525-ci qəzet

“Klassik Azərbaycan jurnalistikasından imtina etmək olmaz, əksinə, ona daha sıx bağlanmalıyıq”



 
Filologiya elmləri doktoru, professor Şamil Vəliyev 1960-cı ildə anadan olub. 1977-1981-ci illərdə ADPU-nun Filologiya fakültəsində ali təhsil alıb. 1989-cu ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 2006-cı ildən Mətbuat tarixi kafedrasının professorudur. 1985-2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi, 2005-ci ildən isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Mətbuat tarixi kafedrasının müdiri vəzifələrində çalışıb. Bu ilin aprel ayının 21-də BDU-nun Jurnalistika fakültəsinin dekanı seçilib. Bu münasibətlə Şamil müəllimi təbrik etdik, həm də ondan müsahibə aldıq.

– Şamil müəllim, hər şeydən öncə, Jurnalistika fakültəsinə dekan seçilməniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Dekan kimi fəaliyyət göstərəcəyiniz müddətdə bu fakültədə hansı yeniliklər etməyi planlaşdırırsınız?
– Təşəkkür edirəm təbrikə görə. Fakültənin qarşısında duran bir sıra vəzifələr var ki, onlar mütləq həyata keçirilməlidir. Ənənəvi vəzifələrimiz ondan ibarətdir ki, tədris və tədris intizamı yüksək olsun, bununla bağlı elmi-nəzəri materialların hazırlanması, onların tələbələrə çatdırılması, jurnalistikaya dair elmi mənbələrin əldə olunması və tələbə auditoriyasına çatdırılması məsələsi daha intensiv xarakter alsın. İndi dünyanın bir sıra dövlətlərində, xüsusən də bizim daimi ənənəvi əlaqədə olduğumuz ölkələrdə yeniləşmələr çoxdur. Biz dünyanın bu ölkələri ilə ardıcıl əlaqədə olmalıyıq. Avropanın elmi-nəzəri mənbələrini, yeni, müasir media ilə bağlı nəzəri ədəbiyyatı öyrənməliyik. Yeniləşmədən nə isə həyata keçirmək mümkün deyil. Xüsusilə, informasiya-kommunikasiya texnologiyaları ilə bağlı, yeni media ilə bağlı nəzəri ədəbiyyat əldə edilməli, tədris olunmalıdır.
–Bu o deməkdirmi ki, yeniliyə doğru gedilən yolda artıq klassik jurnalistikaya ehtiyac duyulmur?
– Xeyr. Klassik Azərbaycan jurnalistikasından imtina etmək olmaz. Əksinə, klassik Azərbaycan jurnalistikası ənənələrinə varislik baxımından daha çox, daha sıx bağlanmalıyıq. Çünki milli mətbuat tarixində, milli jurnalistika tarixi təcrübəsində beynəlxalq standartlar daha mükəmməl şəkildə oturuşub. Düzdür, bizə arada sovet totalitar rejiminin, marksist-leninçi metodologiyanın təsiri oldu. Bir sıra məsələlərdə Azərbaycan jurnalistikası vahid partiyalı rejimdə, kommunist partiyası tələbləri ilə fəaliyyət göstərdi. Bu dövrün əyintiləri, qüsurları, sapıntıları da var. Amma hər halda keçilən yol təcrübə əhəmiyyəti daşıyır. Tarixi bilmədən yeni bir iş həyata keçirmək mümkün deyil. Yəni, gərək baza, özül olsun ki, onun üstündə yeni kərpiclər düzülsün. Bizim rektorumuz akademik Abel Məhərrəmov sözün həqiqi mənasında yenilikçiliyə meylli adamdır. Bunu dekan seçilməyimə görə demirəm. O biri fakültələrdə də həmin addımlar atılıb. Kadr korpusunun