525-ci qəzet

ŞƏKİLİLƏR OSMANLI SARAYINDA VƏ TÜRKİYƏ ORDUSUNDA


 
(Başlanğıcı ötən şənbə sayımızda)
Məhəmmədəmin bəy sarayda bulunduğu müddətcə də Azərbaycanla əlaqəsini kəsməyib. Azərbaycanın, o sıradan Şəkinin tanınmış kişiləri onun yanına gələrək yardımlarından faydalanıblar. Məsələn, məşhur Şəki şairi İsmayıl bəy Nakam (1841-1906) Sultan Əbdülhəmid dönəmində bir müddət İstanbulda bulunub. Məhəmmədəmin bəy İstanbulda onun şeirlər divanını nəşr etdirmək istəyib, əsəri senzor baxışından da keçirdib və kitabın basılmasına Sultandan icazə alıb. Ancaq Tahir adlı senzorun müqəddimə bölümünü və bəzi şeir parçalarını çıxarması üzündən Nakam əsərin basılmasını istəməyib. Sonralar divanın əlyazma mətni məşhur Əli Əmiri’nin əlinə keçib. Həmin əlyazma divanı indi Fateh “Millət” kitabxanasında 487 nömrə altında qorunur. (Bax: M. Ali Resulzade. Şair İsmail Nakam. – “Azerbaycan Yurt Bilgisi”, yıl: 3, 27.4.1934, sayı 28, ss.154-155. Məqalə yazarı Məhəmmədəli Rəsulzadə buradakı bilgilərin bir çoxunu “İstanbulda yaşayan Şəki alimlərindən Saleh bəyəfəndi”dən alıb).  
Xatırlatmalıyam ki, bu divanın müqəddiməsində şairin öz əliylə yazıldığı zənn edilən 26 səhifəlik bir məktub da var və bu məktub “Qürənayi-həzrəti-şəhriyaridən bir zata ərz və təqdim olunan istirhamnamə surətidir” cümləsi ilə başlamaqdadır. Adı keçən “qürəna”nın Məhəmmədəmin bəy olduğu şübhəsizdir.
***
Qaynaqlarda daha çox “Mabeynçi Əmin bəy” adıyla tanınan, avropalıların “Son Excellence (ekselans) Əmin bəy” deyə xitab etdikləri Məhəmmədəmin bəy poliqlot olduğu üçün (o, türkcədən başqa ərəb, fars və fransız dillərini çox yaxşı, ingilis, alman və italyan dillərini isə orta dərəcədə bilirdi) görəvində bu üstünlük göz önünə alınmışdı. O, güclü fransızcasıyla Sultan Əbdülhəmid’ə romanlar tərcümə etmişdi. Sultanın qızı Ayişə Osmanoğlu’nun xatirələrinə dayanan araşdırıcılardan biri yazır: “Sultanın bir vərdişi də gecə yatarkən bəndələrindən birisinə başucunda pərdənin arxasından detektiv və cinayət romanları ilə səyahətnamə kitabları oxutdurmasıydı. Ciddi əsərlərin, yuxusunu qaçıracağı düşüncəsiylə sanki bir layla niyyətiylə sözükeçən romanlara üstünlük verərdi. Roman oxuyan kişi padşahın uyuduğunu hiss edincə üsulluca dışarı çıxardı. [...] Ayrıca Nişan əfəndi adında biri özünə aid xüsusi dairəsində Avropa qəzetlərini oxuyar və dövləti maraqlandıran məqalə və yazıları tərcümə edərdi. Bunlar və gələn agentlik teleqraflarının tərcümələri günü-gününə padşaha ərz edilirdi. Sultan önəmli və ciddi tarix kitablarını isə gündüzləri Mabeynçi Əmin bəyə oxutdururdu”. Əmin bəy bəzən Osmanlı şahzadələrinə fransız dili dərsi də keçirdi. 
