525-ci qəzet

Jurnalistika IV hakimiyyət rolunda


 
III YAZI
 
Bütün elm sahələrində olduğu kimi, jurnalistikanın nəzəri sahəsində yaranan terminlərdə də bir-birinə yaxın, bir-birindən ancaq xüsusi çalarları ilə fərqlənən anlayışlar mövcuddur. Bu mənada jurnalistin sosial məsuliyyəti ilə jurnalistin məsuliyyəti anlayışları bir-birinə yaxınlıq, oxşarlıq təsəvvürü yarada bilər. Lakin bu anlayışların hər birinin özünəməxsus mənası, necə deyərlər, açması var.
Jurnalistin sosial məsuliyyətini izah etdik. Və bu izahdan belə bir nəticəyə gəlmək olar ki, jurnalistin sosial məsuliyyəti onun xeyli dərəcədə öz peşəsinin mahiyyətindən doğan mənəvi tələbatdır, cəmiyyət qarşısında messiya rolunu yerinə yetirmək iddiasından doğan keyfiyyətdir. Bir sözlə, jurnalistin sosial məsuliyyəti onun mənəvi və yaradıcılıq dünyasının qovuşduğu yüksək ideala xidmət edir.
Jurnalistin məsuliyyəti isə hüquq anlayışıdır. Bu məsuliyyətə laqeydlik onu məhkəmə kürsüsünə aparıb çıxara bilər. Jurnalist məsuliyyəti iki istiqamətdən tənzimlənir: 1. KİV-in hüquqi əsaslarını müəyyənləşdirən Qanunlar məcmusu ilə; 2. Peşə etikasının tələblərinə diqqət yetirməklə. Birincidə hər şey Qanuna tabedir və bu qanunlara “yaradıcılıqla” yanaşmaq olmaz. İkincidə peşənin bir çox məqamı jurnalistin vicdanının, yaradıcılıq qabiliyyətinin, humanist baxışların... öhdəsinə buraxılır. İkinci məsuliyyət mətbuatın, jurnalistin özünütənzimləmə sisteminə aiddir. Lakin son nəticədə hər şey jurnalistin peşəsinə, özünə, cəmiyyətə münasibətindəki məsuliyyətə bağlanır.
Dünyada söz və mətbuat azadlığı genişləndikcə jurnalistin sözə məsuliyyəti də artmaqdadır. Çünki azad söz çox böyük məsuliyyət tələb edir. Bu yuridik məsuliyyət son vaxtlar getdikcə daha çox maraq doğuran jurnalist məsuliyyəti anlayışını aktuallaşdırır.
Alimlərdən biri məsuliyyəti “müasir jurnalistikanın ən böyük həll olunmamış problemlərindən” hesab edir. (Desbarats, 1990) Daha bir nəzəriyyəçi isə məsuliyyət probleminin həllində əsas çətinliyi onda hesab edir ki, “alimlər və jurnalistlər bu məsuliyyəti düzgün anlamaqda çətinlik çəkirlər”. (Xristiane, 1989). Bəzi alimlərsə, məsələn, Dennis və Gilmor hesab edirlər ki, “kütləvi informasiya vasitələrinin məsuliyyəti məsələsi hələ də konseptual cəhətdən dolaşıq problem kimi qalmaqdadır.”
Jurnalistin məsuliyyəti ilə bağlı maraqlı bir ədəbiyyatda göstərilir ki, “medianın məsuliyyəti” ifadəsinin mənası cəmiyyətin, yəni KİV məhsulunun istehlakçılarının nöqteyi-nəzərindən araşdırılır; məsuliyyətə məhz mediadan inciyən, ondan şikayətçi düşən adamlar tərəfindən işə salınmış bir proses kimi baxılır.
İndiana Ştatı Universiteti jurnalistika məktəbinin əməkdaşı Devid Pritçardın fikrincə, məsuliyyət baxımından KİV-in fəaliyyətini tənzimləyən mexanizmlər sırasında Mətbuat şuraları xüsusi yer tutur.