yeniləşməsi, gəncləşməsi məsələsini çox ciddi, prinsipial şəkildə ortaya qoyub. O biri fakültələrdə də müasir, yenilikçi meyllərə qapı açılır. Bax bu, məni çox fərəhləndirir və mən bir az da işimizin uğurunu onda görürəm ki, bizə bu mənada çox böyük dəstək olacaq. Bir az da rektorumuza güvənirəm. Çünki biz yeni, effektiv bir fikir söyləyəndə ona dəstək verir. Fikrimcə, ciddi elmi araşdırmalara xüsusi əhəmiyyət verməliyik. Məsələn, arzu edərdim ki, elmi jurnalımız olsun. Ola bilməz ki, jurnalistika fakültəsində jurnal çıxarılmasın. Əvvəllər olubdu. Jurnalistika araşdırmaları ilə bağlı “Jurnalistika” jurnalı çıxıb. İndi isə imkan var, müxtəlif istiqamətlərdə işlər görürük, amma jurnal yoxdur. Elmi-nəzəri jurnalımızın olması vacibdir. Bizim indi bir sıra məqamlarda jurnalistikaya bağlı düşüncələrimizdə yanlışlıqlar var. Məhz o elmi-nəzəri mənbələrə istinadən öyrənmək olar onu. “Student tayms” qəzeti çıxır və pis də çıxmır. Amma davamlı, xüsusən də jurnalistika fakültəsi üçün informasiya ehtiyacını ödəyən və tələbə həyatını təqdim edən, tələbə problemləri ilə bağlı ardıcıl bir qəzet çıxsa daha yaxşı olar.
– Mətbuata açıqlamanızda jurnalistika fakültəsinin tədris proqramında da bir sıra yeniliklər ediləcəyini bildirmisiniz. Bilmək olarmı bu yeniliklər nədən ibarət olacaq?
– Dünya durmadan dəyişir və yeni elm, fəaliyyət sahələri əmələ gəlir. Jurnalistika da ensiklopedik bir təfəkkür tipidir. Harada informasiya varsa ora bağlı olan bir sənətdir, peşədir. Ona görə də bizim tələbələrimizin müasir informasiya aləmi ilə tanış olması üçün bu yeniliklərə hər zaman operativ münasibət bildirməliyik. Bütün sahələrdə dəyişmələr olur, amma bizim jurnalistikanın dəyişməsinin tenpi daha sürətlidir. Dünyanın ən məşhur informasiya portalları 2-3 dəqiqədən bir dəyişir. Portallar belə sürətli dəyişirsə, bizim sahənin kadrları görün nə qədər yüksək hazırlıqlı olmalıdırlar? Bax bu mənada görüləsi işlərimiz çoxdur.
– Siz dekan seçildikdən sonra universitet rəhbərliyi qarşınıza nə kimi tələblər qoyub?
– Təbii ki, məsləhət-məşvərət xarakterli görüşlər olur və bizə öz tövsiyələrini çatdırır. Bu normaldır. Universitet rəhbəri kimi o, çox böyük məsuliyyət tələb edən adamdır. Ciddi rejimdə işləyən birisi kimi onun tempinə uyğunlaşmaq, qoyduğu tələblərə cavab vermək ciddi məsələdir. Biz də çalışacağıq ki, həmin tələbləri ödəyək. Onun ən yaxşı xarakterlərindən biri də hər zaman işini sevən və işləyən adamların yanında olmasıdır. Kimlərki zəhmətə qatlaşıb işləyir, sui-istifadəyə yol vermir, təşəbbüskar birisi kimi fəallıq göstərir Abel müəllim onu dəstəkləyir. Özünü ifadə etmək istəyən adamlara dəstək verir. Yetər ki, təhsilə, elmə, millətə, millətçiliyə, xalqa xidmət etmək istəsin, yeni nəslin qayğılarına biganə yanaşmasın. Güman edirəm ki, mən də bu tip adamlardan biri olacam.
– Şamil müəllim, Jurnalistika fakültəsində təhsil alan tələbələrin hazırkı durumu sizi qane edirmi?
