525-ci qəzet

“Bakıdan gələn var...”


 
Qasım Türkan Təbrizin tanınmış jurnalistlərindəndir. Onun nəşriyyatı və nəşr etdirdiyi qəzet var. Bu müsahibə mənim Qasım Türkanla ilk tanışlığım deyil. O, əvvəllər də mənim haqqımda məqalələr yazmış, öz qəzetində və “Mehri Azadi” qəzetində dərc etdirmişdir. “Mehri Azadi” qəzetini daha mötəbər qəzet hesab etdiyi üçün “Bakıdan gələn var...” sizə təqdim edəcəyimiz bu müsahibəni də həmin qəzetin doktor Yəhyanın redaktoru olduğu Azərbaycan bölməsində dərc etdirmək istəyi ilə götürmüşdü.
Xəlil Məcidoğlu
[email protected]

 
Qonağımız İran İslam Respublikasının böyük dostu, tanınmış alim, professor, doktor Xəlil Məcidoğludur. Söhbətimiz mənəviyyat məsələləri ilə bağlıdır.

– Professor, İran İslam Respublikasına xoş gəlmişsiniz. Sizin hər səfərinizi səbirsizliklə gözləyirik. Mən universitet tələbələrinin, müəllimlərinin Sizi necə mehribanlıqla qarşıladıqlarının şahidi olmuşam. Elə biz mətbuat işçiləri üçün də Siz arzuolunan şəxssiniz.
– Təşəkkür edirəm, mən özüm də tələbələr, müəllimlər, mətbuat işçiləri, çoxsaylı dostlar, tanışlarla görüş üçün darıxıram. İran İslam Respublikasına hər səfərim uğurlu, yadda qalan olur.
– İcazənizlə, suallara başlayım.
– Buyurun.
– Professor, dost kimə deyirlər? Dostlarınız varmı?
– Dost, dostluğu bacaran adama deyirlər. Dostluq, qohumluğa yaxın, hətta, bəzi hallarda ondan da üstün münasibətdir. Dostluq insanlar üzərinə əlavə məsuliyyət, qayğı qoyur. Bu məsuliyyəti hər adam yerinə yetirməyi bacarmır, ya da istəmir. Ona görə də belə adamların dostluğu uzun çəkmir. Dostluğun əsas şərti onun təmənnasız olmasıdır. Yalnız sınaqlardan üzü ağ çıxmış insanlara dost demək olar. Ola bilər ki, kiminləsə uzun illər yaxın münasibətdə olasan, o adam əsl sifətini büruzə verməsin. Belələrinə yeganə bir sınaq lazımdır ki, onun əslində kim olduğu üzə çıxsın. Sınaqlar müxtəlif növ və müxtəlif dərəcəli ola bilər. Məsələn, bir şəxs uzun illər səndən asılıdır, sənə tabeçiliyi var, odur ki, sənə dost kimi yanaşır. Hansı səbəbdənsə sən onun tabeçiliyinə keçirsən, ondan asılı olursan, ancaq münasibətləriniz dəyişmir, hətta, bir az da mehriban olursunuz. Deməli, həmin adam sizə dost insandır. O, münasibətlərində səmimidir. Kimsə insanın çətinliyə düşdüyü məqamlarda ona daha yaxın olursa, dərdinə şərik çıxırsa, əlindən gələn köməkliyi göstərirsə, deməli, o, əsl dostdur. Belə insan dostluqdan sui-istifadə etməz.
İnsanlar kimi, xalqlar da, dövlətlər də dost ola bilirlər. İran İslam Respublikası ilə Azərbaycan Respublikası dost, qardaş ölkələrdir. Amma bu dostluğu gözü götürməyənlər də az deyil. Onların bütün fəaliyyəti bu iki dövlətin mehriban münasibətlərinə, dostluğuna mane olmaqdan ibarətdir. İki dost ölkə onların arasını vurmağa çalışan qüvvələrə heç cür imkan verməməlidir.
O ki qaldı dostlarıma, bəli, sınaqdan çıxmış dostlarım var, mən onlarla fəxr edirəm. Etiraf edirəm ki, etibarını itirən “dostlarım” da olub.
– Din və mənəviyyat Sizin üçün nə deməkdir?
