525-ci qəzet

BİR DAHA MİRZƏ FƏTƏLİ AXUNDOVUN DƏFNİ HAQQINDA



Məni otuz il bundan əvvəl, Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olduğum dövrdə ötəri şəkildə toxunduğum bu mövzuya yenidən qayıtmağa vadar edən səbəb əsərlərinin axtarış ruhunu, tədqiqatçı kimi ilkin mənbələrə bələdliyini həmişə yüksək dəyərləndirdiyim akademik İsa Həbibbəylinin “525-ci qəzet”də çap edilmiş (17 mart 2012-ci il) “Xoş gördük, Mirzə Fətəli Axundzadə” adlı yazısı oldu. Həmin məqalədə o, Mirzə Fətəlinin doğma xalqı, eləcə də və türk-müsəlman dünyası qarşısındakı mühüm xidmətlərini xatırlatdıqdan sonra yazır:
“Bütün bunlara baxmayaraq M.F.Axundzadənin həyatının sonu çox nisgilli olmuşdu. Belə ki, o, Tiflis vağzalından çağırılmış dörd nəfər hambalın çiyinlərində şəhərin kənarındakı müsəlman qəbiristanlığında torpağa tapşırılmışdır. Başqa bir məlumata görə “mərhumu canişinin dörd nəfər kazak əfradı aparıb torpağa tapşırdı” (Cəlil Məmmədquluzadə). Belə bir məlumat da var ki, “Axundovun varisləri onun cənazəsini əbədi yuxu yerinə aparmağa razı olanların hərəsinə üç manat pul verməli olublar” (Əbdürrəhim bəy Haqverdiyev)”.
Mirzə Fətəlinin sanki meyidi ortalıqda qalmış sahibsiz və urvatsız bir adam kimi “Tiflis vağzalından çağırılmış dörd nəfər hambalın çiyinlərində” son mənzilə yola salınması haqqındakı akademikin də tərəfdar çıxdığı fərziyyə həqiqətə nə qədər uyğundur? Nə üçün təkcə böyük tarixi missiyasını yerinə yetirib dünyadan köçmüş Mirzə Fətəliyə deyil, bütünlükdə xalqımıza, mədəniyyətimizə, mentalitetimizə ləkə sayılacaq bu fakt heç kəsi, ilk növbədə də axundovşünas-alimləri düşündürməmiş, onları yeni, daha dərin axtarışlara vadar etməmişdir?
Puşkinin xatirəsinə göstərilən sayğısızlığın rusları, Rustaveli haqqında deyilən əsaslandırılmamış bir fikrin gürcüləri bu dərəcədə laqeyd buraxacağını təsəvvürə gətirmək çətindir. Bir daha təkrar edirəm: söhbət yalnız ayrı-ayrı şəxsiyyətlərdən deyil, bütöv xalqdan, onun mənəviyyat və insanlığından gedir.
Doğrudur, İsa müəllim yetərincə həssas məsələyə toxunduğunun fərqinə vararaq bu fərziyyəni dərhal ədəbiyyatımızın C. Məmmədquluzadə və Ə.Haqverdiyev kimi korifeylərindən gətirdiyi sitatlarla möhkəmləndirməyə çalışmışdır.
Şübhəsiz, həm Mirzə Cəlil, həm də də Əbdürrəhim bəy Axundov məktəbinin yetirmələri idilər. Onların böyük ustada sayğı və məhəbbətlərinin üzərinə kölgə salmağa da əlimizdə hər hansı əsas yoxdur. Lakin istənilən halda mən böyük insanlıq və millət sevgilərinin pərəstişkarı olduğum bu iki böyük şəxsiyyətin Mirzə Fətəlinin dəfni haqqında yazdıqları ilə razılaşmaqda çətinlik çəkirəm. Ən azı onların söylədikləri fikirləri son instansiya həqiqət saya bilmirəm.
Əvvəla Mirzə Fətəli vəfat edəndə birincinin 9, ikincinin 8 yaşı vardı. Heç biri Tiflisdə doğulmamışdı, dəfn mərasiminin isti izinə düşərək böyük dramaturqun yaxınları ilə təmasda olmamışdı. Yəni istər zaman, istərsə də məsafə baxımından baş verənlərə şahidlik etmələri inandırıcı deyildi. Demək, dəqiq mənbə göstərmədikləri bu məlumatı yanlış qaynaqlardan almaları tamamilə mümkün idi.
Bir qədər aşağıda görəcəyimiz kimi Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy öz böyük ustadlarının adına və xidmətlərinə, eləcə də xalqımızın adət-ənənələrinə və dinimizin tələblərinə qətiyyən yaraşmayan dəfni ilə (əgər həqiqətən də belə olmuşdusa!) bağlı xoşagəlməz versiyanı səsləndirən yeganə müəlliflər deyildilər. Mirzə Fətəlini Tiflisdəki evində görən, onunla üzbəsurət söhbət edən tanınmış pedaqoq, uşaq yazıçısı Rəşid bəy Əfəndiyev və ilk ədəbiyyat tarixçimiz Firudin bəy Köçərli də təxminən oxşar fikirlər səsləndirmişdilər.