– Çox yaralı yerimizə toxundunuz. Təbii ki, bizim çox yaxşı göstəriciləri olan tələbələrimiz var. Buranı sevib, birbaşa bura gələn uğurlu tələbələrimiz var. Bugünkü dövlət strukturlarında, rəsmi qəzetlərdə, mətbuat orqanlarında, media kanallarında çox istedadlı tələbələrimiz işləyirlər və klassik Azərbaycan jurnalistikası ənənələrə də əməl edirlər. Bu mənada sevinməli işlərimiz çoxdur. Amma əlbəttə ki, hər kəs özünütənqidi də bacarıb, hadisələrə təhlilçi münasibət göstərməyi də bacarmalıdır. Bizim  fakültədə problem kimi gördüyümüz iş, jurnalistika fakültəsində təhsil alacaq tələbələrin seçimində iştirak edə bilməməyimizdir. Yəni bizim yaradıcılıq müsabiqələrindən keçən, sonra qəbul olunan tələbələrimiz yoxdur. Yaradıcılıq müsabiqəsi baxımından qəbulda biz iştirak etmədiyimizə görə test yolu ilə bizə 3-cü qrupun müxtəlif ixtisaslarını yazan tələbələr gəlirlər. Belələrinin bəzisi sonradan oxumaq istəmirlər. Elə Sizin qabağınızca bir tələbə gəlmişdi yanıma. Xarici dillərə qəbul olmaq istəyib, amma 7 balı çatmayıb deyə jurnalistika ixtisasına düşüb. Bu adam indi valideyni ilə gəlib deyir ki, mən oxumaq istəmirəm. Nə qədər başa salmaq istədim alınmadı. Tutaq ki, bu başa düşmədi, ərizə verdi və çıxıb getdi. Ancaq sıxılıb qalanlar da var. Elə tələbə var ki, hüquqa yazıb, balı çatmayıb deyə jurnalistikaya qəbul olunub. Yəni formal olaraq gəlib-gedən tələbələrimiz də var. Təbii ki, belə tələbələrin mövqeyi, təhsilə yanaşması bizi qane etmir. Çünki əsgərliyə görə, yaxud da başqa səbəblər ucbatından, o cümlədən ailənin təzyiqindən qaçmaq üçün jurnalistika ixtisası üzrə təhsil alan tələbələr sonradan jurnalist olmurlar. Bu mənada, bizdən də asılı olmayan obyektiv səbəblərdən bir az narahatlıq doğuran məqamlarımız var.
– Belə başa düşdüm ki, Siz jurnalistika fakültəsinə qəbul olunan tələbələrin qabiliyyət imtahanı verməsinin də tərəfdarısınız...
– Jurnalistika ilə bağlı müxtəlif fikirlər var. Əgər jurnalistika tədris olunursa və bunun xüsusi tarixi təcrübəsi, nəzəri əlamətləri varsa, dördüncü hakimiyyət rolunda çıxış edirsə, demək bu, elmi nəzəri prinsipləri olan xüsusi elm sahəsidir. Amma bizdə nəzəri fikirlə məşğul olanların çoxu qeyd edirlər ki, jurnalistika peşədir, sənətdir. Təbii ki, bu tərəfin də əsaslandığı məqamlar var. Ancaq tarix bizə diqtə edir ki, jurnalistika həm də ictimai, sosial yaşam tərzidir. Buna görə də təkcə yaradıcılıq müsabiqəsindən keçən tələbələr yox, həm də sözün həqiqi mənasında jurnalist olmaq istəyən adamlar, özünü jurnalistikada görən, jurnalist kimi yaşamaq istəyən adamların seçimi bizə uğur gətirə bilər. Peşəkar jurnalist olan adam sözün məsuliyyətini bilir, informasiyanın təqdimat üsullarını bilib də səhv etmək istəmir. Çünki onun məsuliyyətini və qanun qarşısında cavabdehliyini də bilir. Ona görə də peşəkar jurnalist məsələsində çox ciddi olmalıyıq. Jurnalistika çox incə sahədir, çox məsuliyyətli sahədir və həm də insana şöhrət, şərəf gətirən və insanı tez populyarlaşdıran bir sahədir.
