525-ci qəzet

Bir daha Mirzə Fətəli Axundovun dəfni haqqında


 
Böyük müasirinin toxunduğu məsələlərin hamısından “qan iyi” gəldiyinə diqqət çəkən Mirzə Cəlil həm Firudin bəy Köçərlinin, həm də özünün Mirzə Fətəlinin dəfni ilə bağlı mülahizələrini şübhə altına alan aşağıdakı sətirləri yazmağa da tərəddüd etməmişdi: “Aşkardır ki, Mirzə mərhumun cəmi söylədiyimiz “günahları” kafi ola bilməzdi ki, onun dost və əqrəbası onu mürtəd və laməzhəb hesab edib, onun dirisindən də, ölüsündən də üz çöndərsinlər: çünki Mirzənin əsrində onun təb olunub intişar tapan əsərlərinin heç birində dindən və etiqaddan bəhs olunmur”. 
Xalqın Mirzə Fətəlidən üz döndərməsinin ikinci səbəbi kimi onun müqəddəs Quranın yazıldığı ərəb əlifbasını islah etmək, yaxud dəyişdirməklə bağlı çağırışları, bu istiqamətdə dörddə bir əsrdən çox sürən mübarizəsi hesab oluna bilərdi. Lakin sıravi insanların, Tiflis müsəlmanlarının bu mübarizədən xəbər tutduqlarını, əlifba məsələsinə görə böyük dramaturqa düşmən kəsildiklərini (əgər həqiqətən də belə bir şey vardısa!) düşünmək sadəlövhlük olardı. Çünki o dövrdə heç bir ictimai tribuna, ana dilində mətbuat və elmi müəssisələr olmadığından Mirzə Fətəlinin niyyətlərindən yalnız məhdud sayda adamlar, əsasən məktublaşdığı şəxslər xəbər tuta bilmişdilər. Onların sırasına Qafqaz canişinliyinin məmurları və bəzi rus şərqşünasları, Osmanlı və İranın dövlət adamları, ayrı-ayrı tanınmış ziyalılar və açıq düşüncəli insanlar daxil idilər. Digər tərəfdən, əlifbanın bilməyən adamların onun islahı kimi qeyri-real niyyətə görə Mirzə Fətəliyə düşmən kəsiləcəklərini düşünmək də imkan xaricindədir.
  
Mirzə Fətəli və Şeyxülislam
  
Mirzə Fətəlinin layiqli şəkildə dəfninə maneçilik törədənlərin sırasında ilk növbədə ruhanilərin, din xadimlərinin adı çəkilir. Həm də aydındır ki, söhbət səlahiyyət sahibi olan din adamlarından gedir. Kəmalüddövlənin dili ilə “Ey Cəlalüddövlə, bu sözlərdən sən güman eləmə ki, mən bəlkə başqa din və məzhəbi islama mürəccəh tuturam. İş ona qalsa, genə islam dini sair ədyandan bərgüzidə (dinlərdən seçilmiş olanı – V.Q.) və mənim məqbulumdur. Bu qədər var ki, mən külli-ədyanı puç və əfsanə hesab edirəm. Onların heç birinə axirətdə qurtuluş ümidi ilə mail deyiləm” –deyən M.F.Axundovun islama münasibəti birmənalı olmamışdı.
Bunu oğlu Rəşid haqqında 1870-ci ilin dekabrında İranın Parisdəki səfiri, dostu və həmfikiri Mirzə Yusif xan Müstəşarüddövləyə yazdığı aşağıdakı sətirlər də sübut edir: “Rəşid Boklun, Renanın əsərlərini oxumuşdur. Fəlsəfəni məndən pis bilmir. Fizikanı və təbiətşünaslığı məndən yaxşı anlayır. Lakin bu ramazan ayını bütün şərtləri və əməlləri yerinə yetirməklə oruc tutdu. Deyirdi ki, istəyirəm hamı məni təmiz müsəlman və xalis şiə kimi tanısın. Mən də mane olmurdum. Ramazan ayında hər gün namaz qılır, dua oxuyurdu”. Göründüyü kimi, hətta doğma oğlunun inancına müdaxilə etməyən ədibin çevrəsindəki müsəlmanları açıq mətlə din və Allah yolundan çəkinməyə səsləyəcəyini düşünmək inandırıcı deyil.