O, “avropalı zəvata, süfəraya rəfaqət edərək (zatları, səfirləri müşayiət edərək) Sultana xüsusi tərcümanlıq yapmaq kimi məsuliyyətli bir vəzifə” daşıyır, Osmanlı dövlətinin özəl əcnəbi qonaqlarına mehmandarlıq edirdi. Məsələn, II Əbdülhəmidin dostu, Prussiya kralı və Almanya imperatoru olan kayzer II Vilhelm və kraliça Auqusta-Viktoria 2.11.1889 və 30.11.1898 tarixlərində İstanbula gəldiklərində sarayda və şəhərdə kayzerə yoldaşlıq və bələdçilik işini Sultan məhz Məhəmmədəmin bəyə tapşırıb. Onun mehmandarlığından son dərəcədə məmnun qalan II Vilhelm Əmin bəyi “Qara Qartal” şərəf ordeni ilə təltif edib.
İtaliya şahzadəsi, kral I Umberto’nun oğlu vəliəhd Viktor Emmanuel və yoldaşı, Qaradağ şahzadəsi Helena 1900-də İstanbula gəldiklərində onlara mehmandarlıq etmək də Məhəmmədəmin bəyə həvalə olunmuşdu. Gənc ər-arvad bu yoldaşlıqdan çox məmnun qalmışdı. Onlar İtaliyaya dönməkçün Mərmərə’ni aşıb Çanaqqala’ya yol alarkən İtaliya kralı Umbertonun ölümü (29.7.1900) xəbəri Osmanlı sarayına yetişmiş, Sultan Əbdülhəmid: “Əmin bəy, sarayın rəsmi bir sürət qayığını hazırladıb arxalarınca gedin və İtaliya kralının vəfatını bildirib mənim təziyyələrimi ərz edin və krallıqlarını təbrik edin” deyə əmr vermişdi. Çanaqqalada onlara çatan Əmin bəy əmri yerinə yetirmiş, vəliəhdə “Majestələri” (“Zati-aliləri”) xitabıyla İtaliya kralı olduğunu ifadə etmişdi. Beləcə, III Viktor Emmanuel’ə “Majestələri” deyən ilk saray adamı bir Şəkili Türk olmuşdu!
Əmin bəy memarlığın incəliklərinə də bələddi və İstanbuldakı bir sıra binaların layihələndirilməsi və tikintisi zamanı Sultan onu memarların yanında görəvləndirib. Qızı Xeyriyyə xanım həmin tikililəri sadalayır: Şale köşkü, Etfal xəstəxanası, Heydərpaşa Tibbiyyə binası, Sənayeyi-Nəfizə binası (Gülxanədə Arxeologiya muzeyləri). Eskişehir Söğütdə ilk Osmanlı sultanlarının türbələrinin təmir işlərində də Əmin bəyin əməyi olub. II Vilhelmin İstanbula hədiyyəsi olan, Sultan Əhməd meydanındakı “Alman çeşməsi”nin quraşdırılmasına da (1901) Əmin bəy nəzarət edib.
Vilhelm İstanbulda xatirə çeşməsi ucaltdıqdan sonra II Əbdülhəmid də qarşı jest olaraq Berlində bir xatirə bina tikdirmək istəyib. Bu məqsədlə kayzer Berlin Universiteti Qadınlar Klinikası bağçasında ərazi ayırıb. Sultan Türk-alman dostluğunun simgəsi olacaq hərəsi 6 yataqlı iki xəstəxana binası (“Həmidiyyə xəstəxanası”) tikdirmək istəyən Sultan alman və italyan memarların layihələrini bəyənməyib və bu işi Türk memar Kəmaləddin bəyə tapşırıb. “...21 sentyabr 1902 tarixində Mabeynçi Əmin bəy saray baş memarı Nazim paşa və memar Kəmaləddin bəy hazırlanan üç layihəni də alaraq Almaniyanın İstanbuldakı elçisinə gedərək görüşmələr yapılmış və Sultanın memar Kəmaləddin bəyin hazırladığı layihəni münasib gördüyü ona bildirilmişdir”.