– Bəzən jurnalistikaya bu sənətin şöhrətinə, populyarlığına vurulub gələnlər də olur. Belələri sonrakı müddətdə bu peşəni özlərinin yaşam tərzinə çevirə bilirlərmi?
– Belələri çox azdır. Adətən bu cür tələbələr fakültəyə gələndən sonra mühitə adaptasiya olunurlar. Kaş ki, digər ixtisasları yazıb da jurnalistikaya qəbul olunan tələbələrin hamısı jurnalist peşəsinin cazibəsinə vurulanlar olsun. Belələri sonradan özlərini təkmilləşdirirlər. Mən demirəm ki, başqa sahədəki insanlar jurnalist olmasınlar və yaxud ola bilmirlər. Başqa ixtisas üzrə ali təhsil alan tələbələr də jurnalist kimi işləyə və uğur qazana bilirlər. Amma belələri istisnadır. Çox yaxşı olar ki, məsələn, müəllimləri təkmilləşdirmə və ixtisasartırma kursları olduğu kimi, jurnalistlərin də, lap elə universitet nəzdində, yaxud başqa qurumlarda, ixtisasartırma və ixtisasdəyişmə kursları fəaliyyət göstərsin. İnsanlar da bu kursdan keçib sertifikat alsın və informasiya işi ilə məşğul olsun. Çünki informasiya işi çox ciddi məsələdir. Ölkə başçısı İlham Əliyev də Nazirlər Kabinetindəki iclasında informasiya təhlükəsizliyinin vacibliyini vurğulayıb. Deməli ölkənin təhlükəsizlik məsələlərinin içərisində informasiya təhlükəsizliyi olduqca mühüm yer tutur. Belə olan halda bizim bu sahədə çalışan insanların intellektuallığı, peşəkarlığı, təcrübəsi çox önəmlidir. Çox adam yazı-yaza bilər. Amma onlar yazını jurnalist kimi yaza bilməzlər. Söhbət bundan gedir. Yazsınlar, azad ölkənin vətəndaşları kimi öz fikirlərini söyləsinlər. Amma peşəkar jurnalist ilə sıravi adamın işi tamam başqa-başqa məsələlərdir.
– Bu ildən etibarən Dillər, Mədəniyyət və İncəsənət universitetlərində də jurnalist kadrların hazırlığına başlanılacaq. Sizcə, bu nəyi dəyişəcək?
–Adları çəkilən iki universitet də daxil olmaqla ümumilikdə Azərbaycanda 13 ali təhsil ocağında jurnalist kadrlar hazırlanır. Amma bütün hallarda flaqman Bakı Dövlət Universitetidir. Çünki bu ali təhsil ocağının çox böyük ənənəsi, təcrübəsi, kadr potensialı var. O biri təhsil ocaqlarında da bizim təcrübədən istifadə olunur. Mənim fikrimcə, yaxın on ildə də Azərbaycanın jurnalistika mühitində bizim fakültə keyfiyyət tutumuna görə yenə də öndə olacaq. Çünki ənənə var. Amma hadisəyə başqa aspektən yanaşsaq görərik ki, jurnalistika elminin, peşəsinin, sənətinin tədrisinin bu cür genişlənməsi informasiya işinə bağlılığın, düşüncə tərzinin genişlənməsinin göstəricidir. Yəni jurnalistika ilə ancaq jurnalistlər məşğul olmayacaq ki. Ola bilər ki, kimsə jurnalist təhsili alıb başqa sahənin mütəxəssisi olsun, o sahədə təkmilləşsin. Hesab edirəm ki, jurnalistikanın ümumi ictimai marağa uyğunlaşmasını, jurnalistikanın nə olduğunu cəmiyyətimizin bilməsi lazımdır. O zaman bilinəcək ki, xalis, saf informasiya nədir, çirkli informasiya nədir. Çirkli su olduğu kimi çirkli informasiya da var. Bu