– Bütün dinlər, xüsusilə İslam, insanları mənəvi dəyərlərə riayət etməyə çağırır. Bu mənada din elə mənəviyyatdır. Lakin həyatda buna əməl etməyənlər hələlik çoxdur. Din yalnız ona sidq-ürəkdən iman gətirənləri qəbul edir. Bəd əməllərlə məşğul olub şəriət qanunlarına üzərə riayət edənləri din qəbul etməz. Elə insanlar var ki, həyatda dələduzluqla, haram işlərlə, oğurluqla məşğul olur, maddi qazanc üçün hər cür mənəviyyatsızlığa gedir, amma dəfələrlə Həcci, Kərbəlanı, Məşhədi ziyarət edir, bununla da bütün günahlarının bağışlandığını hesab edir. Əlbəttə, Allahımız belə insanların ziyarətini qəbul etməz. Əgər bir insan bu müqəddəs yerləri ziyarət etdikdən sonra bəd əməllərindən əl çəkərsə, əlbəttə, onun ziyarəti qəbul olunar.
70 il Sovet hakimiyyəti insanları dinsizliyə, Allahsızlığa çağırdı, kilsələri, məscidləri məhv elədi, dinə qarşı mübarizə apardı, amma insanları, xüsusilə müsəlmanları müqəddəs İslam dinindən ayıra bilmədi. İnsanlar gizli namaz qıldı, oruc tutdu. Çünki insanlar dinə daxilən ehtiyac duyurlar. İnsan xoş günündə də, bəd günündə də Allaha üz tutur, Ona sədaqətini bildirir, Ondan imdad istəyir.
– İnsanlarda hansı keyfiyyətləri daha çox xoşlayırsınız? Ən xoşlamadığınız keyfiyyətlər.
– Deyilənə görə, insanı insan eləyən yetmişdən çox keyfiyyət var. Mən məktəbdə oxuyan vaxtlar müəllimimiz bizə belə bir tapşırıq verdi: “Evdə hər kəs insanın insani keyfiyyətlərini yazılı şəkildə sadalasın və mənə təqdim etsin. Kim daha çox sadalasa “əla” alacaq”.
Mən o zaman nədənsə birinci yerdə “insanın minnətdarlıq hissi”ni yazdım. Doğrusu elə indi də o fikirdəyəm. İnsanlar onları yaradan Tanrıya, dünyaya gətirən valideynlərə ömrü boyu minnətdar olmalıdır. Yaxşılığı unutmamaq da minnətdarlıq hissindən irəli gəlir. Minnətdarlıq hissi insanı yaxşılığa yaxşılıqla cavab verməyə vadar edir. Pisliyi unutmaq olar. Pisliyə pisliklə cavab vermək düzgün deyil. Pislik edəni Allaha tapşırmaq daha düzgündür.
Sədaqət hissi mənim üçün çox qiymətli insani keyfiyyətdir. İnsanlarla münasibətdə sədaqətli olmağa həmişə çalışmışam, özümə qarşı sədaqətli olmağı arzulamışam. Lakin sədaqətli olmağı çoxları bacarmır, buna insanın daxili aləminin saf olmaması mane olur.
 O ki qaldı bəd xasiyyətlərə, ən xoşlamadığım, insanın riyakarlığıdır. Riyakar insanın əsl sifətini açmaq asan deyil. O, uzun müddət daxili aləmini büruzə verməyə bilər. Lakin gizli şəkildə, üstüörtülü öz bəd əməllərini həyata keçirər. Riyakar öz əməllərini yerinə yetirmək üçün hər sifətə düşməyə hazırdır: yalan danışmaq, yaltaqlanmaq, “quyruq bulamaq”, simasızlıq göstərmək və s.
 Son dövrlərin ən qorxulu əlaməti, bəzi insanların harınlaşması və buradan irəli gələn cəzasızlıq hissi, saymamazlıq, özbaşınalıq, Allahdan, hökumətdən qorxmamaq, çəkinməmək, bütün insani keyfiyyətləri itirməkdir. Harın insanlar nəinki ətrafdakılar üçün, hətta, bütün cəmiyyət üçün qorxuludurlar. İnsan oğurluqla, rüşvətlə, dələduzluqla yığdığı pulun, var-dövlətin hesabına harınlaşır. Bu pullar onun gözünü örtür, insaniyyətliyini əlindən alır, onu vəhşiləşdirir. Öz zəkası, zəhməti ilə milyoner, hətta, milyarder olmuş insan heç cür harınlaşa bilməz. O, alın təri ilə qazandığı pulun, var-dövlətin qədrini bilir, onu insanların rifahı üçün xərcləyir.