M.F.Axundovun islama münasibətini müəyyənləşdirən mühüm sənədlərdən biri onun ölümündən az əvvəl “Əkinçi” qəzetində şiə təəssübkeşliyi və şəbihgərdanlıq ideyasının qızğın tərəfdarı kimi çıxış edən kapitan Sultanova məktubudur. Sovet ideologiyasının dönməz ateist kimi təqdim etdiyi Mirzə Fətəli bu yazısında islam müqəddəsləri, ilk növbədə isə ideyası uğrunda ölümə getməkdən çəkinməyən İmam Hüseyn haqqında böyük ehtiramla söz açır, “biz gərək oylə cavana afərin oxuyaq və mərdanəliyindən fəxr edək”- deyirdi. “Ateist Axundov” islam əzabkeşlərinə ehtiramı yas və ağlamaqda görən fanatik şiələrə İmam Hüseynin xatirəsini yaşatmağın daha millət üçün daha səmərəli və faydalı yolunu da göstərirdi: “Əgər biz istəyirik ki, bir gunə əmal ilə (belə əməllərlə – V.Q.) İmam Hüseyni özümüzdən razı və xoşnud edək və öz iradətmizi ona nisbət sübuta yetirək, gərək onun təziyədarlığından əl çəkib təziyədarlığa sərf olunan pullar ilə hər şəhərdə o həzəratın şiələrinin ətfallarına (uşaqlarına – V.Q.) tərbiyət vermək üçün məktəbxanalar açaq və hər məktəbxananın qapısında yazıb yapışdıraq ki, İmam Hüseyn Əleyhissəlamın eşqinə bu məktəbxana bərpa olunubdur”.
Nə qədər paradoksal görünsə də, xalqın gələcək taleyi və tərəqqisi ilə bağlı bu mühüm məsələdə Mirzə Fətəlinin ən yaxın müttəfiqi Qafqaz müsəlmanlarının dini lideri, gələcəyin böyük türkçüsü Əlibəy Hüseynzadənin babası Şeyxülislam Axund Əhməd Salyani – Hüseynzadə (1812-1887) idi. Doğrudur, Ə.Haqverdiyev 1928-ci ildə rus dilində yazdığı “Axundovun faciəsi” məqaləsində tamamilə fərqli mənzərə təqdim edirdi: “Ətraf zülmət və cəhalət, bir nəfər də olsun dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında Şeyxülislam Molla Əhməd olmaq üzrə – Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın (Axundovun – V.Q.) işığının qabağına qalın pərdə çəkirdilər”. Lakin faktlar, ilk növbədə isə Mirzə Fətəlinin müasirlərinə yazdığı çoxsaylı məktublar bunun qətiyyən belə olmadığını göstərir.
Qacar xanədanından olan şahzadə Cəlaləddin Mirzəyə 20 may 1871-ci il tarixli məktubunda o, Şeyxülislamla dostluğundan söz açaraq yazırdı: “Yuxarıda qeyd etdiyim şəniyüksək dostum Qafqazın Şeyxülislamı Axund Molla Əhməd Hüseynzadədir. Müxtəlif elmlər və fənlər sahəsində: astronomiya, coğrafiya, hesab, riyaziyyat, tarix, hikmət (fəlsəfə nəzərdə tutulur –V.Q.) və xüsusilə fiqh elmi sahəsində bütün Qafqazda Şeyxülislamın tayı-bərabəri yoxdur. Bununla belə o, filosof təbiətli və liberal məsləkli bir adamdır. Onun fəzilətləri haqqında əzəmətli ağamız Mirzə Yusif xandan soruşa bilərsiniz. Hər gecə Şeyxülislam cənabları ilə bir yerdə əyləşərək söhbət edirik”. Aralarında yaranmış qarşılıqlı inam və etibar Axundova dini və dünyəvi məsələləri Şeyxlə müzakirə etməyə, islam dünyasının ehtiyac duyduğu zəruri islahatlarla bağlı fikir mübadiləsi aparmağa imkan verirdi.
