525-ci qəzet

ORALARDA KİMLƏR VAR:OĞLUM VƏ YAŞIDLARI



Oğlum və yaşıdları üçün
hər zaman etdiyim dua...
Bu məmləkətin iki ən böyük bəlası var : Torpaq itkisi və işsizlik. Və bu işsizlik də məhz torpaq itkisindən sonra yaranan bir bəladır ki, Bakıya axın prosesi bunu bir daha çətinləşdirdi.
Yücə Allahım! Bu məmləkətə bir gözəllik verdin və bu gözəllik üstündən min bəla verdin!
Özün bilən məsləhətdir! Mənim bu duamı qəbul eləyə də bilərsən,eləməyə də bilərsən.Amma sənin yolunu tutan o gəncə və onun yaşıdlarına bir yol açmaq sənin rəhmindədir.Bunu səndən ummağa mənim haqqım var, bir ata kimi!


2001-ci ilin avqust ayında oğlum Metin Türkiyənin Uludağ Universiteti İdarəetmə və İşlətmə fakültəsini bitirdi.Diplom aldı, Bakıya qayıtdı və elə həmin ilin oktyabr ayında, üzü soyuqlara əsgərliyə getdi və mən həmin günlərdə hələ bu Bakı havasına bir o qədər də isinişməyən oğlumun əsgərliyə getməsində heç bir təbəddülat yaşamadım, qorxu və həyəcanla qarşılamadım, ancaq onu bildim ki,mən onu dualarla yola saldım və inanın ki,heç xoşum gəlməsə də, bir az sonralar hətta şairliyim tutdu və bir şeir yazdım:

çöldə çox soyuqdur oğlum
yağış yağır
şairlərin əlindən
bənzətmə qalmadı
bu yağışı bənzədim
amma
“bu yağış bir qız öpüşü kimi”yumuşaq deyil
damcılar səfil-səfil
döyəcləyir
sən yatdığın əsgər kazarmasını
mənə evdə soyuqdur
sən əsgəri kazarmada necəsən
Vətən alın yazın
bir gün ya özünü
ya Məmləkəti seçməlisən
dualarım məmləkət üçün
yəni sənin üçün
bax mənim balam bəlkə heç sənə soyuq deyil
amma beləcə düşünmək də mənlik deyil
inşallah bu ağrıları yaşayacaqsan,
bir təhər keçinəcəksən.
və dualarımla böyüyəcəksən...
Noyabr 2001