Bəlkə də ehtimal etmək olardı ki, ədəbiyyatımızın görkəmli simaları rəngləri bilərəkdən bu şəkildə tündləşdirərək Mirzə Fətəlinin dəfninin ümumxalq miqyası almamasından, xalqın böyük itkini dəyərləndirə bilməməsindən irəli gələn təəssüf və hiddətlərini ifadə etməyə çalışmışdılar. Lakin istənilən halda həm böyük dramaturqun, həm də xalqımızın adı ciddi təhrif təhlükəsi qarşısında qalmışdı.
M.F.Axundovun ikinci vətəni olan qonşu Gürcüstanda da “dəfn məsələsindən” özünəməxsus şəkildə yararlanmağa təşəbbüs göstərilmişdi.

Çaçanidze nağılı

Yuxarıda bu məsələyə ilk dəfə 1982-ci ildə toxunduğumu qeyd etmişdim.
Gürcüstan Mədəniyyət Nazirliyi və ölkə Yazıçılar İttifaqının “Literaturnaya Qruziya” jurnalı 1981-ci il 6-cı sayında Vaso Çaçanidze adlı müəllifin “Qriqol Orbeliani və Mirzə Fətəli Axundov” adlı məqaləsini çap etmişdi. Yazı Azərbaycan və gürcü ədəbiyyatlarının iki görkəmli siması arasındakı yaradıcılıq əlaqələrindən daha çox Mirzə Fətəlinin dəfninə və XIX əsr gürcü ədəbi-ictimai mühitinin tanınmış simalarından sayılan şair və hərbçi Qriqol Orbelianinin (1804-1883) başçılığı ilə soydaşlarının dəfn mərasimini təşkil etmələrinə həsr olunmuşdu.
Doğrudur, yazı Çaçanidzelər nəslinin M.F.Axundova minnətdarlığı ilə başlayır. İlya Çavçavadzenin “Katsia adamiani?” (“Bu da insandırmı?”) povestindəki iyrənc mülkədar Laursab Tatkaridzeni xatırladan Coraşvili bu nəslin torpağa qanuni sahiblik haqqındakı sənədlərini oda atıb yandıranda və mülkü mənimsəyəndə Çaçanidzelər Mirzə Fətəlinin simasında öz müdafiəçilərini tapmışdılar. Ədalət və insanlığı həyat amalına çevirən azərbaycanlı sənətkar gürcü torpağında gürcü əsilzadələrinin adam yerinə qoymadıqları “alçaldılmış və təhqir edilmişlərə” qahmar durmuşdu.
Minnətdar Çaçanidzelər xatirə müəllifinin iddiasına görə Mirzə Fətəli haqq dünyasına qovuşanda bu xeyirxahlığın əvəzini artıqlaması ilə çıxmışdılar. Burada əslində qeyri-inandırıcı görünəcək bir şey yoxdur. XIX əsr Tiflisində M.F.Axundov yalnız həmvətənləri deyil, ruslar, gürcülər və ermənilər arasında da populyar şəxsiyyət idi. Onu həmin xalqların ziyalıları ilə sıx dostluq telləri bağlayırdı.
Uşaqlıq illəri Tiflisdə keçən görkəmli ziyalımız, Mirzə Fətəli haqqında bir sıra bədii və elmi əsərlərin müəllifi, səfir həmkarım Həsən Həsənovun xatırladığına görə hətta ötən əsrin 50-ci illərində də yazıçının Kürün kənarındakı mülkü milliyyətindən asılı olmayaraq şəhər əhalisi arasında “Mirzənin evi” kimi tanınırdı. Bir sözlə, ilk dramaturqumuz kifayət qədər zəngin və koloritli Tiflis mühitinin ayrılmaz tərkib hissəsi, həm də bu mühitə yeni rəng və hava gətirən şəxsiyyət idi.
Bu mənada Mirzə Fətəlinin həyatı və ölümü yalnız Tiflis azərbaycanlılarının deyil, həm də digər xalqların, ilk növbədə isə yerli gürcülərin maraq və diqqət dairəsindən kənarda qala bilməzdi. Vaso Çaçanidze də ilk növbədə təmsil etdiyi xalqın bu mövzu ilə bağlı hisslərini ifadə etməyə çalışmışdı.
Lakin böyük dramaturqumuzun şəxsiyyətinə və irsinə nabələdliklə yazılmış xatirədə həqiqətdən uzaq məqamlar da az deyildi. Şübhəsiz, “Literaturnaya Qruziya” həssas milli məsələdən bəhs edən belə bir yazının çapından əvvəl onu mütləq axundovşünas-alimlərə, gürcü-Azərbaycan ədəbi əlaqələri ilə məşğul olan mütəxəssislərə göndərməli, zəruri dəqiqləşdirmələr aparmalı idi. Lakin görünür redaksiya qarşı tərəfin reaksiyasına, daha doğrusu, belə bir reaksiyanın ortaya çıxmayacağına əmin olduğundan istədiyi kimi hərəkət etmişdi.