1862-1885-ci illərdə Qafqaz müsəlmanlarının Ruhani idarəsinə rəhbərlik edən Axund Əhməd Hüseynzadə açıq fikirli, tərəqqipərvər din xadimi idi. 1879-cu ildə Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin açılmasında onun da əməyi vardı. Azərbaycan və Qafqaz tarixinə dair “Bəsail-nasi fi-məmləkəti-Qafqaz” (“Qafqaz ölkəsinin tarixi keçmişindən”), Azərbaycan ədəbiyyatına dair “Tarixi-ədəbiyyati-türki” (“Türk ədəbiyyatının tarixi”), təlim və tərbiyə məsələlərinə dair “Tərbiyətül-ətfal” (“Uşaqların tərbiyəsi”) və digər əsərləri Şeyxülislamı Mirzə Fətəlinin də qeyd etdiyi kimi, dövrün ensiklopedist ziyalıları sırasına daxil etməyə imkan verirdi.
Mirzə Fətəli yüksək qiymətləndirdiyi orta əsrlər ərəb tarixçisi İbn Xəldunun “Tarix” əsəri ilə Şeyxülislamın vasitəsi ilə tanış olmuşdu. Maraqlıdır ki, Şeyx ərəb əlifbasının islahı məsələsində də müəyyən məqamlarda M.F.Axundovla həmfikir idi. Bunu böyük ədibin Mirzə Yusif xana 17 dekabr 1870-ci il tarixli məktubundakı bu sətirlər də sübut etməkdədir: “Ruhul-qüdsun (ermənidən dönmə İran maarifçisi Mirzə Melkum xan– V.Q.) əlifbanı dəyişdirməyin lazım olmasına dair yazdığı kitabçasını münasib gördüyünüz və mümkün saydığınız hər kəsə verin oxusun. Kitabçanın məzmunu və əqidəsi haqda oxucuların fikrini zəhmət çəkib bizim üçün yazın ki, mənim və cənab Şeyxülislamın arasında müzakirə vasitəsi olsun”.
Mirzə Melkum xana həmin il iyunun 8-də göndərdiyi məktubda isə M.F.Axundov onun tərtib etdiyi əlifba layihəsini Şeyxülislamla birlikdə nəzərdən keçirəcəklərini xəbər verirdi: “Mən də, cənab Şeyxülislam da xahiş edirik ki, mükəmməl tərtib etdiyiniz yeni sait və samit hərflərin şəkillərini çap nüsxəsi olarsa, çap olunmuş halda, olmazsa, qələmlə yazılmış halda çox zəhmətə səbəb olan təfsilat ilə deyil, bir-iki səhifədə yazıb bizə göndərəsiniz ki, nəzərdən keçirə bilək”.
Ərəb əlifbasının islahı ilə bağlı yollandığı İstanbuldan əli boş və nəticəsiz qayıdan dramaturq Mirzə Melkum xana 2 iyun 1871-ci il tarixli məktubunda bu mübarizədə özünün ən yaxın müttəfiqi kimi Şeyxülislamı isnad verirdi: “Cənab Şeyxülislam İstanbul nazirlərindən çox-çox narazıdır. Bu gündən etibarən o, sünnilərin öz kitablarında köhnə islam əlifbasının dəyişməsinin şəriətə müxalif olmadığına dair bir fitva axtarmağa başlamışdır”. Əlifba məsələsində Mirzə Melkum xanı prinsip və mövqeyindən çəkilməməyə çağıranda da Mirzə Fətəli özünün  və Şeyxin adından danışırdı: “Özümün və cənab Qafqaz Şeyxülislamının dilindən sizə yazıram ki, İstanbul nazirlərinin hərəkətlərindən pərişan və bədbin olmayın”.
Mənşəcə Azərbaycan türkü olan İran dövlət xadimi, ölkəsinin Parisdəki səfiri Mirzə Yusif xan Müstəşarüddövlə (1823-1895) fransız konstitusiyasının müddəaları əsasında hazırladığı və 1905-1907-ci illər İranda Məşrutə inqilabının əsas sənədlərindən birinə çevrilən “Yek kəlmə” əsərini tanış olmaq və fikir bildirmək üçün ilk növbədə Şeyxülislamla Mirzə Fətəliyə göndərmişdi. Kifayət qədər inqilabi xarakter daşıyan bu əsər İranda din də daxil olmaq da bütün sahələrdə ciddi islahatlar aparılmasını nəzərdə tuturdu. Əsərlə Şeyxlə birlikdə tanış olan M.F.Axundov hər ikisinin rəyini ifadə edərək müəllifə məktubunda yazmışdı: “Tiflisdə mənim və cənab Şeyxülislamın oxuyub həzz aldığımız və üzünü köçürdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət hədər getmədi”.
