525-ci qəzet

Abel Məhərrəmov İslam Dünya Elmi İstinad Mərkəzinin prezidenti ilə görüşüb



Dünən Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov İslam Dünya Elmi İstinad Mərkəzinin prezidenti, İranın Elm və Texnologiya Regional İnformasiya Mərkəzinin rəhbəri, Şiraz Universitetinin Sosial Elmlər fakültəsinin kitabxana və informasiya elmləri üzrə professoru Cəfər Mehradini qəbul edib. Görüş zamanı professor Cəfər Mehradi Azərbaycanın Elmi İstinad Mərkəzində təmsil olunmasının əhəmiyyətindən söz açaraq, İslam Dünya Elmi İstinad Mərkəzinin türk dilli ölkələri (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan) üzrə filialının məhz Bakı Dövlət Universitetində yaradılması təklifini irəli sürüb. Mehradi yaradılacaq filiala İranın Şiraz şəhərində yerləşən İslam Dünya Elmi İstinad Mərkəzinin hər cür dəstək göstərəcəyini bildirib. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, öz növbəsində, bu təklifi böyük maraqla qarşılayıb BDU-da belə Mərkəzin yaradılması üçün universitetin əməkdaşlığa açıq olduğunu vurğulayıb. Görüşün nəticəsi olaraq tərəflər İslam Dünya Elmi İstinad Mərkəzinin türk dilli ölkələri üzrə filialının Bakı Dövlət Universitetində yaradılmasına dair niyyət protokolu imzalayıblar. Rektor qeyd edib ki, İslam Dünyası Elmi İstinad Mərkəzinin yaradılması təklifi 2008-ci ildə Azərbaycanda keçirilən İslam Konfransı ölkələrinin Elm və Təhsil Nazirlərinin 4-cü konfransında irəli sürülüb. Bu fikir İSESKO-nun Baş katibi Əbdüləziz Osman əl-Tüveycri tərəfindən təklif edilib və nazirlər bunu yekdilliklə qəbul edib. Bu mərkəzin yaradılmasını İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyi öz üzərinə götürüb və mərkəz Şiraz şəhərində nazirliyin büdcəsi hesabına təsis olunub. Yarandığı illər ərzində mərkəz 730 ərəb, 524 ingilis və 1640 fars elmi jurnallarını indeksləşdirib. Bundan başqa mərkəz həmçinin İslam ölkələri universitetlərinin reytinqini də aparır.
S.QARAYEVA




13.03.2012     Çap et  Çap et