Təsadüfi deyil ki, Azərbaycanda mətbuatın özəl sektorunun yaranması, söz və mətbuat azadlığına qanunvericilikdə təsbit olunmuş hüquqlar jurnalistikaya hər cür qüvvələrin ziyanlı axınına şərait yaratdığı bir vaxtda 2000-ci illərin əvvəllərində Azərbaycanda da Mətbuat Şurası yaradıldı. Mətbuat Şurası mətbuat-cəmiyyət münasibətlərini tənzimləyən müstəqil qurumdur. Jurnalistlərin ali məclisində-qurultayında təsis edilmiş və demokratik əsaslı dövlətin heç bir müdaxiləsi olmadan media əməkdaşlarının özlərinin yaratdığı bu qurum indi mətbuatın özünütənzimləmə mexanizmi kimi uğurla fəaliyyət göstərməkdədir. Bu qurumun əsas fəaliyyət istiqamətlərindən biri jurnalistə məsuliyyətini dərk etdirmək, onu dəqiq, qərəzsiz, vicdanlı informasiya yaradıcılığına yönəltməkdir. Bu gün Azərbaycanda Mətbuat Şurasının fəaliyyət diapozonu o qədər çoxsahəli olmuşdur ki, bu qurum hətta jurnalistlərin sosial şəraitinin yaradılması işinə də öz töhfəsini verir. Məhz Mətbuat Şurasının təklifi ilə indiyədək cinayət törədib həbsdə olmuş bir sıra jurnalist Azərbaycan Prezidentinin əfv fərmanı ilə azadlığa buraxılmış, Azərbaycan Respublikası Prezidentinin yanında KİV-ə Dəstək Fondu yaradılmışdır. Azərbaycan Prezidentinin göstərişi ilə Mətbuat Şurası üçün hətta Avropada bənzəri olmayan ofis inşa edilmişdir.
Azərbaycan Mətbuat Şurası indi bəzi jurnalistlərin öz peşəsindən sui-istifadəsinin qarşısını almaq üçün geniş tədbirlər görür. Xüsusilə böhtan, təhqir, şantaj yolu ilə şəxsi mənfəət güdən jurnalistlər, hətta bütöv qəzet redaksiyaları Mətbuat Şurasının ciddi qınağına tuş gəlir və əksər hallarda bu qınaq onları neqativ fəaliyyətdən çəkinməyə məcbur edir. 
Əlbəttə, bu kontekstdə söhbət jurnalistin hüquqi məsuliyyətindən gedir. Biz isə, əslində, jurnalistin cəmiyyət-sosium qarşısında könüllü götürdüyü öhdəliyindən danışırıq. Bu öhdəlik yaradıcı, istedadlı adamın, bir az da artıq desək, cəmiyyətin doğru yolda inkişafının qayğısını çəkən ziyalının jurnalistikaya gəlişinin ən güclü motivasiyası hesab olunur.
Bütün ölkələrdə qəzetin ilkin çağlarında jurnalistikanın maarifçilik funksiyası birinci yerdə dayanıb. Aydındır ki, əsl qəzet insanın ictimai həyatı, insanın ictimai maraq dairəsi genişlənən zamandan   formalaşıb. İnsanın dar ailə, qəbilə, tayfa şəklində yaşaması çağında qəzetin geniş mənada fəaliyyətinin mümkünlüyündən danışmaq da olmazdı. Belə “cəmiyyətdə” insanın informasiyaya tələbi də olmurdu. Qəzet cəmiyyət üzvlərinin maraqlarının genişləndiyi və qovuşduğu dövrün məhsuludur. Belə cəmiyyətin artıq yavaş-yavaş informasiya tələbatı güclənirdi. Bu tələbat sistemində insanın savad əldə etməsi, məlumatlanması, maariflənməsi əsas yer tuturdu. Ona görə də təsadüfi deyildi ki, ilk qəzetlərdən tutmuş yaxın tarixə qədər qəzet işi ilə daha çox maarifçi adamalar, ziyalı qüvvələr məşğul olmuşlar. Qəzet işi biznes növünə çox gec gəlib çıxmışdır. Hətta ən kəskin iqtisadi rəqabət və iqtisadi çarpışmalar dövrünü yaşayan kapitalizmin özündə də uzun müddət jurnalist cəmiyyətə xidmət məqsədilə və həm də məhz maarifçilik xidməti məqsədilə qəzet işinə girişmişdir.
