525-ci qəzet

“Başqa saytlardan geri qalmamaq üçün öz üslubumuzu və istiqamətimizi müəyyənləşdirməyə çalışırıq”



 

 
 
 
İnternet xəbər məkanında öz yeri olan “Qaynar.info” xəbər portalının bu yaxınlarda 5 yaşı tamam oldu. Portalın baş redaktoru, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı ilə həm bu barədə, həm də digər əlaqədar mövzularla bağlı söhbətləşdik.
 
 
 – Xəbər portalınının yaranması, beş illik fəaliyyəti haqqında geniş məlumat almaq istərdik.
 
– “Qaynar.info” xəbər portalı 2007-ci ildə fəaliyyətə başlayıb. 2009-cu ilin noyabr ayına kimi sayta Zahir Əzəmət rəhbərlik edib. Sonra sayt gənclərin, yəni bizim idarəçiliyimizə keçib. Azərbaycanda ilk və azsaylı saytlardandır ki, gənclik üçün ciddi bir tribuna rolunu oynayıb. Bu gün də, Azərbaycan gəncliyinin ən fəal nümayəndələri, həm iqtidar, həm müxalifət tərəfdarları “Qaynar.info”da fəal çıxış edirlər. Eyni zamanda portalımız milli internet məkanında yeni ənənənin əsasını qoydu. Azərbaycanda hətta birinci kurs tələbələrdə sayta rəhbərlik edib onu ölkənin ictimai-siyasi həyatında önəmli rolu olan bir media orqanına çevirə bilər. Hazırda gənlərin rəhbərliyi ilə populyar olan saytlar yetərincədir. Bu yaxınlarda fəaliyyətimizin beş illiyi tamam oldu. Artıq “qaynar.info” ciddi qəbul olunan, etibarlı mənbə rolunu oynayan internet ünvanlarından biri kimi tanınıb. Bu bizim üçün kifayət qədər yaxşı nəticədir. Məhdud imkanlarla hazırkı nəticələrə nail olmaq indiki şəraitdə qənaətbəxş sayıla bilər. O mənada, saytın fəaliyyətini normal qiymətləndirirəm. Artan rəqabət mühitində öz planlarımızda, strategiyamızda dəyişikliklər etməliyik, zamanla uyğunlaşan addımlar atmalıyıq. Bütün hallarda məqsədimiz kəmiyyət yox, keyfiyyət göstəricilərinə diqqət etməkdir.
 
– Saytda əsas fərqli cəhətlər hansılardır, hansı prinsipləri əsas tutursuz?
 
– Vəzifəmiz gerçəkliyi çatdırmaqdır. Əsas prinsiplərimiz bunlardır: hadisələrə obyektiv və qərəzsiz yanaşmağa, heç bir siyasi qüvvənin, partiyanın mövqeyindən çıxış etməməyə çalışırıq. Təbii ki, saytın və mənim cəmiyyətə bəlli mövqeyim var. Dövlət başçısının siyasətini dəstəkləyirəm. Amma bu mövqeyimi saytda nümayiş etdirməyə çalışmıram. Ölkədə baş verən abadlıq işlərini problemlərlə bir yerdə işıqlandırırıq. Bəzən eşidirik ki, “qaynar.info” hakimiyyətin mövqeyini müdafiə edir. Amma bizi izləyənlər görürlər ki, ayrı-ayrı sahələr üzrə problemləri işıqlandırırq. Sadəcə bizim fərqimiz odur ki, bir sahədə olan problemə, hansısa “JEK” müdirinin yarıtmazlığına görə ölkə rəhbərliyini günahlandırmırıq. Hadisələrə oxucu prizmasından yanaşaraq obyektivliyimizi qorumağa çalışırıq.
 
 – Media aləmində yetərincə peşəkar və məşhur olan saytlarla, informasiya agentlikləri ilə necə rəqabət aparırsız?
 
 –Etiraf etdim ki, çoxdan fəaliyyət göstərən, imkanları geniş olan saytlarla rəqabətdə geri qalırıq. Bunun da obyektiv səbəbləri var. Maddi-texniki bazanın zəifliyi, əməkdaşlarımızın sayının azlığı bu rəqabəti şərtləndirən amillərdir. Amma biz hər zaman çalışırıq ki, o digər saytlardan geri qalmamaq üçün öz üslubumuzu, istiqamətimizi müəyyənləşdirək. “Qaynar.info” hazırda Milli Məclisdə baş verənləri ən çox işıqlandıran portallardandır. Hər hansı məsələ ilə bağlı deputatların fikrini öyrənmək istəyənlər birinci bizim portala daxil olur. Çalışırıq ki, ölkənin öndə olan ictimai-siyasi xadimlərinin, eyni zamanda bir qədər diqqətdən kənarda qalmış insanların fikirlərini oxuculara çatdırırq. Düşünürəm ki, bu uğurlu yoldur. Gənclərin, gənclər təşkilatlarının da ən çox izlədikləri sayt “qaynar.info”dur.
 