Vaso Çaçanidzenin atasına istinadən qələmə aldığı xatirələrdən belə çıxırdı ki, Mirzə Fətəli Tiflisdəki evində tamamilə tənha yaşayırmış. Qonşular onun ölümündən yalnız aradan üç gün ötəndən sonra xəbər tutmuşdular. Məhəllə pristavı polislərin köməyi ilə qapını sındırmışdı. Bunun ardınca isə ev əşyalarını siyahıya almış, yazıçının meyitini də içəridə qoyaraq hər yeri möhürləmişdi. Yalnız İbrahim və Qurban adlı qohumlar gələndən sonra dəfn hazırlıqları başlanmışdı.
Bu zaman ortaya yeni problem çıxmışdı. Qəbir qazmağa gedənlər həyəcanlı halda geri qayıdaraq mollanın Mirzə Fətəlini müsəlman qəbiristanlığında dəfn etməyə icazə vermədiyini bildirmişdilər. Onları həm də qorxutmuşdu ki, bu dinsiz adamın dəfni ilə məşğul olsalar, Allahın qəzəbinə gələcəklər. Hədə-qorxudan başlarını itirən qohumlar və qonşular nə edəcəklərini bilmirlər.
Vaso Çaçanidzenin atası vəziyyəti belə görəndən sonra dövrəyə girir. M.F.Axundovun istedadının pərəstişkarı kimi tanıdığı şair Qriqol Orbelianiyə müraciət edir. Orbeliani müəyyən çıxış yolu tapmaq və Mirzə Fətəlinin cənazəsini bəd ayaqda heç olmazsa xristian qəbiristanlığında layiqincə torpağa tapşırmaq üçün Tiflis polismeysteri ilə danışmağa qərar verir.
Ertəsi gün şairlə görüşən Çaçanidze-ata onu çox qəzəbli görür. “Nə xristian, nə də müsəlman din xadimləri Mirzənin dəfninə razılıq verməmişdilər. Polis idarəsi yeganə çıxış yolunu Mirzə Fətəlini adətən ölümə məhkum olunanların basdırıldıqları qəbiristanlıqda (indiki Nadikvari küçəsinin sonunda) dəfn etməkdə görmüşdü” - deyə müəllif sağlam məntiqə sığmayan uydurmalarını davam etdirir.
Qriqol Orbeliani Zaxari Çaçanidzeyə 100 manat verərək Tiflisin güclü, cəsur adamlarını bir yerə toplamağı, lazım gələrsə müsəlmanları qorxudub onların mümkün etirazlarının qarşısını almağı tapşırır. Dəfn işini isə bütünlüklə gürcülər öz əllərinə alırlar. “Müsəlmanı xristian adəti üzrə dəfn etməyimizin eybi yoxdur, hamımız bir Allahın bəndəsiyik” - deyə Orbeliani öz hərəkətlərinə haqq qazandırır.
“Atam puldan imtina etmiş və demişdi ki, lazım olan məbləği ustalar öz aralarında da yığa bilərlər” - Vaso Çaçanidze atasının nəcib obrazına yeni ştrixlər əlavə edərək mötərizə içərisində aşağıdakı qeyd verməyi də yaddan çıxarmır: “Adətən köhnə Tiflisdə yoxsul, yaxud yurdsuz-yuvasız bir adam öləndə sənətkarlar onun dəfni üçün öz aralarında pul yığırdılar”.
Yəqin ki, diqqətli oxucular buraya qədər qısa şəkildə anladılanların yalnız Mirzə Fətəlinin deyil, bütünlükdə o dövrdə Tiflis əhalisinin üçdə birini təşkil edən Azərbaycan türklərinin bostanına atılmış iri bir daş olmasının fərqindədirlər. Şübhəsiz, həmin daş bu günün azərbaycanlılarına da toxunmamış deyildir.
Mirzə Fətəlinin meyiti artıq dördüncü gündür ki, ortalıqdadır. Gürcüstanın hər yerindən toplanmış pəhləvanlar, kintolar və “karaçoxelilər” (“qara çuxalı”, Tiflisdə sənətkarlara verilən addır - V.Q.) nəhayət hərəkətə keçirlər. Onlar dəstə ilə müsəlman qəbiristanlığına gəlirlər. Gözətçiyə aşağı tərəfdə qonaqlıq düzəldəcəklərini, yeyib-içəcəklərini bildirir, ona görə də həmin sahəni təmizləməli olacaqlarını xəbər verirlər. Üstəlik hədə-qorxu gəlirlər ki, bu barədə heç kimə, xüsusilə də din adamlarına bir söz deməsin. Yoxsa o biri dünyaya səfərini tezləşdirə bilər.