Hələ 1892-ci ildə məşhur alman tədqiqatçısı Karl Byüxer bir az da təəssüf hissilə qəzetçilik peşəsinin gəlir mənbəyinə, kapitalist istehsal prosesinə çevrildiyini qeyd edərək yazırdı: “Müasir qəzet – vahid rəhbərlik altında müəyyən əmək haqqı ilə çalışan böyük miqdarda şəxslərin (müxbirlərin, redaksiyaların, yığıcıların, korrektorların, makinaçıların, elan toplayanların, yayımla məşğul olanların və s.) xəbərlər istehsal edən kapitalist müəssisəsidir”. Beləliklə, təxminən XV əsrdən meydana gələn qəzet dünyası XIX əsrdən bir sıra ölkələrdə kapitalist müəssisəsinə çevrilir.
Lakin bununla belə jurnalist – altruistlər, məsələn, Azərbaycanda XX əsrin əvvəllərinə qədər maarifçilik işilə məşğul olmağı özlərinə şərəf saymışlar. Yuxarıda geniş qeyd etdik ki, ilk Azərbaycan milli mətbuatı “Əkinçi”nin banisi H.B.Zərdabi qəzetdən hansısa bir qazanc götürməyi ağlına belə sığışdırmamışdır. H.Zərdabi qəzet çap etmək üçün özünün son maliyyə imkanlarını sərf etmiş və buna heç vaxt peşman olmamışdır. Böyük C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqa onlarca Azərbaycan ziyalısı özlərinin maarifçilik ideyalarını məhz mətbuat vasitəsilə gerçəkləşdirmişdir. Mətbuatı maarif işinin əsas vasitəsi hesab edən M.Ə.Rəsulzadə yazırdı: “Çünki əkinçiyə toxum səpmək üçün münasib münbit və təmiz yer lazımdır. Maarifin də inkişafına və genişlənməsinə azad mühit və qələm azadlığı lazımdır”. M.Ə.Rəsulzadə göstərirdi ki, yazıçı və qələm əhli mətbuatsız “xalqın təlim-tərbiyəsi ilə bağlı heç nə edə bilməzlər”. 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti dövründə də jurnalistika maarifçilik ideyalarına xidmət etmişdir. Ədalətlə qeyd edək ki, sovet dönəmindəki bütün nöqsanlarına baxmayaraq, Azərbaycan jurnalistikası maarifçilik funksiyasını xeyli uğurla davam etdirmişdir.
Bütün sovet mətbuatı sırf kommunist ideologiyasının təbliğat maşını rolunu oynasa da, hər halda bu dövr jurnalistikasının maarifçiliyə diqqətini də inkar etmək olmaz. Azərbaycan sovet jurnalistikasında, əsasən, yazıçı publisistikası maarifçiliyə xidmət etmişdir. 1930-cu illərdən bu mövzuya diqqət göstərən yazıçı və şairlər sırasında M.S.Ordubadini, S.Vurğunu, M.İbrahimovu, M.Hüseyni, XX əsrin II yarısından F.Mehdini, Anarı, Elçini, Ə. Əylislini və başqalarını qeyd etmək olar.
Sovet dönəmində mətbuat kommunist partiyasının və hakimiyyətin ideologiyasına xidmətə istiqamətləndirilmiş və bunun üçün həmişə dövlət büdcəsindən maliyyələşmişdir. Bu dövrdə həmin monoton, eyni məzmunlu və hətta eyni formalı qəzetlər rəqabətin nə olduğunu hiss etməmişdir. Sovet sistemində ideoloji mənada çox önəm verilən “sosializm yarışı” anlayışı vardı ki, guya mətbuat da bu yarışda inkişaf edib təkmilləşirdi. Lakin “sosializm yarışı” heç bir sahədə inkişafa təkan verə bilmədi. Jurnalistlərin hansısa bir kollektivə aid etdikləri “sosializm yarışını genişləndirərək planı vaxtından xeyli əvvəl və artıqlaması ilə yerinə yetirmişlər...” tipli cümləsi stereotipləşərək ictimai rəydə gülünc qarşılanma prosesi keçirirdi.
 Jurnalistikanın bazar münasibətlərindən, rəqabətdən uzaqlığı onun inkişafını ləngidən çox güclü fakta çevrilmişdi.