Ən maraqlısı isə Axund Əhməd Hüseynzadənin yüksək dini post tutmasına baxmayaraq İranda ruhanilərin nüfuz və səlahiyyətlərinin azaldılmasına yönələn islahatları müdafiə etməsi idi. İstinad olunan məktubda bu barədə deyilirdi: “İndi mən və cənab Şeyxülislam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq Ədliyyə Nazirliyinə tapşırasınız ki, ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə dini məsələlərlə məşğul olsunlar”.
Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etmək fikrinə düşəndə və nəşr elanlarını Tiflisə göndərəndə Mirzə Fətəli Şeyxülislam və Müftini bu təşəbbüsü dəstəkləməyə inandıra bilmişdi. Bu isə bir tərəfdən böyük dramaturqun həmin ali ruhanilər yanında yüksək nüfuz və etibarından, digər tərəfdən isə onların özlərinin mütərəqqi görüşlərindən xəbər verməkdədir.
Böyük ədibin məktublaşdığı Mirzə Yusif xan, şahzadə Cəlaləddin Mirzə, Əli xan, Mirzə Melkum xan, Manekçi Sahib və başqaları onun Şeyxülislama verdiyi son dərəcə yüksək qiymət sayəsində qiyabi surətdə bu tanınmış din xadimini özlərinin yol göstərəni, ağsaqqalı və mənəvi atası kimi qəbul edirdilər. Aydın məsələdir ki, ateist əqidəli adam Şeyxin həmfikiri və yaxın dostu ola bilməzdi. 
M.F.Axundovla Şeyxülislamın ictimai məzmun daşıyan və məqsəd ümumiliyinə əsaslanan dostluğuna bu qısa rakurs Ə.Haqverdiyevin aşağıdakı sözlərinə şübhə ilə yanaşmağa əsas verir: “Mirzə Fətəlinin ölümünü Şeyxülislam Molla Əhmədə xəbər verdikdə o dedi: “Mən Mirzə Fətəli ilə tez-tez söhbət etmiş, dini və başqa mövzularda mübahisələr aparmışam. Mən onun din haqqında olan nöqteyi-nəzəri ilə tanışam. Buna görə də onun namazını qılmaqdan imtina edirəm”. Başqa mollalar da Şeyxülislamın ardınca gedərək onun cənazəsi üstündə namaz qılmaqdan imtina etdilər. Uzun minnətdən sonra Şeyxülislam məscid xadimlərindən Molla Hüseynə tapşırdı ki, gedib Mirzənin nəşi üzərində bir neçə söz desin”.
Hətta bir anlıq Şeyxülislamın uzun illərin səmimi və yaxın münasibətlərinə arxa çevirdiyini güman etsək belə onun Mirzə Fətəlinin nəşi üzərində “bir neçə söz deməyə” göndərdiyi şəxsin bilik və nüfuz baxımından kifayət qədər seçkin din xadimi və şəxsiyyət olması fikri ilə razılaşmalıyıq. Burada haqqında söz açılan Molla Hüseyn gələcək Qafqaz müftisi Hüseyn Əfəndi Qayıbov (1830-1917) idi. O, Axundovla birlikdə Adolf Berjenin Azərbaycan şairlərinin əsərlərindən ibarət məşhur müntəxəbatının tərtibində, Qafqaz Arxeoqrafiya Komissiyası Aktlarının Azərbaycanla bağlı hissələrinin hazırlanmasında iştirak etmişdi.
Ümumiyyətlə, istər sağlığında, istərsə də vəfatından sonra Mirzə Fətəlinin müsəlman üləmaları ilə ciddi bir problemi olmamışdı. Tiflis ədəbi mühitinə yaxından bələd olan görkəmli ziyalımız Həsən Həsənov da bu fikri təsdiq edərək yazır: “İstər məndən əvvəl, istər sonra, istərsə də mənim Tiflisdə yaşadığım dövrdə Mirzə Fətəli Axundovun adı yerli azərbaycanlılar arasında müqəddəs tutulurdu”.
