edirəm ki, gənclərə belə şəraitin yaradılması, dövlət başçısının gənclər siyasətinə qayğı və diqqətinin bariz nümunəsidir. Azərbaycan müstəqil siyasət aparan, öz sözünü deyən ölkə olduğunu bir daha sübut edir”. O qeyd edib ki, bu gün Azərbaycanın müxtəlif universitetlərində olan 150 tələbəyə kartlar təqdim edilib, ilin sonunadək isə bütün ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri “Azərbaycan Tələbə Kartı” ilə təmin ediləcək. Kartlar təhsil bitənədək tələbələrin istifadəsində olacaq.
Qeyd edək ki, tədbirin sonunda tələbə kartları ilk istifadəçilərinə təqdim olunub.
S.QARAYEVA





23.05.2012     Çap et  Çap et