 – Hərdən müzakirə olunur ki, internet media etik qaydalara əməl etmir, hətta əxlaq normalarını pozur. Sizcə, bu nə dərəcədə doğrudur?
 
 – Bu dəqiqə internet medianın ən böyük, ciddi problemi onun hüquqi statusunun olmamasıyla bağlıdır. Hələ KİV kateqoriyasına aid olub-olmaması qanunla müəyyən edilməyib. Halbuki ən çox oxunan KİV internet saytları, informasiya agentlikləridir. Belə olan halda, mütləq hüquqi status olmalıdır ki, onun verdiyi müəyyən sərhədlər daxilində hərəkət edilsin. Bu olmadığı üçün bugün istənilən şəxs bir sayt açaraq özünün şəxsi məqsədləri üçün, insanlara şantaj vasitəsi kimi istifadə edə bilir. Hazırda fəaliyyyət göstərən sayların əksəriyyəti dezinformasiya yaymaqla məşğuldur. Çox az sayt var ki, cəmiyyətin xeyrinə çalışır, digərləri isə xırda məmurları təhdid etməklə məşğuldurlar. Əslində tənqid etmək cəmiyyətin xeyri üçün nəzərdə tutulmalıdır, amma bəzi yazılardan korrupsiya qoxusu gəlir. Mətbuat da cəmiyyətin aynasıdır, korrupsiyaya qarşı mübarizədə rolu böyükdür. Amma mətbuatın özünün korrupsiyalaşması, onun özünün kimlərinsə əlində vasitəyə çevrilməsi yolverilməzdir. Bu gün bəzi saytları açanda hətta məmurların şəxsi həyatlarından yazılara rast gəlinir. Bu mətbuatın və medianın prinsiplərinə uyğun deyil, həm də bir insan kimi bizim milli-mənəvi dəyərlərimizə də ziddir. Medianın üzərində nəzarətin tərəfdarıyam. Senzura qədər yox, sadəcə onun fəaliyyətinin koordinasiya olunması üçün islahatlıara ehtiyac var. Reket internet saytlarının fəaliyyəti dayandırılmalıdır.
 
– İnformasiya agentlikləri arasında bir-birindən köçürmə halları geniş hal alıb. Həm də bu xəbərlər istinad edilmədən verilir. Bu cür neqativ hallarla rastlaşırsınızmı?
 
 – Bu çox ciddi problemdir. Bəzən bizim əməkdaşlarımız da, belə səhlənkarlığa yol verirlər. Amma bəlli olur ki, bizim xəbəri götürdüyümüz sayt özü də bunu hardansa köçürüb. Bu gün internet mediasında əksər saytlar bir birindən köçürməklə iş qururlar. Çox az sayt tapmaq olar ki, ordakı xəbərlər yenidir. Nazirliklərin hesabatları, açıqlamaları, ayrı saytlarda çox az özəl xəbərlər olur ki, biz də onu istinad edərək yerləşdirmək məcburiyyətindəyik. Müəllif hüquqlarının qorunması, mənbənin göstərilməsi, jurnalist etikasını pozmamaq çox vacib şərtlərdəndir. Hətta elə saytlar var ki, tamamilə başqa saytlarda yazılanları köçürərək heç istinad da etmir. Problemlərin hamısını tənzimləmək, həll etmək indinin özündə çətindir. Çünki indi hamı pul qazanmaq, ya da tanınmaq üçün saytlardan istifadə edir. Yəqin ki, bir neçə ildən sonra bu məsələdə də saf-çürük olacaq, kimlərin mediada davam gətirməsi aydınlaşacaq.
 
– Yaşınızın az olması bir baş redaktor kimi sizə qarşı qeyri-ciddi münasibətə səbəb olurmu?
 