Yalnız sadə insanlar deyil, Qafqaz Şeyxülislamı və Müftinin timsalında gördüyümüz kimi, tanınmış din xadimləri də onun şəxsiyyətinə böyük ehtiramla yanaşmışdılar. Təsadüfi deyil ki, 1911-ci ildə ədibin 100 illik yubileyi ilə bağlı Tiflisdə keçirilən silsilə tədbirlər Şah Abbas məscidində camaat namazının qılınması ilə başlanmış, dövrün məşhur üləmalarından və açıq fikirli şəxslərindən sayılan Şeyxülislam Məhəmmədəli Pişnamazzadə M.F.Axundovun islam dünyası qarşısındakı böyük xidmətlərindən danışmış və ruhuna dualar oxumuşdu.
  
   Mirzə Fətəli tək deyildi! 
  
Mirzə Fətəli Axundovun nəşinə hörmətsizlik göstərilməsi, həm Vaso Çaçanidzenin, həm də Ə.Haqverdiyevin iddia etdikləri kimi, meyitinin üç gün ortalıqda qalması ilə bağlı versiya haradan meydana çıxmışdı? Doğrudanmı həyatının son günlərinə qədər yüksək çinli məmur kimi Qafqaz canişinliyində xidmət edən, təkcə Qafqazda, Yaxın və Orta Şərqdə deyil, Avropa ölkələrində də milli dramaturgiyanın banisi – “müsəlman Molyeri”, yazıçı və tənqidçi, filosof və ictimai xadim, əlifba islahatçısı və maarifçi kimi tanınan görkəmli şəxsiyyət öldükdən sonra bir an içərisində hamı tərəfindən unudulmuş, tərk edilmişdi? Razılaşaq ki, rəsmi dairələr azərbaycanlı sənətkarın ölümünə etinasızlıqla yanaşmışdılar (vaxtı ilə Mirzə Fətəlinin əsərlərinə səhifələrində geniş yer ayıran hökumət ofisiozunun – “Kavkaz” qəzetinin kiçik bir nekroloq da çap etməməsi bunun nişanəsi idi). Bəs M.F.Axundovun yaxınları, qohumları, dostları harada idi?
Doğrudur, böyük ədib vəfat edəndə oğlu Rəşid vətəndən uzaqda – Belçikada idi. Brüsseldə ali mühəndislik təhsil alırdı. Lakin bu Mirzə Fətəlinin tam tənhalığı təsəvvürü yaratmamalıdır. O, Tiflisdə qohumları, yaxınları və doğmaları arasında yaşayırdı. Şəhərin mərkəzində, Kür çayının kənarında, indi Tbilisi azərbaycanlılarının Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərən böyük mülkü vardı. Mülkün birinci mərtəbəsində kirayənişinlər, ikinci qatda isə ailə üzvləri yaşayırdılar. Bir sözlə, fəlakətdən xəbər tutacaq, kədəri bölüşəcək adamlar yetərincə idi.
Onların başında heç şübhəsiz, bəzi sənədlərdə M.F.Axundovun “qardaşı” kimi təqdim olunan Mirzə Mustafa Axundov (1834-1903) gəlirdi. Əslində Mİrzə Mustafa onun qaynı, arvadı Tubu xanımın qardaşı idi. Sənədlərdə həm Mirzə Fətəli, həm də Mirzə Mustafa Axund Hacı Ələsgərin oğlu kimi göstərildiyindən, habelə eyni soyadı daşıdıqlarından rəsmi dairələrdə onları doğma qardaş sayırdılar.
M.F.Axundovun Tiflisdə fəaliyyətə başladığı il Şəkidə doğulan Mirzə Mustafa əvvəlcə yerli qəza məktəbində oxumuş, sonra isə bacısının ailəsində yaşayaraq təhsilini Tiflis gimnaziyasında davam etdirmişdi. Rusca mükəmməl savadı ilə birlikdə üç Qafqaz və üç Şərq dilini – Azərbaycan, erməni, gürcü, ərəb, fars və türk dillərini də yaxşı bildiyindən uzun illər canişinliyin hərbi-inzibati aparatının əvəzsiz tərcüməçilərindən olmuşdu. Bunu ilk növbədə M.F.Axundovun qayğı və himayəsi ilə əlaqələndirən Mirzə Mustafa rəhbərliyə ünvanladığı rəsmi məlumatlardan birində yazırdı: “Yaxın qohumum, Baş idarə dəftərxanasının mərhum tərcüməçisi polkovnik Mirzə Fətəli Axundov kiçik yaşlarımdan etibarən Şərq dillərini öyrənməyimi xüsusi nəzarətdə saxlamış, türk, ərəb, tatar (Azərbaycan – V.Q.) və fars dillərinə mükəmməl yiyələnməyim üçün bilikli və təcrübəli müəllimlər tutmuşdu”.