Beləliklə gürcü kintoları son dərəcə konspirativ şəkildə Mirzə Fətəli üçün qəbir qazır, üstünü taxta ilə örtür və diqqəti yayındırmaq üçün taxtanın da üzərinə torpaq tökürlər. Bütün bu işlər gecə görülür. Səhər tezdən isə qonaqlıq düzəldiləcək yerdə, yəni boş qəbrin ətrafında tonqallar tüstülənir, ət və balıq bişirilir, bardaqlarda şərab gətirilirdi. Xatirə müəllifinin yazdığına görə məşhur yumruq döyüşçüsü, “Meydan, Şeytanbazar və Xarpuxi müsəlmanlarının bir qədər çəkindikləri Dunab Vaquanın” zurnaçılar dəstəsi də ara vermədən çalıb-çağırırdı.
Elə bu zaman dəfnin əsas təşkilatçısı kimi çıxış edən Zaxari Çaçanidze yerli müsəlmanların mümkün təxribatlarının qarşısını almaq üçün öz pəhləvanlarını cənazə mərasiminin keçəcəyi yerlərə düzürdü. Nəhayət, Mirzə Fətəlinin cənazəsi polisin müşaiyəti ilə evdən çıxarılır. Qanun keşikçiləri bir qədər sonra hər şeyin gürcü pəhləvanlarının nəzarətində olduğunu görüb dəstədən ayrılırlar.
Tabutu aparanlar isə xatirə müəllifinin yazdığına görə “müsəlmanların diqqətini yayındırmaq üçün Gorxanaya (yəni məzarlığa - V.Q.) doğru birbaşa deyil, dolama yollarla irəliləyirdi”. Bir sözlə, sən demə, gürcülər islam dünyasının ən böyük şəxslərindən birinin dirisini deyil, ölüsünü onun həmdinlərindən və soydaşlarından qoruyur, ona son və zəruri ehtiramı göstərirmişlər.
Həmin səhnəni fantaziyası o qədər də güclü olmayan xatirə müəllimi göz önündə belə canlandırmışdı: “Dəfn mərasimi Gorxananın şimal-qərb səmtinə yaxınlaşdı. Aralıda bir neçə iri qazanda xeyrat üçün ət bişirilirdi. İki araba dolusu şərab və başqa ərzaqlar gətirilmişdi. Mirzənin tabutu ehtiyatla qəbirə endirilir. Musiqiçilər gürcü mahnıları çalırlar. Hərə “Mirzə əminin” təzə məzarına bir ovuc torpaq atır. Altı nəfər pəhləvan iri bir daş sürüyüb gətirir və onu qəbrin üstünə qoyurlar. Daşın üzərində heç bir yazı yox idi. Yoxsa fanatik müsəlmanlar ədibin məzarını tanıyıb ona hörmətsizlik edə bilərdilər”.
Məsələ bununla da bitmir. Təzə qəbrin bir neçə addımlığında Vaso Çaçanidzenin atasının tamadalığı ilə ehsan süfrəsi açılır. Mərhum Mirzə Fətəlinin qohumları - nədənsə “fanatik müsəlmanlardan” qorxub çəkinməyən İbrahimlə Qurban da buradadırlar. İslamın tələblərini və Quranın qadağalarını unudaraq gürcü kintoları ilə birlikdə “Mirzə əminin” ruhunun o biri dünyada şad-xürrəm bərqərar olmasının şərəfinə içirlər. Gürcülər isə hər növbəti sağlıqdan sonra adətlərinə müvafiq şəkildə xaç çevirməyi yaddan çıxarmırlar. Dunab Vaquanın zurnaçıları ilə birlikdə daha iki sazanda dəstəsi hay-küylü yas məclisinə rövnəq verir.
Gecə yarısından keçəndən sonra Mirzə Fətəlinin əsas xeyirxahı və yas sahibi kimi təqdim olunan şair Qriqol Orbeliani də özünü yetirir. Yataqda xəstə yatmasına baxmayaraq belə vaxtda kənarda qalmağı ağlına da gətirmir. Vasonun atasına yasa gələnlərin hamısına təşəkkürünü çatdırmağı tapşırır. Ehsanın sabah da davam edəcəyini nəzərə aldığından ərzaq və musiqi təminatı ilə bağlı bəzi göstərişlər verir. Sonra çətinliklə kolyaskasına əyləşib geri qayıdır.