mənada jurnalistlərin işi çox ciddidir. Çox istərdik ki, sahə jurnalistikası gücləndirilsin. İdman, tibb, elm, iqtisadiyyat, siyasət, kriminalistika sahəsindən yazan jurnalistlər formalaşsın. Yəni peşəyönümlü jurnalistika da güclü olsun. Bu gün dünyada məşhur idman icmalçıları, siyasi icmalçılar var. Keçmişlərinə nəzər salsaq görərik ki, onlar vaxtıilə jurnalist işləyiblər. Elələri var ki, hazırda da bu peşənin daşıyıcısıdırlar. Bizdə də butipli jurnalistlər mütləq olmalıdır. Azərbaycanda siyasətçilər populyar olduğuna görə, hələlik bizdə o işartıya camaat daha çox gedir. Belələri hətta özünü siyasətçi kimi də aparır. Halbuki böyük əksəriyyətinin siyasətlə bağlı elmi-nəzəri təhsili, yaxud da hazırlığı yoxdur. Bu baxımdan biz fənlərarası inteqrasiyaya ciddi fikir verməliyik. Ona görə də digər ali təhsil ocaqlarında da jurnalistikanın tədrisini müsbət qarşılayıram. Bütün hallarda yaddan çıxarmaq olmaz ki, jurnalistika ictimai faydalı iş deməkdir.
– Bu ictimai faydalı işin mahiyyətini anlayıb da öz uğurları ilə Sizləri sevindirən tələbələriniz çoxdurmu?
– Bizim elə tələbələrimiz var ki, onların sorağı xarici media qurumlarından gəlir. Yaxud da hazırda ali təhsil almaqla yanaşı, müxtəlif qəzet, jurnal, televiziya və radio redaksiyaları ilə əməkdaşlıq edən, həm özünün, həm də BDU-nun Jurnalistika fakültəsinin adını uca edən tələbələrimiz var. Əslində mən bunu adi hal hesab edirəm. Çünki burada Şirməmməd Hüseynov kimi məşhur mətbuat magikanı var. Onun araşdırmaları, özünün canlı şahidliyi, həm təcrübəsi, həm iş üslubu Azərbaycanda media ordusunun yaranmasında xüsusi rol oynayıb. Ş.Hüseynov bir çox hallarda öz fikirni açıq şəkildə, çox aydın tərzdə deyir. Onun sadəcə fakültəyə gəlib-getməsi, jurnalistikada bir rəmz olması bizim üçün çox əhəmiyyətlidir. Jurnalistika həm də ictimai həyat tərzidir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycanda jurnalistikanı yaradan adamların böyük əksəriyyəti jurnalistika fakültəsinin tələbəsi olmayıblar. Həsən bəy Zərdabi fizika-riyaziyyat fakültəsini, Cəlil Məmmədquluzadə Qori seminariyanı, Əli bəy Hüseynzadə Peterburqda təbiət elmlərini, İstanbulda hərbi-tibb fakültəsini, Əhməd Ağaoğlu Sarbonda, Əlimərdan bəy Topçubaşov isə Leninqradda hüquq fakültəsini qurtarıb. Amma bu adamlar jurnalistikanı ictimai-sosial yaşam tərzinə çeviriblər özləri üçün. Bununla da jurnalistikanı Azərbaycanda ictimai fikir institutuna çevirib dördüncü hakimiyyət səviyyəsinə qaldırıblar. İlk növbədə jurnalist kimi yaşamaq, özünü cəmiyyətinə həsr etmək, ölkənin rifahına, dövlətin qorunmasına, millətinin mədəniyyətinin yüksəlməsinə, bütünlükdə milli yaşamındakı reformlara özünü həsr etmək, əslində ictimai xadim kimi yaşamaq deməkdir. Jurnalistikanı seçənlərin bir yolu da ictimai xadim olmaqdır. İnanıram ki, bu yol ilə irəliləyən tələbələrimiz də çox olacaqdır.