O, 1854-cü ildə canişin dəftərxanasında kiçik məmur kimi fəaliyyətə başlamış, 44 il ərzində mülki və hərbi idarələrdə tərcüməçi olmuş, polkovnik rütbəsinə yüksələrək qüsursuz xidmətinə görə Rusiya və İranın bir sıra ordenləri ilə təltif edilmişdi. Ayrı-ayrı vaxtlarda vacib və məxfi sənədlərin tərcüməsi, habelə 1873-cü ildə Avropa səfərinə yollanan Nəsrəddin şahın Qafqaz ərazisində müşaiyət olunması ona tapşırılmışdı. Mirzə Fətəlinin ölümündən sonra Qafqaz hərbi dairə qərargahındakı tərcüməçi vəzifəsi də M.M.Axundovun üzərinə düşmüşdü. Mirzə Mustafa həyatının sonuna qədər Axundovlar ailəsinin ağsaqqalı sayılmışdı. Bacısı Tubu xanımın adından Qafqaz canişininə yazdığı məktublarda Mirzə Fətəlinin “müxtəlif ədəbi əsərləri ilə Avropa şöhrəti qazandığını”, bu əsərlərin ölkənin “gənc nəslinin təlim-tərbiyəsində ən qiymətli vasitələrdən biri” olduğunu xüsusi qeyd etmişdi. Bütünlükdə o, XIX əsr Azərbaycan ədəbi-ictimai mühitində M.F.Axundov irsinin ilkin qiymətləndirən və imkan daxilində təbliğ edən milli düşüncəli ziyalılardan biri idi.
Sual oluna bilər: Mirzə Mustafa yaxın qohumunun meyitinin üç gün ortalıqda qalmasına, yaxud küçədən tutulmuş hambalların çiynində qəbiristanlığa aparılmasına, zəruri dini ayinlər icra olunmadan dəfninə yol verərdimi?
M.F.Axundov böyük qızı Seyrabəyimi (1849-1873) İrandakı saray çəkişmələri nəticəsində 1848-ci ildə Rusiyaya pənah gətirən və Şuşa şəhərində məskunlaşan Bəhmən Mirzənin oğlu Xanbaba xan Qacara (1842-1926) ərə vermişdi. Sonralar rus ordusunun polkovniki rütbəsinə yüksələn və ömrünün axırına qədər Tiflisdə yaşayan Xanbaba xan Abbas Mirzənin nəvəsi, Fətəli şahın isə nəticəsi idi.
Seyrabəyim çox gənc yaşda öləndə Mirzə Fətəli onun iki az yaşlı körpəsinin yad əllərə düşməsini istəmədiyindən, eyni zamanda bir insan kimi Xanbaba xanı yüksək qiymətləndirdiyindən kiçik qızı Nisə xanımın onunla izdivaca girməsinə razılıq vermişdi. Hindistan zərdüştilərinin tanınmış nümayəndələrindən Manekçi Sahibə 18 may 1876-cı il tarixli məktubunda ədib ikiqat kürəkənini yalnız müsbət cəhətdən səciyyələndirərək yazırdı: “Qızımın əri bizim imperator ordusunda xidmət edir. Xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir. Günah işlərin və bəd əməllərin yanından belə keçməz. Mənim kimi o da qətiyyən şərab içməz, həmişə Tiflisdə yaşayır. Öz evimdə ona bir neçə otaqdan ibarət mənzil ayırmışam. Qızımdan və həmin Xanbaba xandan iki nəvəm vardır. Böyüyü oğlandır. Adı Mənsur Mirzədir. Altı yaşı vardır. Kiçiyi isə Mələksima xanım adlı qız uşağıdır”.