“Köhnə Tiflis üç gün öz oğlunun şərəfinə badə qaldırdı” - deyə Vaso Çaçanidze fantastik gəzişmələrinə yekun vuraraq yazırdı. Sən demə bu arada kintolar da alverlərini dayandırıbmış! Əgər gürcülər Mirzə Fətəlinin vəfatını həqiqətən də öz milli kədərləri kimi qəbul ediblərsə, biz sadəcə onlara minnətdar olmalıyıq. Lakin Tiflis azərbaycanlılarının bunu bacarmadıqları, yaxud kimdənsə qorxaraq etmədikləri haqqındakı nağıllar inandırıcı görünmür. Çaçanidzeyə görə, axundovsevər gürcülərin həmrəyliyi qarşısında məğlub olub geri çəkilən müsəlman din xadimləri isə təsəllini Mirzə Fətəli ilə bağlı son fitvanı verməkdə görürlər: bundan sonra müsəlmanlardan kimsə ölüsünü onun məzarına yaxın yerdə basdırmamalıdır!
XIX əsr Tiflisinin mədəni simasını müəyyənləşdirən görkəmli şəxsiyyətlər koqortasına daxil olan azərbaycanlı sənətkarın şəxsi həyatına belə kobud və uydurma müdaxilə, onun xatirəsinə hörmətsizlik hiddət doğurmaya bilməz.
Amma təbii ki, həmin dövrdə bu müdaxilə cavabsız qaldı. Məsuliyyətsiz, tarixi əsasdan və elementar etika normalarından kənar yazını çapına görə “Literaturnaya Qruziya” jurnalına heç bir etiraz bildirilmədi. Tbilisiyə, redaktorun adına göndərdiyim məktub cavabsız qaldı. Müraciət etdiyim bir neçə tanınmış alim məsələni şişirtməməyi məsləhət gördü. “Literaturnıy Azerbaydjan” hazırladığım cavab yazısının çapını məqsədəuyğun saymadı. Yalnız o dövrün “ən cəsarətli redaktoru” hesab olunan xalq yazıçısı Əkrəm Əlyisli “Azərbaycan” jurnalında Vaso Çaçanidze ilə polemika aparmaq üçün tribuna verdi.
Amma uzun məsləhətləşmədən sonra nisbətən yumşaq variant seçməli olduq. Yəni Əkrəm müəllimin təklifi ilə Vaso Çaçanidzenin xatirələrini dilimizə çevirdim və razılaşmadığım məqamlarla bağlı “Tərcüməçidən” adlı qeydlər yazdım. Həmin material “Azərbaycan” jurnalının 1982-ci il yanvar sayında (s. 151-159) çap olundu. Düşünürdüm ki, “gürcü uydurmasının” bu şəkildə yayılması bizim ədəbi mühitdə yeni etiraz və təpkilərə meydan açacaq. Lakin ənənəvi laqeydliyimiz fonunda Mirzə Fətəlinin xatirəsi qarşısındakı son borcun onun doğma xalqı, yaxınları və doğmaları deyil, mədəniyyət və insanlıq dostu gürcülər tərəfindən yerinə yetirilməsi barəsində Vaso Çaçanidzenin uydurmaları diqqəti çəkmədi və istər rəsmi, istərsə də ədəbi-tənqidi səviyyədə cavabsız buraxıldı.

Nağıl necə yaranıb?

Əslində heç bir dəlil-sübut olmadan şişirdilən gürcü amilini, habelə başqasının fəlakətindən yararlanaraq öz xalqını şöhrətləndirmək təşəbbüsünü bir kənara qoysaq Vaso Çaçanidzeni çox sərt şəkildə qınamaq üçün əldə o qədər də əsasım yoxdur. Mirzə Fətəlinin son mənzilə adına və xidmətlərinə layiq olmayan şəkildə yola salınması barədə əvvəldə qeyd etdiyim kimi, özümüz də az yazmamışıq.
Nə qədər təəccüblü görünsə də belə şahidliklərdən əvvəlincisi ilk ədəbiyyat tarixçimiz, Mirzə Fətəli haqqında bir sıra diqqətəlayiq əsərlər qələmə alan, onun 1911-ci ildə Gəncədə, Bakıda və Tiflisdə keçirilən yubiley təntənələrinin əsas təşəbbüskarı kimi (1909-cu ildə Qoqolun 100 illiyi ilə bağlı yazısında Azərbaycan türklərinin diqqətini M.F.Axundovun qarşıdan gələn yubileyinə çəkərək yazırdı: “Aya, Mirzə Fətəlinin 100 illiyi də bizim yadımıza düşəcəkdirmi və bizdə yeni milli hiss və milliyyət damarı ayılacaqdırmı, biz də öz ədiblərimizin şan və şərəfini, qədir və qiymətini dərk edəcəyikmi ?”) çıxış edən Firudin bəy Köçərliyə məxsusdur.
Firudin bəy ilk nəşri 1925-ci ildə işıq üzü görən “Azərbaycan ədəbiyyatı tarixinə dair materiallar” kitabında ədibin həyatının kədərli sonluğu haqqında yazırdı: “Axundov azadfikirli, saf əqidəli, əqli-səlimə itaət edici bir vücud olduğu üçün çoxları onu bidin və laməzhəb adlandırıb, təkfir edirmişlər, əqidəsi üzündən onun ən yaxın dostları və əqrəbası axırda ondan üz döndərib iba etmişlər, vəfatında tənuni-cənazəsinə və namazına bir kəs gəlməyib, dörd nəfər hammal artıq zəhəmatla ol mərhumun tabutunu məzarıstana aparıb, namazsız, duasız və təlqinsiz dəfn etmişlər”.