– Bəzən media kapitanları müxtəlif mətbuat orqanlarına təcrübəyə göndərilən tələbələrin işə can yandırmadığını, peşələrinə maraqsız yanaşdığlarını əsas gətirib gileylənirlər. Bildirirlər ki, praktik cəhətdən çox zəif olan belə tələbələrin, yaxud da məzunların əlindən yalnız nəzəriyyə əzbərləmək gəlir. Siz onların bu fikirlərini bölüşürsünüzmü?
– Bu mənada bölüşürəm ki, biz tələbələrimizi təcrübəyə göndərəndə onlar bəzi tərəddüdlərlə qarşılaşırlar. Amma təcrübədə özünü doğruldan çoxlu sayda tələbələrimiz də var. Təbii ki, elmi-nəzəri tədris auditoriyasından çıxıb praktikaya gedən gənc tələbə bir sıra tərəddüdlərlə qarşılaşır, özünüifadə çətinlikləri ilə üzləşirlər. Nəzərə alınmalıdır ki, onların xarakteri hələlik istehsalata uyğunlaşmayıb. Elə məhz buna görə də təcrübəyə gedirlər ki, uyğunlaşıb nəsə qazansınlar. Amma məzunlara ümumilikdə bu fikirləri şamil etmək olmaz. Düzdür, onlar arasında da elə tələbələr var ki, bayaq qeyd etdiyim kimi jurnalist olmaq istəməyib sadəcə ali məktəbə qəbul olmaq xatirinə fakültədə təhsil alıblar. Belələrindən eləsi olur ki, hər hansı iş tapa bilməyəndə məcburiyyətdən gedib jurnalist işləyirlər. Belə olan halda da həmin məzundan-kadrdan yaxşı məhsul əldə etmək olmur. Amma ümumi götürəndə hazırda Azərbaycan mətbuatında peşəkar jurnalistika ilə məşğul olanların əksəriyyəti vaxtıilə bizim tələbələrimiz olub. Elə bu günkü bəzi məzunlarımızdan narazı olan media kapitanlarının da bir çoxu zamanında BDU-nun jurnalistika fakültəsinin tələbələri olublar. Onların narazılığı sadəcə təəssübkeşlikdən irəli gəlir. Media kapitanları özlərinin və Jurnalistika fakültəsinin reytinqinin aşağı düşməsini istəmirlər. Bu mənada onlarla həmrəyəm. Bu vəziyyəti aradan qaldırmaq üçün isə əl-ələ verib müştərək şəkildə işləməliyik.
– Müştərək iş deyərkən nəyi nəzərdə tutursunuz?
– Hazırda Azərbaycanda media qurumları çoxalıb. Onlar arasında yeni qəzetlər, jurnallar, həmçinin müxtəlif adla fəaliyyət göstərən populyar, ictimai rəyə təsir göstərəcək xəbər portalları fəaliyyət göstərir. İlk növbədə bu cür media qurumları ilə əlaqələr yaradılacaq. Ənənəvi əməkdaşlıq etdiyimiz qurumlarla da işlərimizi genişləndirəcəyik. Tələbələrin bu orqanlarda təcrübə keçməsi və sair bu kimi əməkdaşlıq növlərinin də adını çəkmək olar. Amma bunlarla yanaşı, universitetin ayrıca studiyası var. Qərara gəlmişik ki, gələcəkdə bundan da böyük studiya yaradaq. Radio-televiziya ilə əlaqələrimizi inkişaf etdirək və sair. Bunlardan əlavə, əski əlifbanı bilən, ümumiyyətlə xarici dilləri bilən tələbələrə çox ehtiyacımız var. Bu istiqamətdə də mühüm layihələr həyata keçirməyi planlaşdırırıq. Universitet rəhbərinin də diqqətində olan bir məsələdir bu. Yəni rus, ingilis dili ilə yanaşı, digər dillərdə də qruplar yaratmalıyıq jurnalistika fakültəsində.
Rufik İSMAYILOV





04.05.2012     Çap et  Çap et