(1912-ci ildə Bakıda baş verən və ümumrusiya miqyasında əks-səda doğuran bir insidentdə – mühəndis Lutfəli bəy Behbudovun ağır şəkildə təhqir olunmasında və döyülməsində Mirzə Fətəlinin nəvəsi, rus ordusunun podpolkovniki Mənsur Mirzə Qacarın da adı keçirdi. L.Behbudov məşhur milyonçu və xeyriyyəçi H.Z.Tağıyevin mədənlərində çalışırdı. Şəhərdə onunla Hacının həyat yoldaşı Sona xanım arasında “roman” yaşanması barəsində şaiyələr yayılmışdı. H.Z.Tağıyev mühəndisin cəzalandırılmasını istəmişdi. Mənsur Mirzənin icraçılardan biri olması da təsadüfi deyildi. Bacısı Mələksima xanım Hacının gəlini, yəni onun birinci nikahdan doğulmuş oğlu Sadıq Tağıyevin həyat yoldaşı idi. Beləliklə, Axundovlar ailəsi yalnız Qacar sülaləsi ilə deyil, məşhur milyonçu ilə də qohum olmuşdu).
İran hökmdarı Nəsrəddin şah 1873-cü ildə Tiflisdən keçib Avropa səfərinə yollananda Şuşada yaşayan əmisi Bəhmən Mirzə üzrxahlıq etmək və anlaşılmazlıqları aradan qaldırmaqdan ötrü yeddi oğlu ilə birlikdə şahın görüşünə gəlmişdi. Akademik Çingiz Qacarın qənaətinə görə onlar M.F.Axundovun evində qalmışdılar. Mirzə Fətəlinin də həmin görüşdə iştirakını təxmin etmək olar. Nəhayət, Qafqaz canişininin əmri ilə şahın Poti limanına qədər müşaiyət olunması da müsəlmanlar arasında tanınmış şəxs və Qacarların qohumu kimi Mirzə Fətəliyə tapşırılmışdı.
Həmin dövrdə Bəhmən Mirzənin bir neçə oğlu Qafqaz ordusunda xidmət edirdi. Xanbaba xanın böyük qardaşı polkovnik Rzaqulu xan Qacar (1883-cü ildən general) 1876-cı ilin yanvarında Mariya Polan adlı tanışına məktubunda Mirzə Fətəlidən fəxrlə söz açaraq yazırdı: “Mənim Tiflisdə bir qohumum var. O, sevimli qardaşım poruçik Xanbaba xanın qayınatası polkovnik Mirzə Fətəli Axundovdur. Mən onu gözəl sifətlərinə görə səmimi-qəlbdən sevirəm və Sizin diqqətinizə təqdim etməkdən böyük şərəf duyuram”.
Xanbaba xan və qardaşlarının Mirzə Fətəlini Tiflisdə layiq olduğu ehtiramla dəfn etməmələri, onun nəşinin ortalıqda qalmasına imkan vermələri və hansısa cahil mollalardan qorxub-çəkinərək bu işi gürcülərə buraxmaları inandırıcı görünmür.
Çar ordusunda xidmət edən və həmin dövrdə Tiflisdə məskunlaşan yüksək rütbəli azərbaycanlı hərbçilər arasında M.F.Axundovun yaxın dostları vardı. Onların sırasında ilk növbədə general-leytenantlar Həsən bəy Ağalarovu (1812-1883) və İsrafil bəy Yadigarovu (1815-1885) qeyd etmək lazımdır.
Mahmənzər Qacarın anası Nisə xanıma istinadən yazdığına görə ailənin yaxın dostu general Yadigarov ağsaqqallıq missiyasını öz üzərinə götürərək həyatının son saatlarını yaşayan Mirzə Fətəlinin dəfni ilə bağlı hər hansı vəsiyyətinin olub-olmadığı ilə maraqlanmışdı: “ Ölümündən bir neçə gün əvvəl xəstəliyinin get-gedə ağırlaşdığını və artıq tezliklə öləcəyini başa düşən qohum-əqrəbası, yaxın dostları hər gün ona baş çəkməyə gəlirdilər. Nəhayət axırıncı gün, həyatının son saatları, bəlkə də son dəqiqələri idi ki, yanına gələnlərdən İsrafil bəy Yadigarov ondan soruşdu: “Mirzə, siz nə sayaq dəfn olunmağınızı istərdiniz?” Birbaşa verilən bu sualın qarşısında Axundov son qüvvəsini topladı, onun kinayəli şöhrəsində zəif, titrək bir gülüş duyuldu, sonra isə qəti bir cavab eşidildi: “Siz bilirsiniz ki, mən heç bir dinə inanmıram. Ölülərin əziyyətindən dirilərin nə cür xilas olmalarının mənim üçün heç bir əhəmiyyəti yoxdur. İstyədiyiniz kimi dəfn edərsiniz”. 