Bütün bu dövr ərzində Qərb dünyasında jurnalistika artıq biznesin çox gəlirli bir sahəsi idi. 70 il davam edən sovet jurnalistikası dönəmində bütün mətbuat – qəzet, radio, televiziya tamamilə dövlət monopoliyasında olduğuna, büdcədən maliyyələşdiyinə görə KİV-in biznes keyfiyyətindən söhbət gedə bilməzdi. 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması, kommunist rejiminin süqutu ilə hər şeydə olduğu kimi, jurnalistikada da yeni keyfiyyət dəyişikliyi baş verdi. KİV-in özəl sektoru meydana gəldi və jurnalistika ciddi biznes faktına çevrildi. KİV-in tipologiyasında ciddi dəyişiklik meydana çıxdı. Bu da iki mühüm faktorla şərtlənir, əvvəla cəmiyyətdə sosial strukturun dəyişməsi ilə, ikincisi, mətbuatın tipologiyasının bütün dünyada dəyişməsinə gətirib çıxaran texnoloji məqamlarla. 70 il müddətinə KİV-in dünya təcrübəsindən təcrid olunmuş SSRİ məkanındakı jurnalistika, o cümlədən Azərbaycan jurnalistikası 1990-cı illərin əvvəllərindən özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Yuxarıda qeyd etdiyimiz kimi, bu mərhələdə ən böyük yenilik KİV-in özəl sektorunun spontan şəkildə meydana çıxması və inkişafı sayıla bilər.
Müasir KİV-in ümumi inkişaf qanunauyğunluqları sırasında bu keyfiyyət başlıca yer tutur. Özəl sektorun bu cür inkişafı ilə biznesə çevrilən jurnalistika gerçək fakt oldu. 
Maarifçilik təməli üzərində qurulan və uzun müddət bu təməldə inkişaf edən Azərbaycan jurnalistikasında istər praktik, istərsə də nəzəri cəbhədə iki istiqamət formalaşdı. Birincilər jurnalistikanın klassik ənənələrini əsas götürərək və bu ənənələrə söykənərək KİV-in rolunu cəmiyyətə təmənnasız xidmətdə, xalqın maariflənməsində görür, H.Zərdabi, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə kimi ziyalıların yaradıcı məktəblərinə söykənməyi, mətbuatı müstəqillik və milli azadlıq uğrunda mübarizənin önündə görməyi, jurnalistikanı bazar münasibətləri ilə heç cür uyğun olmayan bir ictimai institut kimi qəbul etməyi özlərinə şərəf işi bildilər və bilməkdədirlər.
Jurnalistikanın bu cəbhəsində atalar – ənənəyə, kökə sadiqliyi üstün tutan yaşlı nəsil dayanır. Jurnalistikanın digər qütbündə bu sahədə Qərb ənənələrinə söykənən, KİV-in bazar münasibətləri sistemində daha kamil olacağına bel bağlayan, özəl sektorun inkişafına hər cür yardımın tərəfdarı olan yeni nəsil dayanır. Təsadüfi deyil ki, Azərbaycanda hələ 1958-ci ildən təsis edilmiş “Azərbaycan Jurnalistlər İttifaqı”nın alternativi kimi “Yeni nəsil” Jurnalistlər Birliyi yaradıldı və bu təşkilatda “yeni jurnalistikanın” nümayəndələri birləşdi.
Əlbəttə, həyat öz işini görür. Dünyanın aparıcı, sivil dövlətlərinin bazar münasibətlərinə üstünlük verdiyi indiki çağda bu münasibətlərin bütün sahələrdə inkişafın qarantına çevrildiyi halda bizim ölkə və eləcə də bizim jurnalistika ondan imtina edə bilməz.
Doğrudan da, bazar münasibətlərinə keçidlə bağlı meydana çıxan özəl KİV sistemi bu sahədə inkişafa güclü təkan verdi. Biz bu barədə xeyli dərəcədə yuxarıda danışmışıq. Ancaq yenə də qeyd etməliyik ki, KİV-in tipologiyasının bu sayaq genişlənməsi ilə cəmiyyətin demokratikləşməsinə güclü təsir göstərən özəl qəzetlər, radio və telekanallar yaranır və inkişaf edir. Yeni jurnalistika özünü həm yaradıcılıq sahəsində, həm də KİV-in mükəmməl təşkilati məqamlarının meydana gəlməsində göstərməkdədir.
 Cahangir MƏMMƏDLİ





Mənbə: Cahangir MƏMMƏDLİ09.05.2012     Çap et  Çap et