1928-ci ildə M. F.Axundovun vəfatının 50 illiyi qeyd ediləndə dəfnlə bağlı məsələ yenidən aktuallıq qazanmışdı.. Özlərini onun yaratdığı milli dramaturgiya məktəbinin davamçıları sayan C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Şaiq və b. dövrü mətbuat səhifələrində Mirzə Fətəlinin həyatına, şəxsiyyətinə, mühitinə və əsərlərinə dair maraqlı yazılarla çıxış etmişdilər.
Cəlil Məmmədquluzadə “Mirzə Fətəli Axundov və qadın məsələsi” (“Şərq qadını, 1928, 3) və “Mirzə Fətəli Axundov dinlər haqqında” (yenə orada, 1928, 5-6) adlı məqalələrində başıbəlalı dəfn məsələsi üzərindən də sükutla keçməmiş və bunu ilk dramaturqumuzun dinə münasibəti ilə əlaqələndirmişdi. O, yazırdı: “Nə qədər ki, Mirzə Fətəli dramnəvislikdə şöhrət qazanmışdı, o dərəcədə də Mirzə camaat içində dinsizlikdə məşhur idi; ta o yerə kimi ki, onun dəfninə öz dost və əqrəbasından da gedən olmayıbmış”.
İkinci məqalədə isə Mirzə Cəlil fikirlərini bir qədər də konkretləşdirir və ad çəkməsə də hansısa özünə bəlli olan mənbələrə istinad edirdi: “Mirzə Fətəlinin vəfatının şahidləri və raviləri yazıblar və rəvayət ediblər ki, onun namazına, təlqininə və təşyi-cənazəsinə əqrəbasından da duran olmadı. Ta o yerə kimi ki, onu Tiflis qəbiristanında quyulamaq üçün dörd nəfər hambal aparsın. Və bir rəvayətə görə mərhumu canişininin dörd nəfər kazak əfradı aparıb torpağa tapşırdı”.
Ə.Haqverdiyevin 1928-ci ildə yazılan, eyni ildə “Maarif və mədəniyyət” jurnalında (1928, 3) dərc olunan “Mirzə Fətəlinin faciəsi” məqaləsində də oxşar notlara təsadüf edilir: “Mirzə ömrünün axırına qədər camaatı bürümüş zülmət və mövhumatla mübarizə etdi. Amma xalq bunun bu mübarizəsini dinsizlik adlandırıb cənazəsini götürmək istəmədilər. Üç gün cənazəsi evdə qalandan sonra canişin divanxanasının qulluqçuları tərəfindən qaldırılıb qəbiristanlığa aparıldı. Möminlər onun cənazəsinin dalınca da getmədilər. Bir neçə nəfər hər birisi üç rublə alıb onu qəbirə qoymağa razı oldular”.
Mirzə Fətəlini dəfn edənlərin tərkibi fərqli olsa da (dörd nəfər hambal, dörd kazak, canişin dəftərxanasının qulluqçuları) mahiyyət dəyişməz olaraq qalır.
Rəşid bəy Əfəndiyev də böyük ədib haqqındakı xatirələrində ölümündən sonra ona göstərilən sayğısızlığı dinlə əlaqələndirərək yazırdı: “Mirzə Fətəlinin tutduğu vəzifə xalqın nəzərində çox yüksək olduğundan ruhanilər və avam xalq onun ilə açıqdan-açığa mübarizə aparmağa cəsarət etməmişdilər. Çünki xalq, xüsusən də ruhanilər öz müqəddəratlarını asan həll edə bilmək və müvəffəqiyyətlərini qoruyub saxlamaq üçün Mirzə Fətəliyə yaltaqlanmaqdan geriyə dura bilməzdilər. Fəqət əhali batində onu kafir və dinsiz kimi tanıyırdı”. Müəllifin fikrincə, elə bu səbəbdən də “Mirzə Fətəli öləndə camaat onun cənazəsini aparmağa gəlmədi”.
Burada bir həssas məqama diqqət yetirmək lazımdır: Firudun bəy Köçərlini çıxmaq şərti ilə istinad etdiyim digər müəlliflər Mirzə Fətəlinin həyatının son günləri və dəfni ilə bağlı mülahizələrini sovet hakimiyyəti dövründə qələmə almışdılar. Burada istər-istəməz köhnə və yeni dövrün müqayisəsi, çarizmin milli mədəniyyətlərə qənim kəsilməsi, sovet rejiminin isə inkişaf və tərəqqi üçün münbit zəmin yaratması kimi ideoloji qəliblərdən uzaqlaşmaq asan deyildi. Ona görə də digər klassiklər kimi Mirzə Fətəlinin də şəxsi həyatı ilə, idealları uğrunda mübarizəsi ilə bağlı bəzi məqamları tündləşdirmək, ora faciəvi notlar əlavə etmək meyli qaçılmaz idi. Hər cür analogiya ziyanlı olsa da, məhz belə müqayisələr əsasında sənətkarın əsl qiymətinin yalnız sovet quruluşunda alması təəssüratı yaradılırdı.