– Dünyanın hər yerində ictimai aləmdə çalışan insan üçün yaşın azlığı əlavə üstünlükdür, Azərbaycanda isə bu problemdir. Heç kəsə sübut etmək olur ki, gənc yaşda çox iş görmək mümkündür. Bizimlə də bu problem baş verdi və bəzi ziyalı adamlar düşünürdü ki, bu gənclər heç bir iş görə bilməzlər. Onlar özü hansı səviyyədədir ki, ortaya da hansı işi qoysunlar. Amma “Qaynar.info” bu stereotipi qırdı. Bizdən sonra tələbələr cəsarətlənərək çoxlu saytlar açdılar. Ümumiyyətlə, insanlara, proseslərə yanaşmada yaş amili əsas olmamalıdır. Azərbaycan tarixində gənc yaşlarında böyük uğurlara imza atmış onlarla şəxsiyyətimiz var. Onlar Azərbaycan tarixində, müstəqilliyimizin qazanılmasında çox mühüm rol oynayıblar. Ona görə də, təəssüf edirəm ki, bu gün də bəzi insanlar, məmurlar, ictimai-siyasi xadimlər gənclərin fəaliyyətnə qeyri-cidddi yanaşırlar. Amma Azərbaycan gəncliyinin güc aldığı, nümunə götürdüyü şəxs prezidentimizdir. Prezidentin verdiyi sərəncamların böyük əksəriyyəti Azərbaycan gəncliyinə aiddir. 2011-2015-ci il Dövlət gənclər proqramının qəbul olunması onu göstərir ki, ölkə başçısı gənclərin ölkə həyatındakı aktiv fəaliyyətinə maraqlıdır. Biz də bu şəraitdən istifadə edərək öz gücümüzü oratay qoymağa çalışırıq. Ümid edirəm ki, yaxın gələcəkdə, bizi qeyri-ciddi qəbul edən bəzi insanlar da bizə münasibətdə reallığı əsas götürüb qiymət verəcəklər.
 
– Sədri olduğunuz Birliklə sayt arasındakı əlaqələr hansı səviyyədədir?
 
– “İslahatçı Gənclər” İctimai Birliyi 2006-cı ildə yaradılıb. Əvvəl “Gənc liderlər” uşaq təşkilatı kimi fəaliyyət göstərirdik. 2009-cu ildən gənclər təşkilatı olduq. Amma dövlət qeydiyyatından keçəndə indiki adı uyğun gördük. Azərbaycanın ictimai sektorunda müəyyən yaşı və yeri olan təşkilatdır. Ölkənin üç ayrı regionunda, məktəblərdə, universitetlərdə nümayəndəliklərimiz var. Elə bir ay ola bilməz ki, təşkilat ölkədə baş verən hadisələrlə bağlı tədbir keçirməsin. “Qaynar.info”da çalışan gənclərin əksəriyyəti “İslahatçı Gənclər” birliyinin üzvləridir. Məhdud imkanlarla çalışdığımız üçün bir çoxu könüllülük prinsipiylə saytımızda çalışırlar. Həm təşkilat, həm də sayt bir-birinə dəstək verirlər, bunda bir uyğunsuzluq görmürəm. Etiraf etmək lazımdır ki, Azərbaycan mediası parçalanıb, əvvəllər bizim təşkilatın xəbərlərinin bəzi mətbu orqanlarında görünməsi problem idi. “Qaynar.info” isə təşkilatımızın fəaliyyətinə kifayət qədər dəstək verir. Çünki ictimai sektorda fəaliyyətin əsasını piar təşkil edir. Regionlardan xəbərləri təşkilatımızın üzvləri vasitəsiylə alırıq. Bundan əlavə müəyyən strukturlarından xəbərləri öyrənmək imkanımız var.
 
 – Həm gənclər təşkilatının sədri kimi, həm də bir media qurumunun baş redaktoru kimi xarici mətbuatla Azərbaycan arasında baş verən anlaşılmazlıqları necə qiymətləndirirsiz?
 
 – Bu artıq ənənə halını alıb. Azərbaycanda hər hansı bir mühüm hadisə, həlledici məqam, seçkilər olduqda xaricdən hansısa qüvvələr əks-təbliğata başlayırlar. Bəs niyə ayrı vaxtlarda Azərbaycanın problemləri onların yadına düşmür? Eləcə də, “Avroviziya” ərəfəsində bu məsələlərin gündəmə gəlməsi qətiyyən təsadüfi deyil. Əslində Azərbaycandan istifadə dərək, öz maraqlarına uyğun siyasət yeridirlər. Həm də xarici mətbuat Azərbaycanı tənqid etdikəd normal qarşılanır. Bizim mətbuatda da Azərbaycanın maraqlarını əsas tutan, dövlətçiliyimizi qorumağa çalışanlar var və bu media orqanları cavab haqqından istifadə edən kimi, hər hansı xarici ölkədə baş verən neqativ halları işıqlandıranda bunu təəcüblü və sensasiya kimi qəbul edirlər.
 
– Qarşıdakı il Azərbaycanda seçkilər keçiriləcək. “Qaynar.info” bu siyasi hadisəylə bağlı fəaliyyətində hansı dəyişikliklər edəcək?
 
 – Təbii ki, çalışacağıq ki, ölkədə keçirilən prezident seçkilərində öndə gedən, etibarlı xəbər qaynaqlarından biri kimi fərqlənək. Portalımız seçkidə iştirak edənlərin və bu prosesi izləyənlərin ən çox əməkdaşlıq etdiyi saytlardan olsun.
 
Pərviz SADIQOV





16.05.2012     Çap et  Çap et