Təbii ümid eləyirəm ki,mən bu sətirləri yazdığım üçün və bu “şəxsi” düşüncələrimi ictimaiyyətin qarşısına çıxardığım üçün heç şübhəsiz məni qınayanlar da olacaq.Amma mən heç zaman qınağdan qırağa yaşamadım ki...Qınaq artıq mənim bir həyat kodeksimə çevrilib.O şeyləri ki,mən içimdən yazıram və içimin tənzifindən keçirib yazıram,orada məni həmişə bir qınaq məqamı gözləyir və hər il Müqəddəs Ramazan günlərində dan üzü durub orucunu tutan ( bu sevindirici bir olaydı, çünki oğlum Türkiyəyə oxumağa getməzdən öncələr toyda, düyündə,qonaqlıqlarda bu içkinin dadını almış bir gəncdi, indi dilinə vurmur,mafi qaydada orucunu tutur və hətta bir az da irəli gedib namaz da qılır.Bu onun öz işidir, mən müdaxilə edən deyiləm,əsgərliyini də çəkib). Oğlum indi məndən ayrı yaşayır. İki gözəl oğlu da var.Onu düşünə–düşünə bu sətirləri yazıram və içimdəki bütün çürüntüləri,xıltı qırağa qoyub onun üçün dua edirəm.Duamın ən başlıca qayəsi: bu ölkəmizin dar macalında və bu ölkəni işsizlik başına götürdüyü bir məqamda kiçik bir iş tapması və bir də bu məmləkətə yararlı olması üçündür ki, mənə elə gəlir, Allah mənim səsimi eşidəcək ( bəndələr eşitməsə də ) və Allahın bu səsi eşitməsi üçün mənim oğlum Allahın insanlığa əmanət etdiyi bir çox şeylərə əməl edir və hətta baxın : ortaya onun üçün bir iş sorağı çıxan kimi, o saat deyir: nə olar Allahım, dostum filankəs üçün də bir qapı aç. Və son iş yerindən Mərkəzi Klinik Xəstəxanadan uzaqlaşdırıldıqdan sonra bir müddət işsiz qaldı ( bu barədə daha geniş mən “ARTIQ MƏNİM BİR KİMSƏM QALMADI OĞLUM” yazımda yazmışam).
HƏMİN YAZIDAN XATIRLATMA :
...Və düşünürəm bax bu an,bu günlər oğlumun məni ittiham etməyə haqqı var...
HAQQI VAR ONA GÖRƏ Kİ...
Vaxtilə bir zavodun direktoru olanda,millət vəkilliyinə namizəd olarkən, həqiqətən layiq bildiyim və üstəlik də bir dostumun xahişi olaraq haqqında yazılar yazdığım, indi çox yüksək vəzifəli birisinin şirkətində oğluma deyirlər ki,bəs biz səni işə alarıq.
Bahooo!!!! Sevinməyin həddi-hüdudu yox.Mən iş başa çatmamış qonaqlıqlar haqqında düşünürəm və bir xeyli get-gəldən sonra, məlum olur ki, üçbucaq bir boşluqda bizi aldadıblar, daha doğrusu yetmiş yaşlı bir insanla, yəni mənlə oynayıblar.Aşağı deyir: mən razıyam. Yuxarıdan bir az aşağı oğlumu yanına çağırır və görüşürlər. Çox razı qalır və üç ay sonra məlum olur ki,bu “mələk üzlü” insan oğlumla və bütün özündən aşağıdakılarla oynayırmış.Buna deyirlər: barmağına dolamış bizi.70 yaşlı bir YAZARI VƏ ATANI.
Təsəlli bu:
“NAZİRLƏRİN BİR ÇOXU ZƏNGLƏRİMƏ CAVAB VERMİR”. (Anar)
Bir neçə millət vəkilinə zəng edirəm və...
Boşuna...
Daha pis olur vəziyyət...
Nazir postunda olan bir köhnə tanış məni yanına çağırır və söhbət edirik,70 yaşım münasibətiylə təbrik edir,hədiyyə verir,fürsəti fövtə vermirəm,əslində içimdə bu istək bura gəlmişəm, oğlumun vəziyyətini deyirəm.
“Nə deyirsən, Tofiq müəllim sənin balan mənim balam.Daha böyük bir adama zəng edərəm”-deyir.
“Nə gözəl Allahım”- deyirəm.
Və oğlumu da sevindirirəm. Evdə qarımı da sevindirirəm.
Son nəticə bu günə qədər vur-çatlasın.
Daha bir millət vəkili hələ oğlum işdən çıxmamışdan mənim xahişim üzrə məsul birisinə zəng etdiyini deyir və əlavə edir: nəinki ixtisara düşəcək və hətta vəzifəsini bir az da artıracaqlar...
Nəticə : elə birinci o ixtisara düşür.
Bütün bu vəziyyətlərdə məni bircə şey rahatsız edirdi: OĞLUMUN YANINDA OLAN-QALAN ŞƏXSİYYƏTİMİN DƏ GERİLƏMƏSİ...
Təsəlli bu:
“NAZİRLƏRİN BİR ÇOXU ZƏNGLƏRİMƏ CAVAB VERMİR”.(Anar)
Yoldaşlar : bu adamların heç biri mənə və mənim atama borclu deyil.Amma əl tutmaq Əlidən qalıb sözlərini yada salsaq mənim də nəsə ummağa haqqım var.
Mən həmin adamları rahatsız etdiyim üçün üzr istəyirəm.
Və acılar içində həqiqətən göz yaşlarımı içimə gömüb deyirəm: DAHA MƏNİM BİR KİMSƏM QALMADI, OĞLUM !!!!!!!!!!!!!!
Və indinin özündə də heç əməlli-başlı işə düzəlməsə də (hər halda ona yardımçı olanlara ürəkdən minnətdaram,Allah onların yardımçısı olsun. Vallah demək hələ mənim kimi çarəsiz insanlara yardım əli uzadacaq insanlar var bu ölkədə, yaxşı insanlar var) o nədən belə düşünür : NƏ OLAR ALLAHIM, DOSTUM FİLANKƏS ÜÇÜN DƏ BİR QAPI AÇ. Mən bunu anlamaqda zorluq çəksəm də başa düşürəm və bu sözü eşidən anası da, o gedəndən sonra deyir : vallah, bu uşaq bu təmizliyinin qurbanı olacaq.Bu qədər də sadədil olmaq batıracaq onu bizim bu adamlar arasında...
Mən bir şey əlavə edə bilmərəm, çünki onun tutduğu yolu mən onun yaşında tuta bilmədim və bilmədim ki, mən bir az daha çox Allah adamı olsaydım, mənim bugünkü halım necə olacaqdı: yaxşı... daha yaxşı... pis... daha pis... mən bunları bilmirəm.Amma mənim bütün iradlarıma baxmayaraq oğlumun tutduğu bu yolun nə qədər və hara qədər gedəcəyini də mən bilmirəm.Amma yenə də dua edirəm: ey böyük Yaradan, bir halda ki, bir partiya biletini alan kimi onu verən ölkə dağılsa da buna əhəmiyyət verməyərək bir atanın bu Oğlunun Özünün yardımçısı ol. Və sən onu peşiman etmə və bu peşimançılığın ən Böyük Ağrısı Sənə İnamı itirmək ola bilər.Bax o zaman sənin o Böyük Səbrin də bir şeyə yaramaz.Onun o Təmiz düşüncələrinin və Təmiz duyğularının qarşısında.
1993-dən 2001-ci ilə qədər Türkiyədə yaşayan və oralarda qalmaq imkanı olsa da qalmayan və üzünü bu məmləkətə tutan və bu məmləkətdə öz səadətini aramaq və qurmaq istəyən bir gəncin ( onlarla beləsi var bu gözəlim məmləktdə) Sənə pənah gətirməsi bir o qədər də asan iş deyil və bunu da düşünmək gərəkdir ki, bu sığınmanın özündə belə onun Allahdan umacağı elə böyük bir şey də yoxdur: yəni düşünür ki, bir çox yollar var,o yollardan biri və ən başlıcası da elə Allahın buyurduğu yoldur ki, o bu yolu tutub əsgərliyə getdi, heç-bir ah-uf demədən və hətta çox mərdcəsinə əsgərliyini də çəkdi və alnı açıq, üzü ağ evə qayıtdı və hər zaman, hər yerdə öyünməsə də,bilirdi ki, nə zamansa işə götürüləndə mütləq soruşacaqlar : hərbidə olmusanmı... baxın, işə alınmamaq üçün bir çox “səbəblər” var ki, onlardan biri də, bax elə budur və indi onun qarşısına çıxacaq bu suala o çox geniş bir ürəklə “hə” deyə bilər və bunun heç bir əmması da olmaz...
O subay olanda dostlarım tez-tez soruşardı : oğlunu nə zaman evləndirirsən?Bunu arzu etsəm də, bu mənim işim deyildi, bu onun işiydi, amma onu evləndirmədən öncə bir işlə təmin etmək, həm mənim, həm onun, həm də bizim bu cəmiyyətin işidi ki, burada bir duanın da böyük rolu olduğunu düşünüb, hətta içki içdiyim anlardan sonra belə ( Allaha acıq getməz düşünürəm) onun bir iş tapması üçün dua edirdim və güman edirəm ki, mütləq Allah eşidəcək bunu və mən bilən eşidəcək...