Bu cəhət Ə. Haqverdiyevin məqalələrində daha qabarıq sezilirdi. O, “ölüsünə belə sahib durulmayan” M.F.Axundovun yalnız sovet şəraitində xalqın mədəniyyət tarixində layiq olduğu yer tutması fikrini vurğulayaraq yazırdı: “Bununla belə Mirzə naümid getmədi. Gələcəkdə ona qiymət veriləcəyinə xatircəm idi. Mirzənin dedikləri doğru çıxdı. Zəhmətkeş hakimiyyəti zamanında o artıq qiymətləndi. Onun üçün abidə tikildi, onun şərəfinə bir çox təntənəli iclaslar düzəldildi. Bir çox müəssisələr onun adı ilə adlandı. Budur böyük bir elm işçisinin zəhmətkeşlərdən aldığı qiymət !”.
“Azərbaycanın öz böyük oğlunu layiqi ilə qiymətləndirmək üçün zəhmətkeşlər hökumətinin qurulması lazım idi” - fikrinin leytmotiv kimi təkrarlandığı məqaləyə Əbdürrəhim bəyin yaradıcılığı ilə dissonans təşkil edən şüar xarakterli ifadələrlə yekun vurulurdu: “İndi Mirzənin vəfatından əlli il keçir. Əgər ona qəbirdən bir dəqiqəliyə baş qaldırıb ətrafa nəzər salmaq mümkün olsaydı, o vaxt cəmi arzularının həyata keçməsini, yeritmək istədiyi və yolunda üqubətlər (əzab, işgəncə - V.Q.) çəkdiyi ideyalarının tətbiqini görüb dərin bir nəfəs çəkib həmişəlik rahat yatardı”.
Bütün ideoloji bəraətlərə baxmayaraq fakt faktlığında qalır: XİX-XX əsrlər Azərbaycan ədəbiyyatının bir deyil, bir neçə klassiki Mirzə Fətəlinin dəfni ilə bağlı acı və xoşagəlməz həqiqəti ortaya qoymaqdan çəkinməyib. Lakin qəti qənaət hasil etmək və hökm vermək üçün əvvəlcə bu suala cavab tapmaq lazımdır:

Yazılanlar həqiqətdirmi?

Şübhəsiz, bizim klassiklərə sevgimiz onların yazdıqlarının, yaxud dediklərinin hamısını mütləq həqiqət kimi qəbul etməyə əsas verə bilməz. Ortada ya konkret fakt, ya da tutarlı məntiqi dəlillər olmalıdır. Təəssüf ki, Mirzə Fətəlinin dəfni ilə əlaqədar əlimizdə müasirlərinin xatirəsi, yaxud yazılı sənəd şəklində hər hansı bir fakt yoxdur. Ona görə də məntiqə əsaslanmaqdan başqa çıxış yolu qalmır. Məntiq isə bu məsələ barəsində ədəbiyyat və milli düşüncəmiz qarşısında böyük xidmətləri olan tanınmış şəxsiyyətlərin fikirlərinə şübhə ilə yanaşmağa əsas verir.
Böyük dramaturqun yaxınları və doğmaları ilə bağlı məsələyə bir qədər aşağıda qayıdacağam. Bəs Tiflis azərbaycanlıları nəyə görə M.F.Axundovu son mənzilə yola salmaqdan boyun qaçırmalı idilər? Soydaşları millətin ağsaqqalı və mənəvi lider sayılacaq bu möhtərəm şəxsdən hansı pislik, yaxud xəyanət görmüşdülər? Hələ mən onu demirəm ki, dünyasını dəyişmiş insana hörmətsizlik bütünlükdə Azərbaycan mənəviyyatına və mentalitetinə yad hadisədir. “Ölünün dalınca danışmazlar “- deyən xalqımız hətta cəmiyyətdə nüfuzu, müsbət imici olmayan adamların da yasını yola vermək üçün incikliyi, umu-küsünü bir tərəfə qoymağı bacarıblar.
Mirzə Fətəli Tiflis müsəlmanlarının ən tanınmış şəxsiyyətlərindən sayılırdı. Cəmiyyətdə hörməti, dövlət yanında etibarı var idi. Polkovnik rütbəsində Qafqaz canişinliyinin baş idarəsində xidmət edirdi. Həyatı boyu onlarla insana yaxşılığı dəymiş, xeyirxahlığı keçmişdi. Ən başlıcası isə yenə də Ə. Haqverdiyevin sözləri ilə desəm, “epoletlərlə, imtiyazlarla, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək” daşıyırdı. Bu ürək təkcə öz xalqına deyil, bütün islam dünyasına və insanlığa xidmət amalı ilə döyünürdü.