Şübhə yoxdur ki, M.F.Axundov hətta qatı bir ateist olsaydı da, yaxınları onu bir müsəlman kimi dəfn edəcəkdilər. Və Tiflisin nüfuzlu, sözü keçən, sayılıb-seçilən nəsillərindən birinin başçısı olan general Yadigarovun dostunun ölümünün ertəsi günü meydandan çəkilməsi, dünən son vəsiyyəti ilə maraqlandığı insanın nəşinin bihörmət edilməsinə göz yumması qətiyyən inandırıcı görünmür.
Belə misalların sayını yenə də artırmaq olar. Oğlu Rəşid Axundovun Brüsseldən göndərdiyi məktublarda adları sadalanan şəxslər ailənin dostlarının və əhatə dairəsinin nə qədər geniş olduğunu bir daha ortalığa qoyur. Lakin gətirdiyim nümunələr də Mirzə Fətəlinin dəfni ilə bağlı versiyada uydurmaların həqiqəti üstələdiyini göstərir. Məntiq böyük ədibin həqiqi müsəlmana layiq izzət və ehtiramla dəfn olunduğunu sübut edir. O, Tiflisdəki müsəlman qəbiristanlığının fəxri yerində, kiçik yaşda dünyadan köçmüş övladlarının əhatəsində, müəllimi və dostu Mirzə Şəfi Vazehlə yanaşı ailəvi məzarlıqda torpağa tapşırılmışdı. Sovet dövründə qəbirüstü abidəsi ucaldılana qədər məzarı üzərində Vaso Çaçanidzenin iddia etdiyi kimi, “fanatik müsəlmanların yazıçının son mənzilini tanıyıb ona hörmətsizlik etməmələri üçün altı pəhləvanın sürüyüb gətirdiyi qaya parçası” deyil, bu məzarda “mərhum və məğfur, yüksək şanlı, Şərq və rus dillərinin alimi, islam və rus ölkələrində bir çox əsərləri ilə məşhur olan polkovnik Mirzə Fətəli Ağa Məhəmmədtağı oğlunun” uyuduğunu bildirən əski üslublu başdaşı dururdu.
Bütün bunlar öz yerində. Amma istənilən halda belə bir fikirlə də razılaşmaq lazımdır ki, Mirzə Fətəlinin dəfni onun adına və doğma mədəniyyət qarşısındakı misilsiz xidmətlərinə layiq sayıla bilməzdi. Çünki xalq necə bir şəxsiyyət itirdiyinin fərqində deyildi. “Mən dərviş məslək və bəşəriyyəti sevən bir insanam. Hər kəs insanları sevib mədəniyyətin tərəqqisinə kömək edərsə, mən onun dostu və tərəfdarıyam. Mən bəşəriyyətin düşməni olan və mədəniyyətin inkişafına əngəl törədənlərdən kənarda və uzaqdayam” – deyən ədibin Azərbaycan tarixindəki mühüm yerini dərk etməsi üçün xalqımızın həmin mədəniyyətə yiyələnməsi, ümumbəşəri dəyərlərə sahib çıxması zəruri idi. Mirzə Fətəli bu prosesi sürətləndirdi.
Bu il yeni Azərbaycan ədəbiyyatının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyi geniş miqyasda qeyd edilir. Mirzə Fətəli haqqında indiyə qədər az yazılmasa da böyük sənətkarın xatirəsi qarşısındakı borcumuz çoxdur. Təəssüf ki, hələ də onun əsərlərinin akademik nəşri ortada yoxdur. Şəxsi həyatının, yaradıcılıq yolunun, dövrünün görkəmli şəxsiyyətləri ilə əlaqələrinin bir sıra vacib məqamları ilə bağlı yetərincə cavabsız suallar mövcuddur. “Axundov ensiklopediyasının” hazırlanmasına və nəşrinə ciddi ehtiyac duyulmaqdadır. 
Budapeşt. Aprel, 2012-ci il.
 
Vilayət QULİYEV





Mənbə: Vilayət QULİYEV19.05.2012     Çap et  Çap et