– Yəqin ki, xeyirxahlıq, insana əl tutmaq kimi keyfiyyətlər də insana yaraşar.
– Əlbəttə. Bizdə deyirlər, xeyirxahlıq, insana əl tutmaq Əlidən (ə.s) qalıb. Əgər insanlar Əli yolu ilə getsəydilər, dünya düzələrdi. Mənə bir adam kömək üçün müraciət edəndə, özümü lazımi hiss edirəm. İmkanım daxilində çalışıram ki, ona kömək edim. Mən bir insan kimi, alim kimi, müəllim kimi həyatımdan razıyam. Maraqlı həyat yolu keçmişəm. Uzun illər gənclərin təlim-tərbiyəsi ilə məşğul olmuşam. Öz bilik, bacarığımı onlardan əsirgəməmişəm. İmkansız, kasıb ailələrdən olan üç qızı doğma qızım kimi boya-başa çatdırıb təhsil vermişəm. Bu “sirr” təsadüfən açıldığı üçün bu barədə danışmaq istəyirəm. Bu, uzun illər “sirr” olaraq qalırdı.
...Həyat yoldaşım yaxından tanıdığı imkansız ailədən bir qız uşağı götürüb oxutmağı mənə təklif etdi. Mən təkliflə razılaşdım və qız ailəmizin üzvü oldu. Kənar bir adamın ailəyə daxil olması heç də asan iş deyil. Burada bütün ailə üzvlərinin razılığı, onu yola verməsi əsasdır. Xoşbəxtlikdən bu barədə hamımız eyni fikirdə idik. Ailəmizin yeni üzvü özünü doğma evindəki kimi hiss edirdi, evimizə onun üçün elçilər gəldi, onu öz doğma qızımız kimi toy eləyib ər evinə köçürdük. Onu köçürdükdən sonra başqa bir qız axtarışına düşdük. Çox axtarmalı olmadıq.
Mənim dağ kəndlərinin birində yaxın dostum vardı. Onun 11 övladı vardı – üçü oğlan, səkkizi qız. Dostuma təklif etdim ki, qızlardan birini ver aparım bizdə qalsın, təhsil alsın. O, razılaşdı və qızlardan birini özümlə evimizə gətirdim. Ailə üzvləri qızı yaxşı qarşıladı. Qız şəhər mühitinə tez alışdı. Ona da təhsilini başa vurduqdan sonra evimizə elçi gəldi, onun da toyunu edib ər evinə köçürdük. Toydan heç bir ay keçməmiş həyat yoldaşım başqa bir qızı evimizə gətirmək üçün məndən razılıq istədi. Qız heç orta məktəbi də bitirməmişdi. Məktəbin iki son illərini bizdə yaşayaraq bitirdi. Bu iki ildə mən onunla fərdi məşğul olurdum, onu universitetə hazırlaşdırdım və o, çətinlik çəkmədən işlədiyim universitetə daxil oldu. Universitetdə hamı onu mənim qızım hesab edirdi. “Maşallah, çox tərbiyəli qızın var” – deyərdilər.
Bir gün qızın təhsil aldığı fakültənin dekanı mənə müraciətlə:
– Xəlil müəllim, Aynurə (qızın adıdır) bu il təhsilini başa vurur, Allah saxlasın, çox ağıllı, tərbiyəli qızdır. Sənin kimi bir böyük şəxslə qohum olmaq mənim üçün şərəfdir. Mənim oğlum da universiteti keçən il bitirib, bir əməlisaleh qız tapa bilmirik. Aynurə neçə illərdir gözümün qabağında olub, çox bəyənmişəm hər hərəkətini. Səni inandırıram ki, oğlum ona layiq insandır, onlar xoşbəxt ailə qura bilərlər.