Sultan Məhəmmədəmin bəyə o qədər ürək qızdırırdı ki, onu hətta ailəsinin sirləri sayılacaq məsələlərə də cəlb edirdi. Bəllidir ki, Sultanla oğlu şahzadə Əbdülqadir arasında münasibət xoşagəlməzdi. Bu mövzudan söz açan Ayişə Osnaoğlu “Atam Sultan Əbdülhəmid” adlı kitabında yazır: “(II Əbdülhəmid Bəylərbəyi Sarayında sürgün həyatı yaşarkən) Əbdülqadir əfəndi əsla gəlməmişdir. Əsasən o, atama qarşı daim küskün davranır, sosialist olduğunu iddia edirdi. “Burhanəddin əfəndi’ni bizdən üstün tutur” deyirdi. Özünə məxsus əcayib fikir və hərəkətləri vardı. Atamın heç xoşlamadığı hərəkəti etməkdən çəkinməz, məsələn, fəsini yana əyərək geyər, atamdan daim təqdir xəbərləri alırdı. Atam çox dəfə Mabeynçi Əmin bəyi göndərərək nəsihət edərdi”.
Bütün bunlar Məhəmmədəmin Darğazadənin Sultan Əbdülhəmid sarayında nə qədər böyük nüfuzu olduğunu göstərir. Onun Osmanlı dövlətinə xidmətləri layiqincə dəyərləndirilib – o, məmurluq həyatı boyunca bir çox rütbə, orden və medala layiq görülüb. 1880-1904-cü illər arasında bütün dərəcələrdən (4 dərəcədən) Məcidi və Osmani, nəhayət, Murassa Osmani ordeni alıb. Bir çox əcnəbi dövlətlər də (Almaniya, İtaliya, Rusiya, Serbiya, İsveç, Qaradağ, Belçika, Fransa, Bolqarıstan, Siyam, Rumıniya, İran, Həbəşistan...) onu öz ordenləriylə təltif edib. Əmin bəyə verilən medallarınsa siyahısı çox uzundur.
***
Məhəmmədəmin bəyin ailə həyatı onu sevindirməyib, həmişə dərd-qəm içində, üzücü keçib. Öncə atasının istəyinə qarşı çıxaraq, özündən 11 yaş böyük boşnak qızı Məryəm Münirə xanım’la evlənib. Ondan övladı olmayıb, bu üzdən qadın ruhi sarsıntıya uğrayıb. 1888-də ikinci dəfə Rodoslu bir katolik qızla (müsəlman adı: Ləman xanım) evlənib, oğlu həkim Əhməd Səid Darğa (1899-1963) bu xanımdan doğulub. 1900-də onun ölümü Əmin bəyi sarsıdıb. 1904-də Zehniyyə xanım’la evlənib, qızı Fatma Xeyriyyə Kərimzadə (1905-13 yanvar 1985) bu xanımdan doğulub. Ancaq bir neçə il sonra Zehniyyə xanım da vəfat etməsiylə bu üçüncü ailə də, nə yazıqlar ki, dağılıb. (Məhəmmədəmin bəyin zövcələrinin adlarını Xeyriyyə Kərimzadə’nin adı keçən yazısından aldıq. Əli Birincinin məqaləsində bu adların yanlış verildiyini düşünürük).
Ailəsindəki sarsıntıları Məhəmmədəmin bəy Kadıköydə Osmaniyyə məhəlləsindəki Nişantaşı caddəsində 14 saylı köşkündə Şəkidən gətirtdiyi kiçik qardaşı Həsən (Behcət paşa), bacıları Səlimə, Xeyriyyə, Salihə və Fatma xanımlarla, övladları Əhməd Səid və Fatma Xeyriyyə, nəvəları Mühibbə və Zərifə ilə məşğul olaraq unutmaq istəyib. Köşkündə hər gün böyük ailə toplantıları təşkil etmək ona üzüntülərini unutmağa gerçəkdən yardımçı olub. O, burada özünün yazdığı əsərləri, özəlliklə “Səyahətnamə”sini oxuyurmuş. “Yazıb bitirə bilmədiyi “Mascotte” adlı operasına çox üzülürdü”.  