Müasirlərinin və onu yaxından tanıyanların xatirələri Mirzə Fətəlini nəcib, xeyirxah, hamıya yardım əli uzadan, son tikəsini başqası ilə bölməyi bacaran bir insan kimi səciyyələndirir. Mirzə Fətəlinin evində aşpaz kimi çalışmış Nəcəf adlı şəxsin oğlu Qafar Qafarov 1938-ci ildə atasının dilindən eşitdiyi xatirələri qələmə almışdı. Bu xatirələrdə oxuyuruq: "Atam nağıl eləyirdi ki, on iki ildən artıq mən Mirzə Fətəlinin yanında xidmət elədim. Bu on iki il müddətində bircə dəfə də olsun Mirzə Fətəlidən incimədim və bu on iki ildə yadıma gəlmir ki, Mirzə Fətəli evində tək çörək yemiş olsun". "Mirzə Fətəli həyətində olan kirayənişinlərin heç birindən ev kirayəsi almazdı - deyə müəllif onun digər xeyirxah əməllərindən bəhs edərək yazırdı: - Məşədi Allahverən adlı bir qoca kişi də bu həyətdə olurdu. Bu qocanın səkkiz baş uşağı vardı və dolanışığı da çox ağır keçirdi. Mirzə atama tapşırmışdı ki, hər gün evdə hazırladığı xörəkdən Məşədi Allahverənin evinə göndərsin".
Dramaturqun qız nəvəsi Mahmənzər xanım Qacar isə anasından eşitdiklərinə əsaslanaraq ədibin maddi çətinliklərə baxmayaraq qohum-qardaşlarına havadarlıq etməsindən söz açırdı: "Mirzə Fətəlinin evi qələbəlik idi. Kasıb qohumları böyük bir ailə halında yaşayırdı. Tiflisə gələn kəndli qonaqları da çox olurdu. Əmisinin (Axund Hacı Ələsgər nəzərdə tutulur - V.Q.) tərbiyəsi ilə böyümüş Mİrzə Fətəli heç də varlı olmadığına baxmayaraq onun qohumlarını saxlamağı özünə borc sayırdı".
Sual oluna bilər: ömrü boyu Mirzə Fətəlidən yaxşılıq görmüş belə adamlar nə üçün onu son məzara yola salmaqdan, dar gündə ailəsinin kədərinə şərik olmaqdan imtina etməli idilər? Hansı gözə görünməyən qüvvə bu sadə, səmimi adamlara yaxşılığa yamanlıqla cavab vermək hissini aşılaya bilərdi?
Ümumiyyətlə, insanlar, ilk növbədə isə soydaşları Mirzə Fətəlidən nə üçün, hansı bəd əməllərinə görə üz döndərməli idilər?
Şübhəsiz, ilk ağla gələn M.F.Axundovun ateizmi, onun islam dininə, müsəlman ruhanilərinə mənfi münasibəti olur. Lakin bu kəskin münasibəti özündə əks etdirən "Kəmalüddövlə məktubları" müəllifin sağlığında çap olunmamışdısa, əsərin mövcudluğundan sadəcə bir neçə yaxın, inanılmış şəxs xəbərdar idisə, sadə insanlar haqqında eşitmədikləri əlyazmasına görə Mirzə Fətəliyə necə arxa çevirə bilərdilər, necə ona düşmən kəsilib hətta ölü namazına durmaya bilərdilər? Məgər hansısa nüfuzlu din xadimi məscid minbərindən onu təkfir etmişdi, müsəlmanları ondan üz döndərməyə, tabutunun arxasınca getməməyə çağırmışdı?
Məsələnin bu tərəfi C. Məmmədquluzadənin də diqqətindən yayınmamışdı. O yazırdı: "Diqqət etməli burasıdır ki, Oktyabr inqilabınadək Mirzənin tərcümeyi-halından rəvayət edənlər bu barədə heç bir isnad və işarə eləməyiblər və onun dinsizliyindən söhbət düşəndə bir müəyyən dəlil və sübut göstərməyiblər; mərhumun dinsizliyini onun əsərlərinin heç biri ilə təsdiq, mərbut (bağlı, rabitəli - V.Q.) tutmayıblar". Ona görə də müəllif özü də fərqinə varmadan dəfnlə bağlı məlumatla ziddiyyət təşkil edən belə bir qənaətə gəlirdi: "Bunu gərək bura qədər mülahizə edək ki, burayadək yenə məsələnin bu cəhəti qaranlıqda qalır və bilmək olmur ki, aya Mirzə Fətəlini laməzhəb adlandıranların və onun dəfnindən iba edənlərin (boyun qaçı
Vilayət QULİYEV




Mənbə: Vilayət QULİYEV12.05.2012     Çap et  Çap et