525-ci qəzet

Vladimir Putinin andiçmə mərasimi keçirildi





Rusiyanın yeni prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib. APA-nın andiçmə mərasimini işıqlandıran müxbirinin verdiyi məlumata görə, Kreml Sarayının Andreyev zalında baş tutan andiçmə mərasiminə baş nazirinin müavinləri, nazirlər, din adamları, siyasətçilər, media mənsubları, elm, mədəniyyət və incəsənət xadimləri, ümumilikdə üç min nəfərə yaxın qonaq qatılıb. Mərasim xüsusi dövlət mühafizəsi alayı əsgərlərinin zala Rusiya bayrağı və Konstitusiyasını gətirməsi ilə başlayıb. Daha sonra hazırkı prezident Dmitri Medvedyev zala daxil olub. Onun ardınca isə yeni prezident Vladimir Putin addımlayaraq and içmək üçün kürsüdə yerini alıb.
D. Medvedyev qısa nitqlə çıxış edərək prezidentliyi dövründə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Rusiyanın prezidenti olmaq çox şərəfli bir vəzifədir. Mən çox şadam ki, Vladimir Putin Rusiyanın prezidenti seçilib. O, çox təcrübəli adamdır”. V. Putin sağ əlini Konstitusiya üzərinə qoyaraq ölkəsinə xidmət edəcəyinə dair and mətnini oxuyub. Daha sonra Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Vladimir Putini Rusiyanın prezidenti elan edib. Bu zaman havaya toplardan 30 dəfə atəş açılıb.
Andiçmədən sonra Rusiyanın yeni prezidenti Vladimir Putin çıxış edib.
Qeyd edək ki, bu il martın 4-də Rusiyada keçirilən prezident seçkilərinin nəticələrinə görə Vladimir Putin 63,6 faiz səslə qələbə qazanıb. O, Rusiyanı 6 il idarə edəcək.
Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasında Dmitri Medvedyevin baş nazir postuna təqdim olunması məsələsi müzakirə ediləcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin deyib. O bildirib ki, Dövlət Dumasının növbədənkənar iclasında D. Medvedyevin baş nazir postuna təqdimatı müzakirə olunacaq.
Bu arada Moskvada Rusiya müxalifətinin “Milyonların marşı” adlı kütləvi aksiyası keçirib. Paytaxtın Bolotnıy meydanında keçirilən kütləvi aksiya hüquq-mühafizə orqanları tərəfindən dağıdılıb və aksiyanın təşkilatçıları, müxalifət liderləri həbs olunublar. Müxalifət hərəkatı olan “Sağ cəhbə” lideri Sergey Udaltsov mitinqdə çıxışı zamanı “Biz getməyəcəyik” şüarını səsləndirib. Əhalini meydanda qalmağa səsləyən çıxışı davam edərkən, polis onu saxlayıb. Tanınmış blogger və müxalifət fəalı Sergey Navalnı, Boris Nemtsov da polis tərəfindən saxlanılıblar. Müxalifətçilərin polis tərəfindən saxlanılması aksiya iştirakçılarının etirazına səbəb olub və meydanda qarşıdurma yaranıb. Polis göz yaşardıcı qazdan istifadə etməklə mitinqi dağıdıb. Ümumilikdə müxalifətin Bolotnıy meydanında keçirilən aksiyasında 200 nəfərdən çox müxalifət fəalının həbs olunduğu bildirilir.
Qeyd edək ki, müxalifətin aksiya Moskva meriyası ilə razılaşdırılıb. Lakin mitinqdəki çıxışçıların kəskin şüarlar səsləndirmələri və iştirakçıları meydanda qalmağa səsləmələri aksiyanın polis tərəfindən dağıdılması ilə nəticələnib.





08.05.2012     Çap et  Çap et