BU MƏMLƏKƏTİN İKİ ƏN BÖYÜK BƏLASI VAR : TORPAQ İTKİSİ VƏ İŞSİZLİK. VƏ BU İŞSİZLİK DƏ MƏHZ TORPAQ İTKİSİNDƏN SONRA YARANAN BİR BƏLADIR Kİ, BAKIYA AXIN PROSESİ BUNU BİR DAHA ÇƏTİNLƏŞDİRDİ.
YÜCƏ ALLAHIM! BU MƏMLƏKƏTƏ BİR GÖZƏLLİK VERDİN VƏ BU GÖZƏLLİK ÜSTÜNDƏN MİN BƏLA VERDİN!
ÖZÜN BİLƏN MƏSLƏHƏTDİ! MƏNİM BU DUAMI QƏBUL ELƏYƏ DƏ BİLƏRSƏN,ELƏMƏYƏ DƏ BİLƏRSƏN.AMMA SƏNİN YOLUNU TUTAN O GƏNCƏ VƏ ONUN YAŞIDLARINA BİR YOL AÇMAQ SƏNİN RƏHMİNDƏDİR.BUNU SƏNDƏN UMMAĞA HAQQIM VAR, BİR ATA KİMİ!


Tofiq ABDİN,
[email protected]
tofigabdin.com





Mənbə: Tofiq ABDİN31.03.2012     Çap et  Çap et