Məhəmmədəmin bəy 16 sentyabr 1925-də İstanbulda, adı keçən köşkündə dünyasını dəyişib və Qaraca Əhməd məzarlığında basdırılıb.
***
Məhəmmədəmin bəy özündə səyyah, həkim, rəssam, memar, musiqiçi, müəllim, dilmanc (tərcüməçi), diplomat, sosioloq, etnoqraf, şair... kimi bir çox peşələri birləşdirən gerçək bir bilgin və yazıçıydı. Onun qələminin məhsulu olan aşağıdakı kitablar günümüzədək gəlib çatıb.
Elmi əsərləri:
1. “İstanbuldan Asiyayi-Vustaya Səyahət” əsəri. “Səyahətnamə”də Əmin bəy yazır: “Bəndəniz Rusiya, Almaniya, İtaliya, Fransa, İngiltərəni bir çox gəzdim”. Başqa bir yerdə isə deyir: “...Asiyayi-Vustaya bir deyil, iki səyahət verdim”. Özəlliklə Türkmənlərə vurğun müəllif onların yaşamı, mənəviyyatı, əxlaqı və b. haqqında olduqca qiymətli və zəngin bilgilər verir. Bu bilgi çağımızın oxucusu üçün daha dəyərlidir. Məsələn, ermənilərin Türkmənlərin əxlaqına mənfi təsiri haqqında yazır: “Əsl Türkmənlərdə yalan söyləmək və adam aldatmaq məlum belə olmadığı halda bu səvahil xalqı ermənilərdən bittəhsil (öyrənərək) qayət firibgər (yalançı) və xüd’əpərvər (fırıldaqçı) olmuşlar”. “Təkə Türkmənləri” bölümündə o bildirir: “Səlcuqların əsli işbu Təkə Türkmənləri olub”. “Asiyada və bəlkə bütün dünyada hürriyyətə ən ziyadə rağib əhali bunlardır. İndiyə qədər həmən heç bir hökumətin təhti-idarəsinə girməyib, İran, Buxara və rusiyalılara qarşı öz istiqlallarını pək gözəl muhafizə etmişlər”. Xivə xanı Məhəmmədrəhim xanla görüşünü təsvir edən bölümdə Əmin bəy yazır ki, xan “...Rusiya müharibəsinə dair məndən bir xeyli məlumat aldıqdan sonra xanədani-cəlilüş-şani-Osmaniyanın da Asiya və hətta bu Xarəzm qitəsindən olmaları[nın] bu məhəllər üçün də bir böyük mədari-iftixar (iftixar qaynağı) olduğunu və ara yerə İranın hayuləti (yolu kəsməsi, əngəl olması) ilə dövləti-Osmaniyyədən cüda düşmələri[ni] özləri üçün mücibi-təəssüf bulunduğunu və Kaşğar əmirinin himayeyi-Osmaniyyəyə düxulundan çox ziyadə məmnun olub əgər Kaşğar hökuməti təəssüs və təəyyüd edərsə (qurular və güclənərsə) bütün Asiya xanlıqlarının da o ittifaqa girərək şövkəti-islamiyyənin artacağını bəyan eylədi”. Məncə, əsəri elmi baxımdan araşdıranlar bu cür bir çox nöqtələrə özəlliklə diqqət yetirməlidirlər.
“Səyahətnamə” indiyədək hicri 1295-də (m. 1878) və 1986-da (2-ci basqısı 2000-də), 1998-də, 2007-də 4 fərqli biçimdə 5 dəfə nəşr edilib. Ancaq bizcə, əsərin ən kamil və elmi baxımdan ən dəyərli nəşri nəvəsi Prof. Dr. Mühibbə Darğa’nın, Prof. Dr. Müəmmər Özərgin’in çeviriyazısı üzrə hazırlayaraq 2007-də gerçəkləşdirdiyi son basqısıdır.
 (Ardı gələn şənbə sayımızda)
 
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
[email protected]
Tel.: +994506126813
 
 





Mənbə: Ədalət TAHİRZADƏ18.03.2012     Çap et  Çap et