– Telman (dekanın adı) müəllim, biz səninlə neçə illərin dostuyuq, bir-birimizin ailələrinə bələdik. Mən etiraz etməzdim, amma bir “sirri” sənə açmalıyam: Aynurə mənim doğma qızım deyil, o, sadəcə olaraq bizim ailədə tərbiyə alıb, təhsil üçün ona hər cür imkan yaratmışıq. Odur ki, əgər mənim bu sözlərimdən sonra da təklifində qalırsansa, onda qızın anası ilə (atası yoxdur), özü ilə məsləhətləşməliyəm. Bu, mənim tərbiyə, təhsil verdiyim üçüncü qızdır.
Telman müəllim şok vəziyyətinə düşmüşdü. O, mənə heç nə deməyib sağollaşıb getdi.
Sonralar öyrəndim ki, Telman müəllim Elmi Şuranın növbəti iclasında rektordan söz alaraq:
– Hörmətli Gülçöhrə xanım (rektorun adı), əziz həmkarlarım, mən neçə gündür ki, bir hadisənin təsirindən çıxa bilmirəm. Təəssüf ki, biz insanları vaxtında, yaxşı qiymətləndirə bilmirik. Bax, bizim hörmətli Xəlil müəllim əsl şücaət göstərib, bizim ondan xəbərimiz yoxdur. O, imkansız ailələrdən üç qız uşağı götürüb, himayədarlıq edib, tərbiyə, təhsil verib, öz övladları kimi toy eləyib ər evinə köçürüb. Bizim fakültənin axırıncı kursunda oxuyan Aynurə o qızlardan üçüncüdür. Biz indiyə kimi Aynurəni Xəlil müəllimin doğma qızı bilmişik. İnsanın böyüklüyünə fikir verin ki, bu böyüklükdə savab iş görüb, amma heç kimə heç nə deməyib. Yalnız təsadüf bu işi açmışdır. Bu zamanda insanlar öz övladlarına təhsil verə bilmir. Yad bir ailədən qız götürəsən, onun zəhmətini çəkəsən, qayğısına qalasan, boya-başa çatdırasan, təhsil verdirəsən, toyunu edib ərə verəsən, Vallah, bunu yalnız müqəddəs insanlar edə bilər. Biz Xəlil müəllimin bu xeyirxahlığını, dəyərincə qiymətləndirməliyik.
Deyilənə görə, Şura üzvlərindən xoş söz deyənlər də, ağız büzənlər (açıq olmasa da) də olub, kimsə bunu pulun artıqlığı (təəssüf ki, məndə heç vaxt artıq pul olmayıb) kimi qələmə verib.
Amma sonralar Telman müəllim bu söhbətin üstünə qayıtmadı. Aynurə də seçimini etdi – mənim dərs dediyim çox tərbiyəli bir oğlanla taleyini bağlamaq istədiyini bildirdi. Aynurə də o biri qızlar kimi evimizdən gəlin köçdü.
İndi həmin qızların hamısı xoşbəxt ailə həyatı yaşayırlar. Hamısının övladları var, övladlardan bəziləri hətta, ali təhsil alıb. Qızlarım məni həmişə yada salırlar, xəstələnəndə öz övladlarımla birlikdə yanımda olurlar. Onları görəndə düşünürəm ki, əməyim hədər getməyib, həyatımdan razı qalmağa haqqım var.
– Qibtə etdiyiniz adamlar varmı?
– Qibtə etməyin iki istiqaməti var. Biri pislik mənada, o biri yaxşılıq. Pislik mənada qibtə etmək adamın paxıllığını çəkmək, ona pislik arzulamaq, köks ötürmək deməkdir. Yaxşı mənada qibtə etdiyin adam sənin üçün nümunə olmaq, ondan öyrənmək, onun səviyyəsinə çatmaq üçün çalışmaq deməkdir. Yaxşı mənada qibtə etdiyim adamlar olub. Mən onlarla əlaqədən özüm üçün çox şey götürmüşəm, onların hər uğuruna sevinmişəm, özümü onlara oxşatmağa çalışmışam.
– Professor, yersiz görünsə də, belə bir sual verəcəyəm: milyonlarla pulunuz olsaydı, onu necə xərcləyərdiniz?
