525-ci qəzet

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbuluna start verilib


 
2012-2013-cü tədris ili üçün xüsusi təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılacaq. Birinci mərhələdə abituriyentlər həmin təhsil müəssisələrində təşkil olunan həkim və seçim komissiyalarından keçəcək. Sonrakı mərhələdə TQDK tərəfindən keçirən test imtahanı verəcəklər. Qeyd edək ki, xüsusi təyinatlı təhsil müəssisələrinə Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Müdafiə Nazirliyinin ali hərbi məktəbləri, Tibb Universitetinin ali hərbi tibb fakültəsi, Orta Hərbi Tibbi Məktəbi və hərbi liseylər daxildir. Komissiyanın məlumatında bildirilib ki, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər ərizələrini həmin məktəblərin rəislərinə təqdim etsinlər. Ali hərbi məktəbə, Tibb Universitetinin hərbi tibb fakültəsinə, Hərbi Tibb Məktəbinin feldşer ixtisasına və Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək rəisinin adına ərizə ilə müraciət etməlidirlər. Polis Akademiyasında əyani fakültəsinə artıq sənəd qəbulu başlayıb. Proses aprelin 10-dək aparılacaq. S.QARAYEVA




04.04.2012     Çap et  Çap et