– Bəlkə də inanmazsınız, mən heç vaxt milyonlarla pulumun olmasını arzulamamışam. Çünki bilirəm, hədsiz çox pul insan pis mənada dəyişdirir, o, pulun əsirinə çevrilir. Əlbəttə, hər bir insan normal yaşamaq arzusunda olmalıdır, özünün, ailəsinin rifahını yaxşılaşdırmağa çalışmalıdır. Mən heç vaxt dəbdəbəli həyat arzusunda olmamışam. Mən yaşamaq üçün yeyən adamlardanam. Normal yaşayış dedikdə onu nəzərdə tuturam ki, hər bir ailənin hər cür şəraiti olan evi, şəhərdən kənarda bağ evi, maşını, istədiyi vaxt görməli yerlərə səyahət imkanı, xeyir-şər üçün müəyyən qədər ehtiyat pul olmasıdır.
O ki qaldı konkret sualınıza, sual verilibsə, ona cavab verilməlidir.
 Əgər mənim milyonlarla pulum olsaydı, həmin puldan özüm, ailəm üçün yuxarıda sadaladığım şəraiti yaradardım, pulun qalanını yalnız xeyirxah işlərə xərcləyərdim. Qonşularımın gözü qala bilən heç bir təmtəraq işlər görməzdim. Bədbəxt ətrafın olan yerdə insan xoşbəxt ola bilməz. Təəssüf ki, həyatda belə deyil. Toxun acdan xəbəri yoxdur – prinsipi hökm sürür. İndiki dövrdə heç bir zəhmət çəkmədən, alın təri tökmədən milyarder, milyoner olan adamlar çoxdur. Onlar ətrafdakılara məhəl qoymadan öz iyrənc dünyalarında yaşayırlar. Bir də görürsən, iki yaxtası ola-ola milyonlar xərcləyərək üçüncü yaxtanı alır, vertolyotu ola-ola şəxsi təyyarə alır, saysız-hesabsız (heç kimin yaşamadığı) milyonlarla dəyəri olan villalar tikdirir, bu villaların həyətində delfin, timsah, başqa ekzotik heyvanlar saxlayır, bitkilər əkdirir. Həmin villaların qala divarlarının (hasarlarının) xaricində yaşayan insanların isə adi çörəyə ehtiyacı olur. Milyonlar qarşısındakı imkansız insanları görməyə imkan vermir. Odur ki, mən o milyonları istəməzdim. Mən bütün insanları görmək istəyirəm.
 – Alimlərin, təhsil işçilərinin çata biləcəyi zirvələri fəth etmisiniz. Bunun üçün özünüzü kimə borclu hesab edirsiniz?
– Mən bütün nailiyyətlərim üçün ilk növbədə Atama borcluyam. Atamın pak obrazı ömürlük beynimə həkk olunub. Bu obraz yoluma işıq saçır, mənə düz yol göstərir, mənə ilham verir. Təsadüfi deyil ki, yazdığım otuza qədər kitablarım “Allah sənə rəhmət eləsin, Ata!” sözləri ilə başlayır. Bəzi kitablarım sovet dövründə çıxmışdı. O dövrdəki senzura “Allah” sözünü işlətməyə qadağa qoymuşdu. Odur ki, kitablarımdakı “Allah sənə rəhmət eləsin, Ata!” sözlərini çıxarmışdılar. Sovet İttifaqı dağılandan sonra mən həmin kitabları yenidən nəşr etdirdim, ürəyimdən gələn sözləri ora əlavə etdim.
Əlbəttə, mənim uğurlarımda müəllimlərimin böyük əməyi var. Mənim müəllimlərdə bəxtim gətirib. Mənim müəllimlərim tələbələrini sevən, bilik və bacarığını onlardan əsirgəməyən şəxsiyyətlər olublar. İş yerlərimdəki sağlam mühit, yaradılan normal şərait, dostlarımın köməyi inamımı artırıb, işimi asanlaşdırıb.
– Professor, maraqlı söhbət üçün minnətdarlığımı bildirirəm.
– Mən də Sizə öz təşəkkürümü bildirirəm ki, məni yaddan çıxarmırsınız. Yenidən doğma Təbrizdə görüşmək arzusu ilə! Allah əmanəti!
Söhbətləşdi: Qasım Türkan Təbriz şəhəri






16.05.2